adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Fevral 2018 11:11
3303
İDMAN
A- A+

“Qarabağ”ın gücünə yaxşı bələdəm” – Yevgeni Koçuk

"Səbail”in yeni transferi Yevgeni Koçuk Qol.az-a müsahibə verib. Moldovalı yarımmüdafiəçi söhbətə söhbətə ölkəmizə gəlişindən başlayıb.

- "Səbail”ə "Jilina”dan icarə əsasında gəlmişəm. Əvvəlcə Azərbaycandan klub rəhbərliyimlə ilə əlaqə saxladılar. Onlar da məşqdə bu barədə mənə məlumat verdilər. Dedilər ki, sənə təklif gəlib, getmək istəyirsənsə, qərar ver. Vaxtım az idi. Buna baxmayaraq, maraqlanmağa, "Səbail” haqda məlumat toplamağa başladım. Öyrəndiklərim ürəyimcə oldu, təklif məni qane etdi və yekunda razılaşdım.

- Təklifi qəbul etməyinizdə maddi məsələlər rol oynadı, yoxsa fərqli bir ölkədə təcrübə yaşamaq üçün belə bir qərar verdiniz?

- Maddi məsələ ilə bağlı deyil. Sadəcə, gücümü başqa çempionatda yoxlamağa qərar verdim. Buna görə də, Azərbaycana gəldim.

- "Jilina”da Azərbaycan millisinin və "Qarabağ”ın hücumçusu Ramil Şeydayevlə bir yerdə oynamısınız. "Səbail”dən təklif alanda ondan məsləhət aldınız?

- Əlbəttə, dərhal Ramilə zəng etdim. Onunla bu barədə danışdıq. Dedi ki, yaxşı təklifdir, dəyərləndir. Ramil "Səbail”ə keçidimin mənə faydalı olacağını bildirdi və Azərbaycana gəlməyi məsləhət gördü.

- Bəs Azərbaycanda oynamış moldovalı futbolçularla da danışdınız?

- Yox, onlar əvvəllər oynayıblar. Həm də məndən yaşda xeyli böyükdülər, elə yaxın münasibətimiz yoxdur. Buna görə də, fikirlərini öyrənməyə ehtiyac duymadım.

- Azərbaycan Premyer Liqasını izləyirdiniz?

- Düzünü desəm, izləmirdim. Buna görə də, məlumatım azdır.

- Bizim çempionatda cəmi 8 komanda yarışır. Bu məqam sizi narahat edirmi?

- Xeyr. Düzdür, 8 komanda oynayır, amma güclü komandaların sayı çoxdur və bu, müsbət haldır. Çünki güclülərlə nə qədər çox qarşılaşsan, bir o qədər xeyirdir. 16 komandalı çempionatda 6-7 iddialı olursa, qalanları zəif çıxış edirlər. Odur ki, belə daha yaxşıdır. Güclülərlə çox qarşılaşanda komandada inkişaf prosesi daha tez gedir.

- Futbolumuz haqda nə bilirsiniz?

- "Qarabağ”ı tanıyıram. Bir də 2 il əvvəl "Daçiya”nın heyətində "Kəpəz”ə qarşı oynamışdım. Mərhələni adlayan tərəf Azərbaycan təmsilçisi olmuşdu. Cəmi 2 oyuna görə çempionatınız haqda məndə təəssürat formalaşa bilməzdi. Amma "Qarabağ”ın gücünə yaxşı bələdəm. Bu komanda Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi, oyunlarına baxdım.

- "Səbail” Antalya toplanışı çərçivəsində sonuncu yoxlama matçında Slovakiyanın "Senisa” klubu ilə 2:2 hesablı heç-heçə etdi və rəqib qapısına hər iki qolu siz vurdunuz. Bunu uğurlu start adlandırmaq olarmı?

- Bəli, olar. Özü də Slovakiya klubu ilə görüşdə dubl etdim (gülür). Mənim üçün xoş oldu, qollarımı vurdum. İstərdim ki, bu tempdə də davam edim və "Səbail”in qələbələrində pay sahibi olum. Xarakter göstərməliyik ki, bizdə qalib ruhu formalaşsın. Düzdür, qol vurmağım yaxşı haldır. Amma bu, elə də vacib deyil. Çünki kimin qol vurması yox, komandanın qələbə qazanması daha önəmlidir.

