adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Fevral 2018 00:32
17957
ƏDƏBİYYAT
A- A+

Polemik söhbət

Allahverdi Eminov

Tənqidçinin şəxsiyyəti, elmin fəziləti, yoxsa alimin qəbahəti?!

"Sənə demədim, barıtını az eylə!"

M.F.Axundovun
bir pyesindən

İstərdim yazıma bir fabula olaraq yaradıcılığın təbiətindən başlayım; çün bu fenomenal məfhum daima sirrini qoruyan möcüzədir. Ona görə ki, proses Allah-Təala ilə yazarın (xüsusilə, şairin) arasında - bağlılığında baş verən bir mübhəm işdir. Əgər şairdən soruşsan belə qəribə (yaxşı mənada) şeiri necə yazdın, axı dünən bütün günü işdə, yaxud iclasda olmusan, başın qarışıq olub, indi şeiri oxuyarsan heyrətlənməyə bilmirəm.
Cavab alınmayacaq, izahında yəni yaranma psixologiyasının gedişində susmağa üstünlük verəcəkdir. Əgər şair bu prosesin şərhindən kənarda qalırsa, alim necə dəqiq deyər, yalnız proqnoz irəli sürər. İlahi vergi, istedad, zəhmət və sairi dilinə gətirər. Necə ki, hər dəfə yaradıcılıq haqqında danışarkən onun təzahürü olan istedadın fərdi olduğunu təsdiq etmək məcburiyyətində qalırıq və təsdiqləyirik ki, yaradıcılıq həm də şəxsiyyətin xüsusi psixi fəaliyyətinin məhsuludur, Qeyd edək ki, insan fəaliyyəti hansı sahədə olursa-olsun, əgər cəmiyyət üçün gərəklidirsə, deməli, bu fəaliyyətin daşıyıcısı heç də hamıya nəsib olmayan intellektual səviyyəli və emosional ovqatlıdır, onun təxəyyülü bədii-estetik zövq aşılayan fərdi yaradıcılıq fikrinin aktıdır.
Yaradıcılıq olmayan fəaliyyət prosesi eninə və dərininə qanun və qanunauyğunluğun mahiyyətinə nüfuz edə bilməz. Şübhəsiz, bu təfəkkürün tarixi inkişaf mərhələsinə xas olub, onun tükənməz qüvvəsinin yeni əsaslarla daha da cilalayan yaradıcılıq qabiliyyəti şüurunda cəsarətli fikri əməliyyatlar yaranmasına imkan verir. Müasir insanın yaradıcı təxəyyülü gerçəklikdən ayrılmadan səmərəli produktiv fəaliyyətə daha çox meyllidir.
Yaradıcılıq bioloji təkamül, ictimai inkişaf yolunda formalaşan ideal obrazların və onların vasitəsilə yararlanan inikanın xüsusi formasıdır: alimlərin dili ilə desək "Mənimsəmənin yeni forması, yəni idrakın bədii yaradıcılıq forması bizim təcrübələrimizdən, ictimai və fiziki sərbəstliyimizdən, dünyanın adamlar və interyerlər ilə yüklənməsindən, elm və texnikanın daxil etdiyi yeni amillərdən irəli gəlir".
Yaradıcılığın inkişafında ilk faza müşahidədir. Bütün düşüncə aktı buradan başlayır və obyektin birbaşa psixikasına təsirini reallaşdırır. Yəni, müşahidəçinin yanaşana və zövqünə uyğun şəkildə onun fantaziyasını "oyadır", müəyyən obrazlar, detallar, situasiyalar və s. yaradır. Müşahidəsiz obyekt qeyri-real atributlarla, rəmzlərlə müşahidə olunur. Xüsusilə, əgər təxəyyüldə müəyyən yaradıcı hazırlıq, bədii informasiyalar varsa, müşahidə yaradıcılığı çağırır, bir növ stimul yaradır. Sənət adamlarının həyatında istənilən belə hadisələr çox baş verir. Məsələn, Lev Tolstoy "Anna Kapenina" romanında Anna obrazını müxtəlif psixoloji-fiziki situasiyalarda vermişdir: Bir vəziyyətdə Anna özünün qadınlıq sevinclərini büruzə verməlidir - yaşamalıdır. Lakin necə? Yaşaya bilərmi?
