adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Həyatımdakı sehrli qız

11124 | 2018-02-14 11:29
Həyatımın elə bir nöqtəsinə gəlmişdim ki, ətrafımda kimsə qalmamışdı. Boşluq qollarını bərk-bərk sıxıb məni buraxmırdı. Günlər monoton axarla gedirdi. Uzun, boş çölü xatırladırdı hər şey.

Qəfil çərxi-fələyin üzü döndü. Yayın cırhacırında bir qızla tanış oldum. Yumru eynəkli, qara saçlı qız. Bu qar bəyazlığında donu geyinmiş qız göydən enmişdi? Ya sehirli bir çubuq onu qarşıma çıxarmışdı?

Utancaqdı, ağzına su alıb oturmuşdu. Gözləri tutqun, buludlu idi. Onun əllərinə ilk toxunuşumu xatırlayıram. Yapon bəstəkar Yirumanın musiqisi bizi yaxınlaşdırmışdı. Rəqs etdik, əlləri əllərimin içində titrəyirdi. Saçları gözlərinə yapışırdı.

Bu qız günəş kimi doğmuşdu. Əlinə fırça alıb darıxıdırıcı günlərimi rənglərlə boyamışdı. İsti yay günlərimiz birdən-birə çox maraqlı keçirdi. İkimiz də bir-birimizi tamamlayırdıq. İkimizin də ortaq cəhətləri çox idi: eynək, klassik musiqi, retro filmlər, kitablar, gözlərimizin eyni rəng olmağı, zövqlərimiz, ilk qar və ilaxır... Dəniz, qumlu sahillər, filmlər...

Mən heç inanmırdım ki, bir gün bu sehirli qızı sevəcəm. Sevməyi yadırğadığım günlərdə gəlmişdi həyatıma. Gəlişi ilə şeir yazmışdı ömrümün kağızına...

Bir gün dedi ki, gedək tanımadığımız bir kəndə, orda meşədə çadır quraq, ocaq quraq. Dostlarla bir yerdə, qrup şəklində yollandıq kimsəsiz yerlərə. Meşədə azdıq, ac qaldıq, üşüdük, islandıq... Unudulmaz günlər yaşadıq. Yaşadığımız günlər xatirələrimizin arxivində yerini tutdu. Bəzən o günlərdən danışıb uğunub gedirik.

Günlərin bir günü ondan ayrılmaq istədim. Sehirli qız razılaşmadı, anlamadı ki, bu yersiz ayrılıq istəyi məndə hardan çıxdı. Bir neçə gün danışmadıq, səssiz günlər ötüb keçdi. Dözə bilmədim, zəng edib üzr istədim, barışdıq. Sonra dəfələrlə ondan ayrılmaq istədim, ancaq bizim biz olmağımızı istəyən qüvvə buna əngəl oldu.

Bərk içmişdim, sehirli qız yadıma düşdü. Biz ki artıq sevgili idik. Nədənsə hıçqıraraq ağladım. Gözyaşlarım yanaqlarımdan sel kimi axırdı. Ürəyimin səsi pıçıldayırdı ki, səni sevirəm, sehirli qız.

Bir-birimizi sevən gündən həyat daha da gözəlləşdi, insanları daha da sevməyə başladıq. İşgüzar olduğumuzdan həftəsonları görüşməyə vaxt tapırıq. Teatra gedirik, tamaşalara baxırıq. Bir yerdə kitab oxuyuruq.

Bu gün isə həyatımda yaşadığım ikinci sevgililər günüdür. Bu özəl günü həmişə tək keçirmişəm. Bu gün isə hər şey fəqlidir. Əlbəttə ki, sevginin günü olmaz. Sevgi bəşəri olmalı, insan öz içində sevgi yetişdirməli, bunu insanlara paylamalıdır.

TƏQVİM / ARXİV