ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜRÜCÜLƏR CƏRİMƏLƏRİ ÖDƏMƏSƏLƏR...

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə «Ədalət»in birgə reydi

4561    |   2018-02-05 12:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Respublikamızın bütün avtomobil yollarında neçə illərdir ki, ən müasir kameralar quraşdırılıb. Təbii ki, bu kameraların quraşdırılmasında əsas məqsəd ondan ibarət olub ki, sürət həddini aşmış heç bir sürücü məsuliyyətdən kənarda qalmasın. Çünki əvvəllər yüksək sürətlə hərəkət edən avtomobilləri yol polisi əməkdaşları saxlayaraq məsuliyyətə cəlb edirdilər. Bayaq dediyimiz kimi, indi bu qayda pozuntularına yol verərkən polislə sürücü arasında heç bir ünsiyyət olmadan hər şey kameranın yaddaşına yazılır.

Ümumiyyətlə, respublikamızın avtomobil yollarında kameraların quraşdırılması bu sahədə mövcud olan böyük qanun pozuntularının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb edir. Üstəlik də bu kameralar vasitəsilə ağır cinayətlər törədib aradan çıxmaq istəyən, avtomobilləri oğurlayıb izi itirməyə çalışanların heç biri məsuliyyətdən kənarda qalmır.


Yol Patrul Xidməti Alayının bütün tağımlarında demək olar ki, kobud qayda pozuntularına qarşı mübarizə geniş vüsət alıb. Elə məhz bunun nəticəsidir ki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər hesabına son vaxtlar kobud qayda pozuntularına yol verən sürücülərin sayı əvvəlki vaxtlarla müqayisədə xeyli azalıb.

Bu mənada Yol Patrul Xidməti Alayının Bakı-Quba avtomobil yolunda xidmət göstərən 1-ci tağımının əməkdaşları da bütün qayda pozuntularına qarşı ciddi mübarizə aparırlar. Son vaxtlar isə əsas diqqət yükdaşıma qaydalarının pozulmasına, sərnişindaşıma qaydalarına əməl edilməsinə, cərimələri ödəməyən sürücülərin məsuliyyətə cəlb edilməsinə yönəldilib.


Birinci tağımın polis baş serjantı İslam Cəfərov xarici markalı maşının sürücüsünə işarə edərək saxlamağı tələb edir. Və maşının surucusu da stasionar postda avtomobili saxlayır. Polis baş serjantı İslam Cəfərov sürücünü stasionar posta dəvət edir. Məlum olur ki, bu sürücünün 300 manatdan çox ödənilməmiş cərimə borcları var. Ona görə də nəqliyyat vasitəsi müvəqqəti duracağa qoyulur. Sürücü həmin cəriməni ödəyəndən sonra avtomobilin idarə edilməsinə icazə veriləcək.

Təəssüflə qeyd etməliyik ki, bu gün bir çox sürücülər dəfələrlə cərimə edildiklərinə baxmayaraq, onu ödəməkdən boyun qaçırırlar. Hətta elə sürücülər var ki, cərimə borcları 2000 manat civarını keçib. Belə sürücülərin avtomobilləri də stasionar posta yaxınlaşarkən ağıllı radarlar tərəfindən aşkarlanır və həmin sürücüləri yol polisi əməkdaşları saxlayaraq məsuliyyətə cəlb edirlər. Bəzi sürücülər borclarını ödəyə bilmədiklərini maddi imkanlarının az olmasıyla izah etməyə çalışırlar. Bəzən buna inanmaq da olur, inanmamaq da.



Elə sürücü var ki, 80-100 min manatlıq avtomobilin sükanı arxasında əyləşir, 200-300 manatlıq borcu ödəmək istəmir. Onu da stasionar postda saxlayanda bir vay-şivən, hay-küy qoparır ki, gəl görəsən. Hətta bu zaman bəzi «atasının gül balası» yol polisinə hədə-qorxu gəlməkdən belə çəkinmir. Qanun isə hamı üçün şamil edilir. Burda kimin vəzifədə olub-olmamasından asılı olmayaraq, qanunu pozmusansa, deməli, zəhmət də çəkib cəzanı almalısan. Yəni cərimə borcu olan hər bir sürücü kimliyindən asılı olmayaraq, onu ödəməyə borcludur.

Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov bildirir ki, son vaxtlar cərimə borcları olan sürücülərə qarşı mübarizə daha da gücləndirilib. Sözün açığı, borcu olan nəqliyyat vasitələrinin sahiblərini saxlayanda onların borcunun çox olmasına biz özümüz də təəccüblənirik. Düzdür, onların bəziləri həmin borcu qısa zamanda ödəyirlər. Amma elələri də var ki, yalvar-yaxar edib buraxılmasını bildirirlər. Bu mənada mən borcu olan bəzi sürücüləri istər-istəməz qınayıram. Bax, əgər sənin cərimə borcun varsa, niyə onu ödəməyəsən? Tağımımızın əməkdaşları kobud qayda pozuntularına - sərxoş sürücülərə, qəza şəraiti yaradanlara, hüquqsuz avtomobilləri idarə edənlərə qarşı da mütəmadi mübarizə aparırlar. Biz həmişə sürücülərə tövsiyə etmişik ki, nəinki kobud qayda pozuntularına, ümumiyyətlə, heç bir qayda pozuntusuna yol verməsinlər. Çünki hər bir qayda pozuntusu növbəti baş verəcək qəzaya şərait yaradır. Ona görə də sürücülər sükan arxasında diqqətli olsa, qaydaları da tez-tez pozmazlar.
Keçirilən reydlər zamanı 1-ci tağımın əməkdaşlarından İslam Cəfərov, Adil İsmayılov, Elçin 
Mətəllimov, Emin Əsədov, Anar Hümmətov, Əli Rzayev, İbrahim Hacıbalayev, Əkbər Mahmudov, Tusi Bayramzadə qaydaları pozan sürücülərə qarşı inzibati protokol tərtib ediblər. Bəzi sürücülərlə isə yol polisi əməkdaşları izahat və maarifləndirmə işləri aparıblar.



Əlbəttə, hər bir hərəkət iştirakçısından respublikanın avtomobil yollarında həddindən artıq məsuliyyətli və diqqətli olmaq tələb edilir. Xüsusən də sürücülər sükan arxasında olarkən hər an, hər dəqiqə mürəkkəb hava şəraitini nəzərə almalı, ara məsafəsi saxlamalı və sürət həddinə əməl etməlidir. Deyilən bu tələblərin yerinə yetirilməsi birmənalı olaraq sürücülərin mənzilbaşına heç bir qəza baş vermədən çatmasına munbit şərait yaradır.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Rasim ƏLİYEV – 1-ci tağımın baş inspektoru, polis leytenantı; Anar HÜMMƏTOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Adil İSMAYILOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin ƏSƏDOV- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı






İmza:
SON XƏBƏRLƏR
2018-05-27
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK