adalet.az header logo
  • Bakı 20°C
15 Fevral 2018 00:15
9474
GÜNDƏM
A- A+

ZAQATALA: UĞURLARA SEVİNMƏK HAQQI

(əvvəli ötən sayımızda)

2018-ci ilin məhsulu üçün rayonda 10933 ha sahədə payızlıq taxıl, o cümlədən 7581 ha sahədə buğda səpilmişdir. Bütün bu işlərin görülməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq 614 ədəd özüyeriyən texnikadan istifadə edilmişdir.
2017-ci ildə rayon üzrə 7141 nəfər istehsalçıya 13915 ha əkin sahəsinin becərilməsinə görə 886133,60 manat dövlət yardımının verilməsi təmin edilmiş, "Aqrolizinq" ASC tərəfindən fermer təsərrüfatlarına güzəştli qaydada 1177,05 ton mineral gübrələr və 704 litr herbisid satılmışdır.
Ötən il ərzində rayonda mal-qara və quşlar arasında kütləvi tələfata səbəb ola biləcək iti yoluxucu xəstəliklər və zəhərlənmə halları baş verməmiş, epizootik vəziyyət sabit saxlanılmışdır.
Heyvandarlığın inkişaf etdirilməsi üçün rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalanma yolu ilə 5257 baş ana maldan 2853 baş cins bala əldə edilmiş, lizinq yolu ilə rayona 23 baş yüksək məhsuldar iribuynuzlu mal-qara gətirilmiş, iribuynuzlu mal-qaranın baş sayı 61013 baş, qoyun-keçilərin baş sayı 139816 baş olmuş, rayonda 9269 ton diri çəkidə ət, 43495 ton süd, 21 milyon 640 min ədəd yumurta istehsal edilmişdir.
Rayonda süni mayalanma yolu ilə alınmış buzovlara görə 2017-ci ilin 11 ayı üzrə cəmi 156200 manat subsidiya verilmiş, dekabr ayında isə süni mayalanma yolu ilə alınmış buzovlara görə 23800 manat subsidiya hesablanmışdır.
Qeyd olunmalıdır ki, Zaqatala rayonu ötən illərdə olduğu kimi, 2017-ci ildə də aparılmış süni mayalanma tədbirləri ilə əlaqədar həm süni mayalanan ana mal baş sayına, həm də əldə olunmuş cins bala baş sayına görə respublikada qabaqcıllar sırasındadır.
Nazirlər Kabinetinin iclasında dövlət başçısının yekun nitqində vurğuladığı - "Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilmişdir, bir neçə dövlət proqramı qəbul edilmişdir. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır... Arıçılığın da çox böyük ixrac potensialı var. Azərbaycan dünya miqyasında arıçılıq, bal istehsalı sahəsində önəmli yer tuta bilər, müvafiq göstərişlər verilib. Əminəm ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır" fikirləri Zaqatala rayonu üçün də qarşıda duran vəzifələri müəyyənləşdirir, daha böyük nailiyyətlər qazanmağa ruhlandırır.
Arıçılığın inkişaf etdirilməsi, bal ixracının artırılması məqsədi ilə rayonda "EkoZaqatala" MMC tərəfindən "Boz qafqaz" cinsinə mənsub arılar yetişdirilərək artırılır və fermerlər yüksək məhsuldar, cavan arı ailələri ilə təmin edilirlər. Rayonda 400-dək arıçılıq təsərrüfatında 21000-nədək əsasən "Boz qafqaz" və "Karpat" cinsinə mənsub arı ailəsinə xidmət olunur. Bu təsərrüfatlarda il ərzində təxminən 200 ton bal, 3 ton mum, 300 kq çiçək tozu, 100 kq vərəmum, 5-6 kq arı südü, və s. məhsullar istehsal olunur. Rayonumuzun təbii iqlim şəraiti gələcəkdə arıçılıq məhsullarının istehsalının artırılmasına imkan verir. Respublika Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, torpaqlardan səmərəli istifadə olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq uzun illər ərzində tənəzzülə uğrayan və rayon üçün ənənəvi olan sahələrin inkişaf etdirilməsi məqsədi ilə keçən ilin yaz mövsümündə 598 ha, payız mövsümündə isə 1134 ha olmaqla, 2017-ci ildə cəmi 1732 ha sahədə yeni fındıq bağları salınaraq rayonda mövcud fındıq bağları 18151,5 hektara çatdırılmış, bar verən 9571 ha fındıq bağlarından 13422 ton məhsul yığılmışdır. Bu da əvvəlki illə müqayisədə 4512 ton çoxdur. Qeyd etmək yerinə düşərdi ki, 2017-ci ildə Zaqatala rayonunda sənaye üzrə məhsul buraxılışı 2016-cı illə müqayisədə 41% artaraq 149 milyon 430 min manat olmuşdur. Bunun da 83%-ini fındıq və fındıq məhsullarının satışından əldə olunan gəlirlər təşkil edir. Belə ki, 2017-ci ildə Zaqatala rayonundan fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 38,4 % artım deməkdir. Fındıq məhsulunun böyük əksəriyyətinin Zaqatala sahibkarları tərəfindən ixrac olunduğundan, Dövlət Gömrük Komitəsi tərəfindən Zaqatala şəhərində fındıq məhsullarında mövcud olan aflatoksinlərin tədqiqinin aparıması məqsədi ilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyası açılmışdır.
Rayonda 2017-ci ildə "Zaqatala Aqrosənaye" MMC tərəfindən 5 ha sahədə fındıq tingliyi təsərrüfatı yaradılmışdır ki, burada 300 min ədəd fındıq tingi yetişdirilərək gələcəkdə 600 ha əraziyə əkiləcəkdir. Bundan əlavə, rayonda fərdi təsərrüfatlar tərəfindən Bəhmətli kəndində 200 min ədəd, Əliabad qəsəbəsində 65 min ədəd və MM və BM-də 50 min ədəd ting yetişdirilir.
