(əvvəli ötən sayımızda)
Qarşımda əməllərindən iz qoymaq üçün alışıb-yanan bir dünyadaşımı necə var elə görə bilirdim. Onun üçün birinci növbədə adı hər çəkiləndə qürurla səslənən insan və onun güzəranı vardı. Sonra da onların bu gününün, dünəninin bərpası. Az müddətdə buraların açıq muzey eksponatlarına dönmüş qədim insan məskənləriylə, ox dəymiş, qılınc çalınmış dağı-daşı ilə də yaxından tanış ola bilmişdi. Sualları arxasında özünün həmin mətləblərə bələdliyi aşkar olurdu. Qarşısındakını bir növ körükləyir, bilgilərini dəqiqləşdirir, görəcəyi işləri bax beləcə yüz ölçüb bir biçirdi (qulağına təzə gələn faktları qeyd etməkdən də çəkinmirdi).
- Sarışınlığından bəlli olur ki, sən də Qazaxın Ayrım zolağındasan. Ayrımların yerləşmə tarixindən az-maz xəbərdaram, onların ziyalısı kimi mülahizəni bilmək istərəm.
- Bu zolaq Daşkəsən, Gədəbəy dağlarını, sonra bizim Qazançını keçib axırıncı Bağanes, Quşçu Ayrımlara qədər uzanır. Mənim dediklərimdə bir az ayrım rəğbəti də ola bilər. Amma onlar barədə Radı Fiş kimi şərqşünaslardan da məlumat alıb dəqiqləşdirmişəm. Bizim ayrımların kökü Roma imperatorluğuna gedib çıxır. Onlar Hun sərkərdəsi Atillanın əsgərləri olmuş, imperiyanın süqutu sonrası İstanbulun Rumeli Hisarı səmtinə yerləşmişlər. Yavuz Sultan Səhim, Şah İsmayıl sünni-şiyə davalarında da ordan məcburən köç etməli, indiki zolaqlarını tutmalı olmuşlar (Yavuz Sultan Səlim şiyə məzhəb ayrımların Şah İsmayıla kömək edə biləcəyindən çəkinib, onların zərərsizləşdirilməsi barədə gizli fərman verməsi sonrası həmin axın başlamışdı. Yeni məskənlərində gətirdikləri pul işə keçmədiyindən kəndlərinin bəzilərinin də adı əski para, yəni, köhnə pul olmuşdu).
Vaxtilə Krımın Göytəpəl (Koktabel) yaradıcılıq evində məşhur erməni yazıçısı Qvant Motevasyana sual vermişdim:
- Özünüzü xalqınızın bütöv ziyalısı hesab edirsinizmi?
- Bizim xalq üç dənizarası iştahası ilə yaşayan maniyalı xalqdı. Onlardan yüksəkdə böyük, bütöv ziyalı olmaq müşküldü.
Ancaq ölkələrin bütöv ziyalıları nümunə göstərmək qüdrətinə malikdi. Sevindirici haldı ki, bizdə belə ziyalılar yetişir. Onlar erməni vəhşilərindən Ararat zirvəsindən də qat-qat yüksəkliklərdə dayanıb arxasınca gələnlərə nümunə göstərə bilir. Öz haqq işlərini (Qarabağ problemini də) barışıq yolu ilə həll etməyə çalışır.
Qarşımdakının həmin yolun yolçularından olduğuna əminliyim artdı. Arzumdan arzular doğuldu. Kaş bizlərdə heç kəsin yeri səhv düşməsin. Xüsusilə də icra başçılarının da, axı onlar da təyinat aldıqları obaların camaatına nümunə göstərməli ağsaqqallardı.
***
Yanına qalxarkən Rəcəb müəllimin qəbulunda hərgünkü kimi xeyli adam görmüşdüm. Onunla söhbət nə qədər xoş olsa da, vaxtını çox almaq (ana məsləkindən, xalqla ünsiyyətindən) ayırmaq istəmədim.
Söyləyə bilmədiklərimi mətbuata saxladım. Axı axırınca sualı cavabsız qala bilərdi.
- Siz Qazaxın sabahını necə görmək istəyirsiniz?
Söyləyəcəklərimin çoxu uzun illik arzularımdan pöhrələnib. Əlbəttə, onların arxasında bu mahaldan çıxmış qələm əhlilərindən birinin diləkləri dayanır. Onların bir hissəsi həmin mahala yeri səhv düşməmiş, adamın fikirləri ilə üst-üstə düşərsə, həyatda yerini alarsa, Qazaxımın sabahında xidmətim olduğuna görə özümü bəxtiyar sayaram.
Ən birinci mən də yeddi kəndimizin əsirlikdən qurtarmasını, yolumu uşaqlığım, ilk gəncliyim keçmiş Əskiparalara salmağı arzulayıram (axı yazıçı ola bilmişəmsə, həyat və qələm təcrübəmi həmin şenliklərdə keçmişəm. Yazılarımdakı insan mənzərələrini həmin kəndlərdə görüb, yazı dilimi dodaqlarından almışam).
Qala kəndi dediyimiz (fərqi yox, Qazınax, ya Xalxal olsun) əsir şəhər buxovlarını qıra bilsin. Rəcəb müəllimin ora yolu düşsün. Vaxtilə iyirmidən çox təbii istisuyla işləyən qüdrət hamamlarına, ömründən neçə kərpic salmış karvan yolu üstəki qatır körpülərinə şəhər mədəniyyətindən xəbər verən tikililərinə ikinci həyat verilsin. Arranın ucqarındakı ən son şəhər səma altında əsrarəngiz muzeyə çevrilsin. Gözətçi gülləsindən şəhərə yeraltı yolu bərpa olunsun. Qazaxın ən görməli yerinə çevrilib Qolucanlını, Koroğlu daşını, keçi damını seyr edən səyyahları həmin yolla ora daşıyıb qarşılarında tariximizin ikinci ömrünə qovuşmuş mənzərəsini açsın.
Xeyli kərpicini salmış Dideban qalasının ətrafındakı adını aldığı şəhərə də gec də olsa arxeoloqların yolu düşsün. Təəssüflər olsun ki, indiyə kimi ətrafındakı şəhəri üzə çıxarmaq istəməyiblər. Dideban qalasını da ətrafındakı "Göyəzən" restoranına gələnlər ötəri şeyi etməklə kifayətlənib, kərpiclərin fəryadını eşitməyiblər:
Qalası sizə çatıb,
Nə qədər ocaq çatıb.
Burda bir şəhər yatıb,
Göy kişnər, bulud ağlar.
(Həmin rübai yerlim, alimim, rübailər müəllifi Teymur Bünyadova həsr olunur. Ümidvaram ki, şəhərin axtarışına bələdçi o olacaq).
Restoranın, Göyəzən ondan xeyli uzaqda olsa da, Göyəzən adı daşıması əslində yanlışın naxışına çevrilib. Çünki düşmən həmlələri zamanı Dideban üzərində tonqal yandırıb Göyəzən qalasına (nəyə görə qala, - söylənəcək) xəbər verilib. Ordan da tonqalla Koroğlu daşına, ən axırda da əsir şəhərin gülləsinə S.Vurğunun göylərə baş çəkən Göyəzən dediyi dünyanın daş möcüzəsi əslində həm də göylərə baş çəkən Göyəzən qalasıdı. Onun zirvəsində, üstəki xırman yeri qədər meydanda müdafiə tikililəri var. Zirvəsinə doğru qaldırımlar, müdafiə bürcləri ilə müşayiət olunmuşdu (yəqin ki, həmin qaldırımla Göyəzənin yalmanına qalxıb dünyaya boylananlardan sağ qalmışı tapılar). Ümidvarıq ki, həmin yol da bərpa oluna bilər.
Avey mağaralarını ən qədim insan məskənlərindən hesab etmək olar. Təəssüf ki, onun da ancaq və ancaq keyf üçün istifadə olunan Damcılısına zövqsüz şəkildə əl çəkilib. Ab (su) evi keyf üçün də olsa ziyarət yerinə çevrilib. Ətrafdakı qədim sakinlərin həyat və av(ov) evləri (mağaraları) baxımsız qalıb.
Ölkəmizin ilk təhsil sənədi Qazax seminariyası yaxşı ki, heç olmazsa yamaq vurula-vurula öz məktəb fəaliyyətini davam elətdirir.
Halbuki, o restovrə olunub rsepublikanın təhsil muzeyinə çevrilə bilər. Hələlik heç olmazsa orda. Firudin bəyin, binanı ona bəxş edənini, ilk müəllimlərin, məşhur məzunların anılarını yaşadan bir guşə fəaliyyət göstərsə yaxşı olar.
Təəssüf ki, S.Vurğun yadigarı köhnə mədəniyyət evi ömrünü Qazaxın bəzi ögey övladlarına bağışlayıb. Heç olmazsa onu əvəz edən mədəniyyət sarayı qarşısında bir xatirə lövhəsi "doğula".
Qazaxda keçən əsrin əllinci illərində Dövlət Dram Teatrının fəaliyyət göstərdiyindən, orda Zəfər Nemətovun, İbrahim İsfahanlının fəaliyyət göstərdiyindən danışıla, səhnəsindən Üzeyir Hacıbəylinin, Nazim Hikmətin, Fadayevin, kimlərin, kimlərin xalqla görüşdüyü bildirilə.
İbrahim İsfahanlının fəaliyyəti dövr məşhur müğənni Rəşid Behbudovun atası Məcid Behbudov da həmin səhnədə müğənni və aktyor kimi fəaliyyət göstərmişdi. Həmin sənət fədaisi də Qazaxda dəfn olunub. Əgər həmin adamın qəbri tapılmasa da, heç olmazsa haqqında məlumat verilsin.
Təəssüf ki, Qazax maarifinin özüldaşlarının da çoxunun adı əbədiləşdirilməyib. Səlim Əfəndinin (Üzeyir bəyin Qori Seminariyasında tələbə yoldaşı olub, müəllimlikdən xaric olunmamasına Hacıbəylinin köməyi dəyib), Əli əfəndinin (Mehdi Hüseynin atası) və onlarla başqasının.
Ən son arzu: səhv düşməyən yerlərimiz çox, çox, çox olsun. Çünki belə zamanlar da müsibət deyil, xalqla ən yaxın ünsiyyət oluruq, əl-ələ verib güc alırıq.