adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Fevral 2018 16:35
14389
ELM VƏ TƏHSİL
A- A+

Qəbul imtahanlarının vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu il keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

Bakışəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Qeyd olunub ki, ölkədə keçirilə biləcək digər kütləvi tədbirlər nəzərə alınaraq qrafikdə dəyişikliklər edilə bilər. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.