ANA SƏHİFƏ / Layihə

Müəllim şagirddən rüşvət ala bilər, amma... – DƏRS OTAĞI

13328    |   2018-02-08 11:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Bakı şəhəri Nizami rayonunundakı orta məktəblərin birində dərs deyən Elnaz Eyvazlıdır.


Qısa tanışlıq

Elnaz Nadir qızı Eyvazlı, ədəbi imzam Elnaz Eyvaz. 1976-cı ildə Bakı şəhərində doğulmuşam. 1993-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib ADPU-nin filologiya fakültəsinə daxil olmuşam. Tələbəlik illərindən mətbuatda fəal çap olunmuşam, Dövlət Radiosunun Ədəbi-dram verilişləri redaksiyasında müəllif verilişləri hazırlamışam. İki şeir kitabının müəllifiyəm, bu il pedaqoji fəaliyyətimin 18 ili tamam olur.


Jurnalist olmaq istəyən müəllim

Ailəmdə müəllim olmayıb. Yaxınlarım - əmim yaxşı riyaziyyatçı olub, dayım tanınmış idman ustası olub zamanında, eyni zamanda hər ikisi adlı-sanlı pedaqoq olublar. Ancaq mənim müəllimlik peşəsinə marağım olmayıb. Məktəb vaxtı müəllimlərimi çox sevmişəm, aşırı hörmət bəsləmişəm onlara. İndi də hansısa müəllimimlə telefonda danışanda özümdən asılı deyil, ayağa qalxıram. Peşə olaraq da hörmətim olub müəllimliyə, ancaq müəllim olmağı istəməmişəm. Jurnalist olmaq istəyirdim, özü də hərbi jurnalist. Cəbhə bölgələrindən reportajlar, maraqlı verilişlər hazırlamaq, hərbi forma geyinmək arzum idi. Orta məktəbin son illəri Qarabağ müharibəsinin ağır vaxtlarına düşmüşdü. Düşünürdüm ki, cəbhədə ola bilmək üçün bu yolu seçim. Sənədlərimi 3-cü qrup üzrə ali məktəbə verdim. Birinci il çox az bal fərqi ilə konkursa düşdüm. İkinci il anam zorla birinci yerə Pedaqoji Universiteti yazdırdı, dalınca da BDU-nun jurnalistikası. Və təbii ki, ilk yazdığım yerə düşdüm. Heç yadımdan çıxmaz, qəbul imtahanından çıxıb evə gedirdik. ADPU-nun yanından keçəndə anam əllərini açdı göyə, dedi, ay Allah, heç nə demirəm, elə bax bura qəbul olsun. Elə də oldu... İstədim birinci kursu bitirib sənədlərimi təzədən verim, dekan müavinimiz vardı – Füzuli müəllim. O mənim yazı-pozumu izləyirdi, birinci kursdan atıq çap olunurdum. Dedi, qızım, məsləhət görmürəm, sən burda həm dil, həm də ədəbiyyat öyrənəcəksən, gələcəkdə öz yazılarını özün redaktə edəcəksən, həm də həyatdır da, bəlkə, gələcəkdə heç jurnalist kimi çalışmağa qoymadılar səni, ancaq hər zaman müəllim işləyə biləcəksən. Eləcə də, təhsilimi davam etdirdim. Sonra, doğrudan da, həyat elə gətirdi ki, müəllim oldum... Ancaq işlədiyim ilk gündən vicdanımla əlbir olmuşam. Necə olub gəlmişəm, hansı yollardan keçmişəm – uşaqlar buna cavabdeh deyil. Onlar məndən öyrənməyə gəlib, vəssalam. 


Oğlum, qızım deməyə utanırdım...

Məni bu illər ərzində məktəbdə saxlayan ən başlıca səbəb şagirdlərimə olan sevgimdir. Onları öz balam bilmişəm həmişə, hətta özüm ana olmamışdan əvvəl istəyirdim şagirdlərimə "oğlum, qızım” deyim, utanırdım. Bizim sevgimiz qarşılıqlıdır. Uşaqlar güzgü kimidir, kim onları səmimi olaraq sevir, kim artistlik edir, gözəl hiss edirlər. Və heç vaxt sevgisini duymadıqları adamı sevməzlər. Məni həyata bağlayan səbəblərdən biri həm də onların mənə olan sevgisidir. Uşaqlar adamı elə gözəl sevirlər ki... Onlara acıqlansam da, o hirsin içində sevgimi görə bilirlər, bilirlər ki, onlara canım yanmasa, niyə hirslənim ki?! Şagirdlərimin valideynlərini tanımıram çox vaxt, yaxınlaşıb özlərini təqdim edirlər, sonra bilirəm. Çünki mənim üçün fərqi yoxdur bu uşağı dünyaya kim gətirib, artıq mənim övladımdır. O qədər məktub yazıblar.... Bəzilərini saxlamışam, hər il bayramlarda yazırlar, ad günümdə yazırlar, arada elə-belə, heç bir səbəbsiz də yazanlar olur.


O qədər ağladım ki...

Bir dəfə bir valideyn gəldi məktəbə, dedi, Elnaz müəllim, oğlum evdə deyir ki, müəllim hirslənib qulağımı çəkdi. Elə istədim ki, yenə hirsləndirim, yenə çəksin. O qədər gülmüşdüm ki. Demək, uşaq onu sevən adamın hirsində də o sevgini görə bilir.

Azərbaycan dili dərsi idi, dərs keçməyə otaq tapmadıq, 11- ci sinfə idi dərsim. Uşaqlar dedi ki, sinif rəhbərimzin otağı boşdur, dərsi yoxdur indi. Uşaqlar gedib sinifdə oturdu, zəng vurulanda mən də qalxdım otağa. Gördüm sinif rəhbəri də sinifdədir. Elə çantamı stolun üstünə qoymuşdum ki, sinif rəhbəri dedi, mənim dərsim boşdur, dincəlmək istəyirəm, gedin özünüzə başqa otaq tapın. Düzü, çox pis oldum, ağlamaq tutdu. Uşaqların yanında ağlamayım deyə, çantamı götürüb çıxdım və qapını örtəndə dedim ki, mən bura bu uşaqlara görə gəlmişəm. Düşdüm aşağı, o qədər ağladım ki... Bir də gördüm uşaqlar da gəlir. Sonra bildim ki, mənim dalımca bir-bir hamısı durub çıxıb sinifdən. Sinif rəhbəri qışqırıb üstlərinə ki, siz hara? Deyiblər, bizə görə sənin ayağına gələn adamın dalınca gedirik... Sonra da mənim ilk kitabım çıxanda sinif olaraq gözəl bir gül buketi bağlatmışdılar, hamısı bir nəfər kimi tədbirdə iştirak etdi. Sinif rəhbərləri deyibmiş ki, bu canfəşanlığınıza görə cavab verəcəksiniz mənə. İndi də yadıma düşəndə təsirlənirəm, eyni zamanda gülürəm. O zaman ağladığım üçün də gülürəm e, mən niyə ağladım ki?!


Bir beşinci sinfim vardı, o qədər demişdim ki, haqqınızı tələb edin, hüquqlarınızı bilin. Kim dərs keçmir, tələb edin. Elə oldu ki, bir gün özüm möhkəm xəstələndim. İşə gedə bilmədim. İki gün idi yatırdım, direktor müavini zəng eləyib gülə-gülə dedi ki, gəl məktəbə, uşaqlar səni tələb edir. Durdum 39 qızdırma ilə əsə-əsə getdim. Gördüm, yığışıblar direktorun otağının qabağına ki, gəlsin, görək, doğrudan, xəstədir. Gördülər, dedilər, hə, indi gedin, sağalanda gələrsiniz. İllər keçdi, həmin uşaqlar 9-cu sinifdə idi. Bir dəfə dərsdə müəllimlərdən biri deyib ki, niyə mənim dərsimdə sakit oturmursunuz, ancaq Elnaz müəllimin dərsində quzuya dönürsünüz, o mənim şagirdim olub. Uşaqlar da deyib ki, bu sizin probleminizdir: niyə sizin şagirdinizin dərsində sakit otururuq, amma sizin dərsinizdə yox. Bax belə uşaqlar vardı...


Özgə planetdən gəlməmisən ki?

Ümumiyətlə götürəndə, indi müəllimin nüfuzu bizim məktəb illərimzidəki kimi deyil. Bu, ümumi baxanda belədir. Amma daxildən yanaşanda, fərdi olaraq, hər bir müəllimin nüfuzu özünün imkanları daxilində, özünün qazandığı qədərdir. Məsələn, baxırsan ki, eyni uşaqlar müəllimin birinə çox hörmət edir, onu sevir, bir başqasını isə yox. Demək, burda səbəbkar müəllim özüdür. Çünki hər bir münasibət qarışılıqlıdır. İlk növbədə müəllim özü şagirdlərinə sevgi və hörmətlə yanaşmalıdır, onların şəxsiyyət olduğunu onlara hiss etdirməlidir ki, sonra o hörməti özünə qarşı görsün. Yoxsa ki, mən müəlliməm – sən şagird, otur yerində, nə desəm o olmalıdır. Belə olmur. Hələ də o stereotip qalıb müəllimlərin çoxunun başında ki, müəllim şagirdin yanında gülməz, ay nə bilim bizim müəllimimiz güləndə biz sevinərdik. Müəllim şagirddən rüşvət ala bilər, ancaq şagirdin yanında gülə bilməz? Əksinə, müəllimin yerli-yerində gülüşü də, sevinci də şagirdi sevindirirsə, niyə də gülməsin? Özgə planetdən gəlməmisən ki? Müəllim şagirdə kim olduğunu özünü dartıb dağ başına qoymaqla deyil, ona elm öyrətməklə və şagirdlərilə dost olmaqla göstərir. Müəllim – şagirdə elmi sevdirən yox, sevməyi öyrədəndir.

Bu, məsələnin bir tərəfidir. Müəllimin nüfuzu məsləsilə bağlı başqa tərəflər də var təbii. Bəlkə də, bu, ayrıca bir söhbətin mövzusudur. Ancaq hər halda, müəllimin aldığı məvaciblə onun nüfuzunu bir tərəziyə qoysaq, səbəblərin üzləri açılar. Müəllim ailəsini dolandırmaq ötrü dərsdən sonra başqa qazanc yeri axtarırsa, cəmiyyətdəki hansı nüfuzundan danışaq? Müəllim cəmiyyətin yükünü çiyinlərinə götürən peşə sahibidir. Başqa ölkələrdə cəmiyyətin ən yaxşı yaşayan təbəqələrindən biridir, ona dəyər verilir. Və hamı da bu dəyəri görür, ona hörmət etmək zorunda qalır. Bir cəmiyyəti məhvə sürükləmək üçün onun müəllimini səfil duruma salmaq lazımdır.


Məktəb – mənim üçün cəbhədir

Xalqına, vətəninə xidmət etməyi qarşına məqsəd qoyub çalışdığın hər bir peşə müqəddəsdir, təbii ki, məqsədin müqəddəsdirsə. Deyirlər e, müəllimlik şərəfli peşədir, peşənin şərəflisi, şərəfsizi olmur. O peşədə çalışanların arasında şərəfli və şərəfsiz adamlar olur. Sən ya aid olduğun peşəyə şərəf gətirirsən, ya da onu gözdən salırsan, üz qarası olursan. Mən özümü müəllim kimi çalışacağım son günə qədər əsgər hesab edirəm. Çünki ən ali məqsədim Vətənimin gələcəyi naminə ləyaqətli vətəndaşlar yetişdiməkdir. Məktəb – mənim üçün cəbhədir. Hər il sentyabrda dərslər başlayanda zarafatla deyirəm ki, atəşkəs pozuldu.

Heç vaxt ayağımı məktəbin qapısından içəri qoyanda düşünməmişəm ki, keçdiyim hansısa dərsə görə, uğurum olan hansısa şagirdə görə kimsə yaxamdan medal asacaq. Əksinə, dediyim dərsə görə mənə tərifnamə filan veriləndə xəcalət çəkirəm. Nə edirəmsə, nə edə bilirəmsə xidmətimi başa vurunca gücüm çatdığı qədər etməyi özümə vətəndaşlıq borcu bilirəm. Kimsə, məsələn, tabeli müərəkkəb cümləni bilməsə, itki deyil, ancaq bircə nəfər də olsa, sevgi dolu, gözəl bir insan yetişdirə bilirəmsə, bu, qazancdır.


Uşaqların gözü mənim ağzımdadır

Aldığımız maaşla normal adam kimi dolanmaq mümkün deyil. Ona görə də dərsdən sonra repetitorluqla məşğul oluram. Təbii ki, çox çətindir. Çünki heç vaxt düşünməmişəm ki, hazırlığa gələn uşaqlar pul verir deyə, əsas gücümü onlara sərf edim, məktəbdəkilərə yox. Əsla. Həmişə demişəm ki, uşaqların gözü mənim ağzımdadır. Gücüm, savadım çatdığı qədər hər ikisini öyrətməliyəm, vicdanla. Mən öyrədənəmsə, fərqi yoxdur, məktəbdə dərs dediklərim, yaxud hazırlığa gələnlər.


Sıravi müəlliməm

Hərdən bu sıxıntılar, problemlər o həddə çatır ki, geri baxmadan getmək istəyirəm. Ancaq sonra nəsə ayağımdan tutub saxlayır. Məni uşaqlarla baş-başa buraxsınlar, başqa heç nə. Onda nə yorularam, nə bezərəm. Sıravi müəlliməm, bu peşənin sayəsində hansısa ad almaq, təltif olunmaq iddiam olmayıb, olmayacaq da. Mən general olmaq istəməyən əsgərəm. Təhsil sahəsində olmazın nöqsanlar, yerli-yersiz guya islahatlar filan, boş-boşuna vaxt və enerji itkisi olan formal yazı-pozular, görüntü xatirinə hazırlanan tədbirlər, şablon müsabiqələr, yarışmalar, canfəşanlıqlar, Off... uşaqları da götürüb qaçmaq istəyirəm.

Öz şeirlərimi çox istisna hallarda oxuyuram uşaqlara. Sevmirəm öz şeirlərimi oxumağı. Amma dərsdə keçdiyimiz şeirləri ilk olaraq özüm oxuyuram ki, intonasiyanı tuta bilsinlər, mətni anlasınlar.


Son

Şagirdlərimin hamısı əzizdir, doğmadır. Ana balalarını bir-birindən necə ayıra bilər axı? Dəcəli var, sakiti var, oxuyanı, oxumayanı var, olduqca fərqli düşüncələrə malikdirlər, ancaq bütün bunlar onların sevgi payında cığallıq etməyimə səbəb deyil. Hərəsi bir cür əzizdir. Həmişə düşünürəm ki, bəlkə də, hansısa şagirdin heç mənim savadıma yox, sevgimə ehtiyacı var. Bəlkə də, hansısa o sevgini evdə ala bilmir, qoy heç olmasa məndən alsın, alsın ki, o da ətrafındakılara sevgi paylaya bilsin. Özlərinə də deyirəm ki, sizin mənim qızımdan fərqiniz odur ki, sizi dünyaya başqa qadın gətirib. Dəfələrlə olub ki, hansısa şagirdin anası mənə deyib ki, hərdən oğlumu, ya da qızımı sizə qısqanıram. Özünə də deyirəm ki, sən, deyəsən, müəllimini məndən çox istəyirsən. 


Bir şagirdim vardı, Nadir. Anası müəllim yoldaşımdır. Nadiri axtaranda mənə zəng edirdi ki, harda olar? Bir dəfə də zəng edib ki, maması, mən zəng edirəm, telefonu açmır, bir gör oğlun hardadır? Mən zəng edən kimi telefonu açdı, dedim, get evə, anan narahatdır. Sonra da anası deyir ki, heç yarım saat çəkmədi gəldi. Deyirəm ki, bəs məni niyə eşitmirsən, müəllimini eşidirsən? Deyir, o, başqa cür deyir axı, sən elə deyə bilmirsən. İndi yadımıza düşəndə gülürük. Şagirdlərimin arasında elə uşaqlar var ki, mən onlarla çox yaxşı dostam, istənilən mövzuda rahat-rahat söhbət edə bilirəm. Bir-bir adlarını çəkmirəm ki, başqaları inciyər. Hətta deyərdim ki, onlarla bölüşdüklərimi başqaları ilə bölüşmürəm. Elə deyərdim ki, məni bu həyatda ən zəif nöqtəmə qədər şagirdlərim daha yaxşı tanıyır. Haçansa məni kimdənsə soruşmaq lazım gələndə, şagirdlərimdən soruşsunlar...



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-19
2018-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK