Reklamçıların səsi eşidiləndə...

ETİBAR CƏBRAYILOĞLU
129067 | 2018-02-17 00:30
Dövlət başçısının fərmanı ilə ötən ilin yayında "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi" publik hüquqi şəxsi yaradıldı. Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi sahəsində vahid tənzimlənməni və nəzarəti həyata keçirəcək yeni qurum artıq formalaşıb, regional idarələri təşkil olunub. Dövlət Agentliyi mütəxəssisləri öz ətrafına toplamaqla mühüm işlər görmək istəyir.
Azərbaycan Memarlar İttifaqının üzvü, Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının və Almaniyanın Beynəlxalq Sosial Elmlər Akademiyasının fəxri doktoru, mənzil-qərargahı Nyu-Yorkda yerləşən Dünya Reklamçılar Assosiasiyasının üzvü Cahid Həsənov bu günlərdə Dövlət Reklam Agentliyinin Lənkəran Regional İdarəsinin direktoru təyin olunub. Bizimlə söhbətində tanınmış memar deyir ki, yeni yaradılan agentliyin fəaliyyətə başlaması ilə təkcə paytaxtımızda deyil, regionlarda çalışan reklamçıların da işi vahid mərkəzdən əlaqələndiriləcək, bölgələrimizdə iş yerlərinin açılmasına təkan verəcək:
- Öncə onu deyim ki, Dövlət Reklam Agentliyinin yaradılması təkcə biz mütəxəssislərin deyil, həm də reklamverici şirkətlərin mənafeyini müdafiə edən bir addımdır. Bir vaxtlar Azərbaycanda açıq məkanda reklam sahəsində bir canlanma müşahidə olunurdu. Təkcə paytaxtda deyil, bölgələrimizdə də yeni şirkətlər yaranmışdı, maraqlı layihələr həyata keçirilirdi. Lakin təəssüf ki, qısa bir vaxtdan sonra bu proses dayandı və yaxud da belə demək mümkünsə dayandırıldı, xeyli problemlər ortaya çıxdı.
- Səbəbini bilirsinizmi?
- Təbii ki, bilirəm. Uzun müddət bu sahə ilə məşğul olan bir insan kimi problemlərin səbəbi mənə aydın idi. Aidiyyəti olmayan qurumların lazımsız müdaxilələri bu sahəyə böyük zərbə vurdu, açıq hava reklamlarının yerləşdirilməsində pərakəndəlik, hərc-mərclik yaratdı. Təsəvvür edin ki, şəhər və rayon icra hakimiyyətləri, bələdiyyələr, nə qədər qəribə olsa da, hətta Nəqliyyat Nazirliyinin qurumları reklam məsələsi ilə məşğul olmağa başlamışdı. Üstəlik də hər qurum da öz diktəsini, yazılan və yazılmayan "qayda-qanununu" tətbiq etməkdə idi. Reklamdaşıyıcı konstruksiyaların primitivliyi, zövqsüz dizaynı, yerləşdirildiyi məkanların düzgün seçilməməsi, onun şəhərsalmaya vurduğu ziyan heç bir qurumu narahat etmirdi. Hamını yalnız reklamdan gələn gəlir maraqlandırırdı. Açıq hava reklamından daxil olan küllü miqdarda vəsait isə büdcədən yayınırdı. Özbaşınalıq meydan sulayan yerdə hansı şəffaflıqdan danışmaq olardı? Mütəxəssisləri isə ümumiyyətlə eşitmək istəmirdilər. Sadaladığım problemlər regionlarda reklam işi ilə məşğul olan insanlara daha böyük ziyan vurdu. Rayonlarımızdakı müəssisələrin əksəriyyəti bu durumdan çıxa bilmədi və iflas oldu. Uzun müddət idi ki, biz mütəxəssislər, reklam işinə illərini vermiş peşəkarlar bu sahənin acınacaqlı durumu ilə bağlı mətbuatda, telekanallarda çıxışlar edir, təkliflərimizi səsləndirirdik. Dövlət Reklam Agentliyinin yaradılması ölkə başçısının biz reklamçılara verdiyi böyük dəyərdir. Səsimizi eşidən dövlət rəhbəri belə bir fərman imzalamaqla bu sahəyə əmək verən insanlar üçün böyük bir meydan açdı.
Bəlli olduğu kimi, Dövlət Reklam Agentliyi ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcılarının üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimlənməni təmin edir. Prezidentin sərəncamı ilə Aydın İbadovun Dövlət Reklam Agentliyinin direktoru vəzifəsinə təyin olunması tezliklə bu sahədə müsbət irəliləyişlərin əldə ediləcəyinə yaranan ümidlərimizi bir qədər də artırır. Çünki Aydın müəllim bu sahəni mükəmməl bilən, ABŞ, Rusiya və digər qabaqcıl ölkələrin təcrübəsini mənimsəyən, zəngin təcrübəyə malik mütəxəssislərdən biri kimi tanınır. Birgə çalışdığı peşəkarların əməyini obyektiv qiymətləndirən, onların fikir və təkliflərini dinləməyi bacaran insandır.
- Agentliyin regional idarələrindən birinin rəhbəri kimi münasibətiniz maraqlı olar, bölgələrimizdə iş necə qurulacaq?
- Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, agentliyin direktoru Aydın müəllim peşəkar komanda formalaşdırıb. Təsadüfi deyil ki, qısa müddət ərzində artıq ölkə ərazisində açıq məkan reklamlarının formatı, həcmi, qaydaları müəyyənləşdirilib və rəsmi qurumlar tərəfindən təsdiqlənib. Bununla yanaşı Dövlət Reklam Agentliyinin 10 regional idarəsi yaradılıb və fəaliyyətə başlayıb.
Rəhbərlik etdiyim Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını əhatə edəcək regional idarəmizə gəlincə, təxminən bir aydır ki, işimizə start vermişik. Əhatə dairəmizdəki rayonlarda açıq məkan reklamlarının monitorinqini başa çatdırmışıq. Açığını deyim ki, vəziyyət o qədər də ürəkaçan deyil. Çünki uzun illərdən bəri yerləşdirilmiş reklam konstruksiyaları nəzarətsizlik ucbatından köhnəlib, baxımsız vəziyyətə düşüb. Belə reklam lövhələrinin ərazidən demontaj olunması və ya təmir-bərpa olunması ilə bağlı onların sahibləri ilə söhbət aparırıq. Çalışırıq ki, şəhərsalmada mühüm yer tutan açıq məkan reklamlarının forması, dizaynı estetik tələblərə cavab versin. Ona görə də reklam şirkətlərinin rəhbərlərinə, sahibkarlara yeni və modern dizayn layihələri təklif etməyi düşünürük. Reklamçılarla, sahibkarlarla münasibətlər səlahiyyətlərimiz çərçivəsində qurulur, heç bir qanunsuz müdaxilədən, kənar təzyiqdən söhbət gedə bilməz. Qiymətlər də onları qane edir.
Biz rayonlarda yeni iş yerlərinin açılmasına da şərait yaratmış oluruq. Açıq məkanda reklamların hazırlanması prosesində xeyli insan iştirak edir. Əgər radioda hər hansı bir şirkətin reklamı səsləndirilirsə bu işdə mətni yazanın, onu efirdə səsləndirənin və səs rejissorunun əməyi var. Amma açıq hava reklamına memarlar, dizaynerlər, rejissorlar, modellər, modelyerlər, tanınmış simalar, çilingərlər, qaynaqçılar, fəhlələr, sürücülər cəlb olunur. Deməli, xeyli yeni iş yerləri açılır.
Dünya praktikasından məlumdur ki, şəhər tərtibatında əsas yük açıq məkan reklamlarının üzərinə düşür. Buna görə də maraqlı layihələrimiz, təkliflərimiz var. Açıq məkan reklamları ilə bağlı fəaliyyətimizi elə təşkil edəcəyik ki, işimiz Cənub regionuna gələn turistlərin də diqqətini cəlb etsin, əcnəbilərin zövqünü oxşasın.
- Son vaxtlar yerli məhsulların istehsalı prioritet məsələyə çevrilib. Belə malların reklama da ehtiyacı var. Rəhbərlik etdiyiniz regional idarə bu sahədə hansı işləri görməyi planlaşdırır?
- Çox vacib bir məsələyə toxundunuz. Prezident İlham Əliyev öz çıxışlarında yerli istehsalın artırılması, "Made in Azerbaijan" brendinin yaranması və tanıdılması məsələsinə dəfələrlə toxunub. Bu gün ölkəmizdə bununla bağlı mühüm işlər görülməkdədir.
Bizim idarə də bu işlərə öz töhfəsini verməyi düşünür. Məlum olduğu kimi, bölgələrimizdə çalışan iş adamları, sahibkarlar uzun illər idi ki, öz məhsullarını paytaxtda və başqa şəhərlərdə tanıtmaqda çətinlik çəkirdilər. Dövlət Reklam Agentliyi bu məsələdə onlara yaxından kömək edəcək. Regional idarəmiz yerli sahibkarların istehsal etdiyi məhsulların Bakıda və digər böyük şəhərlərdə tanıdılmasına çalışacaq. Bununla bağlı layihələriniz hazırlanır, danışıqlar gedir. Ümid edirəm ki, çox yaxın zamanlarda bu işlərin bəhrəsini görəcəyik.


TƏQVİM / ARXİV