L.Tolstoy arvadı Sofiya Andreyevnanın kabinetində oturub, xalatın qolundakı çox qəşəng ağ ipək tikməsinə baxması nəticəsində bütöv bir fəsil yaratmışdır. Yazıçının gündəliyindən: "Bu haqda düşünürəm ki, bəzəkləri tikmələri icad etmək insanların ağılına necə gəlir, qadın işlərinin müşahidələrinin, düşüncələrinin bütöv bir aləmi burada mövcuddur ki, qadınlar da bunlarla yaşayırlar. Bu çox şən iş olmalıdır, mən də başa düşürəm ki, qadınlar onu sevib məşğul ola bilirlər".
Yaradıcılığın təbiətindəki fərdilik, təkrarsızlıq üç cəhətdən xarakterikdir:
Birinci yaradıcılığın kommunikativliyidir, yəni bədii yaradıcılığı götürsək, onun çevrilmə, dəyişmə və dərketmə xüsusiyyətiylə bağlıdır. Filosof E.Lunyenin fikrincə, bədii yaradıcılıq şəxsiyyətin öz ifadəsi kimidir, sənətkarın insanlarla ünsiyyətə girmə vasitəsidir.
İkincisi bədii yaradıcılıq halında deyil, ayrı-ayrı cəhətləriylə yanaşmaqdır. Bu sahədə maraqlı tədqiqatlar aparmış Dyufreta bu prosesdə əsas aparıcı olan ideyanı, dünyagörüşünü, ilhami, xəyali və s. götürmüşdür.
Üçüncüsü beyin informasiyanın qəbuletmə fəaliyyətidir. Bu mərhələdə də informasiya xüsusi rol oynayır.
Yaradıcılıq geniş və dərin şüur aktıdır, konkret istiqamətə də çox bel bağlamır; çünki bu onun təbiətindən irəli gəlir. Deməli, insanın, xüsusilə yaradıcı şəxsin davranışı qəbul olunmalıdır.
Yaradıcılıq psixologiyası çox maraqlı məsələdir bir neçə rakursdan, deyək ki, bədii söz ustaları günün hansı saatlarında işləyir və neçə saat məhsuldar fəaliyyət göstərirlər. Tişə sənətkarları daş-qaya ilə nə qədər əlləşib bir hala gətirirlər. Bəstəkarlar yol gedəndə, musiqiyə qulaq asanda, təbiətin seyrinə dalanda dodaqaltı mızıldayırlarmı, not üçün darıxırlarmı. Və digər sənət-peşə adamları da buna bənzər yaradıcılıq işilə məşğul olurlar. Bəs alimlər necə? Sual həmişə məni düşündürmüşdür. Və uzun illərdir bu mövzu məni yazar laboratoriyasına aparmışdır, maraqlı detallarla, nüanslarla qarşılaşdırmışdır, həm canlı ünsiyyətilə, həm də xatirələrin işığı ilə.
V.Hüqo fikri səpələnməsin deyə başını, saqqalını qırxır, sonra qayçını pəncərədən bayıra atır ki, iki həftəliyə özünü "həbsə" məhkum eləsin.
Romen Rollan yazdığı müddətdə arabir royalda çalırmış. O.Balzak gecələr işləyir, yaxın adamların rahatlığını pozurdu.
A.Düma (ata) üçün yazmaq dostlarını şama dəvət etməkdən başlarmış.
Yenə o sual yarandı: Bəs alimlər necə? Və daha bir sual da səsləndi: Bədii söz sahibi, deyək ki, şair necə, hansı ovqatda və şəraitdə yazırlar elm adamlarından fərqli şəkildə? Şair ilhamsız, poetik fantaziya olmadan yazmaq istəmir (özünə hörmət edənlərdən danışırıq), mövzu təxəyyülündə dolaşırsa - şəraitdən, gecədən, gündüzdən asılı olmadan - yazır, sinəsini boşaldır. Şair qafiyə barədə düşünmür, ritm də həmçinin, başqa poetik atributlar da eləcə. Alimin işi "fəna" olmasa da ağırdır, ləngərlidir, fiziki dözümlülükdür və sairə. Amma bu, ona haqq qazandırmır, ona ilham, ovqat, məqam lazım deyil. Belə sadəlövh düşünməzdim. Alim özünü elmə bağlayırsa hisslərdən, ürək çırpıntısından, məişət qayğılarından uzaqda dayanır - xeyr! Alim yaradıcılığında da mövzu axtarışı, obrazlı düşünmə tərzi, fikrin çevikliyi, söz rabitəsinin bağlılığı, ideyanın sonluğu və s. mütləq vacib faktordur. Bunların bir alim varlığında birləşməsi hələ elmi əsərin hasilə gəlməsi kimi səciyyələndirilə bilməz. Onun üçün həmin alimə fəlsəfi məntiqdən, bədii-estetik zövqdən, daxili-təbii dəyərdən ibarət "üçlük"dən qaynaqlanan fərdi üslub lazımdır. Bu gün ən üzdə olan (!) titullu alimlərimiz sanki Dostoyevski demişkən: "Qoqolun "Şinel"indən çıxmışlar. Həqiqətə dodaq büzməzlər: Alimin öz üslubu ona görə yaranmır ki, savadı, dünyagörüşü məhduddur, təsirədüşmə vərdişi yaradıcılığından kənarda qalmır, nədirsə, mövzu qane edirsəgmasa arxasına keçməsi qalır. Daha doğrusu, peşəkar alimlərimiz mövzu axtarışı üçün nədənsə darıxmırlar, bu, mümkün həqiqət o vaxt özünü doğruldar - "köhnə" mövzunu yeni biçimdə, yeni çalarda və fərdi üslubda yazmağa dəyər. Amma görünən nədir: tənqidin elmsizliyi, qeyri-dəqiqliyi və peşəkarlıqdan uzaqlığı. Yazan yoldaş xatırlamalıdır ki, tənqidçinin (ədəbiyyatşünasın) mühüm vəzifəsi bütövün hissələrdən formalaşması prosesini izləmək, ədəbi məhsulların müəlliflərinin bədii üslubunu mənimsəmək haqqında yazdığı əsərin strukturunu ortaya qoymaqdır. Həmin ədəbi simanın müxtəlif mövzulu əsərlərini müqayisə etməkdən çəkinməməlidir. Klassik tənqidçilərimiz (M.Arif, M.Cəfər, Əhəd Hüseynov, B.Nəbiyev, Qulu Xəlilov, Ş.Salmanov, Y.Qarayev) iki müxtəlif müəllif romanlarını müqayisə etmiş və konkret qərarlarını vermişlər. Deyək ki, Q.Floberin "Madam Bovari" romanında təhkiyənin və mövzunun vəhdəti təmin olunduğu təqdirdə L.Tolstoyun "Hərb və sülh" əsərində vəhdət pərakəndəliyinin pozulması məsələsini qeyd etmişlər. Deyək ki, eyni mövzudan götürülmüş S.Rəhimovun "Şamo" əsərilə Əyyub Abbasovun "Zəngəzur" romanındakı vəhdət məsələsi. Yaxud, hər iki romanda təhkiyə strukturuna müəllif yanaşması.
Tənqidçi nəsr təhkiyəsindən yazırsa təhkiyə məsafəsinin tipləri və növləri konsepsiyasından xəbərdar olmalıdır. Axı, bir "nəsr anlamı" anlayışı mövcuddur və bu ədəbiyyatşünaslıqda belə təsnif edilmişdir:
1. Sənət əsəri informatik mənbə deyil, obyektdir.
2. Obyekt qismində sənət əsəri müəllifdən ayrı mövcuddur.
3. Sənətkardan asılı olmayan obyekt qismində olan əsər üzvi və bütöv struktura malikdir.
Tənqidçi yeni yaranan romanlarda, povestlərdə adi görünənləri yox, həyatın mürəkkəbliyini və ziddiyyətlərini hamarlamayan, insanları cəmiyyətin işıqlı və qaranlıq cəhətlərini özündə ehtiva edən şəxsiyyət tiplərini aşkara çıxarmalıdır. Bu gün əsərlərə şəxsiyyət konsepsiyasının cəsarəti, birbaşa sözünü deməsi, gənc nəslin mövcud gedişlə haraya, hansı "uçuruma" getməsi problemi hopmalıdır. Yeniyetmələrin və gənclərin özünəqəsdi, intihara cəhdi, valideynlərinə qarşı sözlə və əməli işilə təcavüzü adiləşməkdədir. Bunlar maraqlıdır ki, titullu və nüfuzlu yazıçıların gözü qabağında baş verən proseslərdir. Axı bədii ədəbiyyat dünyanın taleyi üçün məsuliyyət daşıyan bir vasitədir. Axı bu gün dünyada ikitərəfli konsepsiya mövcuddur: həyat insanı yaradır, insan həyatı yaradır, müəyyən mənada şəxsiyyət konsepsiyası həyat konsepsiyasının bədii inikası, açılması sahəsidir. Nəsrimizdə belə yanaşma mövcuddur, amma bir çox tənqidçilər xarici ədəbi-nəzəri problemlərin düsturlarını improvizə etməklə, məqaləsinə qəribə, əyləndirici ad qoymaqla məşğuldur. Və bəzi qəzetlər də belə təlqin pafoslu yazıları məmnunluqla çap edir! Yeni tənqidçi psixologiyası yaranmaqdadır: müxtəlif xarici mənbələrdən keçmiş ədəbi simaların intim, qaranlıq həyatlarını təbliğ etməklə məşğuldurlar. Və başdan, yəni məqalələrinin baş qəhrəmanları L.Tolstoy, F.Dostoyevski, C.Bayron, G.Mapassan, Stendal, E.Zolya, C.London, S.Yesenin, A.Çexov və başqalarıdır. Həmin cızma-qaraların müəlliflərindən soruşmaq gərəkdir: Həmin ədəbi simaların millətinə məxsus tənqidçiləri, araşdırıcıları "qaranlıq" həyatdan belə bu dərəcədə həvəslə yazırlarmı? Bəs sizə, əzizlərim, nə olmuş ki, cani-dildən Bakıda oturub Amerika, rus, fransız, ingilis, ispan və s. ölkələrin yazıçılarından, şairlərindən yeni nəsil oxucularına nəyi aşılayırsız? Mən onları qınamıram, onları çap edən mətbuat orqanlarından gileylənirəm. Beləyə qalsa özümüzün klassiklərimizin "pərdəarxası" həyatından maraqlı hadisələri axtarıb tapın, arxivlərə üz tutun. Məgər bizim klassiklərin ömür yollarında "qalmaqallar" olmamışmı?
Tənqidçilər yaradıcılıq psixologiyası kontekstindən çıxış edib yazırlarsa, mövqelərində "Ən yaxşıları"nı fərqləndirməklə məşğul olurlarsa, tərəfkeşlik parametrlərinə güvənirlər: bu filankəsdir, vəzifə sahibidir, titullara malikdir, çoxcildli seçilmiş (yaxud seçilməmiş) əsərləri nəşr edilmişdir və s. Tənqidçi (ədəbiyyatşünas) bir araşdırıcı şəxsiyyət olaraq yalnız sosial yox, eyni zamanda əxlaqi, psixoloji bir fenomenin daşıyıcısıdır. Belə bitərəf münasibətlərin ucbatından gənc, nisbətən yaşlı yazıçılarımız yeni romanlar, povestlər yazmışlar - bəs onlar nə üçün ədəbi gündəliyə düşmürlər? Nədir günahları? Birmənalı, ştatdankənar tənqidçilərinin yoxluğu, vəzifələrinin olmaması, təvazökarlıqları!
Obrazların daxili aləminin tədqiqi mexanizminin elmi əsasları var, bunun isə sosial-əxlaqi mövzuların açılmasında rolu böyükdür, eyni zamanda tənqidçinin mənəvi potensialını üzə çıxarır. Bütövlükdə ədəbi tənqid üçün səciyyəvi olan şəxsiyyət konsepsiyası sənətkarların yaradıcılığında onun yanaşma mövqeyi arasındakı həm erudik, həm də etik fərqləri nəzərə almaq lazımdır. Belə bir formulada bəllidir ki, tənqidçi şəxsiyyətin ədəbi konsepsiyasında daha çox ayrı-ayrı yazıçıların, şairlərin yaradıcılığında onun fərdi ifadəsi maraqlıdır.
Məşhur psixoloq P.Anoxinin fikrincə: "Tənqid ədəbiyyatın məhz ümumi koordinatlarını deyil, onları həmahəng olması gözəllik rayihəsini müəyyən etməlidir". Yəni: insanda sosial-mənəvi mahiyyətli motivasiya (təhriketmə) onun (insanın) emosional strukturu ilə elə birləşməlidir - cəmiyyətdə baş verən amillər motivasiyanı müəyyən etsin. Deməli, belə bir mövqe ilə ədəbi materiallara, ədəbi simalara, yanaşan tənqidçi polemikaya girməkdən çəkinməməlidir. Eyni zamanda "ümumi koordinatlar" hesabına gözəllik "rayihəsi"nə meyllilik təəccüb doğurmamalıdır.

(ardı gələn sayımızda)