ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Müstəqillik yollarında

5649    |   2018-02-10 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Poema)

Azərbaycan Xalq Cumhuriyyəti - 100
FƏRƏC
FƏRƏCOV
I BÖLÜM

Tarix bir şans verdi əsrin əvvəli,
Şərqdə demokratik dövlət yaratdıq.
Öz adım, bayrağım oldu mənim də,
Arzuya, istəyə, şərəfə çatdıq.

Vuruşdu, yaşadı iyirmi üç ay,
Ömrü gödək oldu azad dövlətin.
Çölündə yağılar, içdə dönüklər,
Qənimi oldular o səadətin.

İyirminci əsrin sonu yenə də,
Tarix öz şansını etdi ərməğan
Həm də ölüm, itim, 20 Yanvar,
Xalqı dara çəkib etdi imtahan.

Qəlbində azadlıq eşqi çağlayan
Oyanmış millətin gurladı səsi,
Yayıldı ildırım sürəti ilə,
Dünyaya azadlıq bəyannaməsi.

Tanıdı dövlətlər, tanıdı xalqlar,
Tanıdı müstəqil Azərbaycanı.
Dostlar da çoxaldı, düşmən də artdı,
Töküldü yenidən millətin qanı.

Qəvi qonşulara verdi qol-qanad
Mərkəzdə baş alan kürsü davası.
Rəyasət uğrunda yeni "bəylərin"
Artdı iştahası, artdı qovğası.
Torpaq qan ağlayır, inildəyirdi,
İmdad diləyirdi uman yerlərdən.
Kənd-şəhər boşalır, qalırdı viran,
Səs-səmir yox idi güman yerlərdən.

Yadların əmrinə sadiq nökərlər,
"Tez olun boşaldın" - səslənirdi də.
"Avtobus göndərək, yoxsa nə edək?!"
Deyərək bağırıb hirslənirdi də.

Yox idi itkinin sayı-hesabı.
Azadlıq neməti daşa dirənmiş.
Gündə min oyuna, dərdə tuş gələn,
Xalq da başçılardan bezmiş, iyrənmiş.

Hanı o başçılar, hanı o kəslər?
Görsünlər Xocalı necə dərddədir.
Düşmən pusqu qurub həndəvərində,
Yolları bağlanıb,qıfılbənddədir.

Yada salmadılar böyük yurd yerin,
Yalqız buraxdılar Xocalını da.
Bir gündə dağılıb, məhv oldu şəhər,
Sorub bilmədilər heç halını da.

Düşmən nə amansız, nə qansız imiş,
Nə uşaq tanıdı, nə də qız-gəlin.
Vəhşi bir canlının törətmədiyin,
Başına gətirdi tənha bir elin.

Müstəqil ölkənin son tarixinə
Yazıldı yeni bir qanlı soyqırım.
Sardı insanları qorxu, vahimə,
Yarandı ölkədə dözülməz durum.

Siyasət sükanı naşı əllərdə,
Siyasət meydanı xaoslaşırdı.
Sonu görünmürdü müstəqilliyin
Etiraz dalğası coşub daşırdı.
Gör nə günə düşdük, qardaş qardaşa
Silah da çevirdi, güllə də atdı.
Ani fürsəti də fövtə verməyən
Erməni bu yanda kamına çatdı.
Allah, bu nə bəla, bu nə zülümdür...
Düşündü çarəsin, düşündü millət.
Bu xalqa sərkərdə, lider gərəkdir,
Onunla dəyişsin qorxunc vəziyyət.

II BÖLÜM

Səslər ucaldı yerdən,
Yer titrədi yerindən.
"Yox!" dedi xalq onlara,
Başsız ölü canlara.
Ziyalısı, fəhləsi...
Ucaldı xalqın səsi.
Heydər gərəkdir, Heydər!
O lider, ulu öndər.
Onu eşitməliyik,
Ardınca getməliyik.
Dövlət deyil oyuncaq,
Onadır inam ancaq.
O gəlsə bitər bəla,
Yox olar, itər bəla.
Daha düşmərik oda,
Uzaq gəzər qan-qada.

