ANA SƏHİFƏ / DÜNYA

DAĞISTANDA NƏ BAŞ VERİR?

10447    |   2018-02-08 18:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən ilin oktyabr ayından, yəni milliyyətcə avar olan Ramazan Abdulatipovun Vladimir Vasilyevlə əvəzlənməsindən sonra qonşu Dağıstanda başlayan ciddi siyasi proseslər son günlər daha geniş vüsət alıb. V. Vasilyev elə Dağıstan Respublikasının başçısı təyin edilən kimi köklü kadr dəyişiklikləri edəcəyini, korrupsiyayla ciddi mübarizə aparacağını və rüşvətxorlara qarşı amansız olacağını bildirmişdi. Söhbətin illərdir mühüm postlar tutan, vəzifədə bişib-bərkimiş, zəngin sərvət yiyəsi olmuş kadrlardan getdiyini nəzərə alsaq, bunun asan başa gəlməyəcəyini təxmin etmək o qədər də çətin deyil. Ancaq görünən budur ki, yeni başçı müqavimətləri dəf etməkdə israrlıdır və geri durmaq fikrində deyil. 

Dağıstan təkcə Rusiya federasiyasının vilayətləri arasında yox, ümumiyyətlə, dünyada öz unikal xüsusiyyətləri ilə seçilən bir inzibati qurumdur. Sahəsi 50,2 min kvadratmetr, əhalisi 3 milyondan bir qədər artıq olan respublikada 30-dan çox müxtəlif xalq yaşayır. Yalnız 14 xalqın yazısı var. Ötən əsrin 30-40-cı illərinə kimi millətlərarası ünsiyyət vasitəsi kimi türk dilləri ailəsinə daxil olan kumık dilindən istifadə edilsə də, sonralar bu funksiyanı rus dili oynamağa başladı. Sovet hakimiyyəti illərində bu çoxmillətli diyarın idarəçiliyində millilik prinsipi başlıca rol oynayıb, yəni kadrların müxtəlif vəzifələrə təyinatında onların savadı, professional səviyyəsi yox, daha çox milli mənsubiyyəti əsas götürülüb. Bu prinsip indiyə kimi davam edir, daha doğrusu, V. Vasilyev respublika başçısı təyin edilənə qədər davam edirdi. Ancaq yeni başçı fəaliyyətə başlayan kimi bildirdi ki, "milli kadr" prinsipi artıq tarixə qovuşur, bundan sonra vəzifə təyinatlarında kadrların qabiliyyət və bacarığı əsas meyar olacaq. Elə əhalisinin 96 faizi müsəlman olan bir vilayətdə Vladimir Vasilyev ad-soyadlı bir nəfərin başçı təyin edilməsi əslində, idarəçilik prinsipinin dəyişəcəyinə yönəlik bir mesaj idi. Düzdür, Kreml həmin təyinatı gerçəkləşdirərkən hadisələrin qəfildən arzuolunmaz məcraya yönəlmə ehtimalını da nəzərdən qaçırtmamış, dar ayaqda bu slavyan mənşəli ad-soyadın arxasında damarlarında müsəlman qanı axan birisinin gizləndiyini göstərmək üçün tədbirli seçim etmişdi. Məsələ burasındadır ki, uşaqlıqda ismi-şərifi Alik Abdulaliyeviç Asanbayev olan V. Vasilyevin atası qazax, anası rusdur. Qazaxlar Dağıstanın etnik xəritəsində yer almasalar da, müsəlman amili pis halda odun üstünə su səpməyə yarayar, yaxşı haldasa o, cəmiyyətə qabiliyyətli və professional kadr nümunəsi kimi sırına bilərdi.

Əslində, Sovet hakimiyyətinin ilk dövrlərindən başlayaraq təxminən 40-cı illərə kimi orda yaşamayan millətlərin təmsilçisi olan kadrlar (bir rus, bir yəhudi və bir osetin) Dağıstana rəhbərlik ediblər. Ancaq o vaxt bunu daha çox milli kadrların çatışmazlığı ilə izah ediblər.

İndisə, görünür, problem milli kadrların qıtlığında yox, peşəkarlığındadır. Odur ki, bu gün artıq vilayətə birdən-birə iki nəfər qeyri-Dağıstanlı rəhbərlik edir. Hadisələrin "yaxşı hal" variantıyla getdiyindən məmnun qalan V. Vasilyev (oxu: Kreml) prosesi bir qədər də dərinləşdirməyi qərara alır və dünən Tatarıstanın keçmiş İqtisadiyyat naziri, mordva əsilli, üstəlik, ismi-şərifində heç bir müsəlman nişanəsi olmayan Artyom Alekseyeviç Zdunovun baş nazir təyin olunması ilə bağlı fərman verir. Bütün bunlar isə son günlər respublikada geniş vüsət almış tuthatut və qovhaqov kampaniyasının fonunda baş verir. Mətbuatda yüksək vəzifəli şəxslərin həbsi, işdən qovulması, Rusiyanın digər bölgələrinə, Azərbaycana, Gürcüstana qaçmaları (xoşbəxtlikdən qaçacaq yerləri çoxdur) barədə hər gün təzə-tər məlumatlar yer aldığından bu barədə ətraflı danışmağa ehtiyac yoxdur.

Rusiya rəsmilərinin nə deməyindən asılı olmayaraq, Dağıstanda baş verən olayları iki aspektdən qiymətləndirmək mümkündür. Birinci aspekt həqiqətən qayda-qanun yaratmaqla bağlıdır. Fərz edək ki, respublikada baş alıb gedən korrupsiya, klan-tayfa münasibətləri o qədər dözülməz həddə çatıb ki, Kremlin səbir kasası daşıb və prezident seçkiləri kimi çox ciddi bir siyasi kampaniyanı belə (nəticələri əvvəcədən məlum olsa da) nəzərə almadan ölkənin narahat bir regionunda bu cür sərt tədbirlərə rəvac verib. Bu versiya Rusiya reallıqları çərçivəsində inandırıcı görünmür. Çünki hazırda tək Dağıstan Respublikası yox, Rusiyanın mərkəzindən başlayaraq ən ucqar əyalətlərinə kimi hər tərəfi korrupsiya və rüşvətxorluq bataqlığında boğulur.

Bizim fikrimizcə ikinci və daha inandırıcı versiya prosesin alt yapısında gizlənən və simptomları yavaş-yavaş üzə çıxmağa başlayan daha təhlükəli bir perspektivlə bağlıdır.

Yəqin ki, 90-cı illərin demokratikləşmə burulğanında Yeltsinin Rusiyanın federasiya subyektlərinə ünvanladığı "nə qədər suverenitet istəyirsinizsə, o qədər də götürün" sözlərini çoxları xatırlayır. Həmin vaxt uzun illər çar və sovet imperiyalarının assimliyasiya siyasətindən əziyyət çəkmiş xalqlar yeni hökumətin bu mövqeyindən xeyli faydalandılar, milli-mədəni və sosial-iqtisadi sahədə müəyyən özgürlüklər əldə etdilər. Lakin bu proses çox çəkmədi. Yeltsinin verdiklərini Putin yavaş-yavaş geri almağa başladı. Əvvəcə milli respublikaların əldə etdiyi iqtisadi, sonra siyasi-inzibati müstəqilliklərə son qoyuldu. Təsəvvür edin ki, indi Rusiyanın hər hansı bir milli muxtariyyatı birbaşa Moskvaya yox, hansısa federal dairəyə tabedir. Məsələn, Dağıstan Şimali Qafqaz federal dairəsinə və Şimali Qafqaz iqtisadi rayonuna, Tatarstan Ural federal dairəsinə və Ural iqtisadi rayonuna və s.

Artıq proses son və yekun mərhələyə qədəm qoyur və siyasi, iqtisadi özgürlüklərini itirən milli subyektlərin milli-mədəni hüquqlarına əl qoyulur. Əvvəllər milli qurumların dövlət idarələrində çalışan şəxslərin yerli dili bilməsi zəruri olsa da, bir müddət əvvəl buna son qoyuldu. İndi də milli kadrlar "beynəlmiləlləşdirilir". Həm də Rusiya imperiyasının bütün dövrlərində olduğu kimi bunun ideoloji zəminini elə milli kadrların özləri vasitəsilə yaradır. Dağıstanın bundan əvvəlki başçısı Ramazan Abutalipovun hələ dumanın deputatı olarkən dediyi aşağıdakı sözlərə fikir verin: "İndi Dağıstanda milli mənsubiyyət mühüm əhəmiyyət kəsb etmir. Biz dağıstanlılar artıq milli məsələlərdə razılığa gəlməyi bacarırıq, daha dövlət başçısının birbaşa seçkilər vasitəsilə seçmək mümkün olacaq. Əsas namizədin səriştəli, nüfuzlu şəxs olmasıdır. Milliyyətcə lap yapon olsun, fərq eləməz".

İctimai şüurun belə sıçrayışlı inkişafının mümkün olub-olmamasıyla işimiz yoxdur. Bunu buraxaq sosial psixologiyayla məşğul olan mütəxəssislərin öhdəsinə. Amma bütün bu gedişlərin və rokirovkaların ötəri analizindən çıxan yeganə nəticəni görmək üçün belə qəliz peşə sahibi olmağa ehtiyac yoxdur. Kreml faktiki olaraq tam unitar bir dövlət olan Rusiyanın dövlət quruluşunu ya rəsmən də unitarlaşdırmaq, ya da onu tam ərazi federasiyasına keçirmək xətti tutub və ölkə bu hədəfə doğru iri addımlarla irəliləyir.


Analitik xidmət




İmza:
SON XƏBƏRLƏR
2018-04-22
2018-04-21


VİDEO