Bir anlıq ötən günlərə qayıdıram və düşünürəm ki,
Xocalını görməyib, onun barəsində ancaq eşidib, telelentlər izləyən oxuculara
bu gün düşmən əsirliyində olan və məruz qaldığı soyqırım faktı dünya tərəfindən
birmənalı şəkildə hələ də qəbul olunmayan Xocalını günün gözüylə, zamanın
sözüylə necə ifadə edim ki, mətləblər bütünlüklə diqqəti çəksin. Bax, bu çətin,
amma ürəyimin səsiylə yazmaq istədiyim mövzünün ipucundan tutub dağlara tərəf
yol gedirəm.
Çünki bir zamanlar, yəni 1992-ci ilin fevral ayının
26-na qədər Dağlıq Qarabağın, Əsgəran qalasının yaxınlığında məskunlaşmış və qədim
yaşayış məskəni kimi tariximizdə silinməz yeri olan Xocalı əslində indi də
dağlara sığınıbdı. Az-çox tarixi mənbələrə üz tutan hər kəs bilir ki, bizim Azərbaycan
tarixinin "Quruçay" mədəniyyəti olduğu kimi, "Xocalı mədəniyyəti",
"Xocalı kurqanları" və digər tarixi faktlarla zəngin bir minillərə
sinə gərə bilən yolu keçmiş bir şəhərin həyatı indi qaçqınlıq, köçkünlük acısını
çəkir. Doğrudur, ölkə prezidentinin demək olar ki, bütün diqqət və qayğısı ilə əhatə
olunmuş xocalılar artıq müasir tipli şəraiti ürəkaçan və həm də insana dərdini
az-çox unutduran bir qəsəbədə, daha doğrusu, bir çox ünvanlarda məskunlaşıblar.
Ancaq onların daha çox sıx yaşadıqları və demək olar ki, Xocalı mühitini
köçürüb müvəqqəti də olsa gətirə bildikləri bir ünvan da var. Bu da Goranboy
rayon mərkəzindən yarım saatlıq bir məsafədə yerləşən Ağcakənd qəsəbəsidi. Bu
gün həmin qəsəbədə xocalılar məskunlaşıb...
Dalğara sığınmış, axarlı-baxarlı bir yerdə
salınmış qəsəbə özünün görkəmi ilə dərhal diqqəti çəkir. Bu qəsəbədə tikilən
evlərin ümumi görünüşü bir-birini tamamlayır. Xüsusilə bu evlərin həyətyanı sahələri,
buradakı boy-boya vermiş meyvə ağacları özlərinin al-əlvan çiçəkləriylə yazın ən
gözəl müjdəçisinə çevriliblər. Baxdıqca göz, könül sevinir. Üstəlik də küçələrin
genişliyi, rahatlığı, səkilərin döşəmələri, yəni tametlər, həmçinin səki kənarı
divarların ağ layları, bir sözlə, Xocalı adlanan bu ünvanda hər şey təzədi, hər
şey göz oxşayır.
Mən küçələri bir-bir gəzib dolaşıram. Burada məskunlaşan
doğmalarımın söylədiklərindən öyrənirəm ki, adamlar burda özlərini iri şəhərlərin
müxtəlif inzibati binalarında, məktəblərdə, uşaq bağçalarında, yataqxanalarında
keçirdikləri günləri artıq unudublar. Çünki həmin o sıxıntılar, darısqallıq, hətta
qaz, su, işıq problemi belə indi keçmişdə qalıbdı. Adamlar bir genişlik, bir
asudəlik qazanıblar. Ona görə də hər kəs ona dövlət tərəfindən verilmiş evin həyət-bacasında
özünə, ailəsinə uyğun təsərrüfat yaratmağa çalışır, kimi meyvə ağacları əkir,
kimi bostan-tərəvəz məhsulları yetişdirir, bəziləri də heyvandarlığa, quşçuluğa
üz tutubdu. Bütün bunlar isə ailə büdcəsinin sosial durumunun yaxşılaşmasında
öz sözünü deyir.
Xocalılar üçün salınmış bu qəsəbələrdə xüsusilə
insanları razı salan məqamlardan biri də rayon icra hakimiyyətinin, eləcə də
dövlət qurumlarının hamısının buraya köçürülməsi, bu qəsəbədə yerləşdirilməsidi.
Faktiki olaraq Xocalı rayonunun fəaliyyəti burada öz həllini tapıb. Ona görə də
hansısa bir arayış üçün, hətta ən kiçik bir sorğu üçün belə haralarasa üz
tutmağa ehtiyac yoxdu. Üstəlik də burada fəaliyyət göstərən məktəblər, səhiyyə
və mədəniyyət ocaqları da xocalıların, bütövlükdə isə ərazidə məskunlaşmış
qaçqın soydaşlarımızın ixtiyarına verilib.
Maraqlıdır ki, qəsəbələrdə fəaliyyət göstərən məktəblərin
yetirmələrinin, yəni şagirdlərin uğurları da ilbəil artır. Əgər konkret rəqəmlərlə
söyləsək onda deyə bilərik ki, təkcə son illərdə ölkə prezidentinin sərəncamı
ilə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin
sakinlərinin böyük əksəriyyəti Xocalıdan, Xocalı rayonundandılar. Yəni bu
insanlar Xocalı rayonunun Kosalar, Başkənd, Yalova kəndlərindən didərgin düşənlərdi.
Onlar üçün tikilmiş müasir tipli məktəblərin həm bina baxımından, həm də inventarlarla
təminat baxımından diqqət mərkəzində saxlanılması çox ürəkaçandı.
Xatırlatmaq yerinə düşər ki, xocalılıran indiki
durumunun daha da yaxşılaşdırılması və onların haqq səsinin dünyaya
çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri danılmazdı. Xüsusilə Leyla
xanım Əliyevanın "Xocalıya ədalət" çağırışı ilə dünyanın müxtəlif guşələrində
gerçəkləşən anımlar, Xocalının tanıdılması və Xocalı həqiqətlərinin
çatdırılması istiqamətində görülən işlərin bu şəhərin sakinlərinin həyatında
açdığı izlər danılmazdı. Yəni Ağcakənddə, Goranboy ərazisində, eləcə də Azərbaycanın
müxtəlif güşələrində məskunlaşan xocalılar həm ölkə rəhbərliyinin, həm də Heydər
Əliyev Fondunun onun haqqını bərpa etmək istiqamətində həyata keçirdikləri
uğurlu və damalı siyasəti bəyənir, həm də alqışlayırlar.
Gerçək olan bir həqiqət də budur ki, bugünün
Xocalısı ucaldılmış hündürmərtəbəli binaların əhatəsindəki xatirə kompleksində
də özünü bir daha təsdiq edir, tanıdır. Mən istər Ağcakənddə, istər Goranboy
rayonunun Ağcakənd istiqamətindəki çıxışındakı qəsəbədə gördüyüm gerçəkliklər
sübut etdi ki, bu gün Xocalı sözün bütün mənalarında yaşayır və bizimlə birlikdə
öz haqq səsini dünyaya çatdırır.
Bəli, dağlara sığınmış bir qəsəbənin abadlığı, təminatı,
burdakı insanların sosial problemlərinin çözümü Azərbaycan prezidenti İlham
Əliyev cənablarının regionların inkişafına dair dövlət proqramının tərkib hissəsi
kimi qurulmaqda və daha da müasirləşməkdədi. Birmənalı şəkildə etiraf etmək
lazımdır ki, bu gün xocalılar üçün sağlam qəsəbələr, buradakı abadlıq işləri,
açılan iş yerləri heç də işğal altında olan Xocalını bizlərə unutdurmur. Əksinə
möhtərəm prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, "Xocalı
soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir. Əfsuslar olsun ki, bu
cinayəti törədənlər hələ ki, ədalət qarşısında cavab verməyiblər. Amma o gün gələcəkdi.
Mən şübhə etmirəm və əminəm ki, siz də Xocalıya qayıdacaqsınız".
Bəli, bu gün yeni ünvanda, dağlar qoynunda bir
Xocalı tikilir, qurulur, abadlaşır. Burda həyat qaynayır, insanlar yeni
Xocalının sakinləri kimi onun yeni dövrünə imza atırlar. Rayon icra hakimiyyətinin
başçısı Şahmar Usubovun rəhbərliyi altında problemlərin həlli yollarını
axtarırlar. İnanırıq ki, onlar bütün problemləri dəf edib ilk ünvanlarına, qədim
Xocalıya qayıdacaqları günə hazır olacaqlar.
Əbülfət MƏDƏTOĞLU