ANA SƏHİFƏ / YAZARLAR

MİRZƏ CƏLİL: ELMAR MƏMMƏDYAROV, MƏN ÖLÜM, MƏNİ BAĞIŞLA

58973    |   2018-02-17 10:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli, belə. Xarici İşlər Nazirliyimizin qapqapa bir qara siyahısı var. Azərbaycan sərhədlərini qanunsuz keçərək Dağlıq Qarabağa səfər edən diplomatların, deputatların , müğənnilərin, artistlərin, day nə bilim hansı kərtənkələlərin adlarını salırlar bu qara siyahıya, hətta bəziləri haqqında cinayət işi qaldırılır və İnterpola axtarışa verilir. Məsələn, Lapşin.

Qəzetələrdə oxudum ki, indiyədək bu qara siyahıya təxminən 600 nəfər kərtənkələnin adı düşüb. Maraqlısı odur ki, bu kərtənkələlər gəlirlər Xankəndinə, separatçıların tərəfini saxlayırlar, Azərbaycan əleyhinə bəyanatlar verirlər, babat yeyib-içib şəkillər çəkdirirlər, konsertlər verirlər və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq.

Və sonra bəziləri bilirlər ki, onları Bakıda konsert verib pul qazanmağa buraxmayacaqlar, hörmətli nazirimiz Elmar Məmmədyarova bir üzrxahlıq məktubu yazırlar, hörmətli nazirimiz də onları əfv edib adlarını qara siyahıdan çıxarır, onlar da gəlib Bakıda babat pul qazanırlar.

Yadınıza düşürsə, Kirkorovun adı da qara siyahıya düşmüşdü , həm də özü cılxa ermənidi. Onun da adı qara siyahıdaydı, Bakıya Rəşid Behbudovun yubileyinə gəlmək istəyirdi, camaat da bir az etiraz elədi gələ bilmədi. Amma Moskvadakı yubileydə iştirak elədi və milliyyətcə erməni olan Andrey Babayevin mahnısını oxudu, elə bil acıqla.

Sonra da gəldi və böyük bir konsert verdi, konsertdə də zal ağzınadək doluydu, iynə atsaydın yerə düşməzdi. Deməli, boşuna etirazıymış. Etiraz olsaydı konserti boykot edərdilər.

Yadıma belə bir əhvalat düşdü. 1984-cü ildə Bolqarıstanda ölkə əhalisinin az qala 14-ni təşkil edən türklərə qarşı böyük bir kampaniya başladı, məcburi ad-familiyalarını dəyişdirdilər. Məsələn, dünyanın ən məşhur ağırlıq qaldıranı Naim Süleymanoğlunun ad-familini dəyişdirib elədilər Naum Şalomonov. Sonra da türkləri təhqir etməyə, alçatmağa başladılar və ölkədən qovdular.

Həmin vaxtlar bir məşhur müğənniləri vardı, gərək ki adı da Biser Kirov idi. SSRİ-də çox məşhuruydu, tez-tez gəlib konsertlər verərdi. Növbəti dəfə Moskvada konsert verəndən sonra Bakıya gəlməliydi. O vaxt SSRİ-də görünməyən bir hadisə baş verdi. Minlərlə tələbə, xüsusilə də Azərbaycan Dövlət Universitetinin tələbələri türk qardaşlarımızın Bolqarıstandan qovulmasına etiraz əlaməti olaraq Bakı aeroportunu mühasirəyə aldılar və bolqar müğənnini təyyarədən çıxmağa imkan vermədilər və o da məcbur olub gəldiyi təyyarə ilə də qayıtdı Moskvaya. Bu da SSRİ-də çox böyük əks-səda verdi.

İndi hörmətli xarici işlər nazimiriz o müğənniləri əfv edir və onların konsertlərinə düşmək üçün bilet üstə az qalırlar baş yaralar. Biletləri də od qiymətinə.

Hörmətli Elmar Məmmədyarovdan bir xahişim var. Olur, mən də hərdən qəzetdə Xarici İşlər Nazirliyimizin bostanına daşdan-kəsəkdən atıram. Xahiş edirəm, məni də əfv eləsin.




İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK