adalet.az header logo
  • Bakı 20°C
12 Fevral 2018 17:11
56349
MÜSAHİBƏ
A- A+

“Psixiatra gəlmirlər ki, mənə dəli deyəcəklər, alan olmayacaq” - MÜSAHİBƏ

Son vaxtlar cəmiyyətdə intihar, depresiya və s. bu kimi halların artması narahatlıq doğuran məqamdır. Bunlar hamısı psixi travma və pozuntunun nəticəsidir. Qarşısını almaq isə mümkündür. Bunu müsahibimiz - həkim psixiatr Fuad Bəşirov deyir.

Azərbaycan Tibb Universitetinin məzunu olan Fuad bəy daha sonra Ankara Universitetinin Tibb fakültəsində Psixatriya üzrə uzmanlıq təhsili alıb. Ötən il Azərbaycana qayıdıb və Bakıda həkim kimi fəaliyyət göstərir. Adalet.az Femida.az-a istinadən psixiatrla müsahibəni təqdim edir:

- Çoxları psixoloqla psixiatrı ayıra bilmir. Bizim üçün bu iki peşə arasındakı fərqi izah edərdiz?

- Psixiatr sırf həkimdir, dərmanla və psixoterapiya ilə müalicə edir. Psixoloq isə qeyri-tibb sahəsində 4 il təhsil almış şəxsdir. Bu peşələr ona görə səhv salınır ki, hər ikisi insan psixologiyası ilə məşğul olur. Psixoloqlar daha çox sağlam insan psixologiyası ilə məşğul olursa, psixiatr xəstə insanlar üzərində işləyir. Hər ikisinin ortaq cəhəti isə budur ki, həm psixoloq, həm də psixiatr psixoterapevt ola bilir. Soruşa bilərsiz, insanlar birinci psixoloqa getsin, yoxsa psixiatra? Dünyada sitem belədir ki, insan birinci psixiatrın yanına gəlir və deyir ki, mənim filan problemlərim var. Psixiatr baxır və əgər xəstəlikdirsə, müalicə edir. Əgər xəstəlik deyil, xarakterlə bağlı problem varsa, onu psixoloqa yönləndir.

- Ölkədə psixiatra müraciət edənlərin sayı azdır. Sizcə, bunun səbəbi nədir?

- Bizdən əvvəlki nəsillərdən gələn bir fikir var ki, insanın psixikası onun iradəsindən asılıdır. Kökündən səhv olan fikirdir. İnsanlar psixi problem yaşayan yaxınlarına deyirlər ki, həkimə getmə, özün düzələrsən. Məsələn, ürək xəstəsi ömrünün axrına qədər kardioloqa gedir-gəlir, dərman qəbul edir. Şəkər xəstəsi ömür boyu insulin qəbul edir. Bunda heç bir problem yoxdur. Amma kimsə psixiatra mütəmadi gedirsə, deyirlər getmə, yaxşı fikirləş, özün düzələrsən. İnsanın gözü görməyəndə deyə bilərsizmi, yaxşı bax, görəcəksən?! Psixika da eynilə bu cürdür. Xarab olarsa, müalicə ilə təmir olunmalıdır.

- Son zamanlar ölkədə intiharların sayı artıb. Bunda psixoloji problemlərin rolu nə qədərdir?

- Artım var, amma göründüyü qədər deyil. Sadəcə son vaxtlar media orqanları çoxalıb və hadisəni baş verən kimi oxumaq olur. Səbəbə gəlidikdə isə, ilk növbədə şəhərləşmə deyərdim. Şəhərləşmə genişləndikcə, problem artır, gərginlik artır, sosial münasibətlər zəifləyir, insanın özünə ayırdığı vaxt azalır. Kənddə bir insanın 6 qonşusu varsa, hamısı bir-birini tanıyır, bir yerdə oturur çay içir, qaynayıb-qarışır. Şəhərdə isə 20 qonşun varsa, bunlardan yalnız birinin adını bilir, ya bilmirsən. Məsələn bir insanın xarakteri əvvəlcədən aqressivdirsə, bu ayrı məsələ. Amma kimsə mülayim insan idi, sonradan aqressivləşirsə, deməli, onda psixi problemlər yaranmağa başlayıb. Əvvəllər insanlarda bir hərəkət qıcıq yardırdısa, ***normal indi 10 hərəkət qıcıq yaradır. Bu xəstəliklər daha çox şəhərləşmə ünsürü ilə bağlıdır.

- Yüngül və ağır psixi pozuntular nədir? Və onlar arasındakı fərqi necə müəyyənləşdirmək olar?

- Bütün psixiatrik xəstəliklərin yüngül və ağır forması var. Məsələn, elə yuxu pozğunluğu var ki, sonu intihara gətirir. Yaxud elə şizofren var ki, həyatına normal şəkildə davam edir. Yaxın çevrəsindən başqa heç kim onun şizofren olduğunu bilmir.

- Son illər depresiya və intihar halları gənclər arasında da artıb. Sizcə, gənclərin bu addımı atmasında səbəb nədir?

- Dünyada da belədir. Xüsusən yeniyetmələrdə bunu müşahidə etmək olur. Səbələri çoxdur. Hormonal vəziyyətin dəyişməsindən, sosial çevrənin dəyişməsindən, ailə vəziyyətindən və s. ola bilər. Ona görə yeniyetməlik yaşı çox önəmlidir. Odur ki, gələn xəstələrin hamısından mütləq yeniyetməliyinin necə keçdiyini soruşuruq.

- İntihar edən insanı "psixiatrik xəstə” adlandırmaq olarmı? Yoxsa hər hansı normal insan da bir saatın içində intihar vəziyyətinə gələ bilər?

- İntihar edən insanların 80 faizə qədəri psixiatrik problemi olan və daha əvvəllər həkimə müraciət etmiş şəxslərdir. 15 faizi isə yaxınlarının məlumatına görə, psixiatrik problemi olub, həkimə gəlməyən şəxslərdir. Yerdə qalan 5 faiz isə sağlam insanlardır. Onların da azad iradəli olub-olmaması mübahisəli məsələdir.

İntihara cəhd edənlər əsasən, depressiv xəstələrdir. Depresiya gündəlik istifadə olunan bir sözə çevrilib və kiçik bir sıxıntı keçirən şəxs özünü depresiyada hesab edir. Əslində depresiya ağır bir haldır və bunu o hala düşmədən anlamaq çətindir. Belə adamlar adətən, hər şeydən küsür, həyatda heç nədən zövq ala bilmir, ümidsiz olur, gələcəyə dair heç bir ümidi və planı olmur, yuxusunda və cinsəlliyində problem olur. Günahkarklıq duyğusu olur. "Mən heç kimə lazım deyiləm, başqasına yükəm, həyatda lazımsızam” fikri ilə intihara doğru yol alır.

Bir də var ki manyakal epizod. Bu depresiyanın tam əksidir. Belə insanlarda enerji həddindən artıq çox olur. Özlərini prezident, allah, peyğəmbər, komandan hesab edir. Belə insanlar da sonra intihar edir.
Bir də var ki, hər hansı digər xəstəliyi var və şiddətli ağrılar çəkir. Bəzən belə adamlar ağrılara dözməyib intihar edir. Bu hallara daha çox yaşlı insanlar arasında rast gəlinir.

- İntihar etmək istəyən insana necə kömək etmək olar ki, fikrindən daşınsın?

- İntiharın qarşısını almaq üçün bunu danışmaqdan qorxmamaq lazımdır. Məsələn kiminsə, dostu intihar etmək istədiyini deyirsə, "Ə, belə şey fikirləşmə” deyib mövzunu bağlamamaq lazımdır. İntihar haqqında söhbətdən qorxmamaq lazımdır. Məsələn, bəzən elə həkimlər olur ki, intihar haqda düşündüyünü deyən xəstənin dosyesini bağlayıb, tez özündən uzaqlaşdırmağa çalışır ki, məndən uzaq olsun. Bir insanla intihar haqqında nə qədər çox danışsan, ona kömək etmək şansın da çoxalır və daha sonra onu mütləq psixiatra gətirmək lazımdır.

- Cinsi azlıqları psixiatrik xəstə adlandırmaq olarmı?

- Son illərə qədər bu insanlar dünyada xəstə kimi qəbul olunurdu. Sonra bu fikir dəyişdi. Tibbə görə, homoseksual insan öz həyatından məmnundursa, ətrafına zərər vermirsə, bu xəstə sayılımır. Amma bəzən də bunu özündə problem olaraq görən insanlar olur və bizə müraciət edirlər. Bu halda biz onlara kömək edirik. Homoseksuallığı problem kimi görməyən insanı məcbur edə bilmərik ki, onu müalicə edək.

- Depresiyada olan insan öz-özünü müalicə edə bilərmi?

- Qripi insan öz-özünə müalicə edə bilirmi? Bilir. Depressiya da öz-özünə düzələndir. Depresiya müalicə olunmazsa, 6-9 ay sonra özü keçir. Lakin bu 6-9 ayda insanın yaxın ətrafı ilə münasibəti, sosial əlaqələri korlanır, işindən geri qalır. Depresiya düzələndən sonra bu münasibətləri bərpa etmək üçün vaxt və əmək sərf etməli olur. Və bu zəmində yenidən depresiya yarana bilər ki, ikinci depresiya sağalmaq üçün 6 ay yox, daha uzun müddət tələb edir.

- Bəzən xalq arasında belə ifadə işlədirlər ki, "çox oxumaqdan başına hava gəldi”. Doğrudanmı çox oxumaqdan adamın başına hava gələ bilər?

- Çox oxumaqdan yox, amma az yatmaqdan gələ bilər. Yuxusuzluq ciddi problemdir.

- Həbsxanalarda intiharların sayı artır. Bu, nə ilə bağlıdır?

- Məhbuslar adətən həbsxanadan kənardakı həyatda olanlara və çöldəki həyatı düşünərək intihara edir.

- Adətən, belə səhnələri filmlərdə görürük: Cinayətkar kimisə girov götürüb və başına silah dayayıb. Üçüncü bir şəxs onların yanına gəlir və cinayətkarı fikrindən döndərməyə çalışır. Belə məqamlarda elə bir sehrli kəlmələr varmı ki, onları işlətsək, cinayətkar fikrindən daşınsın?

- Belə insanlar implusiv olurlar. Yəni ağıllarına gələn şeyi dərhal edirlər. Davranış da buna görə müəyyənləşir. Burada sehrli kəlimələr həmin məqama görə dəyişir. Çalışmaq lazımdır ki, cinayətkarın hərəkətə keçməsini maksimum uzadasan, vaxt qazanasan. "Dayan, bir daha düşün, burada idarə sənin əlindədir. 5 dəqiqə sonra da onu öldürə bilərsən, hər şey sənin əlindədir, sadəcə gözlə sözüm var, 2 dəqiqə məni dinlə. O adamı öldürəndən sonra nə olacaq? Bunları danışmaq istəyirəm. Mən öz-özümə danışacam”. Daha sonra bir frekans tutub o istiqamətdə danışmaq lazımdır. Vaxt uzandıqca cinayətkarın əsəbi soyuyur və 5 dəqiqə öncəki qədər qəzəbli olmur. Bu yolla girovu öldürməkdən vaz keçə bilir.

- Sonda əlavə etmək istədiyiniz nəsə varmı?

- Psixiatrik xəstəyə qarşı böyük ictimai qınaq var. Bu, yanlışdır. İnsanlar psixiatra gəlməkdən qorxmasınlar. 10-15 həkim gəzib sonra psixiatra gedən xəstələr var. Bəzən bütün instansiyaları keçib , sonra bizim yanımıza gəlirlər. Ya boşanmaq üzrə olanda, ya intihar həddinə çatanda və s. Gələnlər də deyir ki, ərə gedə bilməyəcəm, mənə dəli deyəcəklər. Və ya qaynanam oğluna deyəcək, bu dəlidir, ərim məni boşayacaq. Yaxud işdən çıxaracaqlar. Amma psixiatrik xəstəliklər, adı üstündə xəstəlikdir. Böyük əksəriyyəti də müalicə olunur.