adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GÖYÇAY: YÜKSƏLİŞƏ DOĞRU İNAMLI ADDIMLARLA

10043 | 2018-02-09 00:14
(əvvəli ötən sayımızda)

Yığıncaqda rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində görülən işlər barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, ümumi sahəsi 2 hektar olan 1500 yerlik şəhər stadionunda əhalinin asudə vaxtının səmərəli təşkili, idman-sağlamlıq tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün 2016-cı ildən başlanılmış əsaslı yenidən qurma işləri keçən ildə də davam etdirilmiş, yeni işıqlandırma sistemi, oturacaqlar və idman avadanlıqları quraşdırılmış, basketbol və voleyboll meydançaları, sanitar qovşağı istifadəyə verilmiş, idmançılar üçün soyunub-geyinmə otaqları inşa edilir.
Ümumi ərazisi 6 hektar olan Əli Kərim adına şəhər parkında əsaslı təmir işləri aparılmış, yeni giriş qapıları inşa edilmiş, işıqlandırma sistemi quraşdırılmışdır. Əli Kərimin abidəsi parkın mərkəzinə, daha münasib yerə köçürülmüş, parkda göyçaylı şairlərin dəfn olunduqları ərazi abadlaşdırılmış, Soyqırım abidəsi Şəhidlər Xiyabanına köçürülmüşdür. Hazırda parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirə kompleksinin yaradılması üçün işlər aparılır.
Hesabat dövründə bayraq meydanında aparılan yenidənqurma işləri başa çatdırılmış, Heydər Əliyev parkının ərazisi 1500 kv.m.-ə yaxın artırılmışdır. Hazırda parkın ərazisində bayraq muzeyinin tikintisi sürətlə aparılır.
Məlum olduğu kimi avtovağzal binası qəzalı vəziyyətdə olması ilə əlaqədar 2015-ci ildə sökülmüş, rayon sakinləri və qonaqlar həmin ərazidəki primitiv qaydada düzəldilmiş müvəqqəti avtostansiyadan istifadə edirlər. Sərnişin daşınması üçün heç bir rahatlığın olmaması vətəndaşların haqlı narazılığına səbəb olduğu üçün rayon icra hakimiyyətinin təşəbbüsü ilə ötən il şəhərin Natəvan küçəsində yeni 120 yerlik gözləmə zalı olan avtovağzal binasının tikintisinə başlanılmış və yaxın vaxtlarda obyektin istifadəyə verilməsi nəzərdə saxlanılır.
Göyçay-Bərgüşad avtomobil yolunun Yuxarı Şirvan kanalına qədər olan 2 km-lik hissəsi yenidən qurularaq genişləndirilmiş, dörd zolaqlı olmaqla yeni asfalt örtüyü vurulmuş, həmin ərazidə yol kənarlarında baxımsız vəziyyətdə olan ticarət və xidmət obyektlərinin qarşısında lazımi səliqə və səhman işləri aparılmışdır. Kərpic zavodunun yaxınlığında fərdi layihə əsasında ünvan göstəricisi inşa edilmişdir.
Olimpiya İdman Kompleksinin qarşısında müasir memarlıq uslubunda vaxt göstəricisi inşa edilmiş, ətrafı abadlaşdırılmış, yeni çəmənlik salınmış və gül kolları əkilmiş, gecə işıqlanması təmin edilmişdir. Bu ərazidə həmçinin Göyçay şəhərinə giriş qapıları inşa edilmiş, qapılara şəhərin adı, həmçinin rayonun simvolu olan nar maketi vurulmuşdur. Şəhərin Ə.Səmədli, Həbibi, Ş.Qurbanov, İ.Coşqun, Ə.Cavad küçələrində və 13 çoxmənzilli yaşayış binalarının həyətlərində 44 min kv.m-dən artıq yeni asfalt örtüyü salınmış, şəhərin park və xiyabanlarının, mövcud bağların abadlaşdırılması istiqamətində xeyli işlər görülmüş, şəhərin bir çox küçələrində yeni yaşıllıqlar və çəmənliklər salınmış, 10 mindən artıq qızıl gül kolu əkilmişdir.
Rayon icra hakimiyyətinin inzibati binasında, şəhərin mənzil fonduna daxil olan 11 ədəd 5 və 10 ədəd 2 mərtəbəli binalarında əsaslı təmir işləri aparılmışdır.
Hesabat dövründə şəhər təsərrüfatının idarə edilməsinin təkminləşdirilməsi, şəhərin təmiz və səliqəli saxlanılması, məişət tullantılarının vaxtında daşınması, küçə və məhəllələrdə sanitar-gigiyenik və ekoloji tələblərə əməl edilməsi istiqamətində xeyli işlər görülmüş, əvvəlki illərə nisbətən bu sahəyə cavabdeh olan müəssisə və təşkilat rəhbərlərinin fəaliyyəti müsbətə doğru dəyişmişdir. Şəhərdə ticarət, sanitariya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə qarşı mübarizə xeyli gücləndirilmişdir. Rayon əhalisinə kənd təsərrüfatı məhsulları satışında lazımi qayda yaradılması üçün tədbirlər görülmüş, rayon Gigiyena və epidemiologiya mərkəzinin və Baytarlıq idarəsinin qaldırdıqları iddia əsasında uzun illər keçmiş Avtonəqliyyat müəssisəsinin ərazisində fəaliyyət göstərən ən adi sanitar və baytarlıq qaydalarına cavab verməyən bazarın fəaliyyəti dayandırılmış, əhalinin rahatlığını təmin etmək üçün şəhərin M.Hüseynzadə küçəsində örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarı istifadəyə verilmişdir. "Təzə bazar"ın açılmasını rayon sakinləri böyük razılıq hissi ilə qarşılamışlar. Ümumi sahəsi 5 min kv.m, 300 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satanlar üçün normal şərait yaradılmışdır.
2018-ci ilin yanvar ayının 29-da Bakı şəhərində Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək qeyd etmişdir ki, bu il üçüncü dövlət proqramının icrası başa çatır və bütövlükdə qarşıda duran bütün vəzifələr artıqlaması ilə icra edilir. 2004-cü ilin əvvəllərində qəbul edilmiş birinci proqram Azərbaycan regionlarında dönüş yaratmış və son 14 il ərzində ölkəmiz böyük və şərəfli yol keçmiş, böyük uğurlar əldə edilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə prezidenti son 14 il ərzində regional inkişaf proqramlarının yerinə yetirilməsi barədə ətraflı hesabat vermiş və bildirmişdir ki, bütövlükdə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problem yoxdur. Yekunda ölkə prezidenti bu il görüləcək işlər barədə konkret tapşırıqlarını vermişdir.
M.Səlimzadə məruzə ilə çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi rayonumuzun da inkişafında ciddi dönüş yaratmışdır. Son 14 ildə rayon üzrə ümumi məhsul buraxılışı 6 dəfə, sənaye məhsulunun həcmi 8,3 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 28,3 dəfə artmışdır. Birinci Dövlət Proqramı qəbul edildikdən sonra rayonda 2984 yerlik 14 məktəb binası istifadəyə verilmiş, 5124 şagird yerlik məktəb binası əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, 5 məktəbdə 576 şagird yerlik əlavə sinif otaqları inşa edilmişdir.
9 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçıplaq-Şıxəmir, 7 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Yenikənd avtomobil yolu, Göyçay-Ucar avtomagistralı çəkilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Göyçay çayının məcrasında səviyyə qaldıran qurğu, Yuxarı Şirvan kanalı üzərində 3 mq.v gücündə su elektrik stansiyası inşa edilmişdir. Bir sıra infrastruktur obyektləri istifadəyə verilmiş, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuş, rayon mərkəzi də daxil olmaqla 44 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Emal müəssisələrində əsaslı yenidənqurma işləri aparılmış, ən müasir avadanlıqlarla təmin olunaraq ixrac yönümlü məhsul istehsalına başlanılmışdır.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ

TƏQVİM / ARXİV