ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Oxucusuz şeir gecəsi - REPORTAJ

4119    |   2018-02-13 16:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Külək burnumuzu sıxa-sıxa, canımızdan istilik çıxa-çıxa, şeirlərimizi də götürüb "Yarat mərkəzi”nə şeir gecəsinə gedirik. Bizə dedilər ki, feysbukdan çıxarıb sizin hüzurunuza gətirdiyimiz oxucular bizi səbrsizliklə bizi gözəyir. Elə biz də gözəl oxucularımızla görüşə ləngimədik. 


Mərkəzin yanına çatanda yadımıza düşdü ki, siqaretimiz qurtarıb. Siqaret almaq üçün bir köşkmü deyim, marketmi deyim, axtardıq, axtardıq, amma təəssüf ki, tapa bilmədik. Belə də iş olar?! Əgər dilin-dodağın qurusa Allahın yarım litr suyuna da tap bilməzsən buralarda. Kor-peşman qapıdan içəri daxil olduq. Keçdik şeir gecəsinin təşkil olunduğu zala. Gecənin başlanmağına 15-20 dəqiqə qalsa da zalda iki-üç nəfər var idi. Oğuz da, mən də ümid edirik ki, adamların sayı artacaq. Bizə ön sıralarda yer göstərirlər ki, şairlər burada əyləşməlidir. Özümüzdən razı şəkildə əyləşirik. Sağımda balacaboy bir kişi əyləşib. Elə bil ki, tənhalığı başından vurub, qoymayıb boyu uzansın. Hər cəhd də nəsə deməyə, kiminləsə danışmağa çalışır. Amma biz şeir gecəsindəyik, söhbət məclisində yox.

Oğuz mənə tərəf əyilib deyir:

- Ayaqqabım it günündədir, palçıqlıdır, ayağımı qaldırıb ayağımın üstünə də aşıra bilmirəm, daha çox diqqət çəkirəm elə olanda.


Solunda oturan Fuad Cəfərlini isə elə bil, paltaryuyan maşının içindən çıxarıb sonra ütüləyib yollayıblar bura. Oğuz deyir ki, şair adamsan, bu nə qalstukdur, biraz sərbəst ol da.

Fuad deyir:

- Oxucuya hörmət etmək lazımdır, hörmət!

Vahid Əziz də gənclərlə birgə şeir oxumağa gəlib. Tədbirin təşkilatçısı Vasif Ayan sözü el adətilə Vahid Əzizə verir. Vahid Əzizin çıxışı o qədər uzundur ki, onun cümlələrini yazmağa ehtiyac duymuram. Qısası: İstedadlı gənclərə dəstək olmaq lazımdır. Oxucular Vahid Əzizlə selfi çəkdirir. Həmişə bu məqamda məni gic gülmək tutur. İnsanlar həmişə nimdaş əşyalarla, tarixi ta yüz il bundan əvvələ dirənən ekspanatlarla, bahalı maşınlarla, məşhur adamlarla şəkil çəkdirməyə, yəni "baxın, məşhur adamla yan-yanayam” mesajını verməyə meyilli olurlar. Hə, Vahid Əzizlə şəkil çəkdirənlər də onlardan idi.


Yafəs Türksəsin səsi qalxır...

Ardınca məclisə təşrif buyuran şair Yafəs Türksəs mikrofon arxasına keçir. "Mən fikir vermişəm, gənclər ancaq sevgidən yazır, ağlamaqdan yazır, darıxmaqdan yazır. Yenilik yoxdur”. Çıxışını bitirir. Sonra Esmira Məhiqızı şeir oxuyur. Onun şeirindəki uşaqlıq xatirələri məni yenə zaldakı dinləyicilərə yönəldir. Bəs, yaxşı, bu şeir gecəsində şairlərin içində bircə Vahid Əziz maraqlı idimi? Əəgər Vahid Əziz maraqlı idisə, elə bu şeir gecəsi təkcə onun üçün təşkil olunardı da? Sonra içimdəki səs deyir ki, gənc, paxıllıq eləmə Vahid Əzizə. Bununla da içimdəki bu deyişmə sona çatır.

Esmira xanımın arxasında çəlimsiz, çox nazik geyinmiş Fəridə Məmmədova şeir oxumağa başlayır. İlk sözü bu olur: Yafəs müəllim getdiyinə görə sevgi şeiri oxuya bilər. Oxuyur, oxuyur, oxuyur və bu misralarla şeirini bitirir: Masajist xanım axtarılır, əlləri olmasa da olar...

Oğuzu dümsükləyib bu misraların əla olduğunu, ümumiyyətlə Fəridənin qadın olmasına baxmayaraq fikirlərini bu cür ifadə etməsinin çox yaxşı hal olduğunu deyirəm. Sıra Oğuzdadır. Oğuz ikinci şeirinə belə giriş edir: Bu şeir birincidən fərqlidir, bəşəri şeirdir, inanıram ki, sevəcəksiniz. Şeirini bitirəndə zaldan astaca, yarpaq xışıltısı tonunda alqış səsləri eşidilir.


Yoxa çıxan şair

Aha, məni çağırır Vasif. Həmişə şeir oxuyanda məni qəribə əsməcə tutur. Mikrofonun önündə bir neçə saniyə duruxuram. Ki, oxumağa hansı səs tonu ilə başlayım, dinləyici yorulmasın. Birtəhər şeirə başlayıram. Əlimdəki vərəq biixtiyar əsməyə başlayır. Vahid Əziz barmağını gicgahına qoyub dinləyir. Hiss edirəm ki, misra-misra qarışır fikirləri. Hamı səssizcə qulaq asır. Bu mənim şeir oxuyarkən istədiyim ideal vəziyyətdir. Şeirimi bitirib əyləşirəm. Amma içimdə hələ də bir narazılıq var. Yafəs Türksəs niyə yoxa çıxdı? Bu tədbirə ağsaqqal kimi çıxış etmək üçün, gəncləri qarşına qoyub "bu olmaz, bu olar” demək üçünmü gəlmişdi? Maraqlı adamlar var e həyatda. İçimdəki narahatlıq artmır, nə də azalmır. Kənardan bir yoğun səs məni narahat edir. Vahid Əzizə zəng gəlib, kiminləsə danışır. Mikrofonda isə Fuad Cəfərli şeir oxuyur. Vahid müəllimin bu telefon danışığı böyüyür, böyüyür, zaldakı qadınların da ona qoşulub telefondakı adamla danışmağına qədər gəlib çıxır. Zalda həzin xaos hökm sürür. Bu bizim ənənəvi şeir gecələrimizin xasiyyətidir. Xasiyyəti kəsilsin onun! İldə, ayda bir dəfə şeir dinləməyə gələn adamların səbri tez tükənir. Özü də fikir verdim. Vahid Əzizin oxuduğu yüngülvarı bir şeirə gələn alqış cavanların yaşlarından böyük məsələləri həll etdiyi şeirlərinə gələn alqışdan daha çox oldu. Hələ elə oldu ki, bilmədilər, şeirimiz nə vaxt bitdi.

Soyuq şeir gecəsi...

Vasif telefonun canlı yayım açıb öz izləyicilərinə şeir gecəsini göstərir, deyir ki, bax, siz bugün hamınız bu videoya baxırsınız, amma burada olmalıydınız, şeir gecəsində. Amma Vasif düşünmür ki, bayraq meydanından o tərəfdə, bulvarın qurtaracağında, bu soyuqda, bu küləkdə şeir gecəsi təşkil etmək, üstəlik də birinci gün, hamının işdən yorğun-arğın çıxdığı vaxt şeir gecəsinə çağırmaq Çarli Çaplinə müğənni demək kimi bir şeydir. Gəlməyəcəkdilər!




İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK