Adalet.az | Millət vəkili laqeydliyi, Qarabağ qazisi problemləri qabartdı Adalet.az | Millət vəkili laqeydliyi, Qarabağ qazisi problemləri qabartdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Millət vəkili laqeydliyi, Qarabağ qazisi problemləri qabartdı

Aqil Abbas: “Stadiondan 50-60 metr aralıda oturub çayxanalarda domino oynayırlar, ancaq oyuna getmirlər”

7061    |   2018-02-14 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə çempionatında yaşanan fasilə zamanı bir çox futbol həvəskarları premyer-liqa həyəcanı üçün darıxdıqlarını deyir, bu həsrətin tezliklə başa çatmasını arzulayırdılar. Bununla bağlı sosial şəbəkələrdə yetərincə qeydlər görmək mümkün idi.

 Nəhayət, təxminən ikiaylıq fasilədən sonra ötən həftənin istirahət günləri ölkə çempionatı qış fasiləsindən qayıtdı. Özü də necə? Təqvimə uyğun olaraq, çempionluğa iddailı iki klub – "Qarabağ” və "Qəbələ” məhz fasilədən sonra baş tutan ilk turda paytaxtda münasibətləri aydınlaşdırdı. Düşünmək olardı ki, son illər ölkəmizi avrokuboklarda layiqincə təmsil edən, "qızıl”a real namizədlərin duelində tribunalarda boş yer qalmayacaq. Fikirləşirdik ki, "Qəbələ” rəhbərliyi meydan sahiblərinin qonaqlar üçün ayırmağa borclu olduğu 5 faizlik limitlə yanaşı, "köhlən atlar”ın rəhbərliyindən əlavə yerlər xahiş edəcək. Ağdamlıların rəsmiləri isə "öz azarkeşlərimizi zorla yerləşdiririk” deyib, onların müraciətinə mənfi cavab verəcək. Ancaq necə deyərlər, sən saydığını say, gör bizim futbol həvəskarları nə sayır... Qarşılaşmanın istirahət günü və ən əsası axşam saatlarında keçirilməsi, ölkənin ən güclü iki komandasının üz-üzə gəlməsi belə azarkeş sayına təsir göstərmədi. Rəsmi protokola əsasən matçı cəmi 1500 azarkeş izləyib ki, şahidlərin sözlərinə görə, bu rəqəm də hələ bir qədər şişirdilib. Bu iradlar yalnız "Qarabağ” və "Qəbələ” azarkeşlərinə şamil olunmur. Hesabat turu çərçivəsində baş tutan digər qarşılaşmalarda da anşlaqın yaşandığını söyləmək olmaz. Yarandığı gündən iddialılar arasında özünə yer etməyi bacaran "Zirə”ni ev oyununda 500 azarkeş dəstəklədi. Ölkənin ən köklü klubları sayılan "Neftçi” ilə "Kəpəz”in qarşıdurmasını isə 2000 tamaşaçı izlədi. Deyək ki, "Zirə” elitanın "kiçik övlad”ıdı, ölkənin futbol ailəsinə yeni qoşulub və bu üzdən azarkeş ordusu o qədər də böyük deyil. "Neftçi” və "Kəpəz” isə aşağı pillələrdə qərarlaşıb və tərəfdarları onlardan küsüb (hərçənd turun ən çox izlənilən oyunundu), "Keşlə”də isə son vaxtlar yaşananlar azarkeş sayına təsir edib. Bəs "Qarabağ”la "Qəbələ” oyununa nə ad qoyaq? "Qızıl”ın iki "adaxlı”sının qarşıdurmasına maraq yoxdusa, deməli, ölkədə futbol sevilmir. Berti Foqts demişkən, Azərbaycan futbol ölkəsi deyil.

