İÇİMİZDƏKİ ZAMAN

FƏRİDƏ RƏHİMLİ
25480 | 2018-02-17 00:36
Zaman doğulduğumuz andan hal-hazırda yaşadığımız ana qədər keçən vaxtın müqayisəsidir. Yaxud da, eşitdiyimiz, oxuduğumuz bizdən əvvəlkilərlə, insanın yaranışıyla bizim yaşadığımız dövrün müqayisəsi. Zaman bizləri dəyişsə də, biz zamana hökm edə bilmirik.
Bəzən insan xoşbəxt anlarını tutub saxlamaq, uzatmaq istəyir. O anları dondurmaq, yaddaşına köçürmək, yaşatmaq istəyir, sonralar xatırlayib bir anlıq da olsa xoşbəxt olmaq üçün şəkillərdə o anı ölümzüsləşdirmək ehtiyacı duyur. Amma nə qədər "uzansa" da çox ani görünür bu anlar. Həmişə dərdli, kədərli, ağrılı anlar daha çox, daha uzun gəlir insana, heç bitməyəcək kimi. Yaxşı ki, zaman tez keçir. Yoxsa, əzabın, ağrının, hüznün ən ağır anında donsaydı, nə edərdi insan?..
Hər bir insan üçün zaman anlayışı çox fərqlidir. Biri üçün zaman çox tez keçər, digəri üçün isə zaman heç keçməz.
Uşaqkən tez böyümək istəyir insan - uşaqlığının qayğısızlığını yaşamadan, gənc ikən olğunlaşmaq istəyir - Allahın bəxş etdiyi, ömrün ən gözəl olan anını qiymətləndirmədən, yaşlıykən isə yenidən uşaq olmaq istəyir. Beləliklə də zamanın tez keçməsini, bununla da istəyinə çatmanı istəyirsən. Sanki irəlidə, gələcəkdə mütləq istəyinə nail olacaqmışsan kimi. Arzularının çin olması üçün ancaq gələcəyə baxırsan. Ən gözəl anının isə bəzən geridə qaldığını unudursan, keçən hər günü olduğu kimi qəbul etmək, qiymətləndirmək, yaşamaq unudulur. Amma hər şeyə rəğmən keçmiş keçib getdi, gələcəkdə nə olacaq, bilmirik. Ona görə də əlimizdə olan bu günümüzü, bu anımızı doya-doya yaşamalı, qiymətləndirməliyik...
Heç bir amalı olmadan yaşayanlar da var, amma onların da özlərinə görə "kiçik" arzuları var və "günlərimi vaxt öldürməklə keçirirəm" deyərək yaşayırlar. "Vaxtı öldürürəm" deyənin isə, vaxtın onları hər gün damla-damla öldürdüyündən xəbəri yoxdur... Zaman öldükcə, ölüm zamanı yaxınlaşır. Biz gələcəyə, daha yaxşı həyata can atdıqca ölümə də yaxınlaşdığımızı fərq etmirik.
Zaman keçir, dövran, insanlar, dəblər, görünüşlər, maraqlar, dünyagörüşləri, anlayışlar... dəyişir. Dəyişməyən insanın yaddaşına köçmüş yaxşı, pis xatirələr olur. İnsan yaddaşı qorxulu şeydir. O daha tez unutmaq lazım olanları daha yaxşı yadında saxlayır. Bəzən yaddaşının qatlarını, laylarını kompüter səhifəsi kimi açıb silmək arzusu keçir insanın qəlbindən, ürəyini sıxan, içini qaraldan, peşmanlıq duyduğun, yanlış hesab etdiyin hər şeyi. Ancaq, o anları silmək mümkün olmur. Amma bəzən də o yanlışların hesabına doğru yolu tapdığını anlayırsan, o yanlışların da sənin bir parçan olduğunu qəbul edərək bu fikrindən vaz keçirsən. İnsanın içində bəslədiyi o acılı-şirinli xatirələrin içində az bir hissəni təbiət, müxtəlif canlılar tutsa da, əsas yeri insan tutur. Bəli, insana ən böyük acını da, ən böyük xoşbəxtliyi də elə insan bəxş edir. Bəzən istəyərək, bəzən istəmədən, anlamadan...
Gündəlik qayğılarla ömrün çox hissəsini yola versə də, hər kəsi həyata bağlayan bir bağ olur mütləq - sevdiklərin, xoşbəxt yaşamana səbəb olanların, seni anlayanların və itirməkdən qorxduqların... bəzən bir ömür o qorxuları dəf etməyə xərcləməklə keçsə də... və bir də yanında olmasa da, səsini duymaqla huzur yaşadığın, xəyalıyla xoşbəxt olduğun... Bir göz qırpımı ömürdə bunlarla zamanını keçirə-keçirə bir də baxırsan ki, ömrün sonuna çatmısan və artıq geriyə boylanıb "kaş ki..." deməyin bir anlamı qalmayıb.
