adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2018 11:01
16656
ƏDƏBİYYAT
A- A+

Edamlıq öpüşüm quruyur...

Adalet.az şair Tural Turanın şeirlərini təqdim edir:


Kirayə qəbirlərdi tanrıdan anrı

Yollar ayağıma bir az dar gəlir,
Sıxır ayağımı yolun ölçüsü.
Sığışmır alnıma yazılan yazı,
Yazımdan kiçikdir alın ölçüsü...

Dalğası üstümə hürür dənizin,
Üstümə nə qədər kükrəyən gördüm.
Ömrünü balıqlar sürür dənizin,
Canımı sürüyə-sürüyə gördüm...

Hərflər də böyükdü tanrıdan indi,
Cəmi beş hərfdi ən böyük tanrı.
Səslə hərf arası bitir inanclar,
Kirayə qəbirlərdi tanrıdan anrı...

2018



Axır qəmlər budurmu, qurd?!.

Başı qarlı qara ağac,
Bu qurd niyə bərk ulayır?
Bu soyulan balasımı –
Əllərində kürk ulayır?!.

Bu bala son beşikdimi?
Sonuncu ev–eşikdimi?
Yelmi yedi beş əhdini,
Beş boğazda tək ulayır?!.

Təklik zəhər dadırmı, qurd?!
Boğazın dərd udurmu, qurd?!
Axır qəmlər budurmu, qurd?!.
Yığış…, dünya, "tərk!” ulayır…



Qaranlığın aydınlıq adı

Boynuma hörüklü kəndir kimi dolanır
bu qadının səsi.
Qulaqlarımda intihar edən hıçqırtıları
ovucumda "göyərir".
Gülüşlərim saç ağardır bir pıçıltının altında.

Gözlərimin səhnəsində əllərim köhnəlir,
pərdə - pərdə üzümə çəkilir.

Bu səsdə tanrılar ağı deyir təkliyinə.
Bu səsdə əzrailin üstünə ölüm kükrəyir.
Əlləri qumbaralıdı bu səsin,
Çəliklə yeriyir alın yazısının üstünə.
Otuz iki dişin qanı batır bu səsdə...

Dayanır saatların nəbzi bir şeirlik.
Bu səs ətini çürüdür əlimdəki şəkillərin,
Sümüklərini divardan asır,
saralmış zamanların.

Ana bətnlərini hördüyü gödəkcəyə bükür.
Əlil qulaqların ayağından yapışır,
Söykəndiyi çəliyi tullamaq üçün.
Bir qadın boğazında üşüyür ayaqları
Bu səs payızına corab toxuyur...


Bir nəfəslik ölüm

Bir dinclik istərəm,
Allah, bir nəfəslik ölüm kimi.
Bir gün sərgidə yaş tökən,
didilmiş bir kilim kimi.

İçimdə nə səsdi, Allah,
pıçıldadı, kəsdi… Allah;
ömür birnəfəsdi, Allah,
Dizidə bir bölüm kimi…

Ver bircə nəfəslik ölüm,
ölsün bu həvəslik ölüm!
Sonra gəlim yenə ölüm,
nəfəs - nəfəs… özüm kimi…


Koxanəbidən məktub

Burada gülüşlər hədəf taxtasına çönüb,
Gülən pəncərəsindən vurulur
Koxanəbidə.
Kişmişi gülüşlər də elə
daxma-daxma sönüb.
Başımız ayazısa,
şaqqanağa da qoyacağıq abidə.

Sir-sifətimiz şəhid nəşindən hamilə qalır,
and olsun.
Tösöylər gülüşdən də tutur bala.
Gülüş dərib göndərin yanağınızdan,
başınıza dönüm.
Erkək-dişi göndərin, bəlkə çoxala...
Göndərin,
Gülüşünüz avand olsun.



Ciblərim bələk olub ayaq izlərinə

Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,
səndən sonra mamır uzaqlıqlar böyütdü
bu daxmanın pəncərələri...
Kaş bu evin güzgüsünü də aparaydın;
bələyəydin, böyüdəydin
ayrılığın xalçasına kimsəsiz ilmə kimi
düşməmək üçün.

...Qayıt, əlindən tut ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir döşəmənin üstündə.

Üşüməsin deyə ayaq izlərini
bir cüt coraba büküb cibimə atmışam.

Ciblərim bələk olub ayaq izlərinə...
Qayıt, özün yürgələ ayaq izlərini.

Qayıt, beşiyində boğ,
böyüməsin üç yaşlı çarpayı tənhalığı...

...Sən gedəli bu evin divarları da
daş-daş göz yaşları tökür, qayıt...


Çöl-çöl yerişim quruyur...

Bu gecə soyuq keçəcək Tanrı,
yaylama,
yorğanı çək başına.
Bilməzsiniz,
bütün ölümsüz tanrılar,
donub ölür öz qışına.
...Sənə baxınca Allah haqqı,
yorğanda düşüm quruyur.
Önümə basdırdığım
çöl-çöl yerişim quruyur.
Dodağından iplədiyin
edamlıq
öpüşüm quruyur.
Bu gecə ayrı gecədi,
bilirəm,
yatmayır döşünə...
Tanrı, Tanrı balasısan,
baş ucundakı pencəyini
bürələ,
yaxşı-yaxşı bük
açıqda qalan başına.

Sazağı keyitmir heç kimi,
Soyuğu diri gecədi...
Yorulanda qurdların oxumağına
qulaq kəsil,
Bir dinlə, gör nə duru gecədi.
Çöl-çöl yerişim quruyur.