adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
15 Fevral 2018 00:29
16501
ƏDƏBİYYAT
A- A+

Dama-dama göl olar

Cümşüd
Muradov

Yadımdadır, ulu Heydər Əliyev cənabları kitabxana haqqında belə demişdi: "Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir".
Keçmişdə indiki kimi kitab bolluğu yox idi. Biz gəncləri də tək-tək kitablar maraqlandırırdı. O cümlədən, türk yazıçısı Rəşad Nuri Güntəkinin "Çalı quşu" əsəri. Həmin əsəri şagird ikən 156 saylı məktəbin kitabxanasından tapıb oxumuşdum. Kitaba olan marağım elə o illərdən başlamışdı. Həmin maraq məni ali məktəb auditoriyasına gətirdi.
Bir mətləbi də qeyd etmək istərdim, bəlkə də hazırkı yazdığımın mətləbə dəxli yoxdur, lakin müasir gənclərin bu yazacaqlarımdan xəbəri olmadığı üçün burada haşiyəyə çıxmağı məqsədəuyğun bildim.
Dünyada əsas 3 tarix var - hicri, şəms-qəməri və miladi. Hicri tarixi ilə indi 1439-cu, şəmsi-qəməri 1396-cı, miladi tarixi ilə isə 2018-ci ildir.
Hicri tarixi hər 30 ildən bir, bir il artır. Təsadüfi deyil ki, orucluq aylarında Ramazan bayramının keçirilməsi mübahisəli olur. Hal-hazırda dövlət qurumu olan rəsədxanamız dəqiq tarixi müəyyənləşdirərək bu mübahisəyə son qoyur.
Bunu mən müasir gənclər üçün yazıram.
Miladi tarixi ilə 1939-cu ildə Allahverdi Bakıxanov 156 saylı məktəbə direktor təyin olunanda, mən 3-cü sinifdə oxuyurdum. O, hər səhər məktəbin qapısının artırmasında çıxış edirdi.
Mən onun vücudi-səltənətinə tamaşa edirdim. Nə danışdığını eşitmirdim. O qədər ona valeh olmuşdum. O hündür, boylu-buxunlu, cəlbedici qaməti, bina ilə həm-ahənglik yaradırdı.
Özü dil-ədəbiyyat müəllimi idi. Başqa sənət sahibləri də kitab sevən olur, amma dil-ədəbiyyatla məşğul olanların kitaba məhəbbəti daha çoxdur. Allahverdi müəllim şəhərdə yaşasa da nəqliyyatın qıtlığından işlədiyi yerdə qalırdı və bütün ili Şüvəlanda qalmalı olduğundan kitablarını da gətirmişdi.
Şəhərdən gələn müəllimlərin dərs saatları elə tərtib olunmuşdu ki, nəqliyyatdan əziyyət çəkməsinlər. Allahverdi müəllim zarafatyana şəhərdən gələn müəllimlərə deyərmiş ki, kitab üçün bazara dəyin (Mən özüm şahidi olmuşam, pendir-şor satanlar müxtəlif kitabların vərəqlərini cırıb şor, pendir büküb satırdılar.).
Həmin müəllimlərdən riyaziyyat müəllimi Əmir Hacızadə (sonralar fizika-riyaziyyat elmləri doktoru professor), ədəbiyyat müəllimi Humay, coğrafiya müəllimi İsmayıl tez-tez bizim evdə qalardılar.
Beş-altı şagird idik. Onilliyi bitirib hərəmiz müxtəlif ali məktəblərə daxil olduq.
Həmin dövrlərdə Azərbaycanda 156 saylı məktəb kimi bir məktəb də Bakıxanov qəsəbəsində tikilmişdi. Bu rayonlar neft rayonları olduğuna görə, dövlət tərəfindən hədiyyə edilmişdi. Rayonumuzda yeganə məktəb idi. Ətraf kəndlərdə 8-ci sinifdən sonra Şağandan, Mərdəkandan, Buzovnadan, Dübəndidən şagirdlər gəlib 10 illiyi bitirirdilər. 156 saylı məktəbin 1800 şagirdi var idi.
Məzunları arasında akademiklər, general rütbəsi alanlar, alimlər, elmlər namizədləri, professorlar, vaxtı ikən dövlət işlərinə rəhbərlik edənlər, o cümlədən respublika maliyyə naziri Hüseynbala Əliyevdə olmuşdur.
Nəhayət Lenin ordenli "Stalinin imzası ilə" Qırmızı Əmək mükafatlı Qafqaz Müdafiə nişanı ilə təltif olunmuş Allahverdi müəllimin, 156 saylı məktəbin tərkibində yaratdığı kiçik kitabxananın əsasında Xəzər rayonu kitabxanasının yaranması oldu.
1939-cu ildə təməl daşı qoyulmuş həmin kiçik kitabxananın kitablarının sayı ilə bərabər oxucularında sayı artmış və nəhayət 1947-ci ildən kütləvi kitabxana statusu almışdır. Necə deyərlər, dama dama göl olar.
Bu yaxınlarda 70 illiyini qeyd etdiyimiz həmin kitabxananın Xəzər rayon Mərkəzi kitabxanasının bayram şənliyinə yığışmışdıq.
Məclisi kitabxananın müdiri Ofeliya xanım açaraq qonaqları salamladı.
Ofeliya xanım əvvəlcədən kitabxana haqqında məlumat verərək, bu bilik evinin 3572 nəfər oxucusu olduğunu, 27559 nüsxə kitabxana fondu olduğunu qeyd etdi.
Həmçinin, görünmüş işlərdən, oxuculara olan münasibətdən, oxucuların, xüsusilə uşaq oxucuların valideynlərinin razılığından da bəhs etdi.
Sonra qonaqlara söz verildi.
Millət vəkili Fazil Mustafa söz alıb dedi ki, kitabxana çox böyük mədəniyyət ocağıdır. Sözünün davamında millət vəkili qeyd etdi:
-Bizim cəmiyyət ən yüksək mövqedə durur. Həqiqətən kitabxanaların canlanmasında, yenidən qurulmasında Mehriban Əliyevanın çox böyük rolu vardır.
Fazil Mustafa kitabxana işçilərinə minnətdarlığını bildirərək çıxışını bitirdi.
Sonra səhnəyə bağça uşaqları çıxdı. Onların ifasından sonra uşaq yazıçısı Gülzar İbrahimova söz aldı.
Kitabxana işçilərinin fəaliyyətindən ətraflı, ağız dolusu danışan yazıçı uşaqlar üçün kitabların çox az dərc olunmasından gileyləndi və qısqanclıqla bildirdi ki, bizdən fərqli olaraq, xarici ölkələrdə kitablar çox qəşəng, nəfis surətdə nəşr olunur. Daha sonra kitabxana işçilərini 170 illik bayram arzuları ilə təbrik edərək sözünü bitirdi.
Şair, yazıçı, kinodramaturq İlqar Fəhmi çıxışında qeyd etdi ki, bu son 20-25 ildə kitablarımız təzyiqə düçar olub, internet, televizor, kompüter kimi cihazlar oxucuları kitabdan uzaqlaşdırıb.
Əslində isə kitab dəbdən düşməyib hətta bütün kinolar, seriallar kitabdan bəhrələnir.
Ayrı-ayrı yazılmış məqalə və hekayələr də nəhayətdə kitabdır. İlqar Fəhmi çıxışını son zamanlar yazdığı şeirlərindən biri ilə bitirdi.

Dərdimi bildi təbibim, mənə bir şeir oxudu
Sanki çəkdi yarama məlhəmi misra-misra.

***
Bəlkə Həvva da o vaxt Fəhmi kimi şair olub
Yəni yoldan çıxarıb Adəmi misra-misra.

Şeir məclis iştirakçılarının alovlu alqışları ilə qarşılandı.
Şairə Gülarə Munisdə həm qonaqları, həmdə kitabxanaçıları salamlayaraq dedi: "Kitabı sevənlər bilirlər, bu qiymətli nemət nə qədər yararlıdır. Bu qiymətli nemət qadınlara etibar olunub". Gülarə xanım bu kitabxana da çox möhtəşəm qələm sahibləri ilə üz-üzə əyləşdiyini, onların dəyərli sözlərini dinlədiyini vurğulayaraq, özü də bu gözəl gündə məclis iştirakçılarına şeir payını bəxş etdi:

Sınıq könlüm muğam üstə dinər ahəstə-ahəstə,
Yanaq alma dodaq püstə dinər ahəstə-ahəstə.

***

Qələm sındı vərəq qaldı, yazıq Munis oyaq qaldı,
Sınıq könlüm muğam üstə dinər ahəstə-ahəstə.

Gülarə Munisin şeiri də gurultulu alqışlarla qarşılandı.
Qəzəlxan şair Arif Buzovnalı öz çıxışında kitabların məziyyətindən, kitaba məhəbbət yaratmaq üsulundan söhbət açdı və dedi ki, uşaq ailədə nə görsə onu qəbul edir. Əgər evdə valideyn kitab oxuyursa, uşaq da mütaliəyə meyl edəcək. O da kitabxana işçilərini təbrik edib öz şerini oxudu:

Ey nigarım, can gedib zülfünlə , bican olmuşam,
Görməyib zülfündə bir ağ gün pərişan olmuşam.

***
Ey bəlakeşlər , sizə həmdərd olan Arif mənəm,
Həqqi elan eyləməkçün mən qəzəlxan olmuşam.

Sonda etnoqraf Təvəkkül Səlimov, Mədəniyyət və Turizm Baş İdarəsinin sektor müdiri Səbinə xanım, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məcidova Elmara-hər biri məclis iştirakçılarını salamlayaraq, rayon kitabxana işçilərinə uğurlar arzuladılar.
Məclisə musiqiçilər, muğam müsabiqəsinin qalibi Məmməd Nəcəfov, müğənni Alim Məmmədov xüsusi zövq verdilər.
Tədbirin sonunda Ofeliya xanım mənə də qəsəbənin ağsağğalı, uzun müddət kitabxananın ilk oxucularından biri kimi, kollektiv adından təşəkkür etdi və öz çıxışını mənim: "Bayramlarda, toylarda xanəndənin, müğənninin gümrah səsləri 7 məhəlləyə çatır. Kitabxana oxucularının isə səsi müəyyən müddətdən sonra elmi ixtiraları dünyanın uzaq ölkələrindən gəlir" sözlərim ilə bitirdi.
Mən də bu sönməz nur ocağına gələcək illərdə bol oxucu, yeni nəaliyyətlər arzu edirəm!
Kitabxanaçılıq peşəsi-müqəddəs peşədir, bilik axtaranların zülmətdə çırağıdır. Hər kəsi, gənclərimizi mütəmadi kitab mütailəsinə dəvət edirik. Çünki dahi Roma filosofu Senekanın sözləri ilə desək: "Kitabsız yaşamaq-kor, kar, dilsiz yaşamaqdır!".