adalet.az header logo
  • Bakı 20°C
07 Fevral 2018 13:29
13378
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: QAPININ AĞZI

Bilmirəm, siz fikir vermisiniz, yoxsa yox, avtobusa, metro qatarına minəndə əksər sərnişinlər sürücünün yanında – yəni qapının ağzında dayanır. Kimə də deyirsən ki, bir az kənara çəkil, düşək, o dəqiqə həmin adam əsəbləşir və dişinin dibindən çıxanı sənin üstünə tökür və sən də qalırsan canınla əlləşə-əlləşə.

Bilmirsən həmin adamı yerində otuzdurasan, ya da onunla söz güləşdirəsən. Çünki ona baş qoşsan, gərək onda əməlli-başlı əsəbləşəsən. Belə də olanda insan bir neçə gün özünə gələ bilmir, ürəyi ağrıyır və elədiyi mübahisəyə görə də peşmançılıq hissi yaşayır.

Hər yerdə olduğu kimi, biz avtobusda və metroda da sərnişin mədəniyyətsizliyi ilə üzləşirik. Yaşlı və xəstə adamları başa düşmək olur. Amma onu başa düşmək olmur ki, gənc və orta yaşlı insanlar da ictimai nəqliyyata minən kimi lazımi etik qaydalara əməl etmir, düz gəlib durur sürücü tərəfdə qapının ağzında. Biri deyir iki dayanacaqdan sonra düşəcəm, biri deyir bir azdan avtobus saxlayanda lazımi yerə çatacam, bir də deyir ki, elə mən vərdiş eləmişəm qapının ağzında durmağa. Hətta avtobus sürücüləri də qapının ağzında tıxac yaradan sərnişinlərə dəfələrlə müraciət edirlər. Bildirirlər ki, xahiş edirik bir az ortaya çəkilin! Qapının ağzına az yığılın ki, avtobusdan düşən insanlar bir-birlərinin ayağını tapdalamasın. Və bəzən də belə basabasda bir də görürsən ki, hansısa cibgir sui-istifadə edərək başı qarışan sərnişinin cibinə girdi və orda nə varsa götürüb apardı…

Bax belə «xəstəlik» əksər sərnişinlərin əsas mərəzidir. Dəfələrlə sürücülər onlara müraciət edir, xahiş eləyir, hətta loru dildə demiş olsaq, yalvarır, bəzi sərnişinlər isə onları bir qulağından alıb, o biri qulağından verirlər. Yəni onların heç dünya vecinə deyil ki, qapının ağzında durarkən düşmək istəyən sərnişin hansı çətinliklə üzləşir.

Bu sətirlərin müəllifi də gün ərzində avtobusdan və metrodan istifadə eləyir. Elə gün olmaz ki, qapı ağzında duran sərnişinlərin və sürücünün mübahisəsini, dava-dalaşını eşitməyək. Hətta bu dava-dalaş bəzən o qədər uzun çəkir ki, sürücü əsəbləşir və maşını idarə etməkdən imtina eləyir. Görünür, hələ də biz ictimai nəqliyyatdan necə istifadə etməyin yollarını tam öyrənməmişik.

Düzdür, yüksək mədəniyyətli sərnişinlər də var. Və onlar bir qayda olaraq əyləşərkən yaşlı, xəstə və hamilə qadınlara yer verirlər, üstəlik də ayaqüstə dayanarkən sakit bir yerə çəkilirlər. Yəni o sakit yerdə duran sərnişin heç bir halda digər sərnişin üçün çətinlik və problem yaratmır.

Son vaxtlar Bakı şəhərinə gətirilmiş «Bakbus» avtobuslarında bu sahədə müəyyən irəliləyişlər hiss olunur. Çünki bu avtobuslara sərnişinlər qabaq tərəfdən minib orta və arxa tərəfdən düşürlər. Bəzən bu avtobuslara minərkən sərnişinlər mövcud qaydalara əməl etmək istəmirlər. Yəni onlar bir çox halda qabaq tərəfdən deyil, orta yerdən avtobusun salonuna daxil olurlar. Bu zaman isə sükan arxasında olan sürücünün etirazı eşidilir.

Həmin etiraza təbii ki, sərnişin əməl edir, yerə düşərək qabaq tərəfdən təkrarən avtobusa minir. Əgər sərnişin «Bakbus» avtobusuna orta qapıdan daxil olarsa, istər-istəməz kamera bunu çəkin və bu qanun pozuntusuna görə isə sürücü inzibati məsuliyyətə cəlb edilir. Məhz yüksək nizam-intizama görə də «Bakbus» avtobuslarına bir qayda olaraq sərnişinlər qabaq qapıdan minirlər. Artıq böyük sərnişin kütləsi bu qayda-qanuna alışıb və lazımi tələbləri mütəmadi olaraq yerinə yetirirlər.

Təəssüf ki, biz bu fikirləri heç də şəhərimizdə sərnişin daşıyan digər əksər marşrutlara şamil edə bilmərik. Bəli, onların da arasında kart sisteminə keçən marşrutlar var və burda da müəyyən qayda-qanun bərpa olunur. Amma ən narahatedici fakt ondan ibarətdir ki, kart sistemi ilə işləməyən marşrutlarda göstərilmiş neqativ hallar bu gün də davam etməkdədir.

Qardaş, sürücü nə qədər qışqırıb deyəcək ki, ay sərnişinlər, ortaya çəkilin, qapının ağzında durmayın! Heç olmasa, bu sürücüləri də başa düşmək, anlamaq lazımdır. Ən azından ona görə ki, onlar sutkanın 16-17 saatını istirahət etmədən sükan arxasında əyləşirlər. Hətta nahar və axşam yeməklərini də əksəriyyəti elə sükan arxasında yeyir. Qışın soyuğunda isə onların vəziyyəti bir qədər də çətinləşir. Çünki bir çox avtobusların istilik sistemi yoxdur, yaxud da işləmir.

Təbii ki, bu cür gərgin anlar yaşayan sürücülər üstəlik də qapının ağzında duran sərnişinlər tərəfindən əsəbləşdiriləndə onların nələr çəkdiyini özlərindən başqa heç kəs bilmir. Belə əsəbilik şəraitində sükan arxasında əyləşmiş sürücü hər an qəza şəraiti yaradır, özünün və sərnişinlərin həyatını təhlükə qarşısında qoyur. Sadəcə olaraq, hər bir sərnişin avtobusa minərkən müəyyən normalara əməl etsə, mədəni davransa, bu cür hallar da tez-tez yaranmaz, sürücülərlə sərnişinlər arasında dava-dalaş, mübahisə baş verməz.