adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Gələcəyə aparan körpü barədə kitab

ETİBAR CƏBRAYILOĞLU
46422 | 2018-02-03 00:20
Bioetika fəlsəfi fikrin yeni başlanğıc nöqtəsini təşkil edən elm sahəsidir. Onun formalaşması və inkişafı ənənəvi etikanın və xüsusi ilə tibbi etikanın transformasiyası ilə sıx əlaqəlidir. Bioetikaya maraq, hər şeydən əvvəl, müasir cəmiyyətlərdə insan hüquqlarına, yeni texnologiyaların və tibbi vasitələrin insanlar üzərində sınanmasına yönəlmiş qlobal ictimai marağın göstəricisidir. Bu da öz növbəsində, ciddi hüquqi və mənəvi tənzimləmə tələb edən bəzi problemlər əmələ gətirib.

... bir az bioetika...

Müasir dünya üçün böyük əhəmiyyət kəsb edən bioetikanın nəzəri və təcrübi təməli 1946-ci ildə keçirilmiş Nürnberq Məhkəməsində - nasist həkimlərin tükürpərdici əməllərinin ifşası zamanı qoyulub.
Bioetika müxtəlif elmi-tədqiqat sahələrini birləşdirən mənəvi-etik və fəlsəfi elm olaraq ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində yaranıb. 1971-ci ildə isə Van Renseller Potter "bioetika" terminini ictimaiyyətə təklif edib. Potter yeni termini cəmiyyətə təqdim edərkən xüsusi vurğulayırdı ki, bioetika "özündə bioloji bilikləri və bəşəri dəyərlər sisteminin idrakını ehtiva edən yeni elm" olmalıdır. Əslində o, iki bilik sahəsi-təbiət və humanitar elmlər arasında yaranmış kəskin ziddiyyətlərin bütün ekosistemi dağıtma təhlükəsi barədə "həyəcan təbili" çalırdı.
Sonrakı illərdə demoqrafiya problemlərini araşdıran holland əsilli həkim, ABŞ-dakı Kennedi Etika İnstitutunun yaradıcısı Andre Hellegers isə bioetikanı bir elm kimi mayevitka ilə eyniləşdirir. Yəni bioetika yalnız tibb, fəlsəfə və etika ilə müqayisədə, eləcə də dialoq prosesində məna kəsb edən bir elm kimi dəyərləndirir. Məhz Hellegers bioetika termininə akademik struktur verərək onu biotibbi elmlər sahəsinə, siyasətə və kütləvi informasiya vasitələri sisteminə daxil etdi.
Bu gün dünya alimləri bioetikanı gələcəyə aparan körpü hesab edir və belə düşünürlər ki, bu körpüdən keçən bəşəriyyət özünün şərəf və ləyaqətini qorumağı öyrənməlidir. Təsadüfi deyil ki, biotibbi texnologiyanın yaratdığı yeni etik problemlərin həlli üçün müsəlman hüquqşünasları və fiqh alimləri mütəmadi görüşlər keçirir, müzakirələr aparırlar.

... bir az da kitab
barədə

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, tanınmış jurnalist-tədqiqatçı, "Həsən bəy Zərdabi" mükafatı laureatı Qəmər xanım Cavadlı gələcəyə aparan körpü hesab edilən bioetika barədə kitab yazıb. Bu sahədə araşdırma aparan, bioetikaya həsr olunan beynəlxalq konfranslarda ölkəmizi təmsil edən müəllif İslam dininin bioetikaya münasibətini də kitabda geniş təhlilini işıqlandırıb. Kitabda həmçinin son illər Azərbaycanda bioetika ilə bağlı həyata keçirilən işlərdən ətraflı söhbət açılır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, tarix elmləri doktoru, professor, Şeyxülislam Allahşükür Paşazadə kitaba yazdığı "Ön söz"də qeyd edir ki, İslam dininin bioetika problemlərinə münasibəti mövzusu din xadimlərini çoxdan bəri narahat edən və maraqlandıran məsələdir: "...Müasir sivilizasiya rifah mənbəyi olmaqla yanaşı insanın yaşam mühiti, mədəni-ekoloji şəraiti və sağlamlığı üçün bir sıra təhlükələr yaradıb... Qəmər xanım Cavadlının geniş araşdırmalar və ətraflı təhlil sayəsində ərsəyə gətirdiyi kitab İslamın bioetika problemlərinə münasibətini tarixi, fəlsəfi və ictimai aspektlərdən işıqlandırır. Çox təqdirəlayiq haldır ki, müəllif müqayisə üsulundan istifadə edərək, digər dinlərin və fəlsəfi məktəblərin də problemə münasibətini açıqlaya bilib. Bu gün din və elm arasındakı qarşılıqlı münasibətlər sistemini mükəmməl şəkildə təhlil edən bir kitabın ərsəyə gəlməsi bütün dindarlarımıza dəyərli töhfə sayılmalıdır". Yeri gəlmişkən, Şeyxülislam Allahşükür Paşazadə "İslam və bioetika" kitabının həm də elmi redaktorudur.
Kitaba akademik Vasim Məmmədəliyev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Hacı Salman Musayev rəy veriblər. Akademik Vasim Məmmədəliyev "...İslam və bioetika"nı "Zamanın tələblərinə cavab verən kitab" adlandırıb: "Allah-taala insanı dünyanın ən kamil məxluqu kimi yaradıb, əqidəsi, imanı, əməli və təqvası olan şəxsi mələklərdən belə üstün tutub. İslamın bioetikaya münasibəti də məhz insana olan qayğı və sevgidən irəli gəlir.
İnsan övladı öz ləyaqətinə xələl gətirmədən, ilahi və dünyəvi hüquqlarını pozmadan yaşamaq, ailə qurmaq, fəaliyyət göstərmək istəyir. Onun bu təbii istəkləri hüquqi və ictimai baxımdan tənzimləndiyi kimi, dini və mədəni-əxlaqi baxımdan da dəstəklənməlidir. Dünya dinlərinin bioetikaya münasibəti məhz əxlaqi kontekstin təsbitlənməsi üzərindədir... "İslam və bioetika" kitabı həqiqi mənada zamanın tələblərinə cavab verən bir kitabdır. Burada işıqlandırılan məsələlər əsrimizin ən aktual və daima cavabı aranan problemləridir..."
Kitabı nəşrə hazırlayan tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, redaktoru Əhliman Rüstəmovdur. "İpək yolu" nəşriyyatında çap edilən "İslam və bioetika" Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının qərarı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə nəşr olunub.

TƏQVİM / ARXİV