Məsələ ilə bağlı millət vəkili, ictimaiyyət arasında qatı "Qarabağ” azarkeşi kimi tanınan Aqil Abbasın mövqeyini öyrəndik: "Qeyd etdiyiniz problemlə bağlı dəfələrlə mətbuatda çıxışlarım olub və azarkeşlərimizi qınamışam. Ona görə qınamışam ki, stadiondan 50-60 metr aralıda oturub çayxanalarda domino oynayırlar, ancaq oyuna getmirlər. Sonra da yalandan "Qarabağ”, "Qarabağ” qışqırırlar. "Qarabağ”ı sevirsənsə, heç olmasa, ev oyunları zamanı komandaya dəstək olmaq üçün stadionda olmalısan. Özüm son bir neçə oyundu stadiona getmirəm. Bu da səhhətimlə bağlıdı. Oyun vaxtı çox həyəcan keçirdiyimdən həkim bir müddət tribunadan oyun izləməyi yasaq edib. Buna baxmayaraq, böyük ehtimalla növbəti turlarda stadiona yollanacam. Özü də bu dəfə fəxri tribunda yox, fanatların arasında əyləşib "Qarabağ”ı dəstəkləyəcəm. Mən onsuz da daim Ağdam təmsilçisinin fanatları arasında oluram. Onların bütün tədbirlərində iştirak edirəm. Klubunu həqiqətən ürəkdən sevən, onun uğurlarına sevinib, uğursuzluğuna üzülən azarkeş daim komandanın yanında olmalıdı. Bu fikirlər yalnız "Qarabağ” azarkeşinə şamil olunmur. "Qəbələ” rəhbərliyi əlindən gələni edir ki, komanda istər daxili, istərsə də beynəlxalq arenada uğurlu çıxış etsin. Qəbələdə o cür gözəl stadion inşa olunub. Mən Bakıdan Qəbələyə yollanıb futbol izləyirəm, ancaq yerli sakinlərin əksəriyyəti heç stadionun yolunu belə tanımır. Onların rayonunu təmsil edən klub barədə Avropada danışırlar, ancaq qəbələlilər öz komandasına sahib çıxmırlar. Fürsətdən istifadə edib bütün klubların azarkeşlərinə səslənirəm. Könül verdiyiniz komandanın uğur qazanmasını istəyirsizsə, tribunalarda olun. Belə olan halda futbolçuların da məsuliyyəti artır, meydanda daha böyük əzmlə mübarizə aparırlar. Teatrda zal dolmasa, aktyor bütün bacarığını ortaya qoyar? Əlbəttə ki, qoymaz. Futbol da bir teatr, oyunçular isə aktyorlardı. Elə edək ki, onlar həftəsonları bütün bacarıqlarını nümayiş etdirsinlər”.

Ağdam təmsilçisinin azarkeşi, uzun illər komandanın oyunları zamanı tribunalarda görməyə adət etdiyimiz Qarabağ qazisi Vasif Süleymanov isə məsələyə belə münasibət bildirdi: "Son vaxtlar mən də "Qarabağ”ın çempionat oyunlarını tribunadan izləyə bilmirəm. Bunun da obyektiv və subyektiv səbəbləri var. 10-15 il öncə ev-səfər bilmədən daim komandaya dəstək olmaq üçün stadionlara yollanırdım. Şəxsi avtomobilimlə "Qarabağ”la birgə Şəmkirə, Tovuza, İmişliyə gedib, oyunları canlı izləyirdim. Ancaq indi nəinki səfər oyunlarını, heç ev qarşılaşmalarını da izləyə bilmirəm. Səbəb isə ailə və başqa qayğıların artmasıdı. Mənim kimi başqa insanların da bu gün əsas problemi dolanışığını təmin etməkdi. 25 yaşımda tək özümü fikirləşirdimsə, indi vəziyyət fərqlidi. Fikrimcə, mənim tribunada boş qoyduğum oturacağa gənclər sahib çıxmalıdlı. Ancaq indiki gənclərin böyük hissəsi işsizlikdən əziyyət çəkir, onları bu gün futbol yox, sabahkı durumları narahat edir. Avrokuboklarda niyə tribunalar dolur? Fikrimcə, bu, xalqın daxilindən gələn qürur məsələsidi. Avropalılara bir millət kimi mövcud olduğumuzu sübut etməyə çalışırıq”.



SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK