adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Fevral 2018 00:12
12603
GÜNDƏM
A- A+

BÜLLUR SƏS XƏZİNƏSİNİN SAHİBİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Xan əmi haqqında xatirə yazmaq həmişə məni düşündürüb, lakin həm də fikirləşmişəm ki, sənət dünyasını, şəxsiyyətini, insani keyfiyyətlərini, bütövlüyünü, mənəvi dünyasını ona layiq əks etdirə biləcəyəmmi? İndinin özündə də xanəndənin "Segah"ının "zili" və "mübərriğə"si qulaqlarımda səslənərək şəffaf dağ şəlaləsi kimi zirvədən axıb tökülür, qarşısına çıxan bütün maneələri aşaraq Xəzərə qovuşur.
Görkəmli musiqi tədqiqatçısı Firudin Şuşinski uzun illər apardığı tədqiqatlar və müşahidələr əsasında Xan Şuşinskinin sənət fərdiliyini və fenomen istedadının geniş təhlilini vermiş, sanki yeni bir söz demək imkanımızı əlimizdən almışdır. Firudin Şuşinskinin həm də bu dahi sənətkarla uzun illər sıx dostluq əlaqələri var idı. Bu möhkəm dostluğun nəticəsi idi ki, Xan əmi ona "Firi bala" deyə müraciət edərdi.
Xan əmi həm də ailəmizin çox sevilən, əziz və böyük dostu idi. Hələ 1936-cı ildə Xan Şuşinski Şuşadakı evimizin yuxarı mərtəbəsindəki böyük zalında atamın toy məclisində iştirak etmişdi. O vaxtlar onun 35 yaşı varmış. Təsəvvür edirəm ki, bu yaşda Xanı dinləmək necə böyük xoşbəxtlik idi. Bu, o vaxtlar idi ki, repressiya tufanları artıq qapıları döyürdü. Atamın dayısı Şükür bəy Köçərlinin bəlkə də ürəyinə dammışdı ki, son dəfə olaraq ailəmizin sevimlisi Xan əmini dinləyir. Anamın xatirəsində məclisdə oxunan bu sözlər də ömürlük hafizəsinə həkk olunmuşdu.

Gözəlim, gəl yaxınlaş da mənə,
Çün sabahın göz yaşı var.
Gün gələr, saç ağarar, bel bükülər,
Qalarsan gəncliyə həsrət,
O da keçmişdə qalar.

