adalet.az header logo
  • Bakı 17°C
13 Fevral 2018 12:35
12833
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ƏTİN QİYMƏTİ YENƏ AŞAĞI DÜŞDÜ

Bakıda isə onun qiyməti hələ də ceyran belindədi

Bizim millət başqa xalqlarla müqayisədə daha çox ət yeyən insanlardı. Yəni başqaları müxtəlif qidalardan istifadə etsələr də, ancaq bizim süfərmizdə ətdən xörək bişməsə, çoxlarımız doyan deyilik. Həkimlər deyirlər ki, ət yeyən adamlar ət yeməyənlərdən daha tez qocalırlar. Bu fikir heç də bizimkiləri qətiyyən narahat eləmir. Təki ət olsun və ətdən də qızardılmış dadlı-dadlı ləziz yeməklər süfrələrimizi bəzəsin.

Heç kəsi qınamalı deyil. Ən azından ona görə ki, qonşunun evində qazan qaynayanda ət xörəyinin ətri ətrafa yayılır. Elə bu ətri, qoxunu hiss eləyən digər insan da qonşudan geridə qalmamaq üçün nəyin bahasına olursa-olsun heç olmasa həftədə bir dəfə ət almaq istəyir və alır da. Halal xoşları olsun, kimin ürəyi nə istəyir qoy onu alıb yesin.

İndi qayıdaq ətin qiyməti ilə bağlı baş vermiş ucuzlaşmaya. Artıq fevral ayının 11-dən Bərdə bazarında 1 kiloqram mal ətinin qiyməti 8 manat 50 qəpiyə satışa çıxarılır. Düzdür, quzu ətində elə bir ucuzlaşma olmasa da, ancaq onun da bir kiloqramının satışı 12 manatdan artıq deyil. Son 3-4 ayda Bərdədə, Beyləqanda, Ağcabədidə, lap elə Füzulidə mal ətinin kiloqramı 3 manata qədər ucuzlaşıb. Və bu ucuzlaşmanı da müxtəlif səbəb və amillərlə izah eləyirlər.

Ucuzlaşmaya əsas səbəb kimi qışın mülayim keçməsi, yağışların bol-bol yağması, sonra günün çıxması nəticəsində yenidən örüşlərdə və otlaq sahələrində göy otun baş qaldırması ilə bağlıdır. Otlaq sahələrində yeni otların çoxluğu istər-istəməz ucuzlaşmada əsas əhəmiyyət kəsb edir. Hətta 20-30 gün bundan qabaq bir bağlama yaxşı otun qiyməti 5 manata satılırdısa, indi 3-3 manat 50 qəpikdir.

Hələ bəziləri havaların isti keçdiyini görüb yaxşı ot bağlamasını bir az da ucuz qiymətə satışa çıxarırlar. Küləş bağlaması isə bir ay bundan əvvəl 1 manat 50 qəpiyə satılırdı. Bu gün isə onun qiyməti ucuzlaşaraq 1 manata, 80 qəpiyə düşüb. Bir sözlə, otun, yemin qiymətinin aşağı enməsi rayonlarda ətin qiymətinin ucuzlaşmasına gətirib çıxarıb.

Amma bu hava, bu dalğa hələ ki Bakıya gəlib çatmayıb. Bakıda isə Allahını yaddan çıxarıb insafını itirən qəssablar qaz vurub qazan doldurmaqla məşğuldular. Məsələn, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsindəki əksər ət köşklərində 1 kiloqram mal ətinin qiymətini 11 manat yarıma satırlar. Çox az-az ət köşk tapılar ki, orda mal ətinin kiloqrammı 11 manata satılsın. Deyə bilərlər ki, yox, elə yer var orda mal ətinin 1 kiloqramını 10 manata, 10 manar 50 qəpiyə satışa çıxarırlar. Bəli, belə ət köşkləri də var. Amma Bakıda kiloqramı 10 manata, 10 manat 50 qəpiyə satılan ət bir neçə dəfə doğmuş qoca inək ətidi. Yəni onun keyfiyyəti ilə dana ətinin dadı arasında yerlə göy qədər fərq var.

Yeni Günəşlidə bir neçə ət köşkünə baş çəkdik və qiymətin baha olması ilə bağlı qəssablara sual ünvanladıq. Onlar qiymətin baha olmasını min bir bəhanə ilə izah eləməyə çalışdılar. Burda yadıma bir lətifə düşür. Döyüşdə məğlub olan ordunun zabiti deyir ki, bunun min bir səbəbi var. Ən başlıca səbəbi odur ki, barıtımız, gülləmiz çatışmır. Sual verən də görür ki, zabit bir-bir hər şeyi sadalayır. Axırda hirslənib deyir ki, bir səbəb bəs elədi, o minini deməyə ehtiyac yoxdu.

Qiyməti qaldıran qəssablar isə səbəbləri belə izah edir: yolda maşına malı gətirməyə görə nə qədər xərcimiz çıxır. Orda-burda bizi saxlayırlar, yenə kiməsə görüm-baxım edirik. Bura gətirənə qədər nə qədər pul xərcləyirik. Burda da kimlərsə bizdən nəsə umur. Onu verməsək, bir kiloqram ət belə sata bilmərik. Baytar həkimi görməliyik, başqalarının bığını yağlamalıyıq, nə bilim ordan-burdan yüz yoxlama gəlir, hamısını yola verməliyik. Əgər bunları eləməsək, bir gün də burda ət sata bilmərik. Vallah, elə bilirsiniz biz əti ucuz qiymətə satmaq istəmirik? İstəyirik, niyə istəmirik. Sadəcə olaraq, bizi o qədər yükləyirlər ki, bax, bu əlavə yükün altından çıxa bilmirik.

Başqa bir qəssab isə qiymət bahalığını süni yaradılmış əngəllərlə izah etdi. Dedi ki, iti bağlayasan, iraq dədədlərimzdən, burda bir gün işləyə bilməz. Qışın soyuğunda, səhər saat 6-da dananı kəsirik, soyuruq və sonra da ətləri səliqə ilə doğrayıb köşkə yığırıq. Elə bilirsiniz bunu eləmək asandı?! Vallah, nə qazanırsa müdir qazanır. Bizimki hamballıq eləməkdi. Ən yaxşı halda o kəsdiyim dananın içi-iççalatı mənə qalır. Ayağı-başı da mənə qalanda sevincimdən yerə-göyə sığmıram. Amma onu mənə verən kimdi? Müdir hər şeyə göz qoyur. Bir balaca ayağını əyri atsan, səni iti qovan kimi qovacaq və bir başqasını da gətirib yerində əyləşdirəcək. İndi gəl görüm özünə harda iş tapa bilirsən?

Vallah, bu qəssabları dinləyəndə adamın onlara lap yazığı gəlir. Hətta cibində nəyin varsa çıxarıb qəssaba vermək istəyirsən ki, yazıq birtəhər dolansın. Biz onları da qınamırıq. Süni qiymət artımını yaradanlar ortada yeyib qıraqda gəzənlərdi. Yəni ayrı-ayrı vəzifəli məmurlar ət köşklərinə elə bir haqq qoyurlar ki, o haqqı da qəssablar qiyməti bahalaşdırmaqla əldə eləyə bilirlər. Yəni qəssab məcbur olub mal ətinin bir kiloqramını 11 manat 50 qəpiyə satır ki, onlara gün verib işıq verməyən ayrı-ayrı ünsürləri razı salsınlar. Əgər razı salmasalar, deməli iş, urusca ola bilər…

Hər halda, mal ətinin Bakıdakı qiymətilə Bərdədəki qiyməti arasında 3 manat fərq var. Tay bu qədər də insafsızlıq olmaz da! Mən adamlar tanıyıram ki, artıq Bakıdakı ət köşklərindən bahalığa görə mal əti almırlar. Məsələn, onlar Bərdəyə, Ağcabədiyə, Beyləqana, Füzuliyə yolları düşəndə kiloqramı 9 manata olan mal ətindən 15-20 kilo alırlar. Elə bu sətirlərin müəllifi də rayona gedəndə Beyləqanın Daşburun qəsəbəsində dana ətinin kiloqramını 9 manata alır. Aydındır ki, əhalinin böyük hissəsi Bakıda yaşayır. Onlar isə mal əti baha olduğu üçün çətinliklə üzləşirlər. Yəni bu əti çox vaxt ala bilmir, yarmarkalara gedərək keyfiyyətsiz inək əti alırlar.

Bizə elə gəlir ki, Bakıda mal ətiylə bağlı yaranmış süni bahalaşmanın qarşısını almaq o qədər də çətin məsələ deyildi. Çətin məsələ odur ki, süni qiymət artımı yaradan şəxsləri aydınlaşdırasan, müəyyənləşdirəsən və sonra da onları cinayət məsuliyyətinə cəlb eləyəsən. Bax, bu addımı isə hüquq-mühafizə orqanları atmalıdır.

Yəni süni qiymət artımına kimlər yol verirsə, əhali arasında narazılıq yaradırsa, onlar da yaxasını məsuliyyətdən kənara çəkməməli və birmənalı olaraq belə hallara yol verənlər tutduqları mövqedən çəkinməli və insanları incitməməlidilər. Başqa sözlə demiş olsaq, Bakıda mal əti satışında yaranmış süni bahalaşmanın qarşısını əlaqədar qurumlar istəsələr bir günün içərisində ala bilərlər. Bəs onda niyə istəmirlər?! Bax, bunu biz deyə bilmərik.