adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Fevral 2018 12:11
67850
MÜSAHİBƏ
A- A+

Anam şeir yazdığıma görə məni döydü... – MÜSAHİBƏ

Ədəbiyyatda istedadlı imzalar çoxdur. Bunlardan biri də Tural Turandır. Əslən Şəmkirli olan Turalın şeirə, ədəbiyyata sevgisi hələ uşaqlıdan üzə çıxmışdır. Elə ilk şeirini də birinci sinifdə yazmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 4 kitab müəllifidir.

"Turan təxəllüsü böyük qardaşımın adı ilə bağlıdır. Bir neçə aylıq olanda rəhmətə gedib. Mən doğulanda yenidən mənə Turan adı vermək istəyiblər. Yaşlı adamlar düşər-düşməzi olar deyib Tural qoyublar. İkinci kursda özümə Turan təxəllüsü götürdüm. Nakam qardaşımın adını özümlə birgə yaşatmaq üçün.”

Adalet.az gənc şair Tural Turanla müsahibəni təqdfim edir:


- Tural bəy, özünüz haqda danışardız...

- Oğuz qağa, əslən Qazağın Dəmirçilər kəndindən olsam da, Şəmkirin Alabaşlı kəndində doğulmuşam. 28 yaşım var. Qafqaz Universitetinin filologiya fakültəsini bitirmişəm. Bakalavr təhsilim var. Magistr təhsilimi xaricdə davam etdirmək istəyirdim. İmtahan verdim, ilk mərhələdə Konya Səlcuq Universitetinin Türk şiveleri bölümünü 83 balla qazandım. İkinci tur üçün hazırlaşırdım ki, atamın xahişi ilə kəndə gedəsi oldum. Magistr arzularımın qarşısını atam kəsdi. Daha doğrusu, yarımçıq qaldı... Gələcəkdə bu arzumu reallaşdırmağa çalışacağam.


-Atanız nə etdi ki, təhsil almağınıza imkan vermədi?

- Təhsilimin yarım qalmasının səbəbini deyim; o vaxt atamın 200-250 baş qoyun-quzusu vardı. Ümumiyyətlə, biz tərəkəməyik. Necə oldusa, atamın çobanı qoyun-quzunu otarmaqdan imtina etdi. Kişi də tək qalmışdı. Bu qədər heyvana nəzarət etmək onluq deyildi. Yaşlı və tək adamın öhdəsindən gələsi iş deyildi. Çarəsiz qalıb məni çağırdı ki, gəl kömək elə. Dedim ki, a kişi, magistra hazırlaşıram. Türkiyəyə, müsahibə mərhələsinə getməliyəm. Söylədi ki, sonra gedərsən. Qaçhaqaç ha döyül. Bu il olmasın, gələn il olsun. İndi burada mənə lazımsan, gəl kömək elə dedi. Atadır də, sözündən çıxmaq olmur. Bir az zəhmi ağır kişidir. Həm də inciyərdi, həmin vaxt ona kömək etmək oğul borcum idi. Uzun sözün qısası, getdim kəndə. Mən qoyun-quzu hərləyirdim, dədəm də örüş yerlərimizi suvarırıdı. Yaz vaxtı idi. Havalar isindikcə davar üçün ot-alaf çarəsinə baxılmalı idi. Nə başını ağrıdım qağa, universitetdə viza imtahanlarını, Türkiyədə master ikinci tur mərhələsini atıb on gün dədəmə çobanlıq elədim. Hazırda media sahəsindəyəm. Filologiyanın dalınca getmədim. 2009-cu ildən jurnalistikadayam. Mediada fəaliyyətim İctimai Televiziyadan başladı. Hazırda "Həftə içi” qəzetində çalışıram. Köhnə kişilər demiş, dörd kitabın müəllifiyəm. İlk kitabım 2010-cu ildə, 21 yaşım olanda çapdan çıxıb. Çap olunanların hamısı şeir kitabıdır. Üçü Azərbaycan dilində, biri özbək türkcəsində işıq üzü görüb.