Repressiya hadisələri, müharibənin ağrı-acıları da Xan əmiyə olan sevgini azaltmadı, əksinə, daha da ülviləşdirdi. Xan əminin əmim Hidayətlə çox isti və səmimi münasibətləri var idi. Şuşada yay mövsümü başlayanda şəhərə səs yayılardı ki, Xan gəlib. Hamı onu kənardan da olsa, görməyə tələsərdi. Şəhərə çıxan hər bir kəs "Meydan bulağı"ndan "Bazarbaşına" nəzər salanda qəddi-qamətli, uca boylu, şux yerişli, yaraşıqlı, bir əlində təzə həsir zənbil, ağzında demisi olan Xan əmini uzaqdan tanıyardılar. Xan əmi nə qədər Şuşada qalardı, əmim özü onun ardınca gedər və evə dəvət edərdi. Həyat yoldaşı Sayat xala çox əla aş dəmləyərdi. Xan əmi çox mahir nərd ustası idi. Zəri stəkanda silkələyərək atardı və rəqibini də buna məcbur edərdi. Bu xüsusiyyət onun necə bir halal insan olmasının daha bir ifadəsi idi. Biclik işlədərək zəri cütləməyi xoşlamazdı. Əmim onunla nərd oynamaqdan böyük zövq alardı.
Xan əmi olduqca həssas və qəlbi kövrək bir insan idi. Xanəndələrimizdən biri radioda "Qarabağ şikəstəsi"ni lentə yazdırarkən Səməd Vurğunun "Azərbaycan" şeirində çox ciddi təhrifə yol vermişdi. "Havalansın Xanın səsi" əvəzinə, "havalansın elin səsi" ifadəsini işlətmişdi. Bu, Xan əminin ürəyinə toxunmuşdu. Filarmoniyanın bağında həmkarları ilə əyləşərkən "o nədir ə elə, oxuyur "havalansın elin səsi". Bəyəm Səməd elə sözmü yazıb?!".
Xan əminin bu sözü yuxarılara çatmış və elə həmin gün də o yazını fonotekanın fondundan ləğv etmişdilər.
Məlumdur ki, Xan əminin Səməd Vurğunla çox səmimi və sıx dostluq əlaqələri var idi. Səməd Vurğun Xan əminin "Segah"ını, xüsusilə "Yetim Segah"ını, "Qarabağ şikəstəsi"ni, "Mirzə Hüseyn Segahı"nı çox sevərmiş. Səməd Vurğundan söz düşəndə qaşları çatılar, xəyala dalar, deyərmiş ki, o qədər ölməli pis adamlar var ki, Səməd niyə belə tez dünyadan köçdü?
Xan əmi çox yüksək mənəviyyat sahibi idi. Məclislərin birində ona içki təklif edilmiş, o isə qəti imtina edərək "Canım, bu səs mənə xalqın əmanətidir. Əmanətə xəyanət olmaz" demişdi.
Yay aylarının birində anam məni bazara göyərti almağa göndərmişdi. Xan əmi kənddən gətirilmiş çox gözəl, sarı, uzunboğaz "düşest" armudu satan kəndli ilə söhbətləşərək, qiyməti bir qədər aşağı salmağı təklif edirdi, lakin kəndli heç cür razılaşmırdı. Xan əmi məcbur olaraq "Mən Xan əmiyəm də, məni tanımadın?" Əfsuslar olsun ki, həmin kəndli Xan əmini tanımadı, hətta məndə o kəndliyə qarşı ikrah hissi oyandı.
Qarabağ hadisələri başlayarkən məlum oldu ki, Şuşanın azərbaycanlılar yaşayan əksər kəndlərində nə radio qovşağı, nə də elektrik xətti yox imiş. Kənd sakinləri iki yüz il bundan əvvəl olduğu kimi neft lampalarından istifadə edirmişlər. Mən həmin kəndlinin Xan əmini o vaxt niyə tanımadığını indi başa düşmüşdüm. Şuşanın özündə belə, gecələr şəhər yarıqaranlığa bürünərkən eyvanımızdan ermənilər yaşayan Şuşakəndin, Keşişkəndin, Qırmızıbazarın bərq vuran işıqları aydın görünürdü.
Dahi Üzeyir bəy öz çıxışlarında dəfələrlə Xanın səsinə və sənətkarlığına çox yüksək qiymət vermişdir. Üzeyir bəydən söhbət düşəndə deyərmiş ki, "Üzeyir bəy ayrı adam idi. Belə insan dünyaya beş yüz ildən bir gələr. Onunla heç kəsi bir tərəziyə qoymaq olmaz". Cabbar Qaryağdıoğlu isə gənc Xanı dinlədikdən sonra onu "gələcəyin ən gözəl oxuyanı" adlandırmışdı.
Xanda olan geniş diapazon, tessituralı gur səs və güclü nəfəs Yaradanın ona bəxş etdiyi zəngin xəzinə idi. Qocaman sənətkarlar söyləyirmişlər ki, belə bir səs yalnız Hacı Hüsüdə olub.
Əmim Bakıya köçəndən sonra müharibədə aldığı zədədən ağır xəstə yatarkən Xan əmidən söhbət düşdü və mən soruşdum ki, Xan əmi indinin özündə də belə yaraşıqlıdır, bəs gəncliyində necə idi? Əmim xeyli xəyala dalaraq cavab verdi ki, Xan gəncliyində ən gözəl qızdan da gözəl oğlan idi. Əmim rəhmətə gedəndə Xan əmi Firudin Şuşinski ilə dəfn mərasimində və yas məclisində iştirak etdi.
Həyat yoldaşımın kiçik bacısı Gülnarə Xan əminin qızı Bəyimxanımla 190 nömrəli məktəbin ikinci sinfində oxuyarkən gəlib evdə danışırmış ki, Xan əminin qızı bizimlə oxuyur. Evdəkilər uşağın bu sözünə elə də əhəmiyyət verməyərək bir müddətdən sonra başa düşürlər ki, Xan Şuşinskinin qızı onunla bir sinifdə oxuyur.
Onun sənəti bugünkü xanəndələrimizə də örnək, nümunə ola bilər. Ağayana qaməti, oturuşu, səlis və aydın diksiyası vardı, muğamların zil məqamlarında belə, sifətinin cizgilərinin gərginliyi hiss olunmazdı, səsindən müxtəlif üsullarla istifadə etməsi, ağzını çox geniş açmaması onun yaddaqalan sənət fərdiliyi və mədəniyyəti idi. Onun səs diapazonu üç oktavadan da kənara çıxırdı. Vokal sənətində lirik tenor üçün bu, çox nadir hadisə idi. O, özünəməxsus dağ şəlaləsi kimi büllur və şəffaf səsi ilə ustadları hesab etdiyi Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin və İslam Abdullayevin sənət yolunu davam etdirmiş və Qarabağ muğam məktəbini daha yüksək zirvələrə qaldırmışdır.
İstedadına görə xalqımız tərəfindən hələ gəncliyindən ona verilən məşhur təbrizli xanəndə Əbülhəsən xan İqbalın Xan adını daşımaqla həm də əsil-nəcabətinə görə Qarabağ xanlığının əsasını qoyan bacarıqlı sərkərdə və dövlət xadimi Pənahəli xan Cavanşir nəslinin davamçısı kimi əyilməzlik və mərdanəlik xüsusiyyətlərini iç dünyasında yaşadırdı. Şuşada 1979-cu ilin yay mövsümü başlamışdı. Xan əmi gəlməmişdi. Mart ayının soyuq bir yaz gecəsində Bakıda dünyasını dəyişmişdi. "Topxana" meşəsinin qaşları çatılmış, "Üçmıx" zirvəsi xəyala dalmışdı, "Daşaltı" çayının zümzüməsi yanıqlı bir bayatı çağırırdı.

Üzüyün qaşsız qaldı,
Çəmənin quşsuz qaldı.
Ay aman, Xan əmi getdi,
Şuşamız başsız qaldı.

Axşam düşürdü. "Bazarbaşı"ndakı gücləndirici radionun səsi ürəkləri titrədərək dalğa-dalğa ətrafa yayılırdı. Xan əmi "Qarabağ şikəstəsi" oxuyurdu.

Axşam üstü qoy uzaqdan,
Havalansız Xanın səsi,
Qarabağın şikəstəsi.

Sən dünyaya İsfəndiyar kimi gəldin. Lakin təkrarolunmaz sənətinlə muğamlarımızın, xalq mahnılarımızın xanı, sultanı, şahı zirvəsinə yüksəldin. Yüz illər sonra da dahi Səməd Vurğunun "Azərbaycan" şeirini oxuyanlar Xan adlı məşhur bir Azərbaycan xanəndəsinin varlığını bir daha xatırlayacaqlar. Gün gələcək, doğma Şuşanda sənin özünə layiq əzəmətli heykəlin ucalacaq.

Hacı Tahir ƏZİMİ
Musiqişünas