Deyir zaman küləyə bənzəyir. O, yüngül çəkililəri süpürüb atır, ağır çəkililəri saxlayır. Ümumun gözündə ağır, yüngül anlayışı dahilərin - dünyanın, kainatın, yaşamın fövqündə əhəmiyyətli olanlara aid ola bilər. Bəzən isə başqalarının "yüngül çəkili" hesab etdiyi sənin həyat, yaşam qaynağın olur, bəzən bir "sevirəm" kəlməsi səni həyata dördəlli tutunmağa vadar edir. Bəzən isə başqalarının "ağır çəkili" saydığı sənin gözündə bir heçdir. Bu da dünyanın təzadlarındandır, lap nisbi anlayış olan xoşbəxtlik kimi. Dahi Şekspir də deyir ki, "Mənim üçün ən böyük xoşbəxtlik, mən öldükdən sonra sənin tərəfindən hələ də düşünülməkdir. Amma əgər bu sənə acı verəcəksə, mən unudulmağa da raziyam...!!!". Bəli, yerin, göyün, yaranışın nüvəsində, məhvərində, mayasında dayanan sevgidir bu. Allahın yer üzünün əşrəfi olan insana bəxş etdiyi, ilahi bir güc olan sevgi! Zaman nə qədər sürətlə keçsə də, insan qəlbinə hər yaşda, hər mövqedə, hər anında məlhəm olan sevgi...
Və ən ümdə sevgilərdən olan Vətən sevgisi var insanın. Bu sevgi yeri gələndə bütün sevgiləri üstələyir. Aprlein ilk günlərindən başlamış bu sevginin xalqımızda nə qədər güclü olduğunun şahidi olduq. Vətənin hər daşının, hər dağının, təpəsinin, məntəqəsinin uğrunda canını qoyan igidlərimizin şəhidliyinin şahidi olduq. Bu sevginin gücüylə Qarabağımızı azad ediləcəyinə də, zaman-zaman işğal olunmuş, hədiyyə edilmiş, satılmış torpaqlarımızın əvvəlki halına qaytarılacağına da, o taylı-bu taylı Azərbaycanımızın bütövləşdirəcəyinə də inamım, ümidim daha da artdı.
Bəli, yuxarıda söylədiyim yaddaşımızdan silə bilməyəcəyimiz, unutmamalı olduğumuz yaddaş arxivimiz açılmalıdı artıq. Yurdumuzun - bu gözəl dilbər guşənin zaman-zaman yadellilər tərəfindən işğala, təcavüzə məruz qalmasını, insanlarının ən vəhşi üsullarla yurdlarını tərk etməyə məcbur qoymalarını, səxavət göstərərək ən gözəl yerlərimizə qonaq kimi, yaxud hallarına acıyaraq yaşamaq üçün buraxdıqlarımız bu yerlərə "ulu babalarının çənə sümüyünü" aşkarlamaqla yiyənərək özümüzü yerlərimizdən qovmağa çalışdıqlarını xatırlamalıyıq, unutmamalıyıq.
Nə qədər zaman tez keçsə də arxivlər, səlnamələr, yazılar və insan yaddaşı - xatirələr, anılar var. Və tarix nə qədər çox səbr etsə də, bunların hesabına ədalətli nəticələr ortaya çıxararaq haqqın sahibinə qaytarılmasına yardım edir.
İndi, nə qədər gizləməyə, ört-basdır etməyə çalışsalar da, bütün dünyaya əyandır və etiraf etməyə məcburdurlar ki, bu torpaqlar bizim əzəli yurd yerlərimizdir və sahibinə qaytarılmalıdır. Ancaq deyilənlər yalnız sözdədir və o torpaqları yalnız öz gücümüzə geri qaytarmalıyıq. Bunun üçün xalqımın hər bir nəfərinin öz bacarığı ilə hazır olduğuna əminliyi çox sevindirici haldır.
Ordumuz haqq işimiz uğrunda irəliləyir. Bu sıxıntılarımız da keçəcək, bizim boynumuza düşən məsuliyyəti gələcək nəsillərə ötürməmək və düşmənin daha çox qol-qanad açmasının qarşısını almaq üçün qətiyyətli olmalıyıq.
Zamanımızı elə xərcləməliyik ki, gələcəkdə zamanın bu anı utanc, xəcalət deyil, gözəl günlər - torpaqlarımızın azad olması, haqqın nahaqq üzərində şanlı qələbəsi günü olaraq xatırlansın.

TƏQVİM / ARXİV