adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Fevral 2018 00:33
32814
LAYİHƏ
A- A+

Cəlil Məmmədquluzadənin Ağcabədi ilə bağlılığı

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)
Cəlil Məmmədquluzadənin Ağcabədi ilə, xüsusilə Kəhrizli kəndi ilə bağlılığını araşdırarkən onun Həmidə xanımın həmin kənddə açdığı məktəbdə özünün təşkil etdiyi "Molla Nəsrəddin" adına kitabxananın bərpası ilə əlaqədar olaraq 02 iyul 1921-ci ildə Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə ərizəsi və bu ərizənin icrası ilə əlaqədar olaraq Dadaş Bünyadzadənin Şuşa qəza Xalq Maarif Şöbəsinə sərəncamı diqqəti cəlb edir. Oxucu marağını nəzərə alaraq rus dilində yazılmış hər iki sənədin mətnini təqdim edirik:
"1907-ci ildə mənim həyat yoldaşım Həmidə xanım tərəfindən Şuşa qəzasının Kəhrizli kəndində yaradılmış xalq məktəbinin nəzdində mənim tərəfimdən "Molla Nəsrəddin" adına kitabxana təşkil olunmuşdur. Həmin kitabxana illərlə zənginləşdirilərək beş böyük şkafda yerləşirdi. Keçənilki inqilab zamanı bizim iştirakımız olmadan kitabxananın bir hissəsi talan edilmiş, bir hissəsi isə müsadirə olunmuş və deyilənə görə, Şuşa şəhərində yerləşir.
Xalq Maarif Komissarlığından xahiş edirəm ki, həmin kitabxana Həmidə xanımın iştirakı ilə bərpa olunsun və Kəhrizli kəndində savadlı kəndlilərin bu xalq sərvətindən istifadə etməsi üçün Həmidə xanımın ixtiyarına verilsin".

Cəlil Məmmədquluzadə
02 iyul, 1921-ci il

Həmin məktubla əlaqədar olaraq müvafiq tədbir görülmək üçün Xalq Maarif Komissarı Dadaş Bünyadzadənin Şuşa qəza maarif şöbəsinə göndərdiyi məktubda yazılır:
"Şuşa qəzasının Kəhrizli kəndində 1907-ci ildə Həmidə xanım tərəfindən yaradılmış xalq məktəbinin nəzdində yerləşən, "Molla Nəsrəddin" adına kitabxana keçən il müsadirə olunmuşdur. Deyilənə görə, hal-hazırda Şuşa şəhərində yerləşir.
Yuxarıda yazılanları və adı çəkilən kitabxananın yaradıcısı Həmidə xanımın həyat yoldaşı Cəlil Məmmədquluzadənin müraciətini nəzərə alaraq, xahiş olunur ki, kitabxananın qorunub saxlanması və yerli Kəhrizli əhalisinə xidmət məqsədi ilə Kəhrizli xalq məktəbinə köçürülməsi üçün müvafiq tədbir görəsiniz".

