adalet.az header logo
  • Bakı 12°C
16 Fevral 2018 13:21
54708
MÜSAHİBƏ
A- A+

İ. İSMAYILOV: “Mən hüquqşünasam və qanunlara hörmət edirəm”

Adalet.az "Ədalət” Partiyasının sədri İlyas İsmayılovla müsahibəni təqdim edir:

- İlyas müəllim, qarşıdan gələn prezident seçkilərini necə dəyərləndirirsiniz, seçkilərinin vaxtının qabağa çəkilməsi ilə bağlı sizin fikirləriniz nədir?

- Seçkilərin vaxtının qabağa çəkilməsini mən hələ də həzm edə bilmirəm. Heç bilmirəm də ki, səbəbi nədir. Hər halda bunu düzgün hesab etmirəm, seçkilər vaxtında keçirilsəydi daha yaxşı olardı. İzah da verən yoxdur, nə istəyirlər, edirlər.

-Belə bir əsas gətirilir ki, 2025-ci ildə prezident seçkiləri parlament seçkiləri ilə üst-üstə düşür. Seçkinin də önə çəkilməsi bu səbəbdən baş verib...

- Bu, səbəb deyil, ciddi qəbul etmirəm.

- Seçkilərlə bağlı bir çox partiyalar öz mövqelərini açıqlasalar da "Ədalət” partiyasının mövqeyinə rast gəlmədik.

- Biz bu seçkilərdə iştirak etməyəcəyik.

- Bu baykot deməkdir, ya heç bir namizədin dəstəklənməməsi?

- Xeyr. Nə bir namizədi dəstəkləmirik, nə də baykot eləmirik.

- Partiya üzvlərinə seçkidə iştirak etməyi üçün heç bir qadağa qoyulmayıb ki?

- Xeyr, kim istəsə iştirak edə bilər.

- Prezidentliyə namizədlər arasında gənclər üstünlük təşkil edir. Onların şanslarını necə dəyərləndirirsiniz?

- Kim konstitusiya hüququndan necə istifadə edir, etsin. Kim istəsə prezident seçkilərinə namizədliyini də verə bilər, kim istəsə kimisə dəstəkləyə də bilər. Bu onların öz işidir. Mən hüquqşünasam, qanuna da hörmət edirəm.

- İlyas müəllim, bu seçkilərdən sonra ölkədə siyasi ab-hava dəyişəcəkmi? Hamı həyəcanla seçkiləri gözləyir. İstər ciddi islahatların keçirilməsi, hakimiyyətdə kadr dəyişikliyi baxımından.

- Mən heç bir dəyişiklik gözləmirəm. Əvvəllər də belə proqnozlar verilirdi, amma nəticədə heç bir yenilik baş vermirdi.


Söhbətləşdi: S. MAHMUDLU