adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Fevral 2018 12:51
10454
SİYASƏT
A- A+

Toğrul İsmayıl: “Türkiyə müharibə aparsaydı, Afrini yarım saata alardı...”

Türkiyə Silahlı Qüvvələrinin PKK, YPG və İŞİD terrorçularına qarşı Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatı davam edir. Ötən gün Afrinin şimal-şərqində, Şeyx Xoruz bölgəsində hərəkata qoşulan Türkiyə ordusunun tankı terrorçular tərəfindən zərbə alıb. Nəticədə isə Türkiyə ordusunun 7 əsgəri şəhid olub.

Türkiyə mətbuatını yaydığı məlumata görə PYD/YPG terrorçuları Afrində türk tankını ABŞ istehsalı olan "BGM-71 TOW” tank əleyhinə raket kompleksi ilə vurublar.

Bölgədə ötən günü Rusiyanın təyyarəsi də vurulub. Belə ki, Suriyanın İdlib bölgəsində uçuş həyata keçirən Rusiyaya məxsus Su-25 təyyarəsi silahlıların nəzarətində olan rayonda səyyar zenit-raket kompleksindən atəşə tutulub. Rəsmi məlumata əsasən, Suriyada aparılan hərbi əməliyyatlar zamanı Rusiya bu insidentədək 4 təyyarə və 4 helikopter itirib.

Türkiyədə çalışan və yaşayan politoloq Toğrul İsmayıl "Yeni Müsavat”a əməliyyatların aparıldığı bölgədəki vəziyyəti şərh elədi. O bildirdi ki, hələ əməliyyatlar başlamadan öncə də söylənilmişdi ki, Afrində coğrafi şərtlər və hava şəraiti çətindir:"Bütün bunlar hamısı təbii ki, öz təsirini göstərir. Ən azından görüntülər də onu göstərir ki, bu bölgədəki terror qrupları savaşa ciddi şəkildə hazırlaşıblar. İstehkam qurğularının, təyyarələrin bombardmanlarından gizlənmək üçün sığınacaqların olması ciddi hazırlıqların göstəricisidir. Əlbəttə ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələrinin, təhlükəsizlik güclərinin məlumatları var. Bu səbəbdən də diqqət edirsinizsə, əməliyyat mühasirəyə alma, qrupları bir-birindən kəsmə yolu ilə davam etdirilir. Bunu da unutmamaq lazımdır ki, hərbi taktikada normal şərtlərdə bir müdafiəyə 10 əsgər düşər. Yəni qarşı tərəfdəki 8-10 min nəfərlik qrupa Türkiyənin 80-90 min nəfərlik ordu yeritməsi lazımdır. Ancaq hazırkı məqamda Türkiyənin ora yeritdiyi əsgəri güc, söylədiyimiz rəqəmdən çox aşağıdır. Bu onu göstərir ki, Türkiyə daha ehtiyatlı, diqqətli hərəkət etməyə çalışır. Kimlərsə deyirsə ki, Türkiyə əməliyyatlarda gecikir bu, mənə görə anlaşılmır. Belə fikirlər, Rusiya və digər ölkələrin təxribatı nəticəsində ortaya çıxa bilər. Bu qədər ehtiyatlı və yavaş gedilmənin əsas səbəblərindən biri orada sivil vətəndaşların ölümlərinin çox olmasını əngəlləməkdir. Çünki Afrin kiçik bir yer deyil, əhalisi və yaşayış yerləri çoxdur. Ona görə də əməliyyat zamanı sivil vətəndaşların zərər görməməsi üçün son dərəcə ciddi çalışmaq lazımdır. Afrinin şəhər mərkəzinə yaxınlaşdıqca Türkiyə tərəfindən itkilərin artacağı bilinən məsələ idi. Ancaq bir mütəxəssis kimi onu deyə bilərəm ki, bugünkü şəraitdə terrorçuların itkilərinə qarşı türk ordusunun itkisi olduqca azdır. Unutmamaq lazımdır ki, qarşı tərəfin əlində Amerika və başqalarının verdiyi son dərəcə müasir silahlar var”.

Politoloq qeyd elədi ki, içəriyə doğru hərəkət edildikcə, hadisələr daha da ciddiləşəcək:"ABŞ yerüstü əməliyyatları aparmamaq üçün PYD, PKK terror ünsürlərinə önəm verir. Yəni bir terroristlə digərini vurmağa çalışır. Ancaq Amerikanın Suriyada yerüstü əməliyyatları aparması imkansız görünür. Hadisələr göstərdi ki, burada yerüstü əməliyyatları ən manevrli, güclü formada apara bilən güclər Türkiyə, Rusiya və İrandır. Bütün bunların içərisində isə Türkiyənin apardığı əməliyyat daha güclüdür. Bunu unutmamaq lazımdır ki, Suriyada savaş bitməyib və orada fərqli mənfəət qrupları var. Ona görə də Türkiyəyə qarşı belə hücumlar getdikcə çoxalacaq. Türkiyənin Afrin bölgəsində uğuru artdıqca, başqa bölgələrdən də hücumların artması mümkündür. Eyni şey Rusiyaya qarşı baş verə bilər. Diqqət edirik ki, rusların da təyyarələri vuruldu. Bunlar hamısı onu göstərir ki, Suriyada məsələ hələ bitməyib və daha da ciddiləşməkdədir. Kimsə deyirsə ki, İŞİD və digər qruplaşmalar bitdi, bunu söyləmək hələ tezdir. Maraqlar fərqlidir, oyunçuların istədikləri də eynilə bu cürdür. ABŞ başqa bir şey istəyir, Türkiyə ilə tərs gəlir. Baxın, ABŞ-ın maraqları, NATO-dan müttəfiqi ilə tərs gəlir. Müttəfiqinə qarşı, onun terror saydığı qruplarla iş birliyindədir. Eyni şəkildə dünənə qədər rəqib olan Türkiyə, Rusiya, İran indi ABŞ-ın siyasətinə qarşı bir araya gəlib. Sabah ABŞ Türkiyəyə qarşı siyasətini dəyişsə, yuxarıda söylədiyim üçlüyün davranışı necə olacaq? Yaxud ABŞ Rusiya ilə anlaşarsa nələr baş verəcək? Bu sualların cavabını söyləmək olduqca çətindir. Bölgədə oyun gedir. Bizim əsas istəyimiz Türkiyə ordusunun az itki verərək, qalib çıxmasıdır. Əslində bölgədə oyun aparanların sayı çoxdur. Türkiyə, İran, Rusiya indi bir görünsə də hamısının öz maraqları var. Avropa Birliyini, İngiltərəni, Fransanı, Almaniyanın davranışlarını unuduruq. Yəni oyunçular çoxdur və onlar bir-birilərilə razılıq əldə etməyincə bölgədə savaş səngiməyəcək”.

Müxtəlif şərhlərdə Afrinin ərazi baxımdan kiçik olduğunu, Türkiyənin isə buna baxmayaraq əməliyyatlarının ləngidiyini söyləyənlər də var. T. İsmayıl bu cür şərh verənlərə aşağıdakıları söylədi:"Bu cür fikir söyləyənlər ya müharibə nədir bilmirlər, ya da Türkiyənin yürütdüyü əməliyyatın nə olduğunu anlamırlar. Türkiyə, Suriyada müharibə aparmır. Türkiyə orada anti-terror əməliyyatı həyata keçirir. Əgər müharibə aparsaydı, ordusunu yeridib, Afrini yarım saata alardı. Ancaq onlar bölgəni addım-addım terroristlərdən təmizləməklə məşğuldur. Bunu edən zaman da vətəndaşların ölümünün qarşısını alır. Terroristlər çox zaman əhalini qalxan halına çevirirlər. Türkiyənin isə bu əməliyyatlarla bağlı təcrübəsi çoxdur. Savaş olsaydı, tankını yeridib, toplarla darmadağın edərdi. Ancaq Türkiyə konkret nöqtələri vurur. Buna görə də sürət belədir. Bütün bunları nəzərə almaq lazımdır”.