adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Fevral 2018 18:08
18953
ƏDƏBİYYAT
A- A+

ƏDƏBİ ADLAR: Cek London

Onu yaşamaq uğrunda mübarizənin ən gözəl təsvir ustadı hesab edirlər. İnsanın ölümlə üz-üzə dayandığı o son məqamda ölüm mələyinə yenilməyən, bütün gücünü toplayıb dişi-dırnağı ilə savaşan, sonuncu nəfəsini belə boşa almayan qəhrəmanların yaradıcısı Cek London... Çünki o özü həyat eşqini elə anasının bətnindəcə öyrənmişdi. 1875-ci ildə ABŞ-da böyük qalmaqal qəzetləri "bəzədi”. Tanınmış astroloq, professor Ulyam Çeyninin nikahsız yaşadığı qadın hamilə idi. Uşağı qətiyyən qəbul etməyən professor onun dünyaya gəlməməsi üçün çox cəhd etdi. Amma alnına məşhurluq yazılmış bu körpə dünyaya gəldi, doğma atadan görmədiyi şəfqəti sonralar atalığından gördü, yoxsul ailəsini dolandırmaq üçün 10 yaşından çalışdı, məktəbi yarımçıq tərk etməsinə baxmayaraq özbaşına hazırlaşıb universitetə daxil oldu... Biz sözlə, qələmə aldığı "Həyat eşqi”ni qəhrəmanından öncə öz üzərində sınaqdan keçirdi. Elə buna görə də mübariz qəhrəmanları öz gerçəkliyi, həyatiliyi oxucunu inandırdı. Bəlkə də oxucu inamından idi ki, dönəmində kitabları ən çox satılan, naşirlərin təqiblərinə tutulan bu yazıçı Amerikanın ilk milyonçu yazıçısı kimi tarixə düşüb. Təkcə Amerikadamı? Təsəvvür edin, keçmiş SSRİ-də Hans Andersendən sonra ikinci ən çox oxunan və kitabları təkrar-təkrar nəşr olunan qərb yazarı olub. Elə çar Rusiyasında da şöhrəti dünyanı dolaşan ədiblərin diqqətini çəkmişdi: Lev Tolstoy, Yesenin, Maksim Qorki və başqaları öz şəxsi kitabxanalarında Londonun bütün kitablarını həvəslə toplayırdılar. Deyilənə görə, Lenin bu yazıçının əsərlərini o qədər sevirmiş ki, ölüm döşəyində belə onun əsərindən bir parça oxumasını istəmişdi. Nəinki yaşadığı dönəmdə elə günü bu gün də Azərbaycan daxil, dünya nəşriyyatlarında Cek London yaradıcılığına dəfələrlə müraciət olunur. Cəmi 17 illik yaradıcılıq dövründə keçmiş avara, əyyaş, avantürist 20 roman, 3 pyes, 200 hekayə dünya ədəbiyyatına miras qoyub.

Gördüyü ağır işlərdən, çəkdiyi əzabdan sonra anlayır ki, arzuladığı həyata sahib olmaq, yəni bir sinif atlayıb kübar cərgəyə daxil olmaq üçün əllə yox, beyinlə qazanmaq lazımdır. On səkkiz yaşındaykən yazıçı olmağa qərar verir. Qərar verməklə yazıçı olmaq mümkündürmü? Elə Cek Londonun də əsas məziyyəti bu idi: qafaya qoydumu, mütləq hədəfə çatmalıdır. Hər halda müəllimsiz, məktəbsiz Kaliforniya Universiteti kimi böyük təhsil ocağının tələbəsi olan keçmiş brokonyer üçün yazıçı olmaq da müşkül deyildi. İyirmi üç yaşından etibarən ədəbiyyata peşəkar olaraq qədəm basır, dayanmadan oxuyur, yazır, ta istədiyini qələmdən alana qədər kirpiyi ilə od götürür. Bir-birinin ardınca yazdığı romanlar, povest və hekayələr toplusu ilə diqqəti öz üzərinə çəkir. Güclü, fiziki əməyin, zəhmətin nə olduğunu bilən bu cavanın kitabları sobadan çıxmış isti çörək kimi qoxusu ilə valeh edir. Xüsusilə yaşadığı dövrün "qızıl sətəlcəmi” – Alyaska qızılı uğrunda güclü rəqabət və onun insanlığa verdiyi ziyanı o qədər səhih təqdim edib ki, onun kitablarını bu soyuq ştatda oxuyanların çoxu qızıl arzularını yarımçıq qoyaraq həsrət qaldıqları ailələrinə, doğma yurdlarına geri dönüblər. Elə Cek Londonun özü də qızılaxtaranların izi ilə Alyaskada heç də az soyuq tər tökməyib. Ümidləri və əli boş qalsa da, qələmi rəngarəng mövzularla dolub-daşıb. Özünə xeyli qonorar, ədəbiyyata isə qızıl dəyərində yeni əsərlər bəxş edib: "Smok Belyu” hekayələr toplusu, "Canavar oğlu”, "Həyat eşqi”, "Qar qızı”, "Şaxtanın uşaqları” və b.

Cek London xaricən güclü kişi olduğu kimi xasiyyətcə də mühafizəkar idi. Onun həyat devizinə baxanda soyuq qərblidən çox, istiqanlı şərq kişisini xatırlatdığını görmək olar. İki dəfə evli olan Londonun həyat yoldaşlarından iki tələbi olub: Onun "sola getməy”inə qarışmasınlar və mütləq onu oğul atası etsinlər. Amma arvadları heç birinə əməl etməyib. İlk həyat yoldaşı (ölən dostunun nişanlısı olub) ona iki qız övladı verib, özü də ərinin "sol” yolunu sağa döndərmək üçün əlindən gələni edib. Bu evlilikdən boğaza yığılan London ikinci dəfə aşiq olduğu qadınla evlənsə də o da birincini təkrarlayıb. Ərini addım-addım təqib edib, pərəstişkarları isterikcəsinə uzaqlaşdırıb. Üstəlik dünyaya gətirdiyi bir qız övladı da xəstə doğulduğundan tələf olub. Kənarda sevgi axtarışına çıxan Londonu içkiyə yenidən qurşanmağa vadar edən oğul atası ola bilməmək idi. Bu da onun yaradıcılığına çox təsir edirdi. Yaradıcılıq böhranı o qədər artmışdı ki, vaxtilə gündə 15-17 saat yazan adam artıq bir cümlə qurmaq iqtidarında olmurdu. Bir tərəfdən də ona zülm verən böyrək ağrıları sağalmaq bilmirdi. Ağrı və fikirlərini azaltmaq üçün morfiyə üz tutmuşdu. Elə ölümünə də bu səbəb oldu: bəziləri onun bilərəkdən artıq dozada morfi iynəsi vuraraq intihar etdiyini düşünsələr də, əslində o, dözülməz ağrını yatırmaq üçün buna əl atmışdı. Morfi də onu arzusuna çatdırdı: əbədi dincliklə təmin etdi.

Cek London həm də publisist idi. Ölkəsinin nüfuzlu qəzetlərində vaxtaşırı məqalələrini dərc etdirirdi. Bu məqalələrdə əsas xətt "Mən” obrazı idi. London yalnız və yalnız özündən yazır, özünü tərənnüm edir, fikirlərini təbliğ edirdi. Məsələn: "Mən necə sosialist oldum”, "Həyat mənim üçün nə deməkdir?”, "Siniflərarası mübarizəyə münasibətim” və s. Bundan başqa onun hərbi jurnalist fəaliyyəti də olub.

Yeri gəlmişkən, Londonun sosialist olmasına səbəb də məhz siniflərarası mübarizə idi. Kasıbların həddən artıq işləməsinə rəğmən yenə də yarıac qalması, uşaq əməyi, aşağı təbəqəyə laqeyd münasibət yazıçını daim narahat edib. O, çox ağır bir dönəmdə yaşayırdı, üstəlik ən kapitalist ölkə olan Amerika vətəndaşı idi. Cek haqlı idi: "Amerikada hər şey kapital idi – canlı-cansız hər şey satılırdı. Quldarlıq əslində qanunla ləğv olunmuşdu, amma zənginlərə köləlik davam edirdi”. Sosialist olmaqla sistemi dəyişə bilməyəcəyini anlayırdı, amma ən azından əsərlərində kapitalistləri doyunca söyə bilirdi. Londona görə kapitalistlər bütün insani duyğulardan məhrumdurlar. Onların tək bir hissiyatı var: o da pul hissiyatı. Amma ömrünün sonlarında Sosialist partiyasını da tərk edib. Sosialistlərin "Döyüş ruhu”na, sinfi bərabərlik arzularına inamını itirdiyi üçün bu addımı atıb. Yazıçı təəssüflə etiraf edirdi ki, sosialistlərin çoxu pul qazanmağın yolunu bilməyən fəhlə sinfidir. Onların da əlinə pul və vəzifə düşəndə bərabərlik heç yada da düşmür. Tarazlığı ilk olaraq belə sonradangörmüşlər pozurlar. Özünün "Martin İden” romanında (rus dilinə ilk dəfə Maksim Qorki tərcümə edib) bu mövzuya ətraflı toxunub. Çoxları bu romanın avtobioqrafik olduğunu düşünür: bəlkə də baş qəhrəmanın yazıçı olaraq zənginləşməsinə görə belədir. Əslində Cek heç vaxt Martin kimi sevgi uğruna üzüyola olmayıb, onun sinif atlatma istəyi sevgi naminə deyil, sırf kapitalistlərin gözünün içinə dik baxma təkəbbürü idi. Doğrusu, hər bir yazıçı yaratdığı qəhrəmana özündən nəsə köçürür, özünü qismən də olsa onda görür. Cek London da həmçinin.

Bir sözlə, yazıçı-döyüşçü, güclü insan, Qərbin ilk proletar yazıçısı Cek London həm ölkəsi, həm də dünya ədəbiyyatı üçün forma, novatorluq baxımından böyük xidmət göstərib. O ədəbiyya öz mövzusu ilə gəldi, kimisə təkrarlamadı, təsirlənmədi: Şimalın soyuqluğunu isti qəlblərdə əridə bildi. Dünyanın bütün sivil ölkələrində hər kəs bu yazıçını uşaqlığından tanıyır. Çünki bütün ədəbiyyat dərsliklərində Londona geniş yer verilib. Pedaqoqlar hesab edirlər ki, böyüməkdə olan nəsil üçün insani duyğularla, həyata iki əllə sarılmaq, mübarizə aparmaqla bağlı Cek Londonun əsərləri bir örnəkdir. İnsanlıq üçün, yoxsullar, həyatdan ümidini üzənlər üçün savaşdı, hətta özü özüylə mübarizə apardı, amma canıyla bacarmadı. Həbsxananın, məhrumiyyətin, müharibənin yıxa bilmədiyi güclü kişini böyrəkləri yıxdı...


Şəfiqə ŞƏFA