* * *
Səslərə səs verildi,
Millətə dərs verildi.
Seçək qaranı, ağı,
Vətən görməsin yağı.
Şəhid anası Qönçə
Qalxdı hamıdan öncə
Söylədi bir bayatı
Təlqin etdi həyatı:

"Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə qoçaq olsa
Heç verməz ordu bada"

Hamı eyni hədəfə
Ünvanlandı son dəfə.
O ünvan Naxçıvandır,
Bizim Nəqşi-cahandır.
O sərkərdə, o rəhbər
Qəlbi xalqla bərabər...
Olsa da Naxçıvanda
Fikri eldə, cahanda.
El onu istəyirdi,
Sevib əzizləyirdi.
Bakı açıb qolunu,
Gözləyirdi yolunu.
Yenə götür-qoy etdi,
Çox dərin fikrə getdi:
Düşdü yadına illər,
Ağır günlər, fəsillər.
Qışda, qarda, şaxtada
Baxırdın hər vaxtda da
Dincliyə qənim oldu,
Özünə əmin oldu.
Qorudu Naxçıvanı,
Mərd oğullar həyanı.
İndi de, bəs nə etsin?
Ayrılsın necə getsin?
Çətin gəlirdi ona,
Yurdun rəhbər oğluna.
Amma gec olar daha,
Baxmalıdır sabaha.
Düşündü doğma xalqı,
Qəlbini qüssə aldı.
Yüz ölçüb, bir biçdi o,
Qayıdışı seçdi o!

***
Xəbər tez yayıldı Azərbaycana
Sönmüş arzuları gətirdi cana.
Çağladı ürəklər, əridi buzlar,
Doğdu ümid ilə yeni arzular.
Hər yerdə nəzərlər dikilmiş ona,
Onun zəkasına, onun ağlına
Çiynini vermişdi ağır bir yükə,
Meydan sulayırdı qorxu, səksəkə
Ordusu yox idi hələ millətin,
Düşmənlə döyüşmək nə qədər çətin,
Hər kəs öz adına yaratmış dəstə,
Beyinlər zəhərli, beyinlər xəstə.
Millətin qazancı, varı, dövləti
Axırdı ciblərə açıq, xəlvəti.
Ölkə məhvə gedir, parçalanırdı.
Ağır dərd üstünə dərd calanırdı.
Nədən başlamalı, necə etməli?
Ən düz yol hansıdır, onu seçməli.
Ağıl, zəka gərək, bir də dəyanət
Bunla baş tutacaq ülvi, xoş niyyət.
Zəngin təcrübəsi yetdi dadına,
Uğurlar yazıldı böyük adına.
İlk öncə yaratdı əmin-amanlıq
Xalqdan uzaq düşdü qorxu, yamanlıq.
Təməli qoyuldu yeni ordunun,
Cavabdehi oldu hər kəs yurdunun.
Silahlı dəstələr zərərsizləşdi,
İçində qorxunun yolunu kəsdi.
Cənubda yaraydı qondarma qurum,
O da həllin tapdı, dəyişdi durum.
Alışdı hər oğul yeni qaydaya.
Qeyrətin, şərəfin qoydu ortaya.
Döyüşə atıldı qəhrəman əsgər
Yardı düşmən səddin, göstərdi hünər.
Amma imkan yoxdu geniş bir hərbə,
Yağıya vurulsun ağır bir zərbə
Atəşkəs gərəkdi indi ölkəyə.
Ordumuz güclənə, bişə, bərkiyə.
Düşmən arxalıydı, çox idi sayda,
Nahaq qırılmaqdan axı nə fayda.
Tezliklə yüksələr yurdum, vətənim,
Fəxr edər, fəxr edər ordumla mənim
Beləcə düz yolun tutdu ölkəmiz,
Məqsəd aydın idi, fikirlər təmiz.
Milli maraqlardan doğan hər nə var,
Ona xidmət etdi yeni iqtidar.
"Əsrin kontraktı" - bu bir möcüzə,
Öndər siyasətin çıxardı üzə.
Düşmənə ox oldu, bu iş, bu əməl,
Qoydu gələcəyə köklü bir təməl.
İnkişaf xəttini götürdü millət,
Artıq qalib oldu zəka, siyasət.
Ağıla sığmırdı bu qədər işlər,
Siyasi məharət, düzgün gedişlər.
Müstəqilliyimiz möhkəm, inamla,
Addımlar atırdı düzgün, aramla.
Ölkə dəyişməkdə, durulmaqdaydı,
Yeni Azərbaycan qurulmaqdaydı.
Düşmən də çox idi kənarda, içdə,
Lövbər salmışdılar qıraqda, küncdə.
Dövlətə qəsd oldu bir neçə dəfə,
Lakin yetişmədi naqis hədəfə.
"Heydər - xalq birliyi" düşdü dillərə,
Bənzədi kükrəyən coşqun sellərə
Anlatdı zor yolun mümkünsüzlüyün,
Ağlın qarşısında öz gücsüzlüyün.
Rəhbər zəkasıyla ucaldı qat-qat,
Bəxş etdi yurduma rahat, xoş həyat.
Sevdi insanları, sevdi dünyanı,
Dolaşdı Yer üzün şöhrəti, şanı.
Ucaltdı vətəni özüylə qoşa,
Mətin iradəsi, sözüylə qoşa.
Tanındı, sevildi azad məmləkət,
Süfrəmdə çoxaldı ruzi, bərəkət.
Çətin günlərimiz qaldı arxada.
Tarixə çevrildi aclıq, qan-qada.
Yeni inkişafa imzalar atdıq.
Sürətli yüksəliş yoluna çatdıq.
Addımlar atıldı Avropaya,
Orada bayrağım qalxdı havaya.
Sözümüz, səsimiz tutdu dünyanı,
Artıq işləmədi düşmən yalanı.
Dövlət, xalq yolunda o ulu rəhbər.
Qalmış ömrünü də etdi səfərbər.
Xaricə edilən hər səfərində
Görürdü hər işi yerli-yerində.
Yaddan çıxarmırdı soydaşlarını,
Doğma, əziz olan qardaşlarını.
Arzusu, istəyi birlik yaratmaq,
Elin dar gününə dirrik yaratmaq.
O qoydu birliyin ilk təməlini,
Göstərdi özünün xoş əməlini.
Bakıda baş tutdu böyük qurultay,
İnsan axınına sığmırdı saray.
Söz-söhbət xalqımdan-bizdən gedirdi.
Sabaha yol açan izdən gedirdi.
Kürsüyə yan aldı Öndərin özü
Salonu titrətdi hər fikri, sözü.
Qürurla söylədi adlı-sanlıyam,
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

Haşiyə

Bağışlasın oxucu,
Nəzər salsın gözucu.
Artıq oldu bir heca,
Sözlərimdən ən uca...

Milli kimliyiylə fəxr edən düha
Uzaqgörənliklə baxdı sabaha.
Göstərdi ağılın-zirvə qüdrətin,
Gizlədə bilmədi dünya heyrətin,
Onun qayıdışı bir duruş idi.
Ölkəmdə sabitlik, qurtuluş idi.
Qurtuluş dəf etdi neçə bəlanı,
Qardaş qırğınını, odu, talanı.
Qurtuluş gətirdi xalqa nicatı,
Nail olduğumuz gözəl həyatı.
Necə vəsf etməyim o günü mən də,
Bütün bəd əməllər salındı bəndə.
Deyirəm, a dostlar, sözümün canı -
O oldu, O oldu elin həyanı.
Baharın son ayı - 15 iyunda,
Min doqquz yüz doxsan üçdə-yurdumda.
Vətənsevərlərin arzu, əməli,
Böyük qurtuluşa qoydu təməli.
O, yeni ölkəni etdi ərməğan
Onun dahiliyin kəşf etdi zaman.
Bir də başqa töhfə-sevindi hamı,
Bəxş etdi yurduma oğlu İlhamı!



İmza:
SON XƏBƏRLƏR
2018-02-21
2018-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Xeyrulla salam, necəsən? Nəsə toydan sonra səsin çıxmır, təzə gəlin bacıyla necəsən?
- Hər şey əladı, mən heç zaman bu qədər xoşbəxt olmamışdım.
- Arvad yanındadı deyəsən.
- Mən həyatımdan çox razıyam.
- Başa düşdüm. Möhkəm dur qardaş, neyləmək olar?!




digər lətifələr
ARXİV
FACEBOOK