-Uşaqlığınıza səyahət etsək, sizi harda tapa bilərik?

-Mənim uşaqlığım əsasən irəmələrdə, örüşlərdə keçib. Atamla, əmilərimlə, öz tay-tuşlarımla qoyun-quzu otarmışam. Dörd yaşından əlimdə çomaq, çiynimdə heybə tərəkəmələr demiş, düzdə-bozda olmuşam. Kəndimizin ayağında Qarabaldır irəməsi və Daşlı dərə deyilən yer var idi. Uşaqlığma geri boylansaq, məni əsasən orada tapmaq olar. Adətən ağsaqqallarla heyvan otarmağı daha çox sevirdim. Çünki dənçikləri, sinələri dolu adamlar idi. Onlar sinələrini boşaltdıqca, mən yığıb-yığışdırırdım. Yaşıl bir dəftərçəm var idi. İndi də qalır. O dəftərçədə 300-dən çox söz var. Unudulmuş, arxaik sözlərdir. Yaşlıların ağzından çıxdıqca dizimi yerə qoyub dəftərçəmə yazırdım. Könüllərinin xoş vaxtında həmin bilmədiyim sözlərin mənalarını soruşub dəftərimə qeyd edirdim. Sonra da əzbərləyirdim.


-Aha

-Hətta o sözlərdən ibarət cümlələr qururdum ki, unutmayım. İş elə gətirdi ki, diplom işimi də bu sahə üzrə seçdim. Diplom işimi "Şəmkirin Alabaşlı kəndindəki köhnəlmiş sözlərin leksik və semantik xüsusiyyətləri” mövzusu üzrə müdafiə etdim. Dörd dənə "100” aldım. Bu da maksimum bal deməkdir. Həmin diplom işini diplom rəhbərim, dekanım çox bəyəndi. Professor Akif Hüseynli dedi ki, mütləq bu diplom işi çap edilməlidir. Çap üçün hazırlandığından da xəbərim vardı. Sonra əsgərliyə getdim, nəşr edilib-edilmədiyindən xəbərim olmadı. Uşaqlığımda bir müddət fortopiano dərsləri aldım. Sonra cüdo idman növü ilə məşğul oldum. Hamısı da yarımçıq qaldı. Heç birində özümü tapmadım. Fağır adamam, kiməsə ilişən deyiləm amma hərdən ikisinə də ehtiyac duyuram (gülür).


- Turan imzanız millətçiliklə əlaqəlidir?

-Bu sual mənə bir neçə dəfə verilib. Milliyətçilik baxışlarım milli dəyərlərin mühafizəkarlığı və mental dəyərlərin qorunub yaşadılması, Boz qurd inancı ilə hüdudlaşır. Yəni, faşist deyiləm. Radikallığı sevmirəm. Ümumiyyətlə, valideynlə, milli kimliyi özün seçmirsən. Ona görə də bu cür yanaşma absurddur. O ki, qaldı Turan təxəllüsünə, bu məndən böyük qardaşımın adı ilə bağlıdır. Bir neçə aylıq olanda rəhmətə gedib. Mən doğulanda yenidən mənə Turan adı vermək istəyiblər. Yaşlı adamlar düşər-düşməzi olar deyib Tural qoyublar. İkinci kursda özümə Turan təxəllüsü götürdüm. Nakam qardaşımın adını özümlə birgə yaşatmaq üçün. Əvvəllər isə qəzet və dərgilərdə Tural Mustafayev imzası ilə çap olunurdum.


- İlk kitabınız haqda düşüncələriniz, təəssüratınız necədi?

-Birinci kitabım 8 il əvvəl çap edilib. 2015-ci ildə "Bələksiz qığılcım” adlı ikinci şeirlər kitabım işıq üzü gördü. 2017-ci ildə "Tanrı qağaya ismarış” kitabım işıq üzü gördü. Bir neçə həftə əvvəl isə müxtəlif illərdə yazdığım şeirlər "Qaranlığın aydınlıq adı” altında özbək türkcəsində işıq üzü gördü. Oxucularım birinci kitabdan başqa digərlərinin adının çox qəribə olduğunu deyirlər. Məncə də elədir. Amma səbəbini də deyim, həmin kitabların adları tərəkəmə ruhundan irəli gəlir. "Bələksiz qığılcım” adı bir əhvalatdan gəlir. Yorucu deyilsə, danışım...

-Buyurun

-Deməli, 8-9 yaşım olardı. Kəndimizdə köhnə kişilərdən olan Cümşüd kişi ilə quzu novatına getmişdim. Yaz vədələri idi. Qəfil yağış yağmağa başladı. Quzular, çəpişlər təpələrdəki dikanlığa, qanqallığa səpələnmişdilər. Cümşüd qağam dedi ki, al bu kibriti ocaq qala. Mən də quzunun dalını-qabağını yığıb gəlirəm. O vaxtkı kişilər ehtiyatlı idilər. Ciblərində islanmasın deyə kibriti sellofana bükürdülər. Sellofan bükməcəni açdım. Kibriti çıxardım. Ha yandırmağa çalışdım, alınmadı. Xeyli kükürd giləsini heyf elədim. Birdən rəhmətlik Cümşüd qağa gəldi. –Ayə, nağayrırsan? - dedi. Odu bələməsən yanarmı heç. İndiyə kimi harada bələnməmiş qığılcımın yandığını görübsən?! Sonra da kibriti iki ovucunun arasına aldı. Qutusuna çəkdi və kətyən koluna od vurdu. Bu söz o vaxtdan yaddaşımın bir küncündə ilişib qaldı. Əbədiləşdirmək üçün kitabıma bu adı verdim.


-Bəs "Tanrı qağaya ismarış” haradan gəlir?

-Elə o da oradan – tərəkəmə uşaqlığımın yaddaşından gəlir. Bizdə Tanrıya- yaradana qağa, baba deyə müraciətlər var. Çox yerdə işlədilmir. Tanrını öymək mənasında, onun sirdaş, dost olduğunu ansıtmaq anlamında bu ifadənin yanında "qağa” sözü də istifadə edirik. Biz tərəfdə nə o vaxt, nə də indi demək olar ki, namaz qılan yoxdur. Uşaq idim. Qoyun qırxını vaxtı uzaq kəndlərin birindən bir qırxınçı gəlmişdi. Əlində toğlunu qayçıladıqdan sonra dedi ki, mən namaz qılıb gələcəyəm. Ayağımızın altına saldığımız quzu dərisini götürüb bir kənara çəkildi. Çömbəlib qalxmağa başladı. Hamımız marıtlayıb baxmağa başladıq ki, bu ərəseyli nə edir görəsən? Yad adama bizim obalarda ərəseyli – kənardan gəlmə deyərlər. Bir gəllədar koxamız – baş çobanımız var idi. Dedi ki, lələ, tanrı qağaya nə ismarışı göndərdin? – Həmin qırxınçı da gülümsədi, heç nə demədi. Onda bildim ki, Allaha dua eləməyin biz tərəfdəki adı "Tanrı qağaya ismarış” imiş. Həmin dəftərçəmə bu ifadəni də yazmışdım. Üstündən 18-20 il keçəndən sonra kitabıma bu adı verdim. Kitabımın təəssüratlarına gəlincə, ən çox satılan birinci və üçüncü kitablarım olub. "Mənə bir az o dünyadan danışın” adlı kitabımın təqdimatı Qafqaz Universitetində olmuşdu. Təkcə təqdimat günü 319 kitab satılmışdı. Rektor özü beş kitab almışdı. "Bələksiz qığılcım” o qədər də populyarlaşmadı. "Tanrı qağaya ismarış” isə mənə ən çox oxucu qazandıran kitab oldu. Azərbaycanda ilk dəfə məhz bu kitaba "book face”lər çəkildi. Kitabın dörd siması var, "Tanrı qağaya ismarışın”. 1000 nüsxə çap edildi. Oxucular kitab istəyirdi deyə, məcbur ikinci basqı da oldu. Üçüncü kitabın reklamı da yaxşı getdi. Çevrəmdəki insanların da dəstəyini gördüm. Həmin kitabın üz qabığındakı foto da orijinaldır. Məhz bu kitab üçün çəkilib.


- Şeir yazmaq dövrünüz nə vaxtdan başladı? Nə vaxt şeirə ehtiyac duydunuz, hiss elədiniz ki, şeir yaza bilərsiz ?

-İlk şeirimi birinci sinifdə yazmışam. Riyaziyyat dərsi idi, bir bəndlik şeir yazdım. Ani oldu, sözlə indi ifadə edə bilməyəcəm. Çünki tam olaraq yadımda deyil. Həmin şeir indi yadımda deyil. Evə gəldim, anam baxdı ki, misalların arasında bir bənd şeir var. Milçəköldürənlə birini başıma ilişdirdi. Sonra atama dedim ki, anam məni şeir yazdığıma görə vurdu (gülür). Atam da anama – heybəsinə bir "qaralama” dəftər qoy, bir də uşağı vurma – dedi. İlk şeirim yeddinci sinifdə oxuyanda çap edildi. Onda anama dedim ki, milçəköldürənlə bax bura vurdun (başını göstərir), düz oradan öp bağışlayım səni (gülür). Yeddi il sonra həmin "ilk şeir ağrısının” ağrısını özümə unutdurdum.


-Şeirlərinizdə fəlsəfə daha çoxdu. Sizcə müasir şeirin düsturu fəlsəfədən asılıdır?

-Deməzdim ki, şeirlərim fəlsəfidir. Mənim düşüncəm odur. Xalqın unutduğu ruh halında, keçmiş ruhani dünyasında yazıram. Son zamanlar dadaist şeirlər də yazıram. Mifik kodeksdən Artur Bravan stilinə keçmək də qeyri-ixtiyari oldu. Süli Pridomu oxuyandan sonra baxdım ki, bu janrda yazmağa başlamışam.


- Şəmkirlisiniz. Şəmkirdə ədəbi mühit, abu-hava necədi?

-Şəmkirdə bir-iki yazan şair tanıyıram. Şamxal Rüstəm, Məzahir Hüseynzadə, əslən Kəlbəcərdən olan Elməddin Nicat və sair. Əsas ağırlıq bu adamların üzərindədir. Ara-sıra tədbirlər keçirirlər. Şəmkirdə yaxşı şərait var. Amma fəal mühit yoxdur. Buna baxmayaraq, mənə görə, Bakıdakı bədəvi mühitdənsə, Şəmkirdəki, Qazaxdakı ədəbi mühit daha sağlam müstəvidə inkişaf edir. Özümü Şəmkirdən daha çox Qazax ədəbi mühitinə yaxın hesab edirəm.


-"Xalqın Şairi” müsabiqəsində sizi də gördük. Finala çıxa bilmədiz. Ümumiyyətlə müsabiqəyə münasibətiniz necədir?

-Müsabiqədir, getdim, gördüm, gəldim. Yarımfinalda mənə görə ən yaxşı şeirimi dedim. Amma kəsdilər. Nizaməddin Şəmsizadə kimi trafaret baxışlı münsiflər olan yerdə mənə yer yox idi. Həmin müsabiqədə mənim ruhumu təkcə Qulu Ağsəslə Rüstəm Behrudi duymuşdu. Onlardan da qiymətimi almışdım. Yarımfinaldakı son qalmaqal münsiflərin hansı səviyyədə olduqlarını göstərdi. Məti Osmanoğlu BDU-nun tələbələrinin şeirlərini şedevr kimi "Ulduz"a göndərir. Sizi inandırım ki, heç 7-8-ci sinif şagirdləri o cür zəif şeirlər yazmırlar. Əksəriyyəti söz yığınıdır. Necə olur ki, onlar şeir olur, fəlsəfi məzmunda yazılmış, bədii dolğunluğu ilə seçilən, orijinal ifadələr olar müsabiqə iştirakçılarının şeirlərinə zəifdir deyir, "qayçılayır". Mən bunu anlamıram. Bütün bunlara baxmayaraq, bu bir yarışmadır. ARB telekanalına təşəkkür edirəm ki, paytaxtda və regionlarda yaşayan gənclərə bu cür imkan yaratdılar. Əsasən də layihənin əsas simalarından olan Mintac xanım Elsəvərə...


- Mütaliəyə vaxtınız qalırmı, dünya ədəbiyyatını daha çox oxuyursuz?

-Bəli, hər gün on səhifə oxuyuram. Bu artıq adi hala çevrilib. Hazırda Corc Oryolun "Birma günləri”ni, eyni zamanda Tolstoyun "Etiraf”ını oxuyuram. Təzə başlamışam. İki, hətta üç kitabı eyni müddət ərzində oxumaq kimi xüsusiyyətim var. Universitet vaxtı zaman qıtlığı səbəbindən eyni anda bir neçə əsəri oxumağa başlayırdım. Bu tədricən ənənəyə çevrildi. Daha çox dünya ədəbiyyatını oxuyuram. Türkiyə ədəbiyyatından da Murat Menteşi, Onur Ünlünü, Emrah Serbesi, klassiklərdən Nazim Hikməti, İsmet Özeli oxuyuram.


- Gənc şairlər daha çox feysbukda tanınırlar. Və bu da nisbətən yaşlı nəslə xoş gəlmir ki, ciddi ədəbiyyat ola bilməz feysbukda. Siz necə düşünürsüz?

-Mən mühafizəkaram amma zəruri yeniliklərdən geri qalmağı da axmaqlıq hesab edirəm. Fərqi nədir, sosial şəbəkə də kütlə və ya ictimai bir yerdir. Canlı yaxud virtual olmasının nə mənası var. Feyskubda ədəbiyyat yaranmır, sadəcə təqdim edilir.


- Son vaxtlar gənc yazarlar, şairlər gündəmi dəyişirlər. Siz də nə vaxtsa gündəmi dəyişməyi düşünürsüz?

-Mən gündəmlik şair deyiləm, qağa. Şeirlərimin çəkisi qədər ağırlığım var. Eyni zamanda, hədəflərim daha genişdir. Burada deyirəm, bir kənara yazın, mən "Nobel”i bu ölkəyə gətirəcəyəm. Bu eqo deyil, iddiadır. Sadəcə zamana ehtiyac var. Bu söhbətləşməmizi çayxanada, kafedə oxuyub bu cavabıma gülənlərə isə sadəcə olaraq salam göndərirəm.


- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Bu sizə nə qazandırdı?

-Bəli üzvüyəm. Hələ ki, heç nə qazandırmayıb. Ümumiyyətlə, AYB-nin son dövrlərdəki fəaliyyətindən narazıyam. Fuad Cəfərli, Emil Rasimoğlu, Çinarə Ömray kimi istedadlar kənarda qalır, istedadsızlara təqaüd verilir. Hələ özümü demirəm, çünki az-çox qonorar alıb dolana bilirəm. Heç 2017-ci ildə AYB hansı gənc yazarlara prezident təqaüdü verdi, bilmədik. Çünki siyahını açıqlamadılar. Bilmirəm, bəlkə də utandıqlarından açıqlamadılar həmin siyahını. Emil Rasimoğlu, Fuad Cəfərli, Sərvər Kamranlı kimi istedadlarımız bu gün kitab çap etdirə bilmirlər. Kitab bir yana, işsizdirlər, dolana bilmirlər. Ayda 198 manat da az deyil. Bizdən yaşca çox kiçiklər aldı o təqaüdü. Bizə gələndə AYB-nin kisəsinə güvə düşdü?!


- Hazırda nə yazırsız, son yazdığınız şeir hansıdır?

-Adətən iyirmi günə, bir aya bir şeir yazıram. Son yazdığım şeir elə "Xalqın şairi”ndə dediyim "Qadın diktorun səsi”dir. Artıq həmin şeiri hamı eşidib. Ondan sonra iki yarımçıq şeirim var. Hələ tamamlanmayıb deyə, burada söyləmək istəmirəm. Şeirə dolaşıq mexanizmli saat kimi baxıram. Tez-tez söküb yığıram. Ona görə də bir şeirimə başqa-başqa variantlarda rast gələ bilərsiniz. Yazdığım şeirlərin üzərinə yenidən qayıtmağı sevirəm.


- Bu günlərdə özbək dilində şeirlər kitabınız çapdan çıxdı. Bu kitabın ərsəyə gəlməsindən danışarsınız...

- 2018-ci ili özüm üçün beynəlxalq aləmə çıxış ili elan etmişəm. Siftəni özbək türkcəsindən başladıq. Sağ olsun, Şahista Ortiqova- Kamralı tərcümə məsələsini öz üzərinə götürdü. Özbəkistan Yozuvçular Uyuşmasının üzvü Akif Azalp bəy ön söz yazdı. Görkəmli alim Yaşar Qasımın redaktorluğu ilə kitabı Bakıda, "ÇapArt” nəşriyyatında nəşr etdirdik. Kitabın siqnal nüsxəsini görən mütəxəssislər Şahista xanımın tərcüməsini çox yüksək qiymətləndirdilər. Ümumiyyətlə Şahista Kamranlı çox istedadlı tərcüməçidir. Bunu bütün səmimiyyətimlə deyirəm. Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinə töhvə vermək baxımından bu cür addımları atmaq hər bir gənc yazarın imkan daxilində borcudur. Bütün xərcləri öz üzərimə götürdüm. Üç yüz nüsxə çap etdirdim. Kitabın Bakıda və Daşkənddə təqdimat mərasimini keçirməyə hazırlaşırıq. Bu il rus dilində və Türkiyə türkcəsində də şeir kitablarımın təqdimatını planlayıram. Təki sağlıq olsun.


- Bugünkü ədəbi gənclikdən danışaq. Hansı gənclərin şeirini xüsusi qiymətləndirərdin?

- Fuad Cəfərli, Emil Rasimoğlu, Taleh Mansur, Ulucay Akif, Oğuz Ayvaz, İntiqam Yaşar, Ümid Nəccari, Sərvər Kamranlı, Furqanın yaradıcılığını yüksək qiymətləndirirəm. Adlarını çəkdiyim bu adamların şeirlərində yeni tapıntılar var. Ən maraqlısı odur ki, bu adamların şeirlərinin öz nəfəsi var. Amma eyni zamanda nöqsanları da çoxdur. Emil Rasimoğlu dar komponentli bəşəri təsvir şairidir. Dediyim kimi, bütün yaradıcılığı Tanrı, güzgü, ovuc, barmaq kimi komponentlərin üzərində qurulub. "Əli qumbaralı şəkillər” şeirinin müəllifi Fuad Cəfərlidə isə mənfi cəhət monotonluqdur. Altı-yeddi şeirini oxuyan kimi yorulursan. Amma ilk misradan bilirsən ki, bunu Fuad yazıb. Fuad Cəfərli imzası Ulucay Akif axtarışdadır. Hələ ki, öz cığırında aşağı-yuxarı fırlanır. İstedadlıdır, hardasa 24-25 yaşında öz cığırını tapacaq. Taleh Mansurda isə bədii lövhə zənginliyi çox olsa da, həmin çoxluğu orijinal tapıntılar yetərincə bəzəyə bilmir. Talehdə bəzi hallarda uzunçuluq da nəzərə çarpır. Amma milli və bəşəri ruhu özündə çuğlaşdıran şairdir, Taleh Mansur. Ümid Nəccarinin və İntiqam Yaşarın istedadını da xüsusi qiymətləndirərdim. Oğuz, bu müsahibənin altında imzan olacaq deyə, sənin haqqında heç nə demək istəmirəm. Başqa bir müsahibədə sənin haqqında da fikrimi deyərəm. Belə yaxşı çıxmaz – deyə düşünürəm.