adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Fevral 2018 15:59
27737
TEXNOLOGİYA
A- A+

“Facebook”un 14 yaşı oldu

Bu gün Facebookun yaranmasından 14 il ötür. 2004-cü il fevralın bu günü Harvard Universitetinin tələbəsi Mark Zukerberq "The Facebook” adlı sosial şəbəkəni istifadəyə verib.

Sosial şəbəkədə əvvəlcə yalnız Harvard Universitetinin tələbələri qeydiyyatdan keçə bilərdilərsə, martdan etibarən "The Facebook” Stendford, Yelsk və Kolumbiya universitetlərinin tələbələri üçün də əlçatan olub.

2005-ci ildə şirkət 200 min dollara "facebook.com” domen adını satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinin istifadəsinə verilib. 4 ildən sonra artıq şirkətin qiyməti 41 milyard dollar həcmində qiymətləndirilirdi.

2012-ci ilin mayında "Facebook” texnologiya sənayesi tarixində ən böyük "IPO”-nu keçirdi və 16 milyard dollardan çox vəsait cəlb edə bildi. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 104 milyard dollar həcmində qiymətləndirildi.

Hazırda dünyada "Facebook” istifadəçilərinin günlük sayı 1.8 milyard nəfər təşkil edir. İstifadəçilərin sayına görə lider ölkə Hindistandır. ABŞ və Braziliya müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, "SocialBakers”in reytinqində 213 ölkə təqdim edilib. Vatikan ən az "Facebook” istifadəçisinə malik dövlətdir.

Facebook sosial şəbəkəsinin istifadəçi sayı ölkədə "doyumluluq” həddinə çatıb. Belə ki, artıq bir ildən çoxdur ki, ölkədəki istifadəçi sayı 1.7-1.75 milyon ətrafında dəyişir. Hazırda Azərbaycanda aktiv Facebook istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir.

Yaş tərkibinə görə istifadəçilərin 660 mini 13-25 yaşlarında, 570 mini 26-35 yaşlarında, 279 mini 36-45 yaşlarında, 126 mini 46-55 yaşlarında, 93 mini isə 55 yaşdan yuxarı olan istifadəçilərdir. Son illərdə davam edən yuxarı yaş qruplarındakı artım hazırda da davam etməkdədir. İstifadəçilərin təxminən yarım milyonu 35 yaşdan yuxarı insanlardır.

İstifadəçilərimiz Facebook-a daha çox mobil cihazlardan daxil olur. Statistika göstərir ki, istifadəçilərin 9%-i Facebook-a yalnız kompüterdən daxil olur. 25% həm kompüter, həm mobil cihazlardan daxil olursa, 66% istifadəçilər Facebook-a yalnız mobil cihazlardan daxil olurlar.

Mobil cihazlar arasında Android əməliyyat sisteminə malik telefonlar üstünlük təşkil edir.

Aşağıdakı infoqrafikada siz iPhone modelləri üzrə (iPhone 6, 6 Plus, 6S, 6S Plus, 7, 7 Plus) istifadəçilərin sayını görə bilərsiniz. Maraqlı məqam odur ki, iPhone’un ölçüsü daha kiçik olan 6, 6S və 7 modellərini kişi istifadəçilər daha çox istifadə edirsə, böyük ekran ölçülü 6 Plus, 6S Plus və 7 Plus modellərini daha çox qadınlar istifadə edir.

Bu infoqrafikada isə Samsung Galaxy modelləri üzrə (Galaxy S6, S7, S7 Edge, S8) istifadəçi sayını görə bilərsiniz.

Facebookda istifadəçilərinin 200 mini münasibət vəziyyətini (relationship status) subay olaraq, 190 mini isə evli olaraq qeyd edib.

Qeyd edək ki, məlumatlar Facebook’un verdiyi göstəricilərə əsasən hazırlanıb və real göstəricilərlə üst-üstə düşməyə bilər.