Azərbaycanda əhalinin qazla təchiz edilməsi 93 faizə çatdırılıb
"Azəriqaz” İstehsalat Birliyində ölkə başçısının qazlaşdırılma ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə "Azəriqaz” İB tərəfindən indiyədək görülmüş işlərə nəzər yetirilib, prioritet istiqamətlər müəyyənləşdirilmiş, qurumun fəaliyyəti ətraflı təhlil edilib.
Müşavirədə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, "Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir:
"Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi ilə qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir”.
"Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev qeyd edib ki, 2010-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində yaşayış məntəqələrinin geniş miqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. O bildirib ki, 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10536 km təşkil edirdisə, Birliyin fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxt ərzində isə 48558 km yeni qaz kəmərləri çəkilib, 9101 km müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb.
Azərbaycan Prezidentinin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq bü günə qədər "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub. Hazırda "Azəriqaz” tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir. Ə. Hacıyev ASAN Kommunal mərkəzinin "Azəriqaz”la əməkdaşlığı barədə məlumat verərək, qeyd edib ki, bu əməkdaşlıq kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır.