Əbülfət MƏDƏTOĞLU: UNUDANLAR ÖZLƏRİ UNUDULURLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
57612 | 2018-02-16 15:53

Səhərin gözü açılar-açılmaz, dünyanın Ən Pak Adamının qapısını döydüm. Əslində o qapı artıq üzümə açılıb məni gözləyirdi. Və mən də dünyanın Ən Pak Adamının qapısı önündə özümün kimliyimi, hardan hara gəlib çıxdığımı götür-qoy etmək fürsəti qazandım. O fürsətin içində də ağlımdan daha çox gəlib keçən təbii ki, həm Allahımın böyüklüyü, həm də onun mənə yazdığı qədər oldu. Düzünü deyim ki, mən belə bir qədərin, belə bir bəxt yazısının nədən mənə hədiyyə edildiyini tam mənasında anlaya bilmirəm. Çünki özüm-özümü az-çox tanıyıram. Və az-çox tanıdığım özümün çəkdiklərimin, yaşadıqlarımın həm doğulduğum ailədən, həm aid olduğum bölgədən, həm ətrafımda olanlardan keçib gəldiyinə inanmışam və onlara da necə deyərlər, təslim olmuşam. Bilmişəm ki, bu, belə də olmalıdır. Üzərində dayandığım kök - özül mənə bunları nəsib edibdi, bunlardan qaynaqlanmışam və bunları da yaşamalıyam. Hətta min dəfələrlə demişəm və yazmışaım ki, dərd-kədər boyuma biçilib, mən də boyuma biçiləni geyib gəzirəm.

İndiki kimi yadımdadı. Hələ 1992-ci ilin fevralında üç-dörd misradan ibarət bir şeir yazmışdım. Onun da yazılma səbəbi evimin-eşiyimin gözlərim önündə yandırılıb kül edilməsinin üstündən 1 ildən artıq vaxtın ötməsinin özü idi. Hardansa gəlib ürəyimə dolmuşdu o misralar. Yazmışdım ki:


Yorulmuşam içimdən
Bezikmişəm köçümdən...
Allah, mənə ölçümdən
Böyük dərd göndərmisən -
Əynimə gen-bol olub!..


Bax, mən əynimə gen-bol olan dərdimin içində gəlib 2018-ci ilə çıxanda heç o əynimdəki dərdin çıxarılacağına ümidim qalmamışdı. İndi də qalmayıb. Amma qapısının ağzında dayandığım dünyanın Ən Pak Adamı mənə göstərdi və sübut etdi ki, dərd çiynindəki heybədi, xurcundu. Onun bir gözündə dərdin özüdü, bir gözündə isə həmin o Pak Adamın mənim üçün etdikləri. Yəni mənə bağışladığı sevinc, mənə verdiyi ümid, məni ayaqda saxlayan dözüm və güvən!

Hə, indi həmin o dediym nöqtədə dayananda anladım ki, mən nə qədər təklənsəm də, nə qədər gözdən-könüldən iraqda olsam da, nə qədər axtarılıb-aranmasam da, telefonum sussa da, çalışdığım hücrədə unudulsam da, bunlar hamısı sən demə, boş şeylər imiş. Çünki məni unutmayan Allah varmış başımın üstündə. Məni o yerdəki Pak Adamın əliylə yaşadan, qoruyan, işığa doğru çəkib aparan güc var imiş. Və nə yaxşı ki, elə mən o Pak Adamın, mələk adamın sayəsində dərk elədim bunları. İndi isə heç dünya bir fındıq boyda da deyil mənim üçün. Və məni unudanların özləri də əslində heç kimdi artıq gözümdə. Olsun, unudanlar da, unutduqları kimi! Bu, rəngarənglikdi! Unudanlar təkcə məni yox, özlərini də unudurlar bilmədən. Çünki onların gözlərini qapayan, ağıllarını məşğul edən nəsnələr bu dünyada heç kimə qalmayıb. Heç kimə qalmayana söykənmək də gec-tez heç kim olmayana aparıb çıxarır. Bunu mən demirəm ki, zaman deyir, həyat sübut edir, tarix göstərir. Necə deyərlər, mənli və mənsiz var olan dünyada kiminsə dünyanı tutub duracaqlarına, həmişə at oynadacaqlarına, həmişə yuxarı başda dayanacaqlarına əminlik yalnışlıqdı. Bunu unutmaq lazım deyil!..

Bəli, indi dayandığım nöqtədə içimdən keçirdiyim həmin o hissləri bilgisayara diktə etdiym anda da mən bir rahatlığın işıq kimi üstümə səpildiyini, içimə dolduğunu hiss edirəm və mənə belə bir əminlik hakim kəsilir! İnanıram ki, siz də dünyanın ən pak, ən halal, ən mələk insanıyla qarşı-qarşıya dayansanız, onun nəfəsini duyub qayğısını hiss etsəniz mənimlə razılaşarsınız. Bilərsiniz ki, maddiyyat mənəviyyatdan üstün deyil. Və onu da bilərsiniz ki, mədə də mədəniyyət demək deyil. Sözün kökü eyni olsa da, mənaları tamam fərqlidir. Elə bizim özümüz kimi. Və bu fərqli dünyada fərli olan bizlərin güvənci Allahdı, bir də sevgi. Mən də elə o güvəndiyim Allahımın və sevginin önündə demək istəyirəm ki:


O qədər dərddən danışdım
Dərd hopdu canıma, Allah!
Mən artıq bəxtlə barışdım
Göndərmə yanıma, Allah -
heç kimi...


Onsuz da uzağam, yadam
Özgə dərdmi qalıb dadam?..
Axtarma başqa bir adam
Qatmağa qanıma, Allah -
heç kimi...


Yerdə, göydə sənsən adil
Nəyin var ortada - batil...
Ondan başqa şahid, qatil
Bilmə, hər anıma Allah -
heç kimi!


***

Hər bir səfər, hər bir atılan addım təbii ki, müəyyən bir mərama, məqsədə xidmət edir. Yəni mən inanmıram ki, kimsə evindən boş-boşuna baş götürüb harasa uzaqlara çıxıb getsin. Ola bilər, boşluqdan darıxıb evdən həyətə, küçəyə, bayıra çıxasan. Amma yüz minlərlə yolu boşuna getmək - bu mənə inandırıc görünmür. Ağlı başında olan kimsə bu addımı atmaz. Amma bir şey də var ki, özündən, içindən qaçanda harasa getmək, nəyisə etmək kimi hallar baş verir. Bundan özünün xəbərin olmur. Bu ya bezikdiyin halın diktəsidi, ya da qurtulmaq istədiyin məqamın pıçıltısıdı. Çox təəssüf ki, mən nə bezikdiyimdən, nə də qurtulmaq istədiyimdən heç vaxt qaçmamışam. Əksinə, özümdən o məqamda qaçmağa çalışmışam ki, həmin anda güvəndiyimi, sevdiyimi, özümə, varlığıma həyat bildiyimi yanımda görməmişəm... nəfəsini hiss etməmişəm... baxışını baxışıma köçürməmişəm... əlini əlimin içində hiss etməmişəm. Bax, onda getmişəm. Özü də axtarmaq üçün, tapmaq üçün getmişəm. Heç kimdən soruşmamışam, heç kimə də deməmişəm. Çünki soruşsam, içimdəki həmin o ardınca getdiyim inciyə bilər, sına bilər, bu pünhanlıq faş olar. Bax, bu dediyim səbəblərdən ürəyim axtarıb, gözüm axtarıb. Bu axtarışı da təbii ki, getməklə gerçəkləşdirmişəm...

Deməli, özündən çıxıb həmin o dediyim Pak Adamın qapısına doğru gedəndə də mən yazdığım hissləri yaşaya-yaşaya addımlamışam. Bilmişəm ki, Allahım heç vaxt bəndəsini ümidsiz qoymayıb. Və əmin olmuşam ki, inamsız, ümidsiz yola çıxmaq özünü aldatmaqdı, gününü, cibini, havaya sovurmaqdı. Bu isə heç kimə, hətta Allaha da xoş gəlməyən bir addımdı. Ona görə də mən həkim qapısını təkcə dava-dərman, məlhəm üçün yox, həm də inam, inanc üçün də açmışam. Sındırmaq istəyənlərin yalanını ortaya çıxarmaq, öldürmək istəyənlərin qarşısında dayanmaq üçün açmışam həkim qapısını. Onlar da istəyimi veriblər mənə, özü də bol-bol, səxavətlə. Bu səxavətin də, bu mərhəmətin də ipucu yenə həmin o dünyanın pak adamının əlində olubdu. Məhz onun qayğısı və yardımı hər kəsi məcbur edir ki, mənə, mənim istəklərimə sayğıyla yanaşsın... məni sınmağa, qırılmağa qoymasın...

Beləcə, bir də başımı qaldırıb göy üzünə baxanda anlamışam ki, bu xali olmayan dünyanın Ən Pak Adamı o qədər ustalıqla, o qədər zərif yanaşmayla mənim könlümü oxşayıb, mənim ruhumu qidalandırıb ki, heç meh də xətrimə dəyməyib, heç şeh də düşməyib kirpiklərimin ucuna. Deməli, bütün bunlar da onu göstərir ki, bu dünyanın Sən olan hər yeri cənnətdi! Bu dünyanın Sən dayandığın nöqtəsi tarazlıq mərkəzidi! Orda bir titrəyiş baş versə, onun narahatlığı, onun təlaşı hər kəsin içindən keçib gedəcək. Bu olmasın deyə, dünyanın Ən Pak Adamı özü öz təbəssümündən, öz maddi və mənəvi payından səxavətlə bəxşeyş edir, pay verir. Ən maraqlısı da budur ki, o, verdiklərini dilə gətirmir. Sadəcə, bu, bir Allah, Tanrı diktəsidi deyil. Lap çox üstünə gedəndə də, qardaşım, mən nə karəyəm ki, verən, gözəlləşdirən Allahdı! - söyləyir. Və sənin içindəki inamı da, sevgini də göyərdən Allahdı! Sən Allaha duanı əsirgəmə! Sən əlini onun ətəyindən buraxma! Onda görəcəksən ki, ətrafda nə baş verir versin, sənin rahatlığını pozsa da, ümidinin ölməsinə imkan verməyəcək!..

Söylədiklərim, daha doğrusu, artıq sizin oxuduqlarınız bir topa söz deyil. Bu, mənim yaşadıqlarımdı, mənim evimdən min kilometrlərlə uzaqda öyrəndiklərim, hiss etdiklərimdi. Mən orda da anladım ki, sən yanımdasan, sən mənimlə birlikdəsən. Çünki sənin adın Ümid, sənin hədiyyən də Ümiddi! Ona görə də yazdım:


Ürəyim çırpındıqca
Sən mənim yanında san...
Bil ki, bütün anlarda
Sən mənim yanımdasan...


Yuxu kimi gözündən
Ovub at, gülüm, nəmi...
Uzaq tut sən özündən -
Kədəri, qüssə, qəmi...


Sevgim ilə sevindir
Ruhunu, ürəyini...
Mən də ruhum bilirəm -
Ömrümün mələyini!..


***

Söz xəncərdi... söz güllədi... söz həm də mənə görə məlhəmdi - ruhu oxşayır, yaranı sağaldır. Sağaltmasa da, heç olmasa səbbin alır, ovudur insanı. Çox təəssüf...

Burda bir məqam yadıma düşür. O məqamın ifadəsi bir atalar sözüdü. Dünya görmüşlər söyləyir ki, "uman yerdən küsərlər". O müdriklər həm də əlavə ediblər ki, "qanan qanmaza borculudu". Bir də əlavə ediblər ki, sözü qanana demək lazımdı. Və nəhayət, dədələr onu da dilə gətiriblər ki, "hər sözün başına ip salma!.." Bax, bu dediklərimin məsələyə, yəni yazıya nə qədər dəxli yar, ya yoxdu, bunu sizin ixtiyarınıza buraxıram. Özünüz bunu ələyib ələkdən keçirin, özünüz qiymət verin. Tam səmimiyyətimlə demək istəyirəm ki, bu dünyada insanı yaşadan mənəviyyatdı. Yəni fiziki baxımdan maddiyyat nə qədər güclü koloridə olur-olsun, mənəviyyat aclığına üstün gəlsə, bu, yaşamaq olmayacaq, bu, mövcudluq sayılacaqdı. Mənəviyyat kolorisi isə nə qədər yüksək olarsa, o, çox yavan maddiyyatı da yaşamaq üçün normal duruma gətirəcək. Onda mövcudluq yox, yaşamaq özü boy göstərəcək. Və yaşadığın hər kəsə öz işığını, öz xidmətini göstərmiş olacaqdı. Dediklərim bir az pafoslu, bir az obrazlı səslənsə də, demək istəyirəm ki, diqqət hər şeydən üstündü, diqqət həm yaşadır, həm də yaşamağa stimul verir. Təəssüf ki, o diqqətin mayası da dediyim sözdü - dilə gətirilən, eşitdirilən, ünvanlanan söz! Nə yazıqlar ki, bunu hər kəs anlamır. Bəlkə də anlayır, amma gözü tutan, ağla hakim olan maddiyyat buna imkan vermir!

Bəli, son günlərdə içində olduğum çox üzücü sıxıntıdan məni diqqət çıxardı, məni diqqət özümə qaytardı. Gördüm ki, dünyanın Ən Pak Adamı və dünyanın Ən Böyük Sevgisi mənim yanımdadı, mənim içimdədi, mənim həyatımdadı. Ona görə də başqa heç nəyi fikirləşmədən ağlıma gələn bu misraları kağıza köçürdüm - özü də inana-inana, bütün ruhumla, o misralara hopa-hopa. Yazdım ki:


O mənim həyatımda,
Günümdə, anımdadı...
Atdığım hər addımda -
Damarda qanımdadı...


İçimdəki səsdi O,
Aldığım nəfəsdi O...
Sabaha həvəsdi O -
Ruhumda, canımdadı!


Nəşəmdi, ahımdı O
Sevgim, günahımdı O...
Yerdə Allahımdı O -
Ölüncə yanımdadı...

Tanrının eşq mələyi
Məcnunların diləyi...
Olub şair ürəyi -
Adımda, sanımdadı!..


Bəli, bax, elə bu ovqatla demək istəyirəm ki, harda olursunuz olun, ürəyinizi və ruhunuzu ayaqda saxlayın. Kimsənin yadından çıxacağınızı özünüzə dərd etməyin. Bilin ki, yaddan çıxaranlar özləri də yaddan çıxanlardı. Və bu güvənclə Allahınıza, onun sizə hakim olan sevgisinə və sevgimizə ibadət edin! Çünki biri gözlə görünməz məkanda hakimdi, biri də ürəyinizdə. Bunu mən dedim, siz də özünüz üçün təkrar edin. Başqa nə varsa, boş verin getsin. Allah vurmuşdu unudanları!..


TƏQVİM / ARXİV