adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 Fevral 2018 00:30
12956
ƏDƏBİYYAT
A- A+

Sən mənimləsən...


...Ucalığa və kamilliyə gedən birgə ömür yolumuz birdən-birə daraldı, təkləndi, qırıldı və bitdi. Neynək, bu da Allahın işidi! Düzdür, indi o, yanımda yoxdur, amma yaxşı ki o, hələ mənimlədir...

Professor Rafiq Əliyevin
xatirə dəftərindən

Nə yaxşı bilmisən xəstə halımı
Həqiqət eylədin xoş xəyalımı.
Sənin nəfəsindir, sənin əllərin
Oxşayır ruhumu, ovur alnımı-
Kövrəltdi əlimi isti yaşların...
Var ol, bu istəyə, təmasa görə,
Mənimçin Allaha yalvarışların,
Nə deyim bu nəzir-niyaza görə?..
Mən indi bildim ki, sən mənimləsən...

Nə şirin nağıldı, necə xoş xəyal,
Sehrli uyğudu, uyğuya uydum.
Diksindi, titrədi, soyudu könlüm.
Sədaqət istədim,
Yel aldı məni,
Leylək yuvasında uyudu könlüm -
Mən onda bildim ki, sən mənimləsən.

Kəklik balaları fərəhləndilər,
Anaları baxıb fərəhləndilər.
Birdən qanadlanıb həvəsə gəldi,
Balalar həm daşdan daşa uçanda,
Gördüm yuva tikən bir qaranquşu,
Könlüm bu quşlarla uçdu yanaşı,
Payız durnaları qoşa uçanda,
Mən onda bildim ki, sən mənimləsən...

Bu mehr küləyi yerinə düşdü,
Çəmənlər məhəbbət sehrinə düşdü.
Meh vurdu, çiçəklər gəldi baş-başa,
Nə yaxşı aralar aradan gedir,
Quşqonmaz tikanı sıradan gedir.
Damcılar süzülür üstdən aşağı,
Boynu ağırlaşan bənövşələr də
Özcə yarpağına baş qoyub yatar.
Hərə həmdəmini tapır deyəsən
Daşqapan tayını qapır deyəsən-
Başının altına daş qoyub yatar-..
Mən onda görmüşəm kövrələn daşı...
Onda xatirələr durur yanaşı,
Mən onda bildim ki, sən mənimləsən...
İsaq-musaq quşu nəsə axtarır,
Düşüb bir doğmaca səsə axtarır
Quş dili bilənlər ruh dili bilir,
Süleyman quş dili bilən vaxtları,
Nifrətin, pisliyin ölən vaxtları,
Güllərin baş-başa gələn vaxtları,
Bax onda bilirəm sən mənimləsən.

Qəzəblər yox olub savaş bitəndə,
Haqqın ətəyinə əlim yetəndə,
Boynu ağırlaşan o bənövşələr
gəlir yanıma,
Eşqi həmişələr gəlir yanıma
Mən onda bilirəm sən yanımdasan.

İnsafla işləsə elçi daşları,
Mərhəmət könlümə cavab yazanda,
Mələklər çiynimdə savab yazanda,
Yığılar başıma qəm yoldaşlarım,
Ümidlər, işıqlar gələr yanıma,
Bütün yaxşılıqlar gələr yanıma-
Onda bilirəm ki, sən yanımdasan.

Şahdağı yanında Sənəm yaylağı,
Nə Sənəm qocalar, nə də Şah dağı.
Şah qalar əbədi Sənəm də qalar,
Mən onda qalaram, o məndə qalar.
Düşüb bənövşələr gələr yanıma,
Eşqi həmişələr gələr yanıma.
Mən onda bilirəm sən mənimləsən.

Sən ey mavi göylər,
Səmavi göylər!-
Görəsən göylərin qəfəsi varmı?
Görəsən ruhların nəfəsi varmı?
Üfüqdən-üfüqə uça bilirsə,
Durna qatarında nizam qalacaq.
Bizi o qatara yazan qalacaq.
Qalacaq, məhəbbət təzə qalacaq!
Sədaqət rəmzidir,
Bir yaşam tərzi,
Leylək yuvaları,
Haqq tərəzisi,
Bir gözündə mənəm,
Bir gözündə sən,
Yer üzündə mənəm,
Göy üzündə sən.
Göyün azadlığı saxlayar bizi,
Yerin tarazlığı saxlayar bizi.
Qalarıq yer ilə göy arasında,
Gedərik ələnmiş ələklər ilə,
Gələrik qanadlı mələklər ilə.
Deməli əbədi sən mənimləsən...

dekabr, 2017
Bakı-Buynuz
Bir saatlıq şeir
Dünya, məndən nə istərsən?
Hesabla bir borcum hanı?
Yerdə yerim, göydə havam,
Ulduz içrə bürcüm hanı?

Çox incilər itirmişəm,
Ömrü başa yetirmişəm,
Şələ verdin, götürmüşəm,
Aparmağa gücüm hanı?
Mən dünyanı eşq bilmişəm,
Yaşamağı məşq bilmişəm,
Bir oxuyub beş bilmişəm,
Sınaq üçün üçüm hanı?

Tanrım, uzat ətəyini,
Bir az azalt kötəyini,
Daha bundan betərini,
Götürməyə ölçüm hanı?

Dayan Soltan! Dayan Başqan!
Yol görmürəm gözüm yaş qan,
İçim başqa, çölüm başqa,
Sözdə ölçü-biçim hanı?

Ocaq yerim körük yerim,
Otlanıbdı örük yerim.
Bütün meşə kötük yerim,
Köç edirəm köçüm hanı?
Torpağı çox aldatmışam,
Sünbül yoxsa biçin hanı?

Həm üzülüm, həm süzülüm,
Titrəyirəm zülüm-zülüm
Arxamcadır, gəlir ölüm,
Bundan başqa seçim hanı?

14 dekabr, 2017
12:00. Mərdəkan.


Bu mənim ömrümdür

***
Bir yorğun torpağam dincə qoyulmuş,
Daha əkilməyim, biçilməyim yox.
Köhnə qarağacam içi oyulmuş
Bir də körpülənib keçilməyim yox.

Bütün körpüləri keçmişəm daha
Səbr kasamı da içmişəm daha

Quzey ağacıyam
yanım duman, çən -
Bircə yarpağıma gün düşənəcən
Nələr çəkdiyimi özüm bilmişəm,
O gülən yarpağı üzüm bilmişəm.

Hanı o yamacda gün dəyən tərəf?..
Yolda taleyimin yaşıl işığı,
Kolda sarmaşığım dolaşan kələf -

Mən o kələfləri aça bilmədim
Bir namərd əlindən qaça bilmədim.

***

Hanı bu dünyanın dağ tərəfləri
Qızıldöş qayanın tağ tərəfləri -
Ayağım dəyməmiş bir daş qalmadı,
Heyf, gücdən düşən o ayaqlara!
Çayına çiyindaş, daşına yoldaş
Heyf, ömrümdəki o ortaqlara,
Özüm ola-ola mənim olmayan,
Heyf yaylaqlara, ulu dağlara.

Havaxan doğrudan havada xandı,
Heyf o xanlara, o sələflərə,
Daha üz çevirməz biz tərəflərə...

***

Pətək də saxlamır işsiz arını...
Bu külək payızdan gələn havadı.
Quşlar da uçurdu balalarını
Mənim də ürəyim yetim yuvadı

Uçub məndən gedən söz qanadlarım -
Görən harda qalır o övladlarım?
Hansı budaqlarda böyüyür görən,
Hansı ürəklərdə döyünür görən?
Görsəm çoxlarını tanımaram heç.
Daha o uyğular, şirin duyğular,
Sevgidən sorğular mənimki deyil.

Hanı bu dünyanın sevgi tərəfi?
İnsanın insana ərki tərəfi?

***
Dayan, oturduğum yeri dəyişim -
Hə, bu daş yaxşıdı, mamırlı, yumşaq -
Dünyanın işiylə daha nə işim,
O fincan çayımı gətir, balacan!

Daha mən xatirə çözələmirəm,
Köhnə dərdlərimi təzələmirəm.

Bir də izim qalmaz çaylaq daşında
Sel coşar üstündən, daş atar məni.
O köhnə dərdlərim bağrım başında
Sızlaya-sızlaya yaşadar məni.

Əlim ki, o ələ yetişməyəcək,
O sınıq güzgü ki, bitişməyəcək
Olmuşda daha nə təsəlli gəzim?
Xatirə yazmağa, yuxu yozmağa
Heç qulaq asmağa yoxdu həvəsim.

Hanı cəmiyyətin cəm tərəfləri,
Yaşayış tapmağa çəm tərəfləri?

***
Günahım gözündə oxunur, tubu,
Yenə o gözlərdə baxışlanıram.
Mən payız durnası, axşam qürubu
Pənbə buludlarda naxışlanıram.


Uçuram gecənin durna səfində
Üzü görünməyən ay tərəfində

Hanı dan üzünün ağ tərəfləri,
Dövrünün qızılı cağ tərəfləri?

***
Bir az saymazyana, bir az biganə
Hələ ki, canımda can saxlayıram -
Ruhum uçmaq üçün dəli-divanə -

Nə bir əlləşirəm, nə can çəkirəm,
Gümüş türbə, nə də qızıl cam üçün
Mən cığır çəkirəm, ağac əkirəm,
Mən çiçək dərirəm o dünyam üçün
Buraxdım ömrümü üstdən aşağı
Tanrıdan gələcək sərəncam üçün -

Hanı bu dünyanın ruh tərəfləri?
Gəmi tərəfləri Nuh tərəfləri?