adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Fevral 2018 14:12
21495
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ MƏKTƏBDƏ

Piyadaların yol hərəkəti qaydalarına düzgün əməl etməməsi nəticəsində son vaxtlar piyada vurulma hallarının sayı xeyli artıb. Təbii ki, bu da ilk növbədə yol polisini narahat edib. Çünki ya sürücülərin, ya da piyadaların günahı üzündən bu cür ağır yol-nəqliyyat hadisələri baş verir. Artıq xeyli vaxtdır ki, piyadaların maarifləndirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımları məktəblərdə, müəssisələrdə və insanların digər yaşadığı yerlərdə onların maarifləndirilməsi məqsədilə görüşlər keçirir. Heç kəsə sirr deyil ki, piyadaların vurulması arasında məktəblilər də vardır. Yəni hər hansı məktəbli dərsə gedərkən və dərsdən qayıdarkən yolun təyin olunmamış yerindən keçən vaxt onların vurulması halları müşahidə edilir.

Məhz bu məqsədlə məktəblilərin maarifləndirilməsi Yol Patrul Xidməti Alayının diqqət mərkəzində saxlanılır. Bugünlərdə isə Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları ilə birgə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 nömrəli tam orta məktəb görüş təşkil edilib. Təbii ki, bu görüş adi görüş deyildi. Yəni Bakı-Quba avtomobil yolu bu qəsəbənin içərisindən keçir və burda da çox vaxt piyadaların vurulması halları baş verir. Görüşdə Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystani, həmin şöbənin inspektoru, polis leytenantı Turan Daşdəmirova, Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov, Ceyranbatan qəsəbəsindəki1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva, Abşeron rayon Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsi Eyvaz Rzayev, Qubadlı rayonunun Çardaqlı və Mollu kənd tam orta məktəblərinin direktorları, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, eləcə də qəsəbədəki digər məktəblərdən gələn şagirdlər və müəllimlər iştirak edirdilər.


Görüşü açan 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva qonaqları iştirakçılara təqdim etdi. O, bildirdi ki, görüşdə əsas məqsəd yol hərəkəti qaydalarının məktəblilərə bir daha xatırladılması və maarifləndirilməsi ilə bağlıdır. Yəni bu görüşün əsas ideyasını o təşkil edir ki, məktəblilər yol hərəkəti qaydalarına düzgün riayət etsinlər və onları gözləyən təhlükədən uzaq olsunlar.

Görüşdə çıxış edən Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru Ürfət Şükürov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, hər bir hərəkət iştirakçısı yolu keçərkən diqqətli olmalı və təyin olunmuş xüsusi yerlərdən istifadə etməlidir. Yəni xüsusi zolaqlanmış ağ xətlərdən ibarət piyada keçidindən və yerüstü keçiddən keçmək daha təhlükəsizdir. Amma təəssüflə qeyd etməliyəm ki, bizim də xidmət apardığımız Bakı-Quba avtomobil yolunda piyadaların vurulması halları qeydə alınıb. Çünki ya sürücülərin, ya da piyadaların diqqətsizliyi hesabına bu cür hallar qaçılmaz olub. Ona görə də məktəblilər arasında belə təbliğat işlərinin aparılmasına çox böyük ehtiyac var. Biz ötən illər də bu cür görüşlər keçirmişik və bu qənaətə gəlmişik ki, məktəbillərin yol hərəkəti qaydasını bilməsinə və öyrənməsinə çox böyük ehtiyac vardır. Son vaxtlar Abşeron rayon ərazisindən keçən dörd yerdə yerüstü piyada keçidi inşa edilib. Bu da piyadaların daha təhlükəsiz yolu keçməyə şərait yaradır. Ancaq təəssüflə qeyd etməliyik ki, nədənsə bəzi piyadalar yenə yerüstü keçiddən istifadə etmir, avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçməyə çalışırlar. Bu isə piyada vurulması ilə nəticələnir. Görürürəm ki, bugünkü görüşə çoxlu sayda məktəblilər gəlib. Onların arasında müəllimlər də var. Bax, bu o deməkdir ki, yol hərəkəti qaydalarının əməl edilməsi hamı üçün çox vacib bir məsələdir.


Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı İsa Deystani çıxış edərək bir fikri xüsusilə səsləndirdi ki, piyadaların vurulması halları bizim yaralı yerimizdir. Görünür, bu sahədə hardasa müəyyən problemlər mövcuddur. Xüsusən də məktəbilərin vurulması bizi həddindən çox naraht eləyir. Düzdür, orta məktəbdə «Həyat bilgisi» fənni tədris olunur. Burda da məktəblilərə yol hərəkəti qaydaları bir daha izah edilir. Göstərilir ki, yolu təhlükəsiz keçmək üçün yol hərəkəti qaydalarına ciddi əməl edilməlidir. Hər bir məktəbli bu məsələləri diqqət mərkəzində saxlasa, evdə validyen, məktəbdə isə müəllim onları maarifləndirsə, aydındır ki, bu uşaqlar daha çox ehtiyatla davranarlar. Ümumiyyətlə, ibtidai sinif şagirdləri dərsə gedərkən və dərsdən qayıdarkən valideyn nəzarətində olmalıdır. Xüsusən də respublika əhəmiyyətli yolu keçərkən hər bir şagirddən daha diqqətli olmaq tövsiyə olunur. Çox təəssüf ki, bəzən görürsən ki, bir piyada qulağında qulaqcıq yolu keçir və nəqliyyat vasitəsinə diqqət yetirmir. Bax, belə hallarda da piyadanın günahı üzündən ölümlə nəticələnən qəzalar qaçılmaz olur. Yaxşı olardı ki, gələcək görüşlərdə valideynlər də iştirak etsinlər. Çünki valideynlərin bu görüşlərdə iştirak etməsi elə onların da maariflənməsi və daha diqqətli olması deməkdir.


Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı görüş iştirakçılarının diqqətinə bir məsələni xüsusilə çatdırdı. O, statistik rəqəmləri xatırladaraq piyadavurma hallarının çoxalmasından narahat olduğunu səsləndirdi. Elməddin Muradlı bildirdi ki, hər bir məktəbli yol hərəkəti qaydalarını diqqətlə öyrənməlidir. Biz istəməzdik ki, yolu keçən hər hansı bir məktəblini maşın vursun və sonra da siz də onun əyləşdiyi partanın üstünə qərənfillər qoyasınız. Qoy bu qərənfilləri sevgililər bir-biriylə görüşəndə hədiyyə eləsinlər. Ümumiyyətlə, bu gün məktəblilərin yol hərəkəti qaydalarına əməl etməsi bizim hamımızı maraqlandırmalıdır. Çünki əgər biz dərsə gedən uşaqlarımızı nəzərdə saxlamasaq, onları məktəbə başlı-başına buraxsaq, hər hansı hadisənin baş verməsinə münbit şərait yaradırıq. Deməli, bir vətəndaş, bir insan olaraq kimliyindən asılı olmayaraq, bu məsələlərə önəm verməli və məktəbə gedən şagirdin, övladının təhlükəsizliyinə kömək göstərməlidir. Mən burda yol polisinin də, xüsusən də tağım komandiri Ürfət Şükürovun zəhmətini qeyd eləmək istəyirəm. Onlar həmişə hərəkət iştirakçılarının hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün çox ciddi addımlar atırlar.

Qubadlı rayonunun Çardaqlı kənd tam orta məktəbinin direktoru çıxış edərək kövrək notlar səsləndirdi. O dedi ki, avtomobil bizim də iki məktəblini vurub və onlar həlak olublar. Bax, o uşaqların günahı nə idi ki, hansısa məsuliyyətsiz sürücünün qurbanı oldular. Biz indi məcburi köçkünlük həyatı yaşayırıq. Belə bir ağır həyat tərzi yaşayan insanın yenidən ikinci bir faciə ilə üzləşməsini heç kimə arzulamazdıq. Ona görə də yol polisinin keçirdiyi bu cür tədbirləri biz alqışlayır və deyirik ki, hər bir məktəblinin yolu keçərkən qaydalara əməl etməsi çox vacibdir.


Görüşdə «balaca polislərin» iştirakıyla yol hərəkəti qaydalarının pozulması halları maarfiləndirici və izahedici səhnəciklər göstərildi. Burda yol hərəkəti qaydasına əməl etməyən piyadalar, sürücülər tənqid atəşinə tutuldu. Bəzi sərnişinlərin isə qocalara və xəstələrə yer verməmələri səhəncik iştirakçıları tərəfindən çox orijinal bir formada görüş iştirakçılarının diqqətinə çatdırıldı. Başqa bir neçə səhnəcik isə Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmışdı. Bu səhnəciklər heç də «balaca polislərin» hazırladığı səhnəciklərdən geri qalmırdı. Şagirdlər o qədər rəngarəng, o qədər maraqlı səhnəciklər göstərirdilər ki, bu, görüş iştirakçılarını təəccübləndirirdi. Onların da səhnəcikləri qaydaları pozan sürücüləri və piyadaları qınaq hədəfinə çevrmişdi. Görüş işitrakçıları bu səhnəciklərə görə, məktəbliləri dəfələrlə alqışladılar.

Bir çox görüş iştirakçısı onları maraqlandıran suallarla bağlı yol polisinə müraciət etdi. Görüşdə iştirak edən polis polkovnik-leytenantı İsa Deystani və polis mayoru Ürfət Şükürov öz səlahiyyətlərinə aid olan sualları cavbalandırdılar. Səlahiyyətinə aid olmayan sualları isə Nəqliyyat Departamentinə və digər qurumlara ünvanlamağı bildirdilər.

Maraqlı və yaddaqalan görüş zamanı şagirdlərə, müəllimlərə «Yol hərəkəti əlifbası» kitabı bağışlandı. Həmin kitabları da yol polisinin əməkdaşları onlara hədiyyə elədi və bu kitabların da sayı təxminən 200-ə çatırdı.


Tədbirin sonunda 1 nömrəli tam məktəbin direktoru Çinarə Atayeva və 1-ci tağımın komandiri, polis mayoru Ürfət Şükürov görüş iştirakçılarına maraqlı anlar üçün bir daha öz təşəkkürlərini bildirdilər. Hər ikisi qeyd etdi ki, məktəblilər arasında yol hərəkəti ilə bağlı gələcəkdə də belə tədbirlərin keçiriləmsinə çox böyük zərurət var. Çünki bu tədbirlər şagirdləri maarifləndirir, onları gözləyən təhlükədən xilas edir.