adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2018 15:00
5691
GÜNDƏM
A- A+

DRAKONUN GİZLİ ÇƏKİLİŞİNİ YAYAN MƏKTƏBİN

kollektivinin və valideynlərinin maraqlı müraciəti

220 nömrəli məktəbdə baş verən məlum olaydan sonra müəllimlərin və övladları həmin təhsil ocağında oxuyan valideynlərin bu günlərdə yayımlanan maraqlı bir müraciətini oxudum. Müraciətdə məktəb direktoru haqqında xoş sözlər yazılır, onun təmiz və gözəl bir insan olduğu qeyd edilir. Kollektivin öz müdirlərini müdafiə etməyi təbiidir, eləcə də övladlarının xətrinə valideynlərin də.

Bəs, müraciətdə maraqlı olan nədir? Sənədə imza atanlar məktəbin əvvəlki direktorlarını rüşvət almaqda ittiham edirlər və deyirlər ki, yeni direktor gələndən məktəbdə rüşvətə son qoyulub.

Məntiq belədir ki, deməli, imza atanlar əvvəlki direktorlarına rüşvət verirmişlər. Birincisi, görünür hüquqdan xəbərləri yoxdu ki, rüşvət vermək də cinayətdi.

İkincisi, mütəşəkkil şəkildə bu müraciətə imza atanlar bəs, niyə əvvəlki direktorların vaxtında, bax, beləcə mütəşəkkil şəkildə də hüquq-mühafizə orqanlarına məktəbdəki rüşvət halları barədə müraciət etməyiblər?

Üçüncüsü, məntiqdən belə çıxır ki, əgər bu olay əvvəlki direktorlarla bağlı baş versəydi onların da müdafiəsi üçün təmiz və gözəl insan olmaları barədə belə bir müraciət imzalayardılar.

Bir məsələ də qalır. Əvvəlki direktorlardan Nuranə xanım özü hazırda həmin məktəbdə müəllim işləyir, ondan əvvəlki direktor Almaz xanım da Təhsil Nazirliyində mühüm postlardan birində çalışır.

İndi həmin şəxslərin ixtiyarı var ki, onlara şər-böhtan atdıqlarına və nüfuzlarına zərbə vurduqlarına görə şərəf və ləyaqətlərini qorumaq üçün müraciəti imzalayanları məhkəməyə versinlər.