“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib
Fevralın 12-də Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) birgə təşkil etdiyi və BMT-nin 2015-ci il qərarı ilə təsis edilmiş 11 fevral – "Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd qadın və qızların elmi araşdırmalara cəlb edilməsi prosesində mühüm dəyişikliklərin, elm, texnologiya və innovasiyalarda gender bərabərsizliklərinin səbəblərini müəyyən etməyin, qadınların və qızların elmi tədqiqatlara cəlb edilməsi üçün fəaliyyət proqramlarının təşkilini təmin etməkdən ibarət olub. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda keçirilib.
Konfransı giriş sözü ilə açan RUGİM-in direktoru Firuzə Sultan-zadə çıxış edərək ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verib. O qeyd edib ki, ölkənin elm və təhsil tarixində xüsusi yeri olan alim-oftalmoloq akademik Zərifə Əliyeva, görkəmli şərqşünas professor Aida İmanquliyeva, əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıb.
Konfransda qızlar arasında fəallığı ilə seçilən RUGİM-in 50 məktəbli gənc tədqiqatçısı iştirak edib. Elmin inkişafı yolunda fərqlənən iştirakçılar Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun diplomu ilə təltif olunub.