Dadaş Bünyadzadə
16 iyul, 1921-ci il

Görkəmli alim Azərbaycan Tarix Muzeyinin direktoru Ataxan Paşayevin "Molla Nəsrəddin jurnalının nəşri tarixindən" adlı, qiymətli tədqiqat əsərində Cəlil Məmmədquluzadənin həyatının Kəhrizli ilə bağlı yuxarıda qeyd olunan səhifələrini işıqlandırması olduqca diqqətəlayiqdir.
Yuxarıdakı hər iki sənəddən aydın olur ki, 1907-ci ildə Kəhrizli kəndində Həmidə xanımın açdığı məktəb Ağcabədidə ilk məktəblərdən biri idi. Həmin məktəbin nəzdində görkəmli yazıçı, jurnalist Cəlil Məmmədquluzadənin açdığı "Molla Nəsrəddin" adına kitabxana isə Ağcabədinin ilk kitabxanası olmuşdur.
Kəhrizli kəndində toxuculuq emalatxanası açılması işində də Mirzə Cəlilin xidməti az olmamışdır. O, bu işdə də Həmidə xanımın ən yaxın silahdaşı olmuş, əlaqədar təşkilatlara müraciət edərək bu işə icazə alınmasına və lazımi şəraitin yaradılmasına nail olmuşdur. Bununla əlaqədar olaraq C. Məmmədquluzadənin 1922-ci ilin payızında Xalq Təsərrüfatı Şurasının yazdığı ərizənin surəti ədibin arxivində saxlanılır (C.Məmmədquluzadənin arxivi, nömrə 6-421, inv.18666). Həmin ərizədə ədib nəinki Kəhrizli, habelə Hüsülü kəndində toxuculuq emalatxanası açılmasına icazə verilməsini xahiş edir.
Ağcabədi mühiti ilə bağlılıq şübhəsiz ki, C. Məmmədquluzadə kimi həssas bir yazıçının yaradıcılığına da öz təsirini göstərməyə bilməzdi. Həmidə xanım qeyd etdiyi kimi ədib "Anamın kitabı" pyesinin müəyyən hissəsini və "Molla Nəsrəddin" jurnalı üçün baş məqalələrin bir çoxunu, eləcə də, 1907-ci ildə "Molla Nəsrəddin" jurnalının 24-cü nömrəsində çap olunan "Hanı 45 min manat" adlı felyetonunu Kəhrizlidə yazmışdır. Yazıçı "Oğru inək" hekayəsinin mövzusunu da, Kəhrizli mühitindən götürmüşdür. "Ölülər" pyesinin qəhrəmanı Kefli İsgəndər, eləcə də əsərin bir neçə prototipləri Ağcabədinin Hüsülü kəndindən götürülmüşdür. Kefli İsgəndər tarixi şəxs olub. Hüsülü kəndində yaşayan Hacı Həsən ağanın oğlu idi. Bu obrazın prototipi olan İsgəndər adətən öz üzüm bağından şampanskiyə oxşayan gözəl şərab çəkir, camaatın və mollaların tənələrinə baxmayaraq həmişə içib kefli olurdu. Buna görə də kənddə hamı onu "Kefli İsgəndər" deyə çağırırdı. Həmidə xanım qeyd edir ki, hər gün gecə kənd yuxuya gedir, tam sükut yarandıqdan sonra Mirzə Cəlil yazı masasının arxasında oturur, jurnal üçün baş məqalələr və felyetonlar yazır, qalın bir dəftərə nə isə köçürürdü.
C. Məmmədquluzadənin kənd həyatı ilə yaxından əlaqəsi və bağlılığı Kəhrizli camaatının gündəlik həyatına və dünyagörüşünə mühüm təsir göstərirdi. O, açıq fikirləri ilə camaatın gözünü açır, güclü məntiqi, nəzakətli davranışı, habelə Həmidə xanıma və kəndlilərə qarşı olan mehriban davranışı ilə ailə-məişət münasibətlərinə də müəyyən təsir göstərdi.
Mirzə Cəlil Həmidə xanımın xeyriyyəçi fəaliyyətini məhdud bir çərçivədən çıxarıb ictimai aləmə qovuşdurdu. O, maddi imkanlarını artıq "Molla Nəsrəddin" jurnalının nəşrinə, ədəbiyaşar sənətkarımız M.Ə.Sabirin müalicəsinə də maddi və mənəvi dəstəyə, öz vəsaiti ilə Tiflisdə Qızlar Məktəbinə müəllim təyin olunmasına, həmçinin müxtəlif ictimai müsamirələrin keçirilməsinə sərf edərək mədəni aləmdə böyük nüfuz qazandı. 1913-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya Pambıqçılarının XIII qurultayında Həmidə xanımın Qarabağda pambıqçılığın vəziyyəti barədə rus dilində çıxış edərək qurultay iştirakçılarının rəğbətini qazanmasında da şübhəsiz ki, Mirzə Cəlilin öz əməyi olmuşdur.
C. Məmmədquluzadənin Ağcabədi ilə əlaqəsi bu məkanın mədəni inkişafındakı xidmətləri sevimli yazıçıdan ən əziz xatirə kimi qəlbimizdə həmişə yaşayacaqdır.

Şirxan Aranlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