adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Fevral 2018 22:17
29352
ƏDƏBİYYAT
A- A+

QURD KEÇİNİN NƏYİNİ YEYİB?

Qədir
Allahverdiyev
Tərtər rayon
Ağsaqqallar
Şurasının sədri

"Ədalət" qəzetinin son günlərdə çıxan nömrələrinin birində hörmətli millət vəkilimiz, tanınmış yazıçı-publisist Aqil Abbasın maraqlı bir yazısına rast gəldim. Yazının sərlövhəsi dərhal çəkdi diqqətimi. Səhv etmirəmsə, həmin sərlövhə beləydi: "Bu millətin başında az dəlləklik edin".
Etiraf edim ki, Aqil Abbasın təsisçisi və baş məsələhətçisi olduğu "Ədalət" qəzetində dərc olunan bütün yazılarını diqqətlə oxuyuram. Hamısı da necə deyərlər, ürəyimdən tikan çıxarır. Ona görə ki, bir çox jurnalistlər kimi, Aqil Abbasda mədhiyyəçilik yoxdu. Onda ancaq özünəbənzərlik var. Şəxsiyyəti və xarakteri necədirsə, elə yazıları da o cürdü. Öz yolu, öz dəsti-xətti var onun. Aqil nədən yazırsa yazsın, onun baş mövzusu Vətəndir. Vətənin problemləri, qayğıları, dərd-sərləridir onu daim düşündürüb narahat edən. Çap olunmuş irihəcmli kitablarında da görmüşük bunu. Buna misal olaraq təkcə ədəbi ictimaiyyət və geniş oxucu kütləsi arasında böyük sensasiya doğurmuş "Dolu" romanını və onun əsasında çəkilmiş filmi xatırlatmaq kifayətdir, məncə.
Aqil yumoru çox sevir. Yazılarının əksəriyyəti yumorla yoğrulmuş, yumorla cilalanmış olur.
Yadımdadır ki, bir vaxtlar - çadır şəhərciklərinin dəbdə olduğu vaxtlarda Aqil müəllimin bir Xoruzu vardı.
Əslində o Xoruz Aqil müəllimin yox, çadır şəhərciklərinin bir nömrəli qaçqını Həsənqulunun Xoruzu idi. Aqil müəllim onu Həsənquludan alıb müvəqqəti olaraq icarəyə götürmüşdü.
Ona görə ki, o Xoruz lazım idi onda. Aqil müəllim o vaxtlar şəxsən özünü və ictimaiyyəti narahat edən məsələləri o Xoruzun dili ilə deyirdi. Düzdü, Xoruz adam kimi danışmırdı, banlayırdı. Amma onun da tərcüməçisi vardı, banlaya-banlaya dedikləri çatdırılırdı hamıya.
Hayıf o Xoruzdan! Bilmirəm indi sağdımı, yoxsa yeyiblərmi onu. Amma Xoruz da Xoruz idi ha! Adam kimi dil bilirdi, nə olsun ki, adam döyüldü. Ona görə də indi onun adını adam adı kimi böyük hərflərlə yazıram.
Nə isə. Söz sözü çəkər deyiblər, haqlı da deyiblər. Söz rezin kimi bir şeydi. Çəkdikcə uzanacaq. Yaxşısı budu ki, daha sözü uzatmayıb keçək əsas mətləbə.
Yazının əvvəlində demişdim ki, Aqil müəllimin yazısının sərlövhəsi çəkdi diqqətimi. Öz-özümə fikirləşdim ki, balam, yenə Aqil müəllim niyə əsəbiləşib belə? Kimlərdi onu əsəbiləşdirən, kimlərdi bu millətin başında dəlləklik eliyən? Ağlıma o gəldi ki, Aqil müəllim yumoru sevir axı. Görünür elə, yumorla başlayıb deyiləcək sözlərini.
Yazını oxuyanda gördüm ki, yox, məsələ mənim düşündüyüm kimi deyilmiş. Sən demə, Məşədi İbad, deməli, "bu xına, o xınadan deyilmiş".
Aqil müəllim nahaq yerə əsəbiləşmirmiş. Onu əsəbiləşdirən sözlərdəki qoşa samitələrin birinin ixtisara salınması barədə hörmətli dilçi alimlərimizin qaldırdıqları məsələ imiş. Yəni, orfoqrafiyamızda dəyişiklik aparılması qaydası varmış ortalıqda.
Aqil müəllimin yazısını oxuyandan və ayrı-ayrı qəzetlərdə bu səpgidə gedən yazılarla tanış olandan sonra məndə belə bir haqlı sual yarandı:
Görəsən, qurd keçinin nəyini yeyib? Uzun əsrlərdən bəri söz tərkiblərindəki qoşa samitlər kimin yerini dar eləyib ki, indi düşüblər o yazıqların üstünə? Görəsən onların birini ixtisara salmaqla qazancımız nə olacaq?
Hazırda həmin məsələnin müzakirəsi gedir. Əgər müzakirədən sonra geniş ictimaiyyət də Azərbaycan dilinin saflığını qorumağı o cür cılız məsələdə görəcəklərsə, dilçi alimlərimizin səsinə səs verəcəklərsə, vay bizim halımıza!
Belə bir qaydanın da mövcud olduğunu inkar edə bilmərik ki, kiçiklər həmişə böyüklərdən nümunə götürürlər, böyüklərə baxıb hərəkət edirlər. Başqaları ilə işim yoxdu. Can qardaşımız, qan qardaşımız Türkiyədə bizim "ana" dediyimiz sözə onlar "annə" deyirlər. Görəsən onlar niyə həmin sözdəki qoşa samitin birini atmaq haqqında məsələ qaldırmırlar? Əgər o sözdəki samitin biri ixtisara salınsa, türk qardaşlarımız "anə" sözü ilə razılaşarlarmı? Yaxud bizdən qat-qat böyük olan Şimal qonşumuz rusları götürək. Məgər onlarda qoşa samitlə yazılan "postoyannıy", "sovremennıy", "vremennıy" kimi sözlər azdımı? Onlar niyə bundan narahat olmurlar?
Yenə Məşədi İbaddan gətirəcəyəm misalı. Məşədi İbad Sərvərin qadın libasında gətirildiyini görəndə: "Əşi, bu gəlini gətirəndə baxmazlar ki, bu kişidi, ya qadındı?" - sözlərini əbəs yerə demişdimi?
İndi bizim hörmətli dilçi alimlərimiz sözlərdəki qoşa samitlərin birinin atılması fikrinə düşəndə, görəsən onların yaradacaqları fəsadları nəzərə alıblarmı? Nəşriyyatlarda, mətbuatda, ad və sənəd dəyişmə əməliyyatlarında yaranacaq problemlər haqqında heç düşünüblərmi?
Mən hələ böyük-böyük problemləri qoyub belə az əhəmiyyətli məsələlərə vaxt sərf etməyin mənasız olduğunu demək istəmirəm. Qoy bu barədə hamı yaxşı-yaxşı düşünsün.
Mən sözümü burda bitirirəm. Amma soyadımın və vəzifəmin yazılışında qəliz bir məsələ çıxır ortalığa. Bilmirəm, soyadımdakı "Allah" sözünü "Alah", vəzifəmdəki "ağsaqqal" sözünü "ağsaqal" şəklində yazsam, mənə nə deyərlər? Yox, əzizlərim, məni bağışlayın, bunu bacarmayacağam. Elə dədə-baba qaydasında yazacam imzamı.