Faiq QİSMƏTOĞLU: İŞIQ SELİ

FAİQ QİSMƏTOĞLU
54830 | 2018-02-09 13:15
… Dünyada elə insanlar, elə adamlar var ki, onlarla görüşəndə, söhbət eləyəndə sanki bir işıq selinə düşürsən. Və bu işıq seli səni öz ağuşuna alıb nurlu bir aləmə aparır. O nurlu aləm ki, sən orda ancaq yadda qalan, insanı yaşadan və həyatı sevdirən anlarla üzləşirsən. Belə adamlarla saatlarla, günlərlə söhbət eləsən, dərdləşsən heç vaxt bezməzsən, darıxmazsan. Çünki onların işıqlı dünyası səni heç vaxt darıxmağa və yorulmağa qoymur…

… Onda 1992-ci ilin avqust ayıydı. «Abşeron» sanatoriyasına müalicə olunmağa getmişdim. Və mənim qohumum rəhmətlik Hasil İbrahimov da orda baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışırdı. Nə illah eləyirdim nə ona, nə də şöbə müdiri, gözəl həkim və insan Zülfüqar Kazımova bir qonaqlıq verə bilmirdim. Günlərin bir günü Hasil həkim dedi ki, səni gənc bir həkimlə tanış edəcəm. Görəcəksən ki, necə də gözəl insanlar var. Bir də gördüm ki, onun kabinetinə çox nurlu, orta yaşlı, ağ xalatlı insan daxil oldu. Onu görən kimi Hasil həkimin çöhrəsinə bir sevinc qondu və dilləndi:

- Dediyim həkim bax, budur. Şahin Quliyevdir! Bizdə şöbə müdiri işləyir.

Şahin həkim çox yüksək mədəniyyət və sevgiylə mənə əl uzatdı. Və gördüm ki, mənə əl uzadan bu həkim doğurdan da səmimi və ziyalı insandır. Və elə o vaxtdan da Şahin Quliyevlə mənim dostluğum bu günə kimi davam eləyir. Bir vaxtlar mənim dostlarım olmuş və haqq dünyasına qovuşmuş Hasil İbrahimovun və Zülfüqar Kazımovun ətrini, qoxusunu elə Şahin həkimdən alıram. Çox vaxt da söhbətimiz bu rəhmətliklər haqqında olur. Söhbətdən Şahin həkim kövrəlir və deyir ki, onların yeri həmişə görünür…

Yazıçı-publisist Seyran Səxavətin çox gözəl bir deyimi var: «İnsanın təkcə dərddən ürəyi partlamır, həm də sevincdən ürəyi partlaya bilər. Ona görə də biz sevincimizi dərdimiz kimi kiminləsə bölüşməyi bacarmalıyıq». Ancaq Şahin həkim heç vaxt dərdini kiminləsə bölüşən deyil. Sevincini, xoşbəxt anlarını dostlarıyla paylaşmağı bacaran ziyalıdır.

Ümumiyyətlə, mənim dostlarımın çoxu həkimlərdir. Əvvəlcə onların yanına pasiyent kimi getmişəm, sonra isə bu, dostluğa çevrilib. Həkim dostlarımın arasında dünyasını dəyişənlər də var: Hasil İbrahimov, Əhliman Əliyev. Onlar dünyanın çox təmiz və halal insanlarıydı. Bu gün isə tam məsuliyyətlə deyə bilərəm ki, mənim Firdovsi İbrahimov kimi, Rafiq Yusifli kimi, Müşfiq Həsənov kimi, İdrak Həsənov kimi, Köçəri Əliyev kimi çox savadlı, millətini və xalqını sevən ziyalı həkim dostlarımız var. Onlarla hər dəfə görüşəndə inanın, xəstəliyim, dərdim yadımdan çıxır. Çünki bu ziyalılar dünya ədəbiyyatını, klassik Azərbaycan yazıçılarını və şairlərini o qədər gözəl bilirlər ki, saatlarla onların söhbətindən doymaq olmur. Bizi də bir-birimizə yaxınlaşdıran məhz bu nur, bu işıq və bu həyat sevgisidir. Şahin Quliyev də mənim belə ziyalı həkim dostlarımdandır.

Ən azından ildə bir dəfə müalicəyə gedərkən onunla görüşür və dərdləşirik. Dəqiqələr, saatlar elə tez ötür ki, 15 günün necə gəlib keçdiyini duya bilmirəm. Həmişə də məndən dost kimi bir xahiş eləyir. Deyir ki, müalicəyə getməmişdən öncə mənimlə görüş, sonra müalicə qəbul elə. Bunun özü də çox böyük dost sevgisidi desək, yanılmarıq.

Bu günlərdə, daha doğrusu, fevralın 2-də hörmətli prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Şahin Quliyev uzun müddət səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə, «Əməkdar həkim» fəxri adına layiq görülüb. Gözəl ziyalı və mənən zəngin olan Şahin həkimin bu fəxri ada layiq görülməsi bir dost olaraq məni çox sevindirdi. Çünki həmişə mən onun dərin məntiqi təfəkkürünün, vətənpərvərliyinin və bir həkim olaraq vicdanlı, ziyalı olduğunun şahidi olmuşam. Bu insan nə qədər ucalığa qalxsa da, öz sadəliyini və səmimiliyini qorumağı bacarıb.