- Ümumilikdə, Türkiyə toplanışını necə dəyərləndirirsiniz? Komanda çempionatın ikinci yarısına tam hazırdır?

- Toplanış yaxşı keçdi və tam hazırıq. Məşqlərdə var gücümüzlə iştirak etdik. Yaxşı yoxlama oyunları keçirdik, çoxlu müzakirə apardıq. Baş məşqçi səhvlərimizi dedi, onları aradan qaldırmağın yollarını göstərdi.

- "Səbail” sizin üçün tramplin rolunu oynayacaq, yoxsa burada uzun müddət qalmağı düşünürsünüz?

- İndi bu suala cavab vermək çətindir. Hadisələrin gedişindən çox şey asılıdır. İkincisi, təkcə öz istəyimlə "Səbail”də uzun müddət qala bilmərəm. Çünki "Jilina”ya məxsusam, onlarla müqaviləm var, "Səbail”də icarə əsasında çıxış edirəm. Çempionat bitəndən sonra oturub, danışacağıq.

- Baş məşqçi Samir Əliyev müsahibəsində sizin komandaya tez bir zamanda uyğunlaşdığınızı bildirdi…

- Demək olar ki, adaptasiya prosesini keçdim. Buna görə, baş məşqçi və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki onlar məni yaxşı qarşıladılar. Hamısı dostcanlı, yardımsevərdir. Yaxşı kollektiv, mehriban münasibət və komandanın hədəfi olanda yeni futbolçuya uyğunlaşmaq daha asandır. Baş məşqçi mənə hər şeyi izah edir və bu, çox xoşdur.

- Bu günlərdə Azərbaycan və Moldova yığmaları arasında Antalyada yoxlama matçı (0:0) keçirildi. Həmin görüşü izlədinizmi?

- Bəli, oyuna baxdım. Hər iki komanda üçün yaxşı matç alındı. Tərəflərdən heç biri məğlub olmaq istəmirdi. Həm Azərbaycan, həm də Moldovanın qol imkanları oldu. Deyərdim ki, bərabər səviyyəli oyun keçdi.

- "Səbail”ə keçidiniz Moldova yığmasına çağırılmaq şansınıza necə təsir göstərəcək?

- Məncə, milliyə dəvət almaq hansı komandada çıxış etməkdən yox, necə oynamaqdan asılıdır. Buna baş məşqçi qərar verəcək. Mən heç vaxt şikayət etməyi xoşlamıram. Məşqçinin istənilən qərarına hörmətlə yanaşacam. Çağırılmasam belə, inciməyim düz çıxmaz. Çünki, bu, idmandır və hər məşqçinin öz yanaşması, taktikası var. Moldova yığmasının yeni çalışdırıcısı Aleksandr Spiridonla şəxsi tanışlığımız yoxdur. Çünki 10 ildi ölkədən kənarda – "Şaxtyor” və "Zenit” klublarında işləyib.

- Həm Azərbaycan, həm də Moldova millisinin Millətlər Liqasındakı şansını necə dəyərləndirirsiniz?

- Bu turnirin yaradılması Moldova və Azərbaycan kimi yığmaların Avropa çempionatına yollanmaq şansını artırdı. Çünki qrupda eyni səviyyəli rəqiblərlə qarşılaşacaqlar. Buna görə də, hər oyun böyük önəm kəsb edəcək. Millətlər Liqası yaxşı ideyadır.

- Moldovanın turnirin pley-off mərhələsində Azərbaycanla üz-üzə gəlməyini istərdinizmi?

- Mənim üçün əsas pley-offa yüksəlməkdir. Əgər siz pley-offda Moldovanın Azərbaycana qalib gəlməsinə razısınızsa, onda istərdim (gülür). Amma bilirəm ki, buna razı deyilsiniz. Odur ki, rəqibin kimliyi önəm kəsb etmir.