adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Fevral 2018 16:45
6877
GÜNDƏM
A- A+

90 dövlət əmlakı hərraca çıxarılır

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub.

Əmlak Məsələləri Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, 13 mart tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Balakən, Qəbələ, Şəmkir, Goranboy və digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında İmişlidə yerləşən Yardımçı təsərrüfat, Şəmkir Balıq zavodu, Maştağa avtodəstəsi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 15-ə yaxını iaşə, 10-dan çoxu xidmət, 2-i sənaye, qalanları isə digər sahələrə aiddir.

Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Şəmkir Balıq Zavodu yeyinti sənayesini nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün gəlirli obyektdir. Adı çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir. Həmin obyektin ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 min 500 kv.m-dən çoxdur.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Abşeron rayonunda yerləşir. Özəlləşdirilməyə çıxarılan belə əmlakların sahəsi 10 kv.m ilə 447 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.