«Abşeron» sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov da elə mənim uzun illər dostluq elədiyim ziyalılardandı. Yəni Fəxrəddin Kazımovla ürək söhbəti eləmək, onunla bir stəkan çay içmək adamı çox gözəl bir aləmə aparır. Düşünürsən ki, nə yaxşı belə ziyalılar var və nə yaxşı onlarla dostluq eləyirsən. Fəxrəddin həkim Şahin Quliyevin cənab prezident tərəfindən belə fəxri ada layiq görülməsini çox yüksək qiymətləndirir. Deyir ki, bu təkcə cənab prezidentin Şahin Quliyevə verdiyi qiymət deyil, həm də bizim kollektivimizə göstərilən çox böyük qayğıdır. Biz həmişə Şahin Quliyev kimi həkimlərimizlə qürur duymuşuq. Bir dəfə sizin qəzetdə bizim gözəl həkim, Allah dərgahına qovuşmuş Zülfüqar Kazımov barəsində yazınızı oxudum. Və həmin qəzeti özümün arxivimdə saxlayıram. Sizin kimi insanların dostlara sədaqətli olduğunu görəndə bir daha düşünürəm ki, həqiqətən də jurnalist qələminə və jurnalist vicdanına söykənən insanlar nə yaxşı ki, bu gün var. Bir daha mən Şahin həkimi bu fəxri ad münasibətiylə təbrik eləyirəm.

Şahin Quliyev 13 dekabr 1960-cı ildə anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun (Universitetin) müalicə-proflaktika fakültəsini bitirib. 1986-cı ildə «Abşeron» sanatoriyasında həkim kimi fəaliyyətə başlayıb. 1988-89-cu illərdə isə Sankt-Peterburqda Həkimlərin Təkmilləşdirmə İnstitutunda 6 aylıq kurs keçib. Müxtəlif beynəlxalq konfranslarda iştirak edib. O, öz istedadı və zəhmətiylə həmişə seçilib. Və onu da xatırladaq ki, Şahin həkim bu mərtəbəyə, bu yüksəlişə öz zəhməti və halal əməyiylə çatıb. Yəni onun arxasında hansısa imkanlı və vəzifəli adam olmayıb. İnsan da hər hansı zirvəyə öz gücü hesabına çatanda o daha gözəl olur. Çünki bu zirvəyə gedən yol yuxusuz gecələrdən, zəhmətdən keçir.

Həmişə başqalarından öz dəsti-xətti və yüksək mədəniyyətiylə seçilən bu gözəl insan müxtəlif vaxtlarda Azərbaycan Həmkarlar Konfederasiyasının Fəxri Fərmanlarına layiq görülüb. Ötən il «Dədə Qorqud» Milli Fondu tərəfindən «Qızıl ürək» mükafatıyla təltif edilib. O deyir ki, mən həmişə çalışmışam ki, harda işləməyimdən asılı olmayaraq, həkim peşəsini uca tutum və insanlara bacardığım tibbi xidməti göstərim. Əgər buna layiq olmuşamsa, deməli, insanlığa bir addım da yaxınlaşmışam…

… Ötən ilin payızında Şahin həkimlə bir daha görüşdük. Onda da söhbətimiz çox şirin və səmimi keçdi. Ən çox sevdiyi amerika yazıçısı Cek Londonun «Həyat eşqi» və «Tonqal» hekayələrini yada salırdı. Bu söhbətlərdən bir daha əmin olurdum ki, mənim dostum, gözəl insan və həkim Şahin Quliyev dünya ədəbiyyatını bu gün də izləyir və mütaliyə edir. O, baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışır. Şahin həkim eyni zamanda fəlsəfə doktorudur. İki övlad atasıdır.

… O, həmişə sevincini insanlarla bölməyi bacaran ziyalıdır. O heç vaxt başqaları kimi bir uğuru əldə edəndə özünü qaldırıb dağın başına qoymaz. O heç vaxt kiməsə yuxarıdan aşağı da baxmaz. Sadəcə olaraq, öz ömrünü yaşayır və çalışır ki, insanlara hardasa bir əl tutsun, yaxşılıq eləsin və arxa dursun. O arxa ki, vaxtında heç kəs ona «qorxma!» deməyib. Amma özü çətinə düşənlərə, sıxıntılı anlar yaşayanlara arxa durub. İnsanı yaşadan həm də sevincli anlarında o sevinci, o işığı, o nuru və o gözəlliyi başqalarına ötürməkdir.

Və mənim tanıdığım Şahin Quliyev də ömrünün bu 58 ilində həmişə insanlara qəlbinin nurunu, ürəyinin işığını paylayıb. Və bu işıq da heç vaxt, heç zaman sönən deyil. Ən azından ona görə ki, bu işıq selini, bu nuru ona Allah-Təala bəxş edib…


TƏQVİM / ARXİV