adalet.az header logo
  • Bakı 20°C
16 Fevral 2018 11:28
7779
MƏMLƏKƏT
A- A+

Bayılın sürüşmə zonasındakı pilot layihələrlə bağlı qərar

Səbail Rayon İcra Hakimiyyətində rayonda Pilot layihələri həyata keçirən sahibkarlarla görüş keçirilib.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimovun publika.az-a verdiyi məlumata görə, görüşdə çsxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əvvəlcə son günlərdə Bayıl yamacındakı yaranan mövcud vəziyyəti təhlil edib, burada görülən və görülməsi nəzərdə tutulan tədbirlər, narahatedici amillər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Pilot layihələri həyata keçirən şirkətlərin böyük hissəsi Bayıl yaşayış massivində fəaliyyət göstərir. Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alınıb.

İcra başçısı təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyəti qurumlara Bayılda tikintisi aparılan və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.

Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, onun səyləri ilə artıq Azərbaycanda Milli sahibkarlar təbəqəsi yaranıb. Dövlət qurumlarından onların fəaliyyətinə hər cür köməklik göstərilməsi tələb olunur. Səbail rayonunda həyata keçirilən bütün Pilot layihələr Prezidentin göstərişlərinə uyğun olaraq təmiz əllərlə, tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı müdaxılə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir.

Eldar Əzizov qeyd edib ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bununla əlaqədar sahibkarlar bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər.

Sonda iştirakçılara Fövqəladə Hallar Nazirliyi tərəfindən Bayıldakı sürüşmənin tarixi, buradakı prosseslərin gedişi, görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat xarakterli film göstərilib və film geniş müzakirəyə səbəb olub.