adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Fevral 2018 15:13
59721
AVTOMABİL
A- A+

“Ayıq sürücü yol polisi ilə əlbirdir!” İDDİASINA rəsmi cavab verildi

Son zamanlar bəzi "ayıq sürücü”lərin yol polisi ilə əlbir olub sərxoş sürücüləri tələyə salması ilə bağlı iddialar müzakirə mövzusuna çevrilib. İddialara görə, "ayıq sürücü” avtomobili sahibinə təqdim edəndən sonra yol polisini çağırır və məlumat verir. Anındaca maşın sahibini içkili vəziyyətdə yaxalayan yol polisi müxtəlif bəhanələrlə ona cərimə protokolu yazır. Hətta həmin şəxs maşını işə salmayıbsa belə...
Bəs görəsən bu iddialarda doğruluq payı nə qədərdir?

Məsələ ilə bağlı danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, əgər içkili maşın sahibi hər hansı bir şəxsi dəvət edib, avtomobilini ona idarə etməyə verirsə, həmin şəxs nəqliyat vasitəsini sonuncu dayanacaq olan yerə gətirib park etməlidir.


"Park etmək üçün və ya digər səbəblərdən sərxoş vəziyyətdə olan şəxs nəqliyyat vasitəsinin sükanı arxasına əyləşib avtomobili idarə etməməlidir, məsafənin fərqi yoxdur, istəyir 2 metr qabağa versin, 3 metr arxaya sürsün. Hadisə bir dəfə olur, geri verəndə bir adamı vurub öldürə bilər. Sərxoş adam başa düşməlidir ki, onun avtomobilinin duracaq yeri haradadırsa, "ayıq sürücü” fəaliyyəti ilə məşğul olan şəxs o maşını park edib getməlidir. Heç bir kəsi səkidə durduğu yerdə və yaxud da avtomobildən sərnişin qismində düşdüyü yerdə bir nəfər də olsun yol patrul əməkdaşı inzibati məsuliyyətə cəlb eləmir, sərxoşluğa görə saxlamır. Kimi saxlayıblarsa, bu hərəkətdə olduğu halda baş verib, fərqi yoxdur yolda və ya məhəllədaxili ərazidə. Qanun göstərir ki, içkili sürücü yerindən asılı olmayaraq, sükan arxasına əyləşməməlidir. Sürücülərimiz də çalışmalıdır ki, bu tələblərə əməl etsinlər”.


K.Əliyev bildirib ki, yol polisi yol hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirir.


""Yol polisi sürücüləri tələyə salır” demək çox yanlışdır. İşkili halda nəqliyyat vasitəsi idarə edən şəxsi aşkarlamaq yol polisinin bilavasitə vəzifə borcudur. Kimin ki "ayıq sürücü”nün polislə əlbir olması ilə bağlı şübhəsi var, həmin adamlara sual vermək lazımdır ki, "ayıq sürücü”nü polismi onlara tapır, polismi təklif edir? Bu özünün tapdığı, çağırdığı adamdı. Onun çağırdığı adamla polis necə əlbir ola bilər? Əgər sürücünün "ayıq sürücü”yə inamı yoxdursa, elə bir adam çağırsın ki, ona etibar edə bilsin. Nə olursa olsun, kimsə gəlib avtomobili sərxoş şəxsin əvəzinə idarə edirsə, düz son nöqtəyə qədər - harada park etməlidirsə, park edib getməlidir. O sürücüdür, onun deməyə haqqı yoxdur ki, "mən avtomobili filan yerə park edə bilmərəm”. Bununla bağlı bizə dəfələrlə şikayət olub. Biz maşın sahibini dəvət etmişik yol polisi şöbəsinə, həmin adamlar da etiraf ediblər ki, "biz qonşulardan utandığımıza görə məhəllənin başında, ya da yaşadığımız ərazilərin yaxınlığında avtomobili saxlatdırıb, "ayıq sürücü”nü yola salmışıq və sükan arxasına oturub qalan yolu özümüz sürmüşük”. Həmin ərazidə də patrul onu saxlayıb. Sürücülər günahkar olduqlarını bilə-bilə öz günahlarını yol polisinin üstünə atmağa çalışırlar. Axı nəyə görə yol verdikləri səhvi polisin üzərinə yıxmalıdırlar? Nəzərə alınmalıdır ki, yol polisi əməkdaşlarının gördüyü işlər yol hərəkətinin təhlükəsizliyi üçündür”.


Bir neçə gün öncə "106.3” FM radiosunun "Avtostop” verilişinə müraciət edən Bakı sakini bildirib ki, restorana çağırdığı "ayıq sürücü” xidmətinin əməkdaşı onun maşınını evinə qədər gətirib. Daha sonra məhəllədəki duracaqda öz maşınına əyləşən içkili şəxs hava soyuq olduğundan siqaret çəkmək istəyib. Və bu vaxt yol polisləri onun başının üstünü kəsdiribllər, maşın cərimə meydançasına aparılıb, özü isə narkoloji dispanserə və 400 manat cərimə kəsilib.
Vətəndaş "ayıq sürücü”nün yol polisi ilə əlbir işləməsindən şübhələndiyini qeyd edib. Verilişin aparıcısı DJ Tural isə həmin şəxsə cərimə protokolunu ləğv elətdirmək üçün məhkəməyə müraciət etməyi məsləhət görüb.(modern.az)