adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Fevral 2018 00:30
40596
LAYİHƏ
A- A+

SƏHNƏMİZİN TƏBƏSSÜMÜ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Xalq artisti Hacıbaba Bağırov özünün səhnə taleyini yaratdığı obrazların simasında o qədər dolğun işləmişdi ki, indinin özündə də onun adı çəkiləndə həmin personajların hər biri xalq artistinin öz simasının arxasından sanki bizə baxır. Və Hacıbaba müəllimi xatırlayanların həmsöhbətinə verilir. Çox qəribədir ki, yaşadığı bütün ömrünün orta məktəb illərindən son anına kimi səhnə ilə həmahəng olan hər anını Hacıbaba Bağırov obrazları cilalamağa, obrazları tamaşaçıya sevdirməyə həsr etmişdi.
Bir anlıq gözünüzün önünə Hacıbaba Bağırovun yaratadığı obrazları gətirin. İstər-istəməz həmin obrazların göz önünə gəlməsi sizin çöhrənizə, dodağınıza təbəssüm gətirəcəkdi. Burda bir məqamı da xatırlatmaq yerinə düşər ki, Hacıbaba Bağırov o xoşbəxt sətənkarlardan idi ki, onun tərəf-müqabilləri də səhnədə onu tamamlayırdılar. Məsələn, xalq artistləri Nəsibə Zeynalova və Siyavuş Aslan səhnədə eyni tamaşada yer alanda o tamaşanın uğuru özü-özlüyündə təmin edilmiş olurdu. Çünki tamaşaçı bu üç böyük sənətkarı bir bütövlük kimi, bir ansambl kimi görürdü. Hətta onlar səhnədə obrazları yaradanda adama elə gəlirdi ki, bütün bu izlənilən məqam hər hansı bir tamaşa deyil. O, sadəcə məhz bu üç aktyorun həyatıdı, yaşamıdı...g
Bu gün səhnəmizdə yeri açıq-aydın şəkildə görünən hər üç xalq artistinin, yəni Hacıbaba Bağırovun, Nəsibə Zeynalovanın və Siyavuş Aslanın birlikdə canlandırdıqları tamaşaların sırasında "Hicran" tamaşası özünün koloriti ilə yanaşı, həm də həyat reallığıyla məni bir tamaşaçı kimi həmin illərə çəkib aparır. Və yeri gəlmişkən onu da xatırladım ki, səhnəmizin böyük fədakarlarından olan hər üç aktyorun iştirakçısı olduqları tamaşadan mahnı mətnlərini, yəni musiqi parçalarını da özlərinin ifa etməsi həmin tamaşaları daha da baxımlı edirdi.
Çünki bəstəkarlar, xüsusilə Emin Sabitoğlu, Vasif Adıgözəlov və digərləri musiqiləri də məhz onların ifalarına uyğun bəstələyirdilər.
Bir az da konkret söyləsəm, mahnı mətnlərindən tutmuş musiqiyə qədər, yəni söz və musiqi Hacıbaba Bağırovun ifasında obrazı bütünlüklə açırdı.
Ona görə də istər "Hicran" tamaşasındakı Mitoş, istər "Nəğməli könül"dəki Fərzəli, istər "Nənəmin şahlıq quşu"ndakı Cəsarət, istər "Toy kimindi"də Uzun, istər "92 dəqiqə gülüş" trilogiyasında Sonqulu və digər tamaşalarında Hacıbaba Bağırov özünün sənətkarlıq keyfiyyəti ilə yanaşı, həm də tərəf-müqabiliylə işləmək, anlaşmaq qabiliyyətini də bir aktyor kimi tamaşaçıya nümayiş etdirə bilmişdi.
Onu da xatırlatmaq yerinə düşər ki, xalq artisti Hacıbaba Bağırov teatr səhnəsiylə yanaşı, özünün kino taleyini də uğurlu, yaddaqalan etməyi bacaran aktyorlardan biri olubdu. Onun çəkildiyi filmlərin demək olar ki, hamısında bir aktyor kimi yeri görünür. Və tamaşaçı filmi izlədikcə sanki Hacıbaba Bağırovun ikinci bir məharətini, kino sahəsindəki bilgilərini üzə çıxarır.
Tarixə müraciət etsək, onda Hacıbaba Bağırovun ömür kitabından oxuya bilərik ki, o ilk dəfə 1964-cü ildə "Ulduz" filminə çəkilib. Komediya janrında olan bu filmdə Hacıbaba Bağırov gənc aktyor kimi Möhsün obrazını o qədər mükəmməl yaradıbdı ki, hərdən adam bu çəkilişin Hacıbaba Bağırovun həyatında ilk olduğuna inanmağı gəlmir. Hətta bu cür düşünməyə əsas verən gerçəkliyin özünü araşdıranda bəlli olur ki, Hacıbaba Bağırov teatrdakı zəhmətsevərliyiylə kinodakı zəhmətsevərliyinə fərq qoymayıb.
Həm də o, oynadığı rolların özlərində də onun böyük və yaxud kiçik, baş rol və yaxud epizodik rol olması bir səhnə adamı kimi onu işdən soyutmayıb. Əksinə, o bütün obrazları məhz Hacıbaba Bağırov kimi ifa edibdi.
Elə uğurlarının da səbəbi bəlkə də əvvəldə qeyd etdiyiimz kimi Hacıbaba Bağırovun obrazlarının onun ustalığı hesabına tamaşaçı önünə diri çıxmasıdı. "Ulduz" filmindən sonra Hacıbaba Bağırov "Mehman" filmində Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxanov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala obrazlarını da tamaşaçıların sevib yaddaşlarına köçürdükləri qəhrəmanlar kimi təqdim edə bilibdi.
Bu gün səhnəmizin, daha doğrusu, teatrımızın tarixini vərəqləyəndə adı və yeri görünən, yaratdığı obrazlar göz önündə canlanan böyük aktyorun, Hacıbaba Bağırovun həyat və fəaliyyəti də gənc aktyorlar nəsli üçün bir örnəkdi. Hacıbaba Bağırov yaşadığı 74 ilin demək olar ki, 60 ilini bəlkə də ondan bir az artığını Azərbaycan teatrına, Azərbaycan kinosuna həsr etdi... bir-birindən maraqlı obrazlar yaratdı... bir-birindən maraqlı personajlara tamaşaçı sevgisi qazandırdı. Onun peşəkarlığı, onun ustalığı sayəsində həmin obrazların, həmin personajların adları, ayrı-ayrı söz və fikirləri dillə əzbəri oldu.
Bax, bu usğalıq da, bu teatr və səhnəylə yaşamaq sevgisi də Hacıbaba Bağırovun həm tarixin, həm də tamaşaçının yaddaşına köçməsinə əsas verdi. İndinin özündə də bu böyük sənətkarın obrazları, xidmətləri həm də bir aktyor kimi özünəməxsus jestləri və təbəssümü onu izləmiş tamaşaçıların xatirəsində, gözləri önündə yaşayır. Çünki Hacıbaba Bağırov mədəniyyət tariximizin bir səhifəsidir - silinməyən, pozulmayan, həmişə oxunan səhifəsi.
Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