adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Fevral 2018 00:15
13085
ƏDƏBİYYAT
A- A+

BİZ ONU HƏR GÜN XATIRLAYIRIQ

Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan xalq şairi, dramaturq, çağdaş ədəbiyyatımızın görkəmli simalarından biri, tanınmış ictimai xadim, Azərbaycan SSR-nin (1976-cı ildə) və SSRİ-nin (1981-ci ildə) Dövlət mükafatı laureatı, Akademik Bəxtiyar Vahabzadənin anım günü yaxınlaşdıqca onunla bağlı xatirələrim bir-bir gözümün önünə gəlir və ona görə də bir yazı yazmaq fikrinə düşdüm. Belə qərara gəldim ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı (27 oktyabr 2015-ci il) ilə əlaqədar Bəxtiyar Vahabzadənin Şəki Şəhərində ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsi vurulması sahəsində görülən işlər haqqında məlumatlar toplayım.
Mən uzun illər onu yaxından tanıyan bir jurnalist kimi deyə bilərəm ki, Bəxtiyar Vahabzadənin bütün dövrlərdə yaradıcılığında əsas xətt vətənpərvərlik olub. Ona görə də Türk Dünyasının bütün vətənpərvərləri onu ürəkdən seviblər və indi də böyük şairi hər gün xatırlayırlar.
2018-ci il yanvar ayının 9-10 tarixində "Ədalət" qəzetinin 3-4-cü nömrəsində çap edilən "Vaqif Aslan-gördüklərim və bildiklərim" sərlövhəli məqalədə Bəxtiyar Vahabzadə ilə olan bir neçə görüşlərimiz haqqında yazmışam. İndi 13 fevral onun anım günüdə ev muzeyi haqqında bir yazı yazmaq fikrim qətiləşəndə bu mövzu ilə əlaqəli Bəxtiyar müəllimlə olan söhbətimizi oxucuların diqqətinə çatdırmaq istədim.
Bəxtiyar Vahabzadənin dünyaya göz açdığı ata evi Şəkinin "Yuxarı baş" qoruq ərazisindədir. Həmin küçə indi Ə.Haqverdiyev adlanır. Yazda-yayda o tərəflər çox səfalı olsa da qış aylarında ora daha çox qar yağır, dağın ətəyi olduğuna görə yağan qar gec əriyir, yollar qarlı, buzlu, sürüşkən olduğuna görə nəqliyyatın hərəkəti, insanların gediş-gəlişi çətinləşir. Yaz-payız yağışlarında dağlardan axıb gələn palçıqlı sular yolları tez-tez dağıdır keçilməz hala salır. Bu çətinliklərdən bezən Bəxtiyar müəllim ötən əsrin yetmişinci illərində şəhərin aşağı hissəsində torpaq sahəsi alıb təzə ev tikdirib və "Yuxarı baş" ərazisindəki ata-baba evini uşaq bağçası üçün istifadəyə verdiyinə görə uzun illər heç o tərəfə getməyib.
1998-ci ilin yay ayı idi, şair Vaqif Aslanla Bəxtiyar Vahabzadənin Şəkinin Dodu ərazisində - Lüfəli Abdullayev küçəsində tikdirdiyi birmərtəbəli evində görüşdük. Həmişəki kimi yenə şairlər ədəbiyyatdan, yeni əsərlərdən danışdılar və həmin əsərləri peşəkar ədəbiyyatşünas kimi müzakirə etdilər. Mən də onların danışıqlarını qeyd edir, özüm üçün məqalə materialı toplayırdım. Hərdən bir mənim üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirmək məqsədi ilə onlara suallar verirdim. Söhbətimizin axırında məni daim narahat edən bir məsələ barədə Bəxtiyar müəllimə müraciət etdim. Dedim ki, Bəxtiyar müəllim şəhərin yuxarı hissəsində yaşayan əhali Mirzə Fətəli Axundzadəyə həmişə rəhmət oxuyurlar. Bəxtiyar müəllim təəccüblə üzümə baxıb dedi:
-Ay Çingiz, bu belə də olmalıdır da, Mirzə Fətəli Axundzadə böyük mütəfəkkirdir! Biz hamımız onu oxumalı-öyrənməli və həyatımızda qazandığımız biliklərə, mənəvi dəyərlərə görə ona rəhmət oxumalıyıq.
Dedim ki, - Bəxtiyar müəllim, mənim yaşadığım ata-baba evimiz Mirzə Fətəli Axundzadənin uzun illər muzey kimi qorunub saxlanan evindən bir küçə yuxarıdadır, həmin ərazidə yaşayanlar elə bilirsiniz Mirzə Fətəlinin əsərlərini oxuyub oradan nə isə öyrəndikləri üçün ona rəhmət oxuyurlar?
Bəxtiyar müəllim çox böyük maraqla soruşdu:
-Bəs nəyə görə ona rəhmət oxuyurlar?
Dedim;
- Bəxtiyar müəllim, Mirzə Fətəlini qiymətləndirən ziyalılar, Dövlət xadimləri, xarici qonaqlar Şəkiyə gələndə onun xatirəsini yad etmək üçün ev muzeyini ziyarət edirlər. O səbəbdən də muzeyə gedən yollar, yol kənarında görünən sökülən, dağılan evlər, divarlar Dövlət vəsaiti hesabına vaxtı-vaxtında təmir edilir. Həmin ərazi abadlaşır, orada yaşayanlar da daimi diqqətə, rahatlığa görə Mirzə Fətəliyə rəhmət oxuyurlar. Bizim evimizdən bir küçə yuxarıda da sizin ata-baba evinizdir. Yolları bərbad vəziyyətdədir, məhəllə adamları da daim əziyyət çəkir. Yaxşı olar ki, ata-baba evinizi təmir edib gələcəkdə ev muzeyi kimi saxlanılmasına indidən diqqət göstərəsiniz, sizin təşəbbüsünüz olmasa bu məsələ sonralar hamı üçün problem olacaq.
Bəxtiyar müəllim, dərin fikrə getdi və bir qədər tərəddüdlə dedi ki, burada evim var da, o evi uşaq bağçasına vermişəm. Təzədən gedim oraları qaydaya salım, təmir eləyim, bu çətin olar.
Mən, fikrimi ona tam çatdırmaq məqsədi ilə dedim:
Bəxtiyar müəllim, Şəkinin Dodu ərazisi Kiş çayının Gün doğanındadır və tarixdən bilirsiniz ki, indi yaşadığınız bu sahələri dəfələrlə dəhşətli sellər basıb. Buranın gələcəyi sual altındadır, heç kim bilmir növbəti sel nə vaxt gələcək, amma nə vaxtsa gələcək.
-Bəxtiyar müəllim yenə fikrə getdi, bir neçə dəqiqə sonra inamsız halda dedi:
-İnanmıram bundan sonra o təhlükədə sellər ola. Birdə ki, mən 1993-cü ildə Prezident Heydər Əliyevə Şəkinin Kiş çayının sel təhlükəsi haqqında məlumat verdim. O da sərəncam verib çayın kənarına bənd tikintisi üçün 17 milyard vəsait göndərdi. Dövlət bu qədər xərc çəkib çayın kənarına mühafizə bəndləri tikdirib! Budan sonra yenə ciddi təhlükə var?
Mən hər dəfə Bəxtiyar müəllimin Dodudakı evinə gələndə onun yol divarının Gün batan tərəfində Volqa maşını böyüklüyündəki daş diqqətimi cəlb edirdi, həmin daşı nəzərdə tutub dedim:
- Bəxtiyar müəllim, sizin həyət divarının lap yanında, çay tərəfdəki iri daşı yəqin görmüsünüz, o daşı ora kim gətirib qoyub? Sel gətirib, elə deyilmi? Deməli, o dağlar öz yerində, Kiş çayı öz yerində. Hələ biz bilən tarixlərdə insanlar 4-5 dəfə üst-üstə sel basan ərazilərdə yenə məskən salıb - evlər tikiblər. Amma başlarının üstündəki təhlükəni görməyiblər. O daşı ora gətirən onun yanına birini də gətirər. Elə bir daş hansısa evə dəysə həmin evdən nə qalar? Bir də ki, siz doğru deyirsiniz 1960-70-ci illərdə Kiş çayı kənarında bəndlər tikilib, amma indi o bəndlərin dalı dolub, 50-60 santimetr hündürlüyü qalıb, o da sel təhlükəsinin qarşısını ala bilməz. 1993-94-cü ildə tikilən bəndlər də zaman keçdikcə çay dolacaq, mühafizə gücünü itirəcək. Hər 30-40 ildən yenə sel təhlükəsi təkrarlanır.
Bəxtiyar müəllim bu dəfə sual dolu nəzərlərini Vaqif Aslana zillədi və asta səslə dedi:
-Vaqif, Çingiz nə deyir? Yenə elə dəhşətli, təhlükəli sel ola bilər?
Vaqif Aslan təmkinlə danışmağa başladı. Hiss olunurdu ki, o, Bəxtiyar müəllimi təşvişə salmamaq üçün son dərəcə ehtiyatla danışır, fikirlərini ehmallıca çatdırmaq istəyirdi.
-Bəxtiyar müəllim, Çingizin sözündə həqiqət var! Təbiətin öz qanunları var, ataların sözü var - bir dəfə su gələn arxa bir də gələr. Kiş çayının mənbəyində Damarçın dərəsinə, Qaynar dərəyə, Çınqıllı qayaya güclü yağış yağanda dəhşətli sellər hər dəfə fəlakət törədir. Hər halda ata-baba yurdu vətənin əzəlidir, başlanğıcıdır. Siz bir şeirinizdə yazmısınız ki:

Dünyaya gəlmişəm yuxarı başda,
Odu ürəkdədir, buxarı başda.
Nə vaxtsa sizin sorağınızla Şəkiyə gələnlər sizin evinizi yuxarı başda axtaracaq. Başqa bir şerinizdə uşaqlıq xatirələri ilə dolu həzin duyğular var.

A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.
Uşaqlıq günlərim düşür yadıma,
Məktəbə aparıb məni bu yollar.
O gözəl günlərdə hər kiçik anın
Sevinclərlə dolu bir aləmi var!
İndi nə dərdim var, nə də bir qəmim,
Açılıb ömrümün qızıl baharı.
Məni səadətə siz apardınız,
A məktəb yolları, məktəb yolları!

Bu sizin şeirinizdir! Yəqin ki, o yolların bərbad vəziyyətdə olmasına tab gətirməzsiniz.
Bir də ki, sizin atanızın, ananızın, nənə-babanızın, ulularınızın ruhları əziz günlərdə həmin evə gəlib oranı kimsəsiz, başqa cür görsələr, o ruhlar sizdən küsərlər. Ona görə də həmin evi qaytarın öz adınıza, Allah ömrünüzü uzun etsin, nə vaxtsa o ev yenə sizin əşyalarınızla doldurulub, qapılarını qonaqların üzünə açsın. Bu çox yaxşı təklifdir. O ev təhlükəsiz yerdədir.
Bizim söhbətimizdən bir neçə gün sonra Bəxtiyar müəllim yuxarı məhəllədəki ata-baba evinə gedib oraları gəzdikdən sonra şəhər rəhbərliyi ilə görüşüb ata evinin uşaq bağçası üçün hazırlanarkən üstünə vurulan şifer örtüyü dəyişdirib əvvəlki kimi kirametlə əvəzlənməsini, bəzi təmir-bərpa işlərinin aparılmasını və bu işlər görülərkən binanın əvvəlki formasının saxlanılmasını xahiş etmişdi. Onun dedikləri az vaxtda yerinə yetirilmişdi.
Bəxtiyar müəllim sonra Kiş çayının yuxarılarını, Narın qala və Gələrsən-görərsən qalası ərazilərini gəzib, bənd tikintisi və başqa tədbirlərin sel təhlükəsinin birdəfəlik aradan qaldırılmasına tam təminat vermədiyini, bütün bunların müvəqqəti olduğunu öz fikrində dəqiqləşdirdikdən sonra ata evinin gələcəkdə ev muzeyi olmasını qətiləşdirmişdi və bizim həmin söhbətimizdən sonra hər dəfə Şəkiyə gələndə ora baş çəkirdi. İndi həmin ev əvvəlki kimi, yəni Bəxtiyar Vahabzadənin uşaqlıq və gənclik illərində yaşadığı formada - olduğu kimi təmir-bərpa edilib qapılarını Bəxtiyar sevərlərin üzünə açıb. Bəxtiyar Vahabzadəni sevənlər, onun yaradıcılığını dəyərləndirənlər bu ev muzeyinin yaradılmasına sərəncam verən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə, çox böyük peşəkarlıq və ürək yanğısı ilə ev muzeyində çalışan "Əfqan" Holdinq M M C-nin inşaatçılarına, bu işdə zəhməti, qayğısı və diqqəti olan hər kəsə dərin təşəkkür və minnətdarlıq edirlər. Allah sizdən razı olsun əzizlərimiz!
Onu da qeyd edim ki, Bəxtiyar Vahabzadə dünyasını dəyişəndən sonra Prezidentimiz cənab İlham Əliyevin sərəncamı əsasında Şəki şəhərinin mərkəzindəki parkda Bəxtiyar Vahabzadənin büstü qoyulub, həmin park abadlaşdırılıb, Kiş çayının yaxınlığındakı evi tərəfdə 6 kilometr uzunluğu olan küçəyə və Şəkidəki 1 №-li tam orta məktəbə Bəxtiyar Vahabzadənin adı verilib.
Bəxtiyar Vahabzadənin məktəb yolları da indi təmir edilir. Şəkinin ümumi layihəsinə əsasən həmin ərazidə də ilk dəfə kanalizasiya və içməli su xətləri çəkilir. Budan sonra yenidən yollara daş döşənir. Bu yolların qonaqları hələ uzun illər olacaq, ona görə də həm qonaqların, həm də əhalinin rahat gediş-gəlişini təmin etmək üçün Ə. Haqverdiyev küçəsinin asfaltlanması yaxşı olar. Əlaqədar təşkilatlar bu təşəbbüsə qoşulsalar - yollar asfaltlanması hamı üçün rahatlığın daimi təminatıdır. Bu yolların yolçuları da M.F.Axundzadə kimi böyük şair Bəxtiyar Vahabzadəyə daha çox rəhmət oxuyarlar. İndi iyirmi birinci əsrdir, hamı nəqliyyatdan istifadə edir, Şəkiyə gələn turistlərin sayı ildən-ilə artır. Yolların müasir tələblərə cavab verməsi həm iqtisadi, həm siyasi məsələdir. Həmişə deyilir ki, abad yol ən böyük mədəniyyətdir. Ölkə başçısı cənab İlham Əliyev hər il yolların abadlaşdırılması üçün milyonlarla vəsait ayırır, yerlərdə lazımi təşəbbüsü göstərmək isə bizim üzərimizə düşür. Biz bu təşəbbüslə rəhbər orqanlara, vəzifəli şəxslərə xüsusilə Bəxtiyar Vahabzadənin pərəstişkarı olan Baş Hazirin birinci müavini cənab Abid Şərifova müraciət edirik. Həmin küçə Şəki şəhərinin qoruq ərazisi olsa da Mirzə Fətəli Axundzadənin ev muzeyinin qapısına qədər, Şəki Xan sarayının həyətinə qədər yollar asfaltlanıb. "Yuxarı baş" qoruq ərazisinin böyük bir hissəsində yollara asfalt örtük çəkilib rahat gediş-gəliş şəraiti yaradılıbsa bu rahat hərəkət imkanları nə üçün Bəxtiyar Vahabzadə sevərlər üçün yaradılmasın? Onu da xatırladım ki, yol tikintisində hər kvadrat metr asfaltla daş döşənən yonun maya dəyəri təxminən eynidir. Həmin küçəyə daş döşənməsinə 6-8 ay vaxt lazım olduğu halda asfalt yol tikintisini 3-5 günə başa çatdırmaq mümkündür. Yəqin ki, həm Bəxtiyar Vahabzadəyə, həm də ata-baba yurdu Şəkiyə sonsuz sevgisi olan, həmişə ağsaqqal kimi hörmət etdiyimiz cənab Abid Şərifov bu məsələ ilə əlaqəli öz sözünü deyər, münasibətini bildirər.
ÇİNGİZ NAĞIYEV
"Qızıl qələm" Mükafatı
laureatı