adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
10 Fevral 2018 00:33
11016
ƏDƏBİYYAT
A- A+

ŞİRİN BİR XATİRƏ TƏK...

Əzizim Nahid! Xalq arasında belə bir söz tez-tez vurğulanır ki, ruhlar ölmür. Ruhlar hər şeyi öz vaxtında çatdırır sahiblərinə, agah edir onu hər şeydən - haqqında danışılanlardan, deyilənlərdəng
Əgər doğrudan da belədirsə, sənin 80 illik yubileyin münasibəti ilə yazıb "Ədalət" qəzetində çap etdirdiyim "Yaşa, yarat qardaşım!" məqaləsini indi ruhunun ixtiyarına verirəm. O vaxtlar bəzi səbəblər üzündən redaktorluq etdiyin "Yada düşdü" jurnalında çap olunmamışdı bu yazı. Qoy indi çatdırılsın sənə.
Yubiley məqaləsinin indi verilməsinin bir səbəbi də odur ki, mən səni dünyasını dəyişənlər sırasında görmək istəmirəm. İnanmıram ölümünə. Sən ölməmisən!
Odur ki, məqalədə yazdığım kimi, həmişə üz-üzə oturub danışdığımız kimi danışıram səninlə.
Əzizim Nahid! Bir-birini əvəz edən ayları, illəri yola sala-sala axır ki, səksən yaşın əlini sıxmaq sənə də nəsib oldu. Özü də gör nə qədər xoşbəxtsən ki, sənin bu səksən yaşın elimizin, günümüzün həmişə yolunu həsrətlə gözlədiyi bənövşə qoxulu baharın torpağımıza qədəm basdığı günə - mart ayının 14-nə düşür. Hər adama qismət olan xoşbəxtlik deyil axı, bu. Bayramın bayrama qovuşması böyük səadətdi!
Amma məni qınama, nədənsə sənin bu səksən yaşına heç cür inanmağım gəlmir. Çünki sən mənim yaddaşımda indiki kimi yox, o illərdəki kimi qalmısan. Səni universitet illərində tanıdığım o illərdəki kimi. Gənc, hərarətli, təravətli...
Bu günümdən keçmişə boylanıram. Xəyalım məni bizdən addım-addım uzaqlaşan o əl çatıb ün yetməz illərə aparır. Hər şey birər-birər düşür yadıma. Lap elə indiki kimi...
Mən səni tanıyanda məndən iki kurs aşağıda oxuyurdun. 1955-ci ildə daxil olmuşdun universitetə. İndiki Bakı Dövlət Universiteti o vaxtlar Azərbaycan Dövlət Universiteti adlanırdı.
Bilənlər yaxşı bilir ki, o vaxtkı universitet başqa aləm idi. Əsl elm korifeyləri, adlı-sanlı akademiklər, professorlar dərs deyirdi həmin universitetdə. Bilik xəzinəsinə açar salıb, ordakı ləl-cəvahiratları üzə çıxmaları bir yana, adicə söz-söhbətləri belə bir məktəb idi həmin müəllimlərin. Həyat məktəbi, mədəniyyət məktəbi, davranış, mənəviyyat-əxlaq məktəbi! Tələbələri də indikindən fərqli idi. Biliyin yeganə meyar olduğu, daim oxuyub-çalışmağın, verilən biliklərdən bəhrələnməyin zəruriliyi ətinə-qanına hopmuşdu tələbələrin. Təkcə elm, bilik öyrənmirdi onlar. İstedadı, bacarığı olanlar müxtəlif dərnəklərdə iştirak edib, öz fitri qabiliyyətlərini təkmilləşdirməyə çalışırdılar.
Belə gənclərdən biri də sən idin, Nahid! Yataqxanada qalırdın o zaman. Tərcümeyi-halınla maraqlanmışdım. Öyrənmişdim ki, Bakıya Gədəbəyin Şınıx bölgəsindən - Düz Rəsullu kəndindən gəlmisən. Filfakın dil-ədəbiyyat şöbəsində oxuyursan. Hündürboylu, enlikürəkli, gur, şəvə kimi qapqara saçlı, yarlı-yaraşıqlı bir oğlan idin. Yoldaşlarının hamısının xətrini çox istədiyini də deyirdilər. Dərs əlaçısı olduğuna, mehriban və səmimi rəftarına, sədaqətinə, təvazökarlığına görə. Çoxlarından eşitdiyim bir sözü indi də yaxşı xatırlayıram. Deyirdilər ki, Nahid Bakıya Gədəbəy dağlarının bənzərsiz təmiz nəfəsini, xoş ab-havasını gətirib. Yox, təkcə onu gətirməmişdin sən. Həyatı, insanları qəlbən sevib onlara vurğun olan bir gəncin hərarətli, məhəbbət dolu ürəyini də gətirmişdin. Onda sən hələ bilmirdin ki, quş qanadlı illər bir-birini arxada qoya-qoya gəlib keçəcək, o illər kimi özü də pillə-pillə irəliləyib ucalan o məhəbbət dolu ürəyin sahibi bacarıqlı qələm adamı kimi söz sənəti dünyasında öz layiqli yerini tutan Nahid Hacızadə imzası ilə hamının yaxşı tanıdığı bir sənətkara çevriləcəkdi...
Bəlkə sənin də yadına düşər Nahid, mən səni ilk dəfə universitetin "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı qəzetinin redaksiyasında görmüşdüm. O vaxtlar həmin qəzetdə sənin ara-sıra xırda həcmli yazıların, mənsur şeirlərin, lirik hekayələrin dərc olunurdu. Amma az sonra da sevimli müəllimimiz, gözəl və bənzərsiz şair Bəxtiyar Vahabzadənin (onda Vahabzadə çox gənc idi) universitetdə rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə qatılanda daha yaxından tanımağa başladım səni.
Məşğələləri həmişə böyük maraqla keçən bu dərnəyə filoloji fakültənin o dövrdəki ən istedadlı ədəbiyyat həvəskarları cəlb olunmuşdu. Yaşar Qarayev, Tofiq Hacıyev, Famil Mehdi, Əlibala Hacızadə, Şamil Fərzəliyev, Hüseyn Kürdoğlu ilə yanaşı dərnəyin sayılıb-seçilən üzvlərindən biri də sən idin, Nahid. Burada oxuduğun miniatür yazılarının, lirik hekayələrinin həmişə rəğbətlə qarşılanmasının az şahidi olmamışam.
Deyirlər, istedad axar suya bənzəyir. Axar su özünə yol açdığı kimi, istedad da özünə yol açmaqda çətinlik çəkmir, qarşıya çıxan hər cür maneələri dəf etməyi bacarır.
Elə sənin istedadın da özünə belə yol açdı, əziz dost! Ali təhsil almasına baxmayaraq, çoxları istədiyi işi tapa bilmədiyi halda, sən hələ 1959-cu ildə, yəni məktəbi qurtarmağından bir il əvvəl Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində özünə iş tapa bilmişdin. Əslində işi sən yox, iş səni tapmışdı. Qabiliyyətinin, qələminin üzünə açdığı yol idi bu yol. Taleyini bağladığın bu doğma məkanda 1996-cı ilə qədər müxtəlif vəzifələrdə - müxbir, redaktor, şöbə müdiri, baş redaktor vəzifələrində çalışmısan. Nə az, nə çox, düz 20 il Azərbaycan Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasına rəhbərlik etmiş, 1992-ci ildən 1996-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində sədrin birinci müavini vəzifəsində çalışmısan.
Kiçikliyindən və böyüklüyündən asılı olmayaraq işlədiyin bütün vəzifələrdə ləyaqətlə çalışmısan. Daim diqqəti çəkən və yaddaqalan işlərinlə, hər sahədə yenilikçi olmağınla fərqlənmisən. O dövrlərdə sənin rəhbərliyin və təşəbbüsünlə araya-ərsəyə çıxarılan, daim insanlarda xoş ovqat yaradan onlarla maraqlı verilişlərdən təkcə birinin - "Səhər görüşləri"nin adını çəkmək elə bilirəm ki, kifayət eləyər. İndi hanı bu gün həsrətini çəkib məhəbbətlə xatırladığımız elə verilişlər?
Əzizim Nahid! İndi sənin onunla öyünməyə qanuni haqqın var ki, sən yalnız yaxşı işçi olmaqla kifayətlənməmisən. Mənalı keçən ömür yollarında qazandığın uğurları get-gedə artıra bilmisən. Televiziyada işlədiyin müddətdə yazdığın ssenarilər əsasında 30-a yaxın sənədli və bədii filmlər çəkilib. Onlardan bir çoxu, o cümlədən "Son qəmin olsun, Vətən!", "Yaz gününün işığı", "Yaşa, ey haqq", "Qayalarda qalan sən" və bir çox başqaları bu gün də televiziyanın qızıl fondunda saxlanılmaqdadır.
Bütün yaradıcı insanlar kimi sənin də söz silahın - qələmin həmişə əlində olub. Ürəkdən süzülüb gələn sözlərinlə mayalanıb, onlarla qidalanıb qələmin. 1972-1983-cü illər arasında qələmindən çıxan "Bir ana tanıyıram", "Dağlar yuxuma girir", "Ömür gözləyir bizi", "Məhəbbət ölüncə var" kimi əsərlərin oxucular tərəfindən sevilə-sevilə oxunub və oxunmaqdadır. Qoy yeri gəlmişkən onu da deyim ki, təkcə nəsr əsərlərin şöhrətləndirməyib səni, Nahid. Ədəbiyyatın ayrı-ayrı janrlarına da girişib qələmin. Bakıda - Akademik Dram Teatrında və ayrı-ayrı yerlərdə tamaşaya qoyulan "Qisas qiyamətə qalmaz", "Məhəbbət yaşadır" və "Ömrün sorağında" pyeslərinin, sözləri qələmindən çıxan "Səslə bizi, Azərbaycan", "Əsgər qardaş", "Qürbətdə qalan dağlar", "Qalx, qalx ana torpaq" kimi mahnılarının da taleyi çox uğurlu olub.
Böyük Səməd Vurğunun "Bizdən ayrı düşənlərə borcumuzdur, bu ehtiram" misrası elə bil ki, səni duyğulandırmaq, içərisində maraqlı xatirələrinin toplandığı 650 səhifəlik "Yada düşdü" adlı kitabının işıq üzü görməsi üçün yazılıbmış, ay Nahid. Bu kitabı vərəqlədikcə nələrə rast gəlmədim mən? Nazim Hikmət, Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza, Əli Vəliyev, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev və neçə-neçə ölməz söz sərrafları haqqında nə qədər gözəl xatirələri dilə gətirmiş, sanki onlara sözdən heykəl qoymusan. Sənin bu əvəzsiz xidmətini, dünyasını dəyişib bizdən ayrılanlarımız qarşısındakı bu borcunu heç nə ilə ödəmək mümkün deyil.
... Xalq üçün yaşayıb yaradanlar heç vaxt ölmürlər.
Böyük şairimiz Səməd Vurğun necə də gözəl deyib:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər!..

Allah sənə qəni-qəni rəhmət eləsin, Nahid! Qəbrin nurla dolsun!
Qədir Tərtərli
AYB-nin üzvü,
"Qızıl Qələm" mükafatı
laureatı