adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

7 rayon əvəzinə, 7 müşahidəçi...

4363 | 2018-02-07 13:40
ATƏT Qarabağda, qoşunların təmas xəttində müşahidəçilərin sayını artırmaq istəyir. Yəni bu günədək ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjiy Kasprşikin tabeçiliyi altında 7 nəfər çalışırdısa, bundan sonra onların sayı 14 nəfər olacaq.

Belə çıxır ki, bundan sonra bizə nağıl danışanların, ya da bizdən Vyanaya - ATƏT-in Baş ofisinə "donos” yazanların sayı artırılacaq. Bu vaxta qədər Kasprşik və onun komandası hansı uğuru, hansı ədalətli mövqeyi ilə yadda qalıb ki, bu heyətə yeni "ştat” ayrılır? Həm İrəvanda, həm də Qarabağda bu adama super şəraiti olan ofis və qərargah yaradıldığı deyilir. Hətta bir müddət əvvəl ermənişünas alim Qafar Çaxmaqlı deyir "Kasprşik üçün Şuşada ideal şərait yaradılıb. Onun ofisi üçün xüsusi erməni qızları seçilir”.

İndi bu adama əlavə 7 nəfər işçi göndərirlər. 20 ildir ədalətli mövqe ortaya qoymayan "Qarabağ canişini” bundan sonra dəyişəcəkmi, erməni qızlarının əhatəsində? Mümkünsüzdür.

Azərbaycana işğal altındakı əraziləri azad etmək gərəkdir və danışıqlarda da əsas məqsədi daim bu olub. Həmsədrlər təxribatçı erməni prezidenti susdurmaqdansa, ona tribuna verirlər, deyirlər gəlin prezidentləri növbəti dəfə görüşdürək. Biz ATƏT-dən dərdimizə dəva gözləyirdik, bunlar bizə "dəvə” - yeni müşahidəçilər göndərmək istəyirlər. Fevralın 6-7-də həmsədrlər yenə də regiona gələcəklər. Deyirlər artıq amerikalı həmsədr qabaqcadan gəlib. Niyə? Nə gətiriblər? Maraqları nədir?

Azərbaycan "hansı tərəf birinci atəş acdı” sualına cavab axtarmır ki, bunlar təmas xəttindəki missiyanı genişləndirirlər. Azərbaycan əsgəri hər an arzu edir ki, düşmən hansısa təxribata yol versin və onun başına od ələsin - apreldəki kimi. Deməli, müşahidəçilərin sayının artırılması məhz Ermənistana lazımdır. Əslində ermənilər aprel müharibəsindən sonra təmas xəttində müşahidə kameralarının, heç olmasa daha çox müşahidəçinin yerləşdirilməsinə çalışırdı.

Ermənistan bunu özünün xilas yolu sayır. Əvvəl ümid edirdilər ki, Qarabağ müharibəsi başlasa, onları Rusiya qoruyacaq. Ancaq Bakı-Moskva münasibətləri onların bu ümidini alt-üst etdi. Qarabağdakı əsgər itkiləri erməniləri orduya getməkdən belə çəkindirib. Hesab edirlər ki, müşahidəçi çox olarsa, Azərbaycanın əl qolunu bağlamaq mümkün olacaq. Onsuz da indiki status-kvo vəziyyəti Ermənistanı tam təmin edir. Bu ölkənin nağd pulla patron almağa imkanı yoxdur, təbii ki, ona müharibə lazım deyil, elə bu şəkildə Qarabağın ilhaqının davamını istəyirlər. Bu prosesdə isə onlara artıq açıq şəkildə nə Rusiya, nə Fransa, nə də ABŞ dəstək verir. Artıq dəstək ATƏT-dən, onun missiyasından gəlir.

Azərbaycanda bu məsələ ciddi narahatlıq yaradıb. Rəsmi Bakı da bu narahatlıqları qəbul edir və erməniləri məmnun edən anlaşmaya getmək niyyətində deyil. XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib ki, "müşahidəçilərin sayının artırılması məsələsi texniki köməkçi vasitə olaraq, intensiv və substantiv danışıqlar prosesinin tərkib hissəsi olmalıdır”. Həmçinin Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov "müşahidəçilərin sayının artırılması texniki prosedur olsa da, düşünürəm ki, bu məsələni Qarabağ münaqişəsinin substantiv həllinə hesablandığı təqdirdə müzakirə etmək olar” deyib.

Aprel döyüşlərindən sonra daha çox Rusiya ekspertləri Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarılacağı barədə nikbin proqnozlar səsləndirdilər. Azərbaycan isə ilkin olaraq 7 rayonun qaytarılmasını vacub sayırdı. "Nəticə” ortada: 7 rayon əvəzinə, 7 müşahidəçi yollayırlarE

Bu arada Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri İttifaqının sədri Karen Vardanyanın son açıqlaması diqqət çəkir. O, deyib ki, 18 yaşlı təcrübəsiz əsgərləri səngərlərə yığıb onlara külli miqdarda xərc çəkməkdənsə, buna səfr olunan vəsaiti özü müşahidə edə və avtomatik atəş aça bilən vasitələrə xərcləmək gərəkdir. Deməli, ermənilər artıq ATƏT müşahidəçilərinə arxayın olub əsgərləri də səngərlərdən yığışdırmaq, əvəzinə cihazlar quraşdırıb dövranlarını sürmək istəyirlər.

Kasprşik dəfələrlə bildirib ki, onun mandatının əsas mahiyyəti tərəflər arasında etimadın qurulmasıdır. Yəni bu illərdə missiya öz hədəfinə çatmayıbsa, daha 20 il fəaliyyət göstərməsi sadəcə, vaxtı uzatmağa xidmət edəcək...

TƏQVİM / ARXİV