Sevindirici haldır ki, "Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri İsmayıl Orucov Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2017-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin barama istehsalının azı iki dəfədən çox artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından alınaraq respublikamıza gətirilən 6 min qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumlarının 420 qutusu inkubasiyaya qoyulmaq üçün ötən ilin aprel ayının 18-də Zaqatala barama toxumu zavoduna gətirilmiş və rayonun mütəxəssisləri tərəfindən inkubasiya edilmişdir. Toxumlardan əldə olunan ipəkqurdları aprelin 27-29 may tarixlərdə bölgü əsasında operativ şəkildə Zaqatala rayonunun kümçülərinə paylanılmışdır.
Bu prosesin özü rayonda istehsal olunacaq baramanın keyfiyyətinə və kəmiyyətinə müsbət mənada təsir etmişdir. Bunun nəticəsi olaraq rayon kümçüləri tərəfindən "Şəki-İpək" ASC-yə 21,4 ton barama təhvil verilərək proqnoz tapşırıqları 101.5% yerinə yetirmişlər. Bu da 2016-cı illə müqayisədə 3,5 dəfə çoxdur.
Rayon üzrə 2017-ci ildə 161 nəfər barama istehsalçısına emal müəssisəsinə təhvil verdikləri 21 ton 75,4 kq (əyrilən və karapaçax barama istisna olmaqla) yaş baramanın hər kiloqramı üçün 5 (beş) manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına 105377 manat subsidiya ödənilmişdir.
Baramaçılığın dirçəldilməsi və gələcəkdə yaş barama istehsalının və tədarükünün artırılması məqsədi ilə rayonda 2017-ci ilin payız mövsümündə RİHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 129000 ədəd tut tinginin əkilməsi təmin edilmişdir. Bunun da 80000 ədədini Çin XR-dan idxal olunmuş tut tingləri təşkil edir.
Qeyd etmək lazımdır ki, ötən ilin avqust ayının 4-də Qax rayonunda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq ötən il Zaqatala barama toxumu zavodunun ərazisində təxminən 700-800 qutu ipək qurdunun dirildilməsi üçün inkubasiya kamerası və digər zəruri avadanlıqlarla təchiz olunmuş 400 kv.m sahəsi olan barama qəbulu məntəqəsi tikmişdir. Bu da gələcəkdə baramaçılığın inkişaf etdirilməsi üçün öz töhvəsini verəcəkdir.
Tütünçülüyün və tütün emalı sənayesinin inkişaf etdirilməsi, tütün istehsalının və ixracının artırılması məqsədi ilə 2017-ci ildə fermerlər arasında bu sahənin ixrac potensiallı olması barədə geniş maarifləndirmə tədbirləri aparılmış və rayonda proqnozlaşdırılan 700 hektar əvəzinə 743 ha sahədə tütün əkilərək 891 ton (+363 ton) quru tütün istehsal olunmuşdur.
Ötən ildə Zaqatala rayonundan tütün ixrac ediməsi nəticəsində respublikaya 12 milyon dollar və ya 19 milyon 931 min manat vəsait daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 67,6 % çoxdur.
Qeyd olunmalıdır ki, bu sahənin daha da inkişaf etdirilməsi məqsədi ilə ötən il rayonda "Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi təsis edilmişdir. Sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında" 28.10.2017-ci il tarixli Sərəncamına əsasən kənd təsərrüfatının inkişafında xidmətlərinə görə "Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın sədri Həsrətov Telman Qurban oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Rayon üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri kimi gülçülüyün inkişaf etdirilməsi üçün, "AZ ROSE" MMC-nin sifarişi əsasında Aşağı Tala kəndi ərazisində ümumi sahəsi 1008 kvm olan istehsalat binası, ümumi sahəsi 1256 kvm olan 3 mərtəbəli inzibati bina, ümumi sahəsi 150 kvm olan qazanxana binası və digər tikililər inşa edilmiş və 5000 ton tutumu olan su anbarı və damcılama suvarma sistemi quraşdırılmış, kənd təsərrüfatı texnikaları alınmışdır. Ərazidə 3 artezian quyusu qazılıb, qaz və elektrik xətləri çəkilib, müasir işıqlandırma sistemi qurulub və yaşıllıq zolaqları salınıb. Müəssisə tərəfindən 132 hektar qızılgül, 35 hektar isə lavanda olmaqla cəmi,192 ha gül plantasiyası salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Zaqatalaya səfəri zamanı digər sosial obyektlərin açılışı ilə yanaşı "AzRose" MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub. Zavodda rayon ictimaiyyəti ilə görüşü zamanı ölkə başçısı böyük etimad göstərərək, rayon haqqında qürurverici fikirlər bildirərək demişdir: -"Zaqatala rayonunun çox böyük sənaye, kənd təsərrüfatı potensialı var. Rayonun inkişafına xüsusi diqqət göstərilir. Bu, mənim Prezident kimi Zaqatala rayonuna səkkizinci səfərimdir və hər bir səfər zamanı önəmli obyektlərin açılışında iştirak etmişəm. Burada həm sosial obyektlər, həm sənaye müəssisələri istifadəyə verilib, Zaqatala aeroportu tikilib. İndi aeroportun zolağı uzadılır ki, böyük təyyarələr də enə bilsin.

(ardı gələn sayımızda)