adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Fevral 2018 22:28
12251
GÜNDƏM
A- A+

Azad maral

(Geoloqun xatirələrindən)

Ağamahmud Səmədov
Geoloq
Bu yaxınlarda köhnə yazıları vərəqləyərkən saralmış, qat kəsmiş bir vərəq düşdü əlimə. Baxıram aktdır. 40 il əvvəl-1978-ci ilin 22 iyun tarixində Balakən rayonundakı Filizçay adlı geoloji qəsəbəyə, insanlara pənah gətirmiş yaralı bir maral balasının Zaqatala Dövlət Qoruğunun əməkdaşlarına təhvil verilməsi barədə idi bu akt...
Bir anlığa xəyalən həmin vaxtlara qayıtdım. Hafizəmə hopmuş maraqlı - əvvəli bir qədər dramatik, lakin xoş sonluqlu xatirələrdən biri düşdü yadıma...
Burada haşiyə çıxaraq qeyd edim ki, hələ ötən əsrin ortalarında Böyük Qafqazın Cənub yamaclarının Azərbaycan hissəsində böyük miqyaslı Filizçay polimetal filizləri, az sonra isə oxşar tipli Kasdağ və Katex yataqlarının kəşf olunması ilə əlaqədar, 60-80-ci illərdə respublikamızın Rusiya Federasiyası və Gürcüstanla sərhəddində yerləşən Balakən rayonundan tutmuş ta Şəki rayonuna qədər ərazilərdə geniş geoloji-kəşfiyyat və axtarış işləri aparılırdı.
Hamıya bəlli olduğu kimi hər bir ölkənin qüdrəti, iqtisadi gücü onun inkişaf etmiş sənayesi ilə ölçülür. Sənayenin inkişafını isə güclü dağ-mədən sahəsiz, dağ-mədən sahəsini isə etibarlı mineral-xammal bazasız, yəni zəngin faydalı qazıntı yataqları olmadan təsəvvür etmək mümkün deyil. Təbii ki, geoloji-kəşfiyyat işləri böyük miqdarda dağ qazmalarının - xəndəklərin, dəlmələrin, bəzən hətta yer altında uzanması min metrlərlə ölçülən mağaraların, buruq meydançalarının, həmçinin, buruq quyularının qazılması, yolların və digər kommunikasiya şəbəkələrinin keçilməsi, qəsəbələrin və başqa yaşayış məntəqələrinin salınması ilə müşayiət olunurdu. Həm də bu işlər yerüstü və yeraltı partlayış işlərinin köməyi ilə həyata keçirilirdi. Geoloji-kəşfiyyat işlərinin regionun əsrarəngiz, bir çox hallarda isə toxunulmamış, ilkin təbiətinə geniş texnogen təsiri olurdu. Vaxtilə, insan ayağı dəyməyən sıx meşələrdəki qiymətli heyvanat aləmindən - maral, cüyür, dağ keçisi, köpkər, ayı, canavar və s. quşlar, digər fauna növləri kəşfiyyat işləri aparılan sahələrdəki buruq qurğuları, buldozer, maşın, müxtəlif texnika növlərinin uğultusundan, qazmalarda aramsız aparılan partlayışların gurultusundan lərzəyə gəlirdi. Artıq 70-ci illərin sonlarında qeyd etdiyimiz ərazilərdə yayılan vəhşi heyvanlardan bir çoxu öz təbii yaşayış arealını dəyişərək qonşu Dağıstana və Gürcüstan ərazisinə keçməli olmuşdular.
Bundan başqa, tez-tez ova gedənlər də tapılırdı. Sayı xeyli azalmış heyvanlardan "amansız ovçu" gülləsinə tuş gələnlər də olurdu. Kimsə nəsli kəsilməkdə olan və Pliosen geoloji dövrünün (20 mln ildən artıq bundan əvvəl) nadir yadigarı olan qaraçöhrə ağacına balta qaldırırdı. Təbii ki, o zaman Zaqatala Dövlət Qoruğunun əməkdaşları və meşəçilər bu neqativ halla mübarizə aparırdılar. Amma bu çox ağır bir missiya idi. Çünki, adı çəkilən yataq və təzahürlərdə geoloji-kəşfiyyat işlərini başa çatdırmaq zərurəti vardı. "Bəs nə etmək olar ki, bu təsir minimuma endirilsin?" - sualı bir çoxları kimi məni də düşündürürdü. O vaxtlar gənc olsam da, Balakəndə çıxan "Şən həyat" adlı rayon qəzetinin redaktoru ilə danışıb "Təbiət və biz" adlı rubrika açdıq və orada təbiəti mühafizə məsələləri ilə bağlı yazılar çap etdirməyə başladım. Bir qədər sonra "Azərbaycan təbiəti", "Elm və həyat" jurnallarında bu mövzuda yazılarım çap olunmağa başladı. Təbiətimizin saflığının qorunması və onun gələcək nəsillərə çatdırılması ilə əlaqədar, mənim xoş niyətimi, fikirlərimi, məramımı, arzu və istəklərimi anlayanlar az deyildi, amma ovla məşğul olanlar və ağac kəsməyə meyili olanlar arasında mənə düşmən gözü ilə baxanlar da vardı. Hətta, mehriban münasibətdə olduğum insanlardan da öz narazılığını ifadə edənlər də tapılırdı.
Vəhşi heyvanların mühafizəsi ilə bağlı hisslər məndə universiteti bitirdikdən sonra təyinatla Mərkəzi Qazaxıstanda işləyən zaman yaranmışdı. Karaqanda vilayətinin cənubunda yerləşən Betbaktala səhrasında geoloji planalma işlərinin aparılmasında iştirak edən zaman orada geniş yayılmış və antilop ailəsinə aid edilən sayqakların necə amansızcasına ovlandığının şahidi olmuşdum. Biləndə ki, planetimizin hər yerində bu nəcib heyvanların nəsli kəsilib, yalnız yeganə yayılma arealı Qazaxıstanın cənubundadır, narahatlığım qat-qat artdı. O zaman bəzi tanışlar Karkaralı dağında arxar (vəhşi qayun), Sarısu və Çu çaylarının vadisində çöl donuzu ovladıqlarını fəxrlə, fərəhlə danışırdılar. Yaxşı ki, sonralar Qazaxıstanın adı çəkilən dırnaqlı heyvanlarının mühafizəsi gücləndirildi və indi onlar ciddi mühafizə olunur.
Qazaxıstanda 4 il işlədikdən sonra Azərbaycana qayıdarkən məni Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasının Filizçay geoloji kəşfiyyat partiyasına geoloq işləməyə göndərdilər.
Başlanğıcda qeyd etdiyim 40 il əvvəlki hadisə Filizçayda aydın, sakit, sərin bir iyun günündə baş vermişdi. Adətim üzrə tezdən yuxudan oyanıb yaşadığım evin həyətinə çıxmışdım. Hava mülayim idi, yağış da yağmırdı. Cəmi 20-30 metrlik məsafədə aşağıdan axan Qarabçayın şırıltılı səsi, ətrafdakı ağaclarda isə sanki bu həzinliyi daha da təravətləndirən quşların ecazkar səslə oxuması sanki adamı məst edirdi (buna obrazla "Sakitliyin səsləri" də deyirlər). Geoloji-kəşfiyyat partiyasının bazasındakı kluba tərəf baxan zaman mühəndis Firuz Əskərovun mənə sakitcə əllə işarə edərək yaxınlaşmağımı bildirdiyini gördüm. Bu zaman Piritçay dərəsində iri olmayan dırnaqlı bir heyvanın bizə baxdığını, sonra isə axsaya-axsaya yavaşca uzaqlaşmaq istədiyini gördük. Bu birillik maral balası idi. Bəlkə də hansısa vəhşi heyvan bu ərəfədə onu qovub qayadan uçurmuşdu. Firuzla məsləhətləşdik ki, heyvanı bu vəziyyətdə meşəyə buraxa bilmərik, o ya acından ölər, ya da ayıya, canavara yem olar. Səhər saat 7 radələri olardı... Səsə bir neçə gənc işçi gəldi. Adamların sayının artması ayağı yaralı, kiçicik buynuzunun biri sınmış maralın deyəsən xoşuna gəlmədi və o çətinliklə də olsa uzaqlaşmağa, sərt relyefli dikə qalxmağa can atdı. Biz onu çox çətinliklə saxlayırdıq. Yanımızda olan gənc buruq fəhlələrindən xahiş etdim ki, təcili ip tapıb gətirsinlər. Çünki, maral Qoruq əməkdaşlarına təhvil verilənədək təhlükəsiz bir yerdə saxlanılmalı idi. Bizim "məşğulluğumuz"un sorağı tezliklə qəsəbəyə yayıldı və birazdan maralın ətrafında xeyli insan yığışdı. Toplananların böyük əksəriyyəti bizə pənah gətirmiş bu heyvanı kəsməyi təklif edirdi. Bir nəfər - Şimali Osetiyadan gəlmiş, həm də mənimlə dostluq münasibətində olan buruq ustası köməkçisi isə evdən gətirdiyi iri bıçaqla marala tərəf gedəndə mən onu saxlayaraq bildirdim ki, bu heyvan imdad gözləyərək bizə pənah gətirib. Biz onu Zaqatalaya - Qoruğa göndərməliyik. Qoruğun baytar həkimi onu sağaldacaq. O yenidən təbiət qoynuna buraxılacaq. Biz səninlə dostuq, amma bil ki, sən bu heyvana bir xətər yetirsən, cərimə ilə canını qurtara bilməyəcəksən - həbsxanada yatmalı olacaqsan.
Sonra maralı partiya rəisi N. Musayevin ailəsi olan həyətə gətirdik.
O zamanlar Filizçay qəsəbəsi 25 km məsafədə yerləşən Ekspedisiyanın bazası ilə gündə 4 dəfə radiostansiya vasitəsilə əlaqə saxlayırdı. Səhər növbəti 1000 seansında ekspedisiya rəisinin adına belə məzmunda radioqram göndərdik:
"Yaralı maral balası tapmışıq. Xahiş edirik Zaqatalaya, Qoruğa xəbər verin ki, baytar həkimi ilə nümayəndənizi göndərsin gəlib onu bizdən qəbul etsinlər".
Elə həmin gün günorta radələrində Qoruğun iki əməkdaşı (sahə rəisi Əli Süleymanov və yeger Hədə Mehdiyev) Filizçaya gəldi. Maralı aktla Qoruq işçilərinə təhvil verəndə dedim ki, gəlin onu Azad adlandıraq, çünki o bütün canlılar kimi azadlıqda yaşamaq üçün doğulub. Razılaşdıq. Bir müddət sonra qəzetdə "Azad maral" adlı yazım çap olundu.
Kimlərsə düşünə bilərlər ki, Filizçay qəsəbəsinə gəlmiş 1 illik maral balasını Qoruğa təhvil verməyə nə vadar etdi bu insanı? Axı belə olmamalı idi! Bu hadisədən sonra necə-necə adam mənə iradını bildirmişdi. "O maral bizim qismətimiz idi, niyə sən onu Qoruğa göndərdin, yaxud "yeməyənin malını yeyərlər", "sən yemədin, onlar yedi" və s. Əslində həmin maral Zaqatala Dövlət Qoruğunun həyətində bəslənildi, reabilitasiya keçdi. Sonra Göygöl Dövlət Qoruğuna verildi. Amma, sonralar maralla əlaqədar o qədər söz-söhbətlər oldu ki, gəl görəsən. Guya onu heç Zaqatalaya aparıb çıxarmayıblar, nə bilim Qoruqda yeyiblər və s. Fəqət, əsil həqiqət yuxarıda qeyd etdiyim kimidir. Müdrik bir insan demişkən "Həqiqəti söyləyən zaman utanmayın". Bunu onlarla adam görüb və bilib. Aqil adamlardan birinin sözüdür: "Düşmənindən qorxma o səni öldürə bilər, dostundan qorxma o sənə xəyanət edə bilər, qorx biganələrdən-yer üzündə ölüm və xəyanət onların sakitcə etdikləri razılıqla baş verir." Gənc ikən prinsipiallıq edərək zədələnmiş, Azərbaycan florasının nadir nümunəsi olan bir heyvanın xilas olunması naminə tutduğum mövqe yadıma düşəndə sonsuz məmnunluq hissi duyuram. Böyük Qafqazın Cənub yamaclarında işlədiyim zaman doğma yurdumuzun vəhşi təbiətinin; istər fauna, istərsə də flora aləminin qorunması naminə etdiyim səylər bu gün mənim xoş xatirələrim, mənəvi sərvətimdir.
Amerika alimi Edvard Lorens 1963-cü ildə elm aləmini unikal "Kəpənək effekti" fenomeni ilə heyran qoydu. O isbat edirdi ki, hətta ən kiçik xətalar belə son nəticədə heç kəsin belə güman etmədiyi qlobal səhvlərə gətirib çıxarır. Daha doğrusu son nəticə ilkin vasitələr və şərtlərdən asılıdır. Lorens belə bir fikir söylədi: "Sinqapurda hər hansı bir kəpənəyin qanad çalması Filadelfiyada çox güclü bir tornadoya səbəb ola bilər".
Lorensdən xeyli əvvəl 1952-ci ildə məşhur Amerika yazıçısı - fantast Rey Bredberi "Və ...ildırım çaxdı" adlı məşhür əsərini yazmışdı. Əsərdə onlarla milyon il əvvələ qayıtmış bir insanın dinozavr ovlayan zaman ehtiyatsızlıq üzündən kəpənəyi tapdalayaraq əzməsinin zəmanəmizdə necə böyük təlatümlərə səbəb olduğu göstərirdi.
Təbiətdə hər şey bir - biri ilə əlaqədədir... Və bu bir daha onu göstərir ki, hər hansı bir bioloji fərdin məhv edilməsi əvəzsiz qalmır. Heyvanları sevməyən şəxs insanları da sevə bilməz.
Bir necə il əvvəl köhnə tanışım mənə "dostcasına" belə dedi:
- "Onu vurma, bu ağacı kəsmə. Bu fanatizm sənə nə verdi. Gördün də başqaları nəyə nail oldular, sən də onlardan biri ola bilərdin".
- Yox, qardaş, dedim- səhv edirsən, bəlkə də mən sən dediklərindən qat-qat dövlətliyəm. Şükür yaşamağa evim var, ac deyiləm. Həyatın əbədi olmadığını anladığım üçün Tanrı tərəfindən verilmiş ömrü daha mənalı yaşamağa can atıram. Bəşər mədəniyyətinin inciləri ilə imkanım daxilində tanış olur, kitab oxuyur, muzeylərə, teatrlara, müxtəlif mədəni tədbirlərə gedir, ölkəmizin tarixində iz buraxmış yerləri ziyarət etməyə can atıram. Ara-bir cızma-qara edirəm. Fəxr edirəm ki, çox istedadlı və böyük potensialı olan bir xalqın nümayəndəsiyəm.
Həyatın mənasını hər gün yeyib içməkdə və ötəri könül xoşluğunda görən insanlara yazığım gəlir.
İnsan üçün ən böyük xoşbəxtliyi vicdanla işləməkdə, təmənnasız xidmətdə, kiməsə sevinc bəxş etməkdə, xeyirxahlıqda, səxavətli olmaqda və gələcəyə inam bəsləməkdə görürəm. Belə baxanda...həyatda o qədər maraqlı və mənalı şeylər vardır ki...
- Dostum, indi sən de, kimdir dövlətli?