adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2018 14:04
37079
ƏDƏBİYYAT
A- A+

TANRI ZƏR ATMIR

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı Sərraf Balaxandır.


- Spinoza təbiəti yaradıcı qüvvə, ilkin başlanğıc hesab edirdi. Bu başlanğıcın nə əvvəli, nə də sonu vardı. Necə düşünürsünüz var oluşun insan hissləri ilə duyumu mümkündürmü?

Müsahibəmizə İntibah dövrünün elə bir filosofunun fikirləri ilə başlayırıq ki, düşünürəm, söhbəti sonlandırmaq üçün gərək nəsə bir maraqlı təklif edəsiniz. Fəlsəfə tarixində Spinoza ilə bağlı maraqlı bir fakt var, ona Tanrı ilə bağlı öz şək-şübhələrini gizli saxlaması müqabilində ildə min qızıl təklif ediblər. Spinoza 17-ci əsr Avropasında yəhudilərin və xristianların Tanrı dedikləri metafizik varlığa Təbiət deyirdi və onun dərkinin şüurla mümkünsüzlüyünü əsaslandırırdı. Amma o, varlığın dərkinin müşahidə yoluyla mümkün olduğunu da inkar etmirdi. Bu məsələ Spinozanı nəinki müasir fəlsəfəyə, hətta deyərdim müasir elmə də bağlayan yeganə lağımdır. Son vaxtlar kainat, nəhəng cismlər və kvant fizikası, insan orqanizmi, xüsusən bioloji və ruhu baxımdan insan beyni ilə bağlı oxuduqlarımdan gəldiyim qənaət budur ki, varlığın mərhələli şəkildə şüurlu dərki tamamilə mümkündür, amma tam dərk üçün sadəcə ömür yetmir. Eynşetyn ehtimal nəzəriyyəsini kvant fizikası ilə qarşı-qarşıya durana qədər dərinləşdirdi, amma sonda bilirsiz nə dedi, "Tanrı zər atmır”. Bu baxımdan hər şeyin bir qanunla oluşduğunu bütün müşahidələrimdə görürəm, hər şeyin tabe olduğu belə bir fiziki qanunauyğunluğun da insan hissləri ilə duyumunun mümkünlüyünü düşünürəm. Amma inanmıram ki, hər kəs varlığı şahmatı Fişer, sözü Selincer duyan kimi duysun.

- Diogen dövrünün dahi filosofu idi, öz həyat tərzi ilə, ömrünü çəlləkdə keçirməklə ətrafdakıların gülüş obyektinə çevrilmişdi. Ona dəli kimi baxırdılar. İstedadın fövqündə sanki bir "dəlilik” sindromu var. Bu nə ilə əlaqədardır?

Dəlilik sözünün dilimizdə tarixi və müasir baxımdan bir neçə mənası var, düşünürəm ki, Diogen kimi öz dövrünün qəlibinə sığmayanları bu sözlə xarakterizə etmək düzgün və dəqiq deyil. Diogen və Bruno, Nəsimi, Qaliley, Eynşteyn kimi istedadlar öz zamanlarında qırx ayağını altına cütləyib oturmuş fəlsəfi, dini yaxud elmi ehkamları öz daxili energiyaları, libidoları ilə sarsıtmağa və bunun yerində yenisini oturtmağa cəhd edirdilər. İstedad, buna bəsirət də deyə bilərik, insanın öz qəlibindən daşmasıdır. Bu cəmiyyətdə dəlilik, paranormallıq və ya "Allah vergisi” kimi qəbul olunur. Buna görə kütlə hər zaman onlara qarşı olur. Məsələn yaşadıqları cəmiyyətlərdə peyğəmbərləri digərlərindən fərqləndirən əsas cəhət məhz onların istedadları olub, bizim müxtəlif dini kitablardan tanıdığımız peyğəmbərlərin demək olar ki, hamısı ilkin vaxtda dəli kimi qəbul olunub. Kütlənin öncə dəli kimi qəbul etdiyi insanlarla bağlı kitablar oxuyanda hər zaman qulaqlarımda Qandini o məhşur alqoritmi səslənir "Öncə sizi sanki görməzlər, sonra sizəgülərlər, sonra sizinlə mübarizə apararlar və sonda siz qələbə qazanarsınız.”Buna əslində bir teorem də demək olar, isbatı zaman olan teorem.

- Müasir dövr ədəbiyyatında müxtəlif imzalar var. Bu imzalar dünyanın diqqətində olan mövzülar ətrafında əsərlər yazırlar. Məsələn bu yaxınlarda ədəbiyyat üzrə nobel mükafatını alan Kazua İşiquroemosianal romanlarında dünya ilə aramızdakı illüzor hissiyyat altında yatmış dərinlikləri üzə çıxardığına görə bu mükafata layiq görülüb. Necə düşünürsünz bu mövzü ətrafında var-gəl etmək nə qədər çətindir?

Bilirsiz bu "illüzor hissiyyat” ifadəsi məhz İşiquro nobel alandan sonra bizim də publisistik leksikonumuza daxil oldu. Əslində illüzor hissiyyat anlayışının psixologiya termini baxımından mahiyyətinə diqqət yetirsək çox sadə, lakin geniş areala malik anlayış olduğunu görərik. Psixologiyada illüzor dedikdə obyektiv gerçəkliklər qarşısında aciz qalan insanın öz qorxularından xilas olması naminə onlara fövqəltəbiilik donu geyindirməsinə, təbiət hadisəsinin fonunda özünün qavraya biləcəyi mifi yaratmasına deyilir. Karen Armstronqun "Mifin qısa tarixi” əsəri bütünlüklə bu məsələnin üzərində qurulub. Bütün dünya mifləri məhz illüzor hissiyyat altında yatan dərinliklərin üzə çıxarılmasıdır. Deyərdim ki bugünkü ədəbiyyat dediyimiz bütün nəsnə elə bu ətrafda var-gəldən ibarətdir.

- Azərbaycan ədəbiyyatında dünya ədəbiyyatına çıxa biləcək imzalar və əsərlər varmı?

Dünya ədəbiyyatı çətiri altında müxtəlif aspektlərdən tərtib edilə bilən istənilən 100 müəllifin, yaxud 100 əsərin ən azı 40-50-sini oxuduğumu çəkinmədən deyə bilərəm. Bu mənada dünya ədəbiyyatı dedikdə təsəvvürümdə canlanan tematik siyahılara Azərbaycan ədəbiyyatından müəlliflər olaraq Nizamini, Nəsimini, Füzulini, Axundovu, Sabiri, Haqverdiyevi, Cavidi, Müşfiqi, Çəmənzəminlini, Əli Kərimi, Mövlud Süleymanlını, Yusif Səmədoğlunu, Vaqif Bayatlını, Kamal Abdullanı, Çingiz Abdullayevi və başqalarını əlavə etmək olar.

XX-XXI əsr dünya ədəbiyyatı anlayışının nəbzini nə qədər mübahisəli olursa-olsun ədəbiyyat üzrə Nobel mükafatı tənzimləyir. Mükafatdan kənarda qalan, buna baxmayaraq, dünya ədəbiyyatının inciləri olan əsərlər də az deyildir. Mükafat alan müəlliflərin əksəriyətinin bir və ya bir neçə əsəri ilə tanış olduğuma görə deyə bilərəm ki, Azərbaycan ədəbiyyatında da Nobelə layiq olası əsərlər var. Onda bəs deyə bilərsiz ki, əgər layiqdirsə niyə Nobel alan müəllifimiz yoxdur. 100 nəfərdən çox ədəbiyyat üzrə Nobel mükafatçısı var, böyük əksəriyyətinin həyatına, fəaliyyətinə diqqət yetirsəniz görərsiniz ki, onlar Nobel yolunda öz əsərləri ilə birgə sanki dünya səyahətinə çıxıblar, dünyanın siyasətçilərinə, söz adamlarına, elm adamlarına özlərini birbaşa duyurublar. Nobellərin qapısını əsərdən əvvəl gərək müəllif özü döysün, əgər belə olmasaydı Borxes də Nobel alardı. Bizdə belə bir hal olmadığına görə Nobel də yoxdur, hələlik.

- Adətən Şərqlə Qərbi müqayisə etdikdə ənənələr və tarixi keçidləri qabardırlar. Bu istər iqtisadi, istər elmi, istərsə də sosial yöndə belədir. Biz qərbə nədə uduzmuşuq ki, bu gün ona doğru can atırıq?

Şərqlə Qərbin müqayisəsində tərəzinin gözlərinə onlarla faktorları qoymaq mümkündür, bunların içərisində düşünürəm ki yalnız bir detal vardır ki, tərəzinin Qərb tərəfi o zaman olduqca ağır gəlir və sonra Şərq gözünə nəyi qoymağınızdan asılı olmayaraq heç tarazlıq belə yaranmır. Bu təhsildir. Ev, ibtidai, orta, ali və digər istənilən təhsil səviyyələrində Qərb Şərqin önündədir. Təhsil bir cəmiyyət üçün hər şeydir, istənilən yaranın məlhəmidir. Biz Qərbə məhz təhsildə uduzmuşuq və bu gün məhz ona can atırıq və atmalıyıq. Qərb təhsil sitemi, məncə, bizim təhsil sitemindən fərqli olaraq ibtidaidən təhsilalanın beynində bir gözlü kitab rəfi yerləşdirir, təhsilin sonrakı mərhələlərində əlavə edilən biliklərə uyğun olaraq rəf təhsilalanın özü tərəfindən genişləndirilir. Bizdə isə belə bir rəf olmadığından təhsilalan əldə etdiyi bilikləri kortəbii şəkildə beyninin bir köşəsinə tolazlayır. Həngamə də bundan sonra başlayır, Qərb kəşf edir, Qərb istehsal edir, nəhayətdə Qərb uçub gedir, bizsə qalırıq baxa-baxa.

- Gənclərin ədəbiyyata axını, şair olmaq arzusu və şöhrəti məhz şeirdə görməsi daha çox nə ilə əlaqəli ola bilər ? Məsələn fizikada, astronomiya da məşhurlaşmaq olmazmı?

Bunun da səbəbini mən nədənsə elə məhz təhsildə görürəm. Bəlkə başqaları bunu bizim xalqın canında-qanında olan qafiyəpərvərliklə əlaqələndirə bilər, amma mən belə düşünmürəm. Şeir, poeziya nədir? Bu ilk növbədə harmoniyadır, nizamdır, intizamdır. Baxın, bayaq dediyim məsələ, təhsilimizdə olan bilikləndirmədəki kortəbiilik, rəfin – nizamının olmaması təkcə gənclərimizi deyil, biz azacıq istedadı olanlarımızı şeirə həvəsləndirir. O insanlar bununla fizikada, riyaziyyatda, həndəsədə, astronomiyada çata bilmədikləri harmoniyaya, nizama məhz şeirdə can ataraq özlərini ovudurlar. Bu gün şeir yazan, meyxana deyən gənclərimizdə həqiqətən istedad var, amma o öz harmoniyasına elmdə deyil, məhz şeirdə qovuşa bilir. Mən o dəqiq elmləri öyrənən və öyrədən alimlərimizin də nəvəsinə, övladına, dostlarına yazıb öz şəcərə kitablarında çap etdirdiyi şeirləri də öz sahələrində çatmadıqları harmoniyaya cəhd kimi dəyərləndirirəm.

- Qorxmaz Quliyevin"Postmodernizm və bədii ədəbiyyat" essesində belə bir fikir var: "Son dərəcə müxtəlif yönümlü və məzmunlu konsepsiyaları və prinsipləri həzm-rabedən keçirmək iddiasından çıxış edən postmodernizm formal cəhətdən buna nail olsa da, onların üzvi vəhdətini əldə edə bilməmişdir.” Ümumiyyətlə ədəbi cərəyanların tarixi baxımdan əsas cəhəti nə ilə izah oluna bilər?

Qorxmaz müəllimin bu dəyərli essesi yalnız postmodernizm haqda olduğundan buradan çıxış edib hansısa digər ədəbi cərəyan haqda mülahizə yürütmək doğru olmazdı. Çünki "postmodernizm bir ədəbi cərəyandır və ya deyil” polemikasında hələ hansısa tərəfin qalibiyyəti qeydə alınmayıb. Amma dəqiq konturları müəyyən edilən klassizm, modernizm, realizm, romantizm, naturalizm, akmeizm və ya simvolizm kimi ədəbi cərəyanların hamısında tarixilik baxımından hansısa əsas və ya ümumi cəhət axtarmaq olar, amma bəzi hallarda burada da çətinliklə qarşılaşa bilərik, istisnalar bizi başqa istiqamətlərə apara bilər.

Ümumi olaraq deyə bilərəm ki, bütün ədəbi cərəyanlar tarixi şəraitlə birbaşa əlqəlidir və bir çox hallarda məhz bu şəraitin diqtəsi ilə formalaşıb. Hər bir ədəbi cərəyan yazarın cəmiyyətdə baş verən təqribən oxşar və ya təkrarlanan proseslərə müxtəlif prizmadan yanaşmasıdır.

- Rumıniyalı şair İsidore İsou "letrizm” adlı cərəyanı formalaşmışdır. Bu kimi ədəbi cərəyanlar daha çox qərb ədəbiyyatı ilə bağlıdır. Azərbaycan ədəbiyyatında hansı cərəyanları öz ilkimiz saya bilərik?

Bilirsiz, ədəbi cərəyan anlayışı və onun elementləri, kateqoriyaları, forma və məzmunu ilə bağlı kifayət qədər müxtəlif fikirlər vardır. Bu qarışıqlıqdan istifadə edib mən də çoxdandır fikrimdə arana-dağa daşıdığım bir məsələni demək istəyirəm. Öz formasına, məzmununa, tərtibatına, simvolikasına, obrazlar aləminə, bədii təsvir və ifadə vasitələrinə görə "Xəmsə” də bir ədəbi cərəyandır. Bunu dünya ədəbiyyatında ilk dəfə Nizami Gəncəvi yaradıb və bu ədəbi cərəyan Hind, Özbək, Fars və başqa xalqların ədəbiyyatına böyük təsir göstərib, bu cərəyanın çox sayda ardıcılları olub.

- Əgər kitab oxumaq üçün on vacib əsəri soruşsaq hansı əsərləri qeyd edərsiniz...

Dünya xalqlarının mif, əfsanə, nağıl və dastanları, Homerin poemaları, Nizaminin "Xəmsə”si, "Kral Lir”, "Robinzon Kruzo”, "Don Kixot”, "Səfillər”, "Karamazov qardaşları”, Meterlinkin "Göy Quş” dramı, Taqorun şeirləri, Borxesin hekayələri və sair və ilaxır.

- Ədəbi mükafatlara münasibətiniz...

Bütün mükafatları dərin illüzor hissiyyatla ədəbi mükafat hesab edirəm, hətta riyaziyyatçıların Nobeli hesab olunan Abel mükafatını da. Tələbə vaxtı riyaziyyat öyrənən tələbələrlə bir otaqda qalırdım. Onlar bir dəfə dedi ki, həndəsəyə verdiyi tövhələrə görə səhv etmirəmsə, Qromov adlı bir riyaziyyatçı Abel mükafatı alıb. Hansısa məşhur alimin bir sözü var, "Riyaziyyat özü də bir dildir”. Bu baxımdan yanaşsaq, riyaziyyat dildirsə, həndəsə də ədəbiyyatdır. Bu sözləri cəbrə və həndəsəyə olan ədəbiyyatdan heç də az olmayan sevgimdən dedim. Məncə mükafatlar çox lazımlıdır, "Xəmsə” də, "Şahnamə” də mükafatın sayəsində yazılmayıbmı?

- Son olaraq söz haqqında sözünüz..

Sözlər müqəddəsdir, amma omonimlər sinonimlərdən daha müqəddəsdir.


Söhbətləşdi: Tural Cəfərli