ORTA ƏSRLƏRƏ DOĞRU İRƏLİ
Birneçə gündür ki, dünyanın nüfuzlu informasiya vasitələrində ABŞ aviasiyasının Suriyanın Deyr-əz- Zor əyalətini bombalaması və bunun nəticələri haqqında geniş məqalələr yazılsa da, bölgədə baş verənlər haqqında dəqiq bir şey bilən yoxdur. Daha doğrusu, əndəqiqini bilən Rusiya rəsmi qurumlarının rəhbərləridir ki, görünür, həqiqət onlara sərf etmədiyi üçün bu barədə susmağı üstün tutur, susmaq mümkün olmayandasa ümumi ifadələrlə danışaraq konkret heç nə demirlər. Mənbələr 100 nəfər rus hərbiçisinin öldüyünü yazan Blomberq, onların hətta ikisinin adını dəqiqləşdirməyə müvəffəq olmuş Röyter agentliklərindən tutmuş, cəmi bir neçə nəfər rusun öldüyünü söyləyən, əsasən Rusiya kəşfiyyat strukturlarının keçmiş nümayəndələrindən ibarət olan sosial şəbəkə istifadəçilərinə kimi nə qədər müxtəlifdirsə, məlumatlar da bir o qədər ziddiyyətlidir – kimi həlak olanların sayının bir neçə, kimisi də bir neçə yüz nəfər olduğunu iddia edir.
Rusiya Müdafiə Nazirliyi insidet zamanı 25 nəfər Suriyalı döyüşçünün yaralandığını bildirsə də, həmin döyüş zonasında rus hərbiçilərinin olduğunu, ümumiyyətlə, danır. Nazirlik bunun səbəbini Suriya könüllülərinin Rusiya hərbiçiləri ilə razılaşdırılmamış özfəaliyyəti kimi qələmə verir.
Prezidentin mətbuat katibi Dmitri Peskov isə kütləvi informasiya vasitələrində yayılan məlumatları ilkin mənbə kimi tirajlamamağa çağırır: "Əlbəttə, dünyanın bir çox yerlərində kifayət qədər Rusiya vətəndaşları var, ona görə də hər şey haqqında ətraflı məlumat öyrənmək çox çətindir. Hərçənd,mətbuatdakı bu informasiyaları yoxlamaq lazımdır”. Ancaq nədənsə hadisədən bir həftə keçməsinə rəğmən dünyanın lider dövləti olmaq niyyətindən hələ də əl çəkməmiş bir ölkənin rəsmiləri bunu yoxlayıb qurtara bilməyiblər.Əvəzində xarici işlər nazirliyi bu informasiyanı, həmin vaxt orda Rusiya və MDB-dən (!) ölənlərin olub-olmadığını dəqiqləşdirməyə çalışacaqlarını bəyan edir, dalınca da, yəni hələ dəqiqləşdirib qurtarmamış deyilənlərin yalan və iftira olduğunu bildirir.
Əslində, baş vermiş qalmaqalın mahiyyətinə dərindən fikir verdikdə rəsmilərin manevrlərini anlamaq, D. Peskovun bunu "dünyanın hər yerində çoxsaylı rus vətəndaşlarının olması” tezisiylə ört-basdır etmək cəhdinibaşa düşmək mümkündür. Məsələ burasındadır ki, Deyr-əz-Zorda həlak olanlar Rusiya ordusunun əsgər və zabitləri yox, "Vaqnerin qrupu” adlı özəl hərbi dəstənin əməkdaşlarıdır.
Bəzi Rusiya KİV-lərininməlumatına görə bu Vaqner əslində istefada olan Dimitri Utkin adlı bir podpolkovnikdir. 2013-ci ildə Krımdakı Ukrayna əsgərlərini tərk-silah eləyən də, Donbas separatçılarının Kiyevə qarşı hərbi qiyamı vaxtıöndə gedənlərdən biri də elə bu "Vaqner qrupu” olub. Sonradan isə qrup öz fəaliyyətini Suriyada davam etdirməyə başlayıb, ordakı "Slavyan korpusu” adlı başqa bir özəl qurumu əvəz edib. Rusiya xüsusi xidmət orqanları, xüsusi təyinatlı dəstələri və ordu hissələrinin keçmiş peşəkararlarından təşkil olunmuş həmin "Slavyan korpusu” isə harda-harda, düz Qonkoqda qeydiyyatdan keçmişdi.Bu hərbi birləşməninayda 5000 dollar əməkhaqqı alan döyüşçüləri Bəşər Əsəd tərəfdən İŞİD-ə qarşı vuruşurdular. Öz missiyalarını başa vurub Rusiyaya qayıtdıqdan sonra onun başçıları həbs edilərək üç il müddətinə azadlıqdan məhrum edilir, necə deyərlər, Əziz Nesinin məşhur qəhrəmanlarından biri kimi Vətənə xidmət göstərmək xətrinə həbsxanaya düşürlər.Bu sonuncu həbs,şübhəsiz ki, Kremlin özü tərəfindən düzənlənmiş bir fars idi, ancaq onlar çətin ki, belə ucuz bir oyunla aldatmaq istədiklərini aldada bilmişdilər.
Bəs fevralın 7-də əslində nə baş vermişdi. Suriyanın şimalında yerləşən və kürdlərin yaşadığı Deyr-əz-Zorda xeyli neft-qaz yataqları və neft zavodu var. Suriyalı sahibkarlar (oxu: hökumət) B. Əsədin İŞİD-ə qarşı mübarizə məqsədilə özünə sadiq tayfalara mənsub könüllülərdən yaratdığı "İŞİD Ovçuları! dəstəsinin köməyilə həmin neft yataqlarını ələ keçirmək istəyirlər. Qabaqda Əsədin könüllü, arxadasa Vaqnerin özəl döyüşçüləri ünvana çatmamış ABŞ hərbiçilərinin aviazərbələrinə tuş gəlib geri çəkilir və xeyli itki verirlər.
Yuxarıda Rusiya rəsmi qurumlarının hadisəylə bağlı yayğın açıqlamalarından bəhs etdik. Amma başqa qaynaqlardan sızan məlumatlar bu açıqlamalarla ziddiyyət təşkil edir. Məsələn, "Vaqner qrupu”nun keçmiş üzvülərindən biri həmin döyüşdə yaralanan və hazırda Moskva qospitallarının birində müalicə olunan dostunun söylədiklərini "Kommersant”ın əməkdaşıyla bölüşüb. Yaralı döyüşçünün dediyinə görə atəşə məruz qalan "Vaqner qrupu”nda 600 nəfər döyüşçü var. Qrupun üzvülərinin əksəriyyəti rusdilli döyüşçülərdən, çox az hissəsi "İŞİD Ovçuları”ndan ibarətdir. Əslində, bu dəstə yox, müxtəlif atıcı silahlar,artilleriya və tanklarla silahlanangücləndirilmiş xüsusi batalyondur. Hücum vaxtı onların havadan heç bir dəstəyi olmayıb. Tapşırığa əsasən artilleriya atəşindən sonra qəfil basqın etməli və yaxın məsafədən döyüşlərlə rəqibi tam məhv etməyə çalışmalıydılar. Çünki üzbəüz döyüş başlayanda havadan özününküləri vurmaq riski yarandığı üçün Amerika hərbiçiləri hava zərbələrindən istifadə etməyəcək və neft zavodunu götürmək planını gerçəkləşdirmək asanlıqla mümkün olacaqdı. Görünür, Amerikalılar da bunu başa düşdüklərindənaviazərbələrə çox tez,hücum edənlər tam şəkildə cəbhə boyu açılmamış,yəni döyüş mövqelerini tutmamışbaşlayır və nəticədə sözügedən hadisə baş verir.
Döyüşçünün məlumatındakı bir məqam xüsusilə maraqlıdır. O, "Vaqner qrupu”ndakıların əksəriyyətinin rus olduğunu demir, rusdilli olduğunu deyir. Vaqner təxəllüslü Dimitri Utkin isə yuxarıda dediyimiz kimi Ukrayna döyüşlərinin qəhrəmanı kimi ad çıxartmış və Rusiya hakim dairələrinin əziz-xələfinə çevrilmişdi.Ona görə də bu faktdan çıxış edərək əminliklə söyləmək olar ki, Rusiya rəsmiləri ABŞ aviazərbələri vaxtı rusların ölmədiyiniı söyləməklə yalan danışmırlar. Görünür, "Slavyan korpusu”ndan fərqli olaraq bu dəfəki muzdlular Rusiyanın işğal etdiyi ərazilərdəki Ukrayna vətəndaşlarından seçilb komplektləşdirilib. Belə yaxşı deyilmi? Yeni muzdlular missiyasını başa vurandan sonra daha yalançı məhkəmə şoularına da ehtiyac qalmaz. Muzdluların irəli verilməsi bir çox başqa məqamlara görə də Rusiya hakimiyyətinə sərf edir. Birincisi, özünü məsuliyyətdən sığortalayır. Əgər adına muzdlu deyilən bu döyüşçülər olmasaydı, onda zavodları və yataqları rəsmi ordu bölümləri yağmalamalı olacaqdır ki, bu da bir tərəfdən ordunun imicinə ciddi zərbə, digər tərəfdənsə daha geniş ictimai qınağa səbəb olardı.İkincisi, Ukraynanın işğal olunmuş ərazilərində işsizliyin qismən də azaldılmasına nail olur. Axı, oralar millətçilərin zülmü altında əzilən slavyanlara cənnət vədiylə işğal olunmuşdu. Bu da sizə iş yeri, gəlin muzdlu döyüşçülər olun, Suriyanı da cənnətə çevirin.Muzdlu döyüşçü dəstələrinin digər ölkə vətəndaşlarından təşkil olunmasının sərf etməyən yeganə tərəfi isə onlara verilən maaşla bağlı ola bilər ki, bu da heç şübhəsiz, Bəşər Əsədin boynuna yüklənib.
Bu arada ən maraqlı diskussiya Rusiya qanunvericiləri arasında başlayıb. Muzdlu döyüşçülər haqqında qanunvericilikdə olan boşluqları doldurmaq az qala gündəm olub. Əgər ölkədə muzdlu döyüşçü dəstələrinin yaradılması, ölkə vətəndaşlarının dünyanın istənilən nöqtəsində muzdla döyüşməsi birmənalı şəkildə qadağandırsa, bəs onda söbbət hansı boşluqdan gedir? Yəqin, işğal olunmuş ölkələrin vətəndaşlarıyla bağlı istisnalardan.
Orta əsrlərə doğru irəli!