adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GƏNC ŞAİRLƏR, SÖZÜM SİZƏDİR...

VAQİF YUSİFLİ
22531 | 2018-02-13 00:40
ALLAHŞÜKÜR AĞA son illərin gənc yazarları arasında diqqətimi cəlb edən şairlərdəndir. Bunu tərif naminə demirəm. O, axtarış aparır və mətbuatda çap etdirdiyi hər yeni şeirlər silsiləsində onun uğurları ilə tanış olur və əlbəttə, sevinirəm. İyirmi altı yaşlı bir gəncin şeirlərindəki çırpıntı, yeni söz deməyə can atması təbii ki, onun gələcək inkişafının bir göstəricisi ola bilər.
Nə gördüm, nə hiss etdim, nə duydum Allahşükürün şeirlərində? Hər şeydən əvvəl, təsvir (tərənnüm yox) etdiyi əşyalara, hadisələrə, təbiət mənzərələrinə, poeziyada yüz dəfə deyilən mətləblərə yeni baxış bucağından poetik yanaşma...
Azərbaycan şeirində bayraq və bayrağımız haqqında onlarla, yüzlərlə şeirlər yazılıb və yazılacaq da. Bayraq əksərən tərənnüm üçün, vəsf üçün mövzu olub. Amma süd şüşəsi hara, bayraq hara?

Körpə süd şüşəsindən elə yapışıb,
Elə bil, bir daha süd içməyəcək.
Mən bayraq çəksəydim
o uşağın şəklini vurardım
Bütün ölkələrin bayraqlarına.
O uşağın balaca ayaqlarını elə çəkərdim ki,
Yer üzündə bütün qumbaralar
Bir anda intihar edərdilər.
Generallar döşlərindəki ordenləri
Bir an içində qoparıb atardılar.
Tankın yadına düşər
Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.
Güllələrin yadına düşər
Uşaq barmaqlarına bənzəməyi.
Və Suriyada uşaqların süd şüşəsinə dəyib
Qollarını üzməyi.

Bu şeirdə zahirən obrazlı fikir gözə dəymir, amma hər şey şeirdəki daxili assosiasiyalardadır. Uşaqların balaca ayaqları və qumbaralar, tanklar və uşaq oyuncaqları, güllələr və uşaq barmaqları... bir-birindən uzaq "məsafədə" dayanan bu məfhumlar birləşib Bayraq obrazını yaradır.
Allahşükür sözlərlə rəsm, mənzərə çəkməyi çox sevir. O, şeirin bəzəyi olan təşbih və metaforaları təbiətdən söz açan şeirlərində sıralayır. Oxucu "göylərin bulud göbəyində" Ayın kədərli olduğunu görür, Ay "az qala hönkürür yerə Sarı işığını". Amma "Ay gülümsəyəndə, Yerə xoşbəxtlik yağır". Allahşükür Dan üzünün də söznən rəsmini çəkir: "Dan üzü elə qızarıb, Qan damır yanağından". Və Dan üzü onun içindəki istəklərdən boylanır: "Qurban olum, Allahım, Sal mənim sevdamı Dan üzünün yadına". Allahşükür Ağanın bir sıra şeirləri, hansı ki, üzü təbiətədi, bax beləcə, təbiətlə insanın mənəvi dünyasının harmoniyasını əks etdirir. Onda təbiəti duymaq hissi güclüdür. Həzin, kövrək duyğular, həyatdakı hər hansı bir görüntü və təzad onun şeirində poetik məna kəsb edə bilir. "Doğma Saatlıda hərdən buludlar gəlir Başımın üstə əylənməyə, Tək bircə damcı düşür, Qəlbimdəki qəmə, Gözümə düşən o damla Kiminsə göz yaşıymış" - o göz yaşı qara bulud kimi bəbəyə dolur. Və ağlamaq belə olur. Amma Allahşükür Ağa sırf sızıltı, hıçqırıq üstündə köklənən qəmli şeirlər yazmır, sızıltı, bu sayaq hıçqırıq onun şeirlərinə yaddır. Əgər özünü bir şair kimi hiss edirsənsə, şeirdə təzə söz deməyə can atmalısan, təzə sözün isə həm məzmunu, həm də ifadəsi gözəl olmalıdır. Allahşükürün şeirlərində həm müəyyən bir hadisənin həm də sırf duyğuların ifadəsi kimi mənalanan iki çalarını gördüm. Birinci çalarda mən Allahşükürün şeirləri içərisində birisini seçdim: "Bir it qaçırdı yolla". Bəlkə də çoxları üçün bu adi bir şeir təsiri bağışlayacaq, amma onun bu şeiri bir hadisənin arxasında yaşanan mahiyyətin bədii təcəssümü kimi maraqlıdır:

Bir it qaçırdı yolla,
Boynunda zənciri sürüyə-sürüyə,
Başqa itlər də itin yanınca
yüyürə-yüyürə,
Uşaqlar da itin arxasınca qaça-qaça
Gedirdi bir kənd.
Əslində tamaşaydı bu,
adamlar dayanıb baxırdılar
itin qaçışına.
Heç nəyin fərqində deyildi it,
İt çəkib aparırdı azadlığını.
Bir də onun azadlığını boğan
əllərimizi.
Biz də əllərimizin arxasınca
qaçırdıq.

Adi bir hadisə, amma bu hadisəyə adi yox, qeyri-adi yanaşanda ŞEİR yaranır. Bayaq dediyim metaforik düşüncə tərzi burada əyani şəkildə üzə çıxır.
İkinci halda: "Ağ köynəkli May" gəlir. "Ağ çiçəklər fəsli".

Gəldi yenə ağ köynəkli May
Açdı ürəyimizin
Qapısını
Taybatay.
Yenə ağ köynəklərin yaxası titrər
Ürəyin döyüntüsündən.
Mənə elə gəlir Mayda
Qızlar ürəklərini kəpənək kimi uçururlar.
Ağ köynəklərə,
Ağ göynəklilərə.

Allahşükürdən misal gətirdiyim şeir parçalarının hamısı sərbəstdə yazılıb.
Haqqında söz açmağa imkan tapa bilmədiyim "Vaqon qafiyəsi" də, "Durna olmaq istəyirəm" də, "Payız tüstüləri" də, "Pəncərədə həyat" da... Və bu şeirlərin hamısına xas olan sərbəstlik, demək istədiyi fikri qafiyəli də, qafiyəsiz də, amma ümumi şeir mədəniyyətinə aidiyyəti olan bir tərzdə, əsasən bədii təsvir vasitələrinin, metaforik düşüncənin köməyilə hasil olur.

Vaqon pəncərəsindən düşən ay işığının
Vaqon bələdçisinin ayaqları ilə
necə qafiyələndiyini bilsəydiniz əgər,
Bir il bundan qabaq yazdığınız şeirləriniz
Qafiyə ucundan ölməzdi.

"Vaqon pəncərəsindən düşən ay işığı", başqa bir şeirdə, "Amma ayaq izləri Quş dəstəsitək Göy üzünə Çoxdan uçmuşdular. Bax, o vaxtdan durna qatarı Göy üzündə Ayaq izlərinə oxşayır" kimi metaforalar Allahşükürün axtarışlarının bəhrəsidir.

Ot basıb dağların cığırlarını,
Çəmən ayaq gəzir, çöl ayaq gəzir.
Hamı batıb şirin-şəkər yuxuya,
Göylərin köksündə Ay oyaq gəzir.

Çəkilib əl-ayaq, gəlmir səs-səmir,
Hər şey gizlindədi, hər tərəfi sirr,
Yazdığım nəğmələr ölmək istəmir,
Düşüb səslənməyə dil-dodaq gəzir.

"Gəzmək" anlayışını bu şeirdə yaxşı mənalanıb. Allahşükür Ağanın "Uşaq bağçasında düzələn sıra" şeirinə gəldikdə isə... Bu şeiri onun yaradıcılığında uğurlu bir hadisə hesab edirəm. Əskər sıralarının körpə cərgəsinə baxıb farağat dayanması. "Səhərə ağappaq təmizlik yağar, Uşaq əllərindən, uşaq gözündən" misraları şeirdə nəsillər arasındakı vəhdəti ifadə edir.
Allahşükür Ağa mənim fikrimcə, həyatın, təbiətin gözəlliklərindən zövq ala-ala, sevincini sevinc, kədərini kədər kimi yazan şairdir. İyirmi altı yaşlı bir gəncin bir qış səhərinə heyranlıqla boylanması, ya Dan üzünə şeir yazması təbiidir, "Ağ köynəkli" mayın vəsfi də ürəyincədir, sual işarəsinə oxşayan bir qocanın xatirələr dünyasını vərəqləməsi də maraqlıdır. Amma bütün bunlar ancaq gerçəkliyin, real, canlı həyatın tam mənzərəsi deyil. Həyat çox mürəkkəb və təzadlıdır, bir az onun "Təzad" şeirindəki kimidir. Və çox istərdim ki, onun şeirlərində bu təzadların özünü görək, gözəllikdən, "Çayda balıq söhbəti"ndəın, yağışın necə yağmasından, "Payız tüstüləri"ndən həmişə yazmaq olar, amma yaşadığıimız bu mürəkkəb aləmin ictimai, mənəvi mənzərələri, müsətəqillik dövrümüzün sevinclərindən çox ağrı-acıları da unudulmamalıdır. Təbii ki, heç bir tənqidçi heç bir şairə ictimai sifariş verə bilməz, amma bizim böyük şairlərimizdən biri deyirdi: "Şairəm, əsrimin ayinəsiyəm".
Bu qədər, Allahşükür Ağa!

TƏQVİM / ARXİV