adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DEPRESSİYADAN İNTİHARA BİR ADDIMDI

FƏRİDƏ RƏHİMLİ
31288 | 2018-02-03 00:23
İnsanın ruh halından asılı olaraq həyata hərənin bir cür münasibəti var. Nə bizi inandırdıqları kimi kommunizmə gedib çata bilmədik, nə bəyənmədiyimiz "mənfur" kapitalizmdə yaşamaq nəsib olmadı. Nə də "sevdiyimiz" sosializmi tutub saxlaya bilmədik - necə deyərlər, "Əli aşından da olduq, Vəli aşından da...".
Sosial durum insan psixologiyasına təsir edən vacib amillərdəndir. Hansı ölkədə ki, varlılar və yoxsullar yaşayır, - orta yaşayış həddi yoxdur,- orada insan psixologiyasında qeyri-normallıq qaçılmazdır.
Dünyanın çox ölkələrində aclıq, səfalət, ədalətsizlik və s. hökm sürməkdədir. Bu da istər-istəməz insan psixikasında, mənəviyyatına iz buraxır və depressiv durumlara gətirib çıxarır. Doğrudur, başqa da bir çox səbəblər var...
Son zamanlar depressiya, intihar hadisələri haqda çox oxuyur, eşidir, görürük. Ümidsizlik, ruhdan düşmə və s. kimi belə vəziyyətlərin müalicəsi təbii ki, həkimlərin işidir amma səbəbi bizlikdir...
Psixoloqlar hesab edirlər ki, depressiya insanda olan ruhi anomaliyadır ki, ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində büruzə verilir. Depressiya, xüsusilə bir itki, ya da xəyal qırıqlığı yaşandıqdan sonra ortaya çıxdığında, normal bir hal olaraq qəbul edilə bilər.
İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu, depressiya halıdır. Depressiyalı adamı yemək-içmək maraqlandırmır, Günəşin çıxması, Ayın parlaması, yağışın yağması, çiçəklərin əlvanlığı, quşların cəh-cəhi... ümumiyyətlə, heç nə ona sevinc gətirmir. O, qəlb sızıntısı, məyusluq, pərişanlıq hiss edir. Depressiya illərlə içimizdə yığılan hiss və narahatlıqlarımızın, sona qədər dəyilməmiş fikir və düşüncələrimizin nəticəsidir. Mütəxəssislərin fikrincə, depressiya çox zaman nevrozun fonunda başlayır.
Depressiyanın ağır forması zamanı insan evə qapanır və heç kəslə göruşmək istəmir, bütün günü hərəkətsiz uzanır və s. İlkin mərhələlərdə isə depressiyalı şəxs məcburi şəkildə də olsa, evdən çıxır, istəməsə belə, işə gedir. "İstəmirəm, lakin bunu etməyə məcburam" arasındakı halın özü də insanı qıcıqlandırır.
Depressiya, infeksiya kimi, başqa bir xəstəliyin simptomu olaraq da görülə bilməkdədir. Ancaq iki həftədən uzun sürməsi - əhəmiyyətli bir çətinlik və funksional çatışmazlıq səbəbi olan depressiv xəstəlik ehtimalı olmalıdır. Depressiv pozğunluq insanların 10-15 faizində həyatlarının bir dövründə görülür. İnsanların və cəmiyyətin bu xəstəliyi yaxşı tanımaması nəticəsində çox sayda insanlar depressiyadan əziyyət çəkirlər. Hətta iş o yerə çatır ki, bəziləri intihara belə əl atırlar. Elə isə, depressiyanın hansı əlamət və xüsusiyyətlərlə ortaya çıxdığından xəbərdar olaq.
Bu əlamətlər sizdə də varsa, deməli, depressiyaya düçar olmusunuz:
Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadı. Çünki ətrafımıza diqqətlə baxsaq, hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən depresiya haqqında məlumatımızın olması lazımdır.
Aşağıdakı əlamətlərin bəziləri hansısa şəxsdə varsa bu onun depressiyada olduğunu göstərir. Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması. Qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu. Daha əvvəl zövq alınan iş və fəaliyyətlədən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək. İşdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərinin olduğunu düşünmək. Digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq. Enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə. Yuxu pozğunluğu, iştahsızlıq və yaxud əksinə çox yemək. Səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək. Spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək. Özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək. Gələcəyə ümidsizlik. İşdən əli üzülmək və heç bir iş görə bilməmək...
Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stressli bir həyat hadisəsindən sonra başlayır. Bu bir dəfə başlayıb, çox uzun müddətdə çəkə bilər (hətta bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə, özlərini bədbəxt hiss edirlər.
Bu şikayətlərin bir neçəsi sizdə varsa, həkimə müraciət etməyiniz məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştah pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil, başqa xəstəliklərin olduğunu göstərən bir əlamətdir. Səbəbinin mütləq araşdırılması lazımdır. Səbəbi ya fiziki, ya da psixoloji xəstəliklərdən biri ola bilər. Depressiyadan əziyyət çəkən xəstələr yuxu pozğunluğundan şikayət edirlər. Başqa sözlə, belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya özbaşına aldığınız yuxu dərmanını istifadə etmək yerinə, bir ekspertə müraciət edərək əsas səbəbi araşdırmağınız məsləhətdir. Əgər bu sadalanan əlamətlər eyni anda kimdəsə varsa, deməli həmin şəxs çox ağır depressiyadadır.
Depressiya ciddi bir xəstəlikdir. Bundan müalicə olunmaq üçün ciddi tədbirlər görülməsə, zamanla düzəlməyə bilər. Hətta, ümumiyyətlə uzun müddət davam edib, daha da ağırlaşa bilər.
Depressiyanın xüsusiyyətlərinə əsasən xəstələr ümumiyyətlə, özləri kömək istəmirlər. Bu səbəbdən də onlar ailələri, dostları və ya digər həkimləri tərəfindən psixiatra istiqamətləndirilməlidirlər. Əgər yaxınınız intihar barədə danışırsa, təcili olaraq psixiatra müraciət etmək lazımdır. El arasında belə bir fikir var ki, özünü öldürəcəyini ifadə edən şəxslər heç də özlərinə qəsd etmirlər. Ancaq edilən araşdırmalar bunun əksini göstərir. Əgər sizə yaxın olan insanlardan belə sözlər eşidirsizsə, ən qısa zamanda bir ekspertə müraciət etməsinə kömək etsəniz yaxşı olar. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə... Məşhur psixoloqun itiharı buna sübutdu.
Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz iradəsi gücündədir.

TƏQVİM